45
böyüməyib, sərhədlərini genişləndirməyib, həm də adamlara töhfə verdiyi
lətafətini xeyli çoxaltmış, bu yolla digər şəhərlərin onunla müqayisə olunmaq
imkanlarını müvafiq olaraq azaltmışdır. Roma əbədi şəhər adlansa da, daha qədim
tarixə malik olmaqla, səkkiz əsrə yaxın qoca olsa da, London üç əsr ərzində
dünyanın ən böyük imperiyasının paytaxtı imkanlarından faydalansa da, Parislə
müqayisədə, xüsusən möhtəşəmlik, həm də dəbdəbəli görünüş sahəsində ona xeyli
uduzurlar. Nyu-York dünyanın ən iri göydələnlər şəhəri sayılır, Defans rayonu
istisna olmaqla, Parisdə isə uca binaların tikilməsinə icazə verilmir, bu məsələdə
Amsterdamı da qeyd etmək olar, ona görə də Sena sahillərindəki paytaxt öz
cavanlığının və yaşa dolduğu dövrlərin gözəlliklərini qoruyub saxlaya bilmişdir.
Şəhər, elə bil ki, baharını ədəbiləşdirməyə çalışmaqla, gözəlliyin itirilmə dövrü
sayılan payızının və qışının meydana gəlməsinə imkan vermək istəmir.
Parisin arxitektura sifəti əsrlər ərzində yaranıb. Müxtəlif üslubların
xüsusiyyətlərini özündə birləşdirsə də, şəhər ümumi ahəngi, harmoniyanı pozan
dəyişikliklərdən özünü qoruyub, öyündüyü bədii vahidliyini saxlaya bilmişdir.
Hansısa dəbdə olan cərəyanın zorakı təcavüzünə tabe olmamış, necə deyərlər,
özünə məxsus olan dəyərlər bəkarətinin toxunulmazlığına nail ola bilmişdir.
Parisin simvolu Eyfel qülləsi hesab olunur. Bu xüsusi heyranlıq obyekti
digər memarlıq abidələrindən xeyli sonra, 1889-cu ildə meydana gəlmişdir. Bu
qüllə dünyada çox populyarlıq qazansa da, digər arxitektura incilərinə heç də kölgə
sala bilməmişdir. Bu möcüzəli tikinti ucaldılarkən ona Parisin gözəlliyinə xələl
gətirəcəyi ehtimalı ilə etiraz edənlər də çox olmuşdu, yazıçılardan biri onu istehza
qaydasında «göyün çoban qızı» adlandırmışdı. Lakin Eyfel qülləsi görünməmiş
şöhrətə yiyələnməklə, yaradıcısının mühəndis istedadının parlaq abidəsi hesab
olunur.
Eifel qülləsi
Ümumi rəyə etiraz etmək çətin olsa da, zənnimcə, Zəfər Tağı daha
böyük şərəfə layiqdir. Onun tikintisinin təşəbbüskarı ilk imperator olduğunadan,
46
Napoleon epopeyasının rəmzi sayılan bu abidə keçmiş Ulduz, indiki Şarl de Qoll
meydanında yerləşməklə, Grand Army-nin – Böyük Ordunun şərəfinə
ucaldılmışdır. Zəfər Tağı qədim Romanı bəzəyən həmin tipli abidələrin ənənəsi
əsasında yaradılsa da, onlardan daha böyük məşhurluq qazanmışdır. Tağda
əsgərləri müharibəyə yola salan Marselyoza barelyefi həkk olunmuşdur.
Fransızların milli bayramı – 14 iyul 1789-cu ildə Bastilyanın alınması günü hər il
bu meydanda hərbi paradla təntənəli qaydada qeyd edilir. I və II Dünya
müharibələrində həlak olan fransız hərbçilərinin şərəfinə Zəfər Tağının altında
əbədi məşəl yanır. Mənşəcə fransız olan ABŞ-ın birinci ledisi Jaklin Kennedi
(qızlıq soyadı Buvye idi) həmin rəmzə valeh olduğundan 1963-cü ilin noyabrında
Dallasda qətlə yetirilən və Vaşinqtondakı Arlinqton qəbiristanlığında dəfn edilən
əri, prezident Con Kennedinin məzarı önündə belə əbədi məşəlin alovlanmasını
arzu edirdi. Yəqin ki, ərinin matəmi vaxtı mütəəssir olan qadın bu iki qəbir
arasındakı fərqi nəzərə almamışdı. Zəfər Tağı altındakı məşəl hansısa konkret
şəxsiyyətin şərəfinə deyil, naməlum əsgərə həsr olunmuşdur. Əri isə terrorun
qurbanı olan real ABŞ prezidenti idi.
