mənbələrində “Skuthoi” (İskit, Skuz), Hind mənbələrində “Caka”, fars
mənbələrində “Saka” adlandırılan Sak (İskit, Skif və s.) Türklərin ana yurdunu
bir çox tədqiqatçılar Batı Sibir və Tanrı dağları, bəziləri Dunay və Volqa
çayları ətrafı, bəziləri Qara dəniz sahilləri, bəziləri də Orta Asiya və
Türküstanla bağlayırlar. Onların fikrincə Sakların ilk boyları eradan əvvəl VIII
əsrdə Tanrı dağları, Fərqanə və Kaşğar bölgəsindən qərbə doğru köç etmiş,
onların bir qolu Aral gölü və Sayhun çayı (Sır-Dərya) ətrafında yerləşmiş,
digər bir qolu Xəzər dənizinin quzeyindən keçərək güney Rusiyaya getmiş, bir
qismi də Qara dənizin quzeyinə gələrək bu bölgədə öncədən yaşayan
Kimmerləri Qafqazın güneyinə, oradan da Ön Asiyaya doğru köç etməyə
məcbur etmiş və bu bölgələrdə yerləşmiş, böyük bir İmperatorluq qurmuş və
müxtəlif səbəblərdən bu İmperatorluq dağılmış və Saklar müxtəlif ölkələrə
köç etməyə məcbur olmuşlar.
Bu fikri qəbul etməyən, Sakların tarixi, dili və ədəbiyyatı haqqında
sanballı bir əsər yazan Azərbaycan alimi Bəxtiyar Tuncay özünəqədərki bir
çox mənbə və elmi əsərləri saf-çürük edərək belə bir elmi qənaətə gəlmişdir
ki: “Bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, “Sak” etnoniminə Aşşur-
Babil qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və həmin
qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin
belə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-
Babil mixi kitabələridir və həmin kitabələr Saklardan məhz Azərbaycan və Ön
Asiya sakinləri kimi söz açmaqdadırlar. Orta Asiya Saklarından bəhs edən
mənbələrə gəlincə onlar haqqında söz açdığımız kitabələrdən (Assur-Babil
mixi yazılarından-A.M.) çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir
ki, mənbələr Sakların Orta Asiyadan Ön Asiya və Azərbaycana gəldiklərini
deyil, əksinə Azərbaycandan Orta Asiya istiqamətinə köç etdiklərini
təsdiqləyir.. Arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir” (Bax: Bəxtiyar
Tuncay, göstərilən əsəri, səh.19).
Bəzi tədqiqatçılar Heredota istinadən belə bir fikir irəli sürürlər ki,
Sakların (İskitlərin, Skiflərin) Azərbaycan və Ön Asiya ərazilərində
yaşamalarının başlanğıcı eradan əvvəl XV əsrə aiddir. Eradan əvvəl II
minilliyin ortalarında formalaşan Saklar 600-700 ildən, Kimmerlərin
tənəzzülü başlayandan sonra özlərinin inkişaf mərhələsinə qədəm qoymuş və
nəhayət eradan əvvəl VII əsrdə Azərbaycan və Ön Asiyada özlərinin
dövlətlərini yaratmışlar. Bu müəlliflər öz fikirlərini əsaslandırmaq üçün
Heredotun “İskitlərin ilk hökmdarı Tarqıtay dövründən I Daranın onların
ölkəsinə hücumuna qədər 1000 (min) il keçmişdir” ifadəsini əsas götürmüş və
Sakların Azərbaycan və Ön Asiyada I Daradan min il öncə məskunlaşdığını
əsaslandırmağa çalışmışlar.
İstər eradan əvvəl VII-VI əsrlərə aid Assur mənbələrinə, istər eradan
əvvəl V əsrdə yaşamış Heredota, istər eradan əvvəl I əsrdə yaşamış Sicilyalı
Diadora və istərsə də bir çox müasir tədqiqatçılara görə Saklar ilk öncə Araz
çayı sahillərində yaşamış, sonradan Avrasiyanın geniş ərazilərinə yayılmışlar
(Bax: Qeredot, İstoriya, Moskva 1985; Aliyev İ., İstoriya Midii, Baku 1960;
İsmayıl M., Azərbaycan xalqının yaranması, Bakı 1955; Bəxtiyar Tuncay,
göstərilən əsəri və s.)
Bu gün belə Azərbaycan ərazisində bu qədim Türk xalqının adını
daşıyan onlarla yer adı mövcuddur (Sakkız, Sak dağı, Sakkarsu, Şəki və s.).
Azərbaycan və ümumiyyətlə bütün Türk xalqlarının etnogenezisində
mühüm rol oynayan Kimmer və Saklarla bağlı toponimik adlara həm
Azərbaycan, həm Ön, Orta və Kiçik Asiyada, həm quzey Qafqazda, həm Qara
və Azov dənizi, həm Dunay, Dnepr və Don çayları sahillərində rast gəlinir ki,
bu da Sak Türklərinin geniş bir əraziyə yayılmalarını göstərir.
Tədqiqatçıların fikrincə həm Kutilər, həm Kimmerlər, həm Saklar, həm
də Madaylar (Midiyalılar) eyni dildə və ya eyni dilin müxtəlif ləhcə və
şivələrində danışan eyni etnosun-Türk etnosunun müxtəlif konkret soy və
boyları olmuş, müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə
olduğu dövrdə həmin qövmün adı digərləri üçün də ümumiləşdirici ad kimi
çıxış etmişdir (Seçmələr bizimdir-A.M. Bax: Bəxtiyar Tuncay, göstərilən
əsəri, səh. 127, 130).
Qədim mənbələrə görə Sakların bir qolu oturaq, digər bir qolu da köçəri
həyat sürmüş, həm əkinçilik, bağçılıq, həm də maldarlıq və heyvandarlıqla
məşğul olmuşlar. Oturaq Saklardan fərqli olaraq köçəri Saklar əlverişsiz
yerlərdə uzun müddət qalmamış, iqlim və mövsümə görə özlərinə yeni-yeni
yurdlar aramışlar. Ona görə də oturaq Saklardan fərqli olaraq köçəri Saklarla
bağlı hər hansı bir şəhər adına və onlara aid rəsm, heykəl və qabartma kimi
sənət əsərlərinə rast gəlinməmişdir. Lakin oturaq Saklardan fərqli olaraq
köçəri Saklar bəşəri bir mədəniyyət yaratmışlar. Saklara aid qazıntılar
nəticəsində Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit
okean sahillərinə, Şərqi Avropa və Qara dənizin qərb və şimal sahillərindən
Çin səddinə qədər yüzlərlə kurqan tapılmışdır ki, bu kurqanlardan tapılan
zəngin mədəniyyət nümunələrinin belə bir böyük ərazidə yayılmasına
baxmayaraq onların hamısı bir-birinə oxşardır. Bu onunla bağlıdır ki, köçəri
Saklar özlərinin yaratdıqları sənət əsərlərinin böyük bir qismini özləri ilə
bərabər getdikləri yerlərə aparmışlar.
1.6.
Hun Türkləri