9
özündə də körpünün məhəccərinə dirsəklənib aşağıda üzən tünd şərab rəngli, səliqəli,
təmizlikdən böyük qaşıq tək par-par yanan, göyərtəsində ağ önlüklü qadının paltar sərdiyi
gəmiyə, onun yaşıl rəngdə rənglənmiş, Genzel və Qretel üslubunda pərdə çəkilmiş pəncərələrinə
baxarkən, Sibilla, indinin özündə belə mən səndən soruşuram: məsələni fırlatmağın mənası
varmı, çünki Lombar küçəsinə Sen-Mişel və O-Şanj körpülərindən keçərək getmək mənimçün
daha rahat olardı. Dəfələrlə olduğu kimi, bu gün burada olsaydın, bunun bir mənası olduğundan
şübhələnməzdim, ancaq sən yoxsan, odur ki, mən öz məğlubiyyətimi qəti surətdə kiçiltmək üçün
bunu məsələni fırlatmaq kimi qəbul edirəm. İndi gödəkçəmin yaxalığını qaldıraraq sahilboyu iri
mağazaların yanından keçərək Şatleyədək getməli, Sen-Jak qülləsinin bənövşəyi kölgəsindən
keçib səni görə bilmədiyimi düşünə-düşünə öz küçəmlə yuxarı qalxmalıyam, hələ madam
Leonini demirəm.
Hə, günlərin bir günündə mən Parisə gəldim və bir müddət borcla yaşadım, başqalarının
etdiyi kimi etdim, hər şeyə başqalarının baxdığı gözlərlə baxdım. Bir dəfə Şerş-Medi küçəsində
sən kafedən çıxdın və biz danışdıq. O axşam işlər yolunda getmədi, çünki aldığım argentinalı
tərbiyəsi pis işıqlandırılmış vitrinlərə düzülmüş boş-boş şeylərə baxmaqdan ötrü durmadan indi
adlarını belə unutduğum küçələrin bu tərəfindən o tərəfinə adlamağıma mane olurdu. Mən
istəmədən sənin arxanca sürünürdüm və o zaman sən mənə çox diribaş və tərbiyəsiz görünürdün.
Sən heç cür yorulmaq bilmədiyin şeydən yorulanadək arxanca süründüm; biz Bul-Mişdəki
kafeyə girdik və sən iki yağlı bulkanın arasında öz həyatının böyük bir parçasını mənə danışdın.
Hardan biləydim ki, mənə uydurma kimi görünən bütün bunlar əsl həqiqət olacaq: gecə
barı, Fiqaridən səhnəcik, bənövşə səbəti, meyit rəngində sifətlər, aclıq və künc-bucaqdakı
kötəklər. Sonra inandım: bunun səbəbləri vardı və mənim ovcuma baxıb sənin köksündəki
yanğını hiss edən və bütün bunları, demək olar ki, sənin sözlərinlə təkrar edən madam Leoni
vardı: «O, indi haradasa əzab çəkir. O, həmişə iztirab çəkib. O, çox şəndir, sarı rəngi çox sevir,
sevimli quşu – qaratoyuqdur, sevdiyi vaxt – gecədir, sevdiyi körpü – Dez-ardır». (Tünd şərab
rəngində gəmi, Sibilla, biz niyə nə qədər ki gec deyildi, onunla üzüb getmədik?)