Zəfər Tağı
Müharibə veteranlarına qayğıya və diqqətə gəldikdə, fransızlar onlara
hörmətlə yanaşmağa hələ üç əsr bundan əvvəl başlamışlar. XVII əsrdə Günəş Kral
– XIV Luinin sərəncamı ilə şəhərdə qübbəsi qızılla örtülmüş Əlillər evi tikilmişdi.
Burada 7 min qoca və yaralı fransız əsgəri sığınacaq tapmışdı. Belə bir versiya da
mövcuddur ki, kral Parisin küçələrini miskin görkəmli müharibə əlillərindən
təmizləmək üçün həmin ideyasını reallaşdırmışdı. Evin binalarından birində Ordu
muzeyi yerləşir. Əlillər kilsəsində isə Napoleon Bonapartın qəbri yerləşir.
İmperator 1821-ci ildə öləndə sürgündə yaşadığı Müqəddəs Yelena adasında sadə
bir qəbirdə dəfn edilmişdi. 1840-cı ildə kral Lui-Filippin göstərişi ilə imperatorun
cəsədi qəbirdən çıxardılıb Parisə gətirilmiş və təntənəli qaydada Əlillər kilsəsində
dəfn edilmişdi. Binanın qübbəsi altında yerləşən, qırmızı porfirdən olan sərdabədə
dahi sərkərdənin cəsədi uyuyur.
I Dünya müharibəsinin məşhur sərkərdəsi marşal Ferdinand Foş da
burada dəfn edilmişdir. Müttəfiq qoşunların komandanı kimi o, 11 noyabr 1918-ci
47
ildə (11.11.1918) almanların təslim olmaq barədəki təklifini qəbul etmiş və
bununla müharibə başa çatmışdı. De Qoll meydanından çıxan çox sayda
küçələrdən biri onun şərəfinə Foş avenyusu adlanır. Şəhərdə onun at üstündə
heykəli də qoyulmuşdur.
Yazıçı Andre Morua 1929-cu ildə vəfat edən görkəmli sərkərdənin dəfn
mərasimindən maraqlı bir əhvalatı qələmə almışdır. Marşalın dəfn mərasimi çox
izdihamlı keçirdi. Əlillər evinin yanına çox sayda adam, həmçinin müharibə
veteranları toplaşmışdı. Onlardan biri ayağını tapdalayan cavan oğlana acıqlı
etirazını bildirərək demişdi ki, özü də o ayağımı ki, mən onu cəbhədə itirmişəm,
indi protez ayaqla gəzirəm. Bu hərəkətilə cavan oğlan, veterana görə təkcə ona
deyil, həm də dəfn mərasiminə yığışdıqları sərkərdəyə hörmətsizlik etmişdi.
Əlillər evi
Parisin yaraşığı, heç şübhəsiz, Yelisey çölü avenyusudur. Bu avenyunun
adı Elizium (yunanca Eluzion, latınca Elusium) sözündən götürülmüşdür, ədəbi
baharı olan cənnət çölləri və ya axirət dünyasındakı qəhrəmanların, möminlərin və
şərəfli adamların yaşadıqları kiçik vilayət, başqa sözlə, müqəddəs yer demək idi.
Mifə müraciət bu adda tamamilə yerinə düşür, avenyu, onda möminlər,
qəhrəmanlar gəzməsə də, cənnət məkanına bənzəyir. Şəhərin bu baş prospekti de
Qoll meydanından, Zəfər Tağından başlayıb, Konkord meydanında qurtarır.
Avenyunu gözəl binalar, bahalı restoranlar və mağazalar bəzəyir. Küçənin hər iki
tərəfindəki köşklərdə qızğın alver gedir. Dünyanın ən məşhur gecə klubu sayılan
«Lido» da burada yerləşir. Monmart rayonundakı «Mulen Ruj» – «Qırmızı
dəyirman» kankan rəqsinə görə çox şöhrət tapsa da, Lido həqiqi sənət, ehtirası
coşduran rəqs məbədinə bənzəyir. Burada çox sayda, bəlkə də, yüzdən çox
yarımçılpaq, gənc, gözəl, bədənləri bir boyda və ölçüdə olan qızlar rəqs etsə də,
onlar şəhvəti deyil, gözəlliyi və sənəti nümayiş etdirirlər, burada, doğrudan da,
bayağılıqdan əsər-əlamət hiss olunmur. Əlbəttə, «Lido» klubu heç də adını daşıdığı
Dostları ilə paylaş: |