Baxsana, heç düz-əməlli tanış olmağa macal tapmamış həyat bizi ayırmaq üçün fitnə-
fəsadlar törətməyə başlayıb. Sən riyakarlıq etməyi bacarmırdın və mən bunu çox tez başa
düşdüm: səni istədiyim kimi görmək üçün əvvəlcə gözlərimi yummalıydım və bu zaman ilk öncə
nəsə sarımtıl ulduza oxşayan bir şey məxməri jele içində hoppandı, sonra bir saat boyunca
qırmızı rəngli şənlik sıçratmaları və mən yavaş-yavaş Sibillanın əvvəldən-axıradək biçimsiz və
çəlpəşik olan dünyasına girdim, ancaq onda ayıdöşəyi çiçəkləri, Kleye hörümçəkləri və Miro
sirki, Vieyra və Silvanın kül səpilmiş aynaları vardı, elə bir dünya ki, orada sən gah top, gah da
fikrini dəyişib fil kimi gedən şahmat atı tək hərəkət edə bilərsən. Bir vaxtlar biz kinokluba ayaq
açmışdıq – səssiz filmlərə baxmağa; axı mən savadlı adamam, elə deyil? Amma sən, zavallı, sən
10
doğulanadək baş vermiş bu saralmış titrək ehtiraslardan, ölülərin vurnuxduğu əskimiş lentlərdən
qətiyyən heç nə anlamırdın; ancaq qəflətən onların arasında Harold Lloyd göründü və sən birdən
silkindin, axıra yaxın hər şeyin əla keçdiyinə qəti əmin oldun və əlbəttə, Pabst və Fris Lanq öz
qaydasındadır. Sənin kamilləşmə həvəsin, cırıq ayaqqabıların və daim mümkün olanı qəbul
etməmək istəyin məni bir az əsəbiləşdirirdi. Biz Odeonun yanında küncdə durub doğranmış
bifşteks yeyirdik, sonra isə velosipedlə Monparnasa, ilk qabağımıza çıxan mehmanxanaya
çapırdıq ki, özümüzü tezbazar yatağa çatdıraq. Ancaq elə olurdu ki, Port-d-Orleana çatıb bəzən
gecəyarısı İlanlar Klubu üzvlərinin yığışıb kor ovsunçuyla söhbətləşdikləri Jurdan bulvarının
arxasındakı kimsəsiz yerlərlə tanış olurduq; əcəb ehtirasoyadan paradoksdur! Velosipedi küçədə
saxlayıb çöllü-biyabanla yellənə-yellənə gedirdik, əlbəttə ki, arabir dayanıb göyüzünə tamaşa
etməklə, çünki bura Parisdə səmanın yerdən daha qiymətli olduğu nadir yerlərdəndir. Zibil
yığınının üstündə oturub siqaret çəkərdik və Sibilla nəvazişlə saçlarımı oxşayar, ya da heç kəsə
məlum olmayan axmaq bir mahnını zümzümə edər, arabir nəfəsini dərər və ya xatirələrə dalardı.
Mənsə əhəmiyyətsiz şeylər barədə düşünərdim, bu metoddan uzun illər öncə xəstəxanada
yatarkən istifadə etməyə başlamışam və getdikcə o, mənə daha xeyirli və gərəkli görünüb. Böyük
çətinliklə, ikinci dərəcəli obrazları birləşdirməklə, qoxuları və sifətləri xatırlamağa çalışaraq,
nəhayət ki, mən heç nədən 1940-cı ildə Olavarriyada geydiyim qəhvəyi rəngli çəkmələri əldə
etdim. Onların rezin dabanları vardı, altları isə elə nazik idi ki, yağış yağanda ürəyimdə də su
fırçıldayırdı. Bu çəkmələrlə bağlı xatirələri yumruğunda sıxan kimi dalı öz-özünə gəlir: məsələn,
donna Manuellanın sifəti, yaxud şair Ernesto Morroni. Ancaq onları dərhal kənara atırdım, çünki
oyunun şərtlərinə görə, keçmişdən yalnız əhəmiyyətsiz, dəyərsiz, itmiş şeyləri götürmək olardı.
Fikirləşəndə ki daha heç bir şeyi yadıma sala bilməyəcəyəm, məni titrətmə tutdu, hər şeyə
tüpürmək və əzab çəkməmək, zamanı öpüb-oxşamaq kimi sarsaq cəhddən imtina etmək arzusu
içimi gəmirib-yeyirdi, ancaq hər şey onunla qurtardı ki, bu çəkmələrin yanında anamın Buenos-
Ayresdə mənə konserv bankasıyla içirtdiyi «Günəş çayı»nı gördüm. Və çay qaşığını, bir fincan
dağ suyun içərisində fışıldayan qabarcıqlar buraxaraq diri-diri yanan siçanları – çay puçallarını
tutan çay qaşığını. Yaddaşımın yalnız Albertinanı, yaxud ürəyimin və böyrəklərimin böyük
ildönümünü deyil, hər şeyi saxladığına əmin olduqdan sonra Florestdəki iş masamın üzərində nə
olduğunu, sifəti yadımdan çıxan Xekrepten adlı qızın üzünü, mənim, beşinci sinif şagirdinin
qələmdanında neçə qələm olduğunu var gücümlə xatırlamağa çalışdım və axırda qızdırmalı kimi
huşumu itirdim (çünki neçə qələm olduğunu yada sala bilmədim, bilirəm ki, onlar qələmdanın
içində, xüsusi bölmədəydilər, ancaq neçə dənəydilər və nə zaman iki, nə zaman altı dənə
olduqlarını heç cür xatırlaya bilmədim), bu zaman Sibilla öpərək, siqaret tüstüsünü və isti
nəfəsini üzümə üfürərək məni özümə gətirdi və biz gülüşdük, ayağa qalxıb həmklublarımızı
axtara-axtara yenidən zibil yığınlarının arasıyla dığırlandıq. Artıq o vaxt başa düşdüm ki,