“Dövlət və Din”.-2010.-№3.-S.157-163.
GƏNCƏNİN SALINMA TARİXİNƏ BAXIŞ
SAMİR PİŞNAMAZZADƏ,
AMEA-nın Gəncə Regional Elmi Mərkəzin
Nizamişünaslıq şöbəsinin baş elmi işçisi,
tarix elmləri namizədi
Azərbaycanın qədim şəhərlərindən olan Gəncə Kiçik Qafqazın şimali-şərq ətəyində, Gəncə-Qazax
düzənliyində yerləşir. Hər iki tərəfdən Gəncə çayı ilə əhatə olunan şəhər Azərbaycanın ictimai-siyasi, iqtisadi və
mədəni həyatında mühüm rola malikdir. Karvan yollarının kəsişməsində yerləşdiyi üçün Gəncədə ticarətlə yanaşı,
mədəniyyət və digər sahələr də yüksək inkişaf etmişdir. Gəncəyə dünyanın müxtəlif ölkələrindən tacirlərin,
səyyahların, görkəmli elm və mədəniyyət xadimlərinin gəlməsi mənəvi dəyərlərimizin ümumbəşəri sivilizasiyalara
inteqrasiya olunmasına köməklik göstərmişdir.
Qədim Gəncə müasir Gəncədən 6-7 km şimali-şərqdə yerləşmişdir. Gəncənin münbit iqlimə malik olması
haqqında qədim və orta əsr səyyah və coğrafiyaşünasları kifayət qədər məlumat vermişlər. XIV əsrdə yaşamış İran
tarixçisi Həmdullah Qəzvini Gəncənin beşinci iqlimə aid və məhsuldar torpaqlara malik olmasını qeyd etmişdir.
Arxeoloji qazıntılar zamanı burada aşkarlanmış qəbirlər, kurqanlar və məişət əşyaları Gəncə ərazisində
yaşayışın qədim tarixə malik olmasını sübut edir. Ərazinin əlverişli şəraitə malik olması isə hələ qədim dövrlərdən
burada yaşayış məskənlərinin salınmasında mühüm rol oynamışdır. Burada aşkarlanmış e. ə. I minilliyə aid olan
qara gildən düzəldilmiş əşyalar, qılınclar, oxlar, bilərzik və muncuqlar artıq həmin dövrdə Gəncədə sənətkarlığın
inkişafından xəbər verir.
Gəncənin bir şəhər kimi yaranma tarixi barədə müxtəlif məlumatlar vardır.
XVI əsrdə yaşamış Məcdəddin əl-Hüseyn «Zikət əl-Məcalis» əsərində Gəncənin əsasının Makedoniyalı
İskəndər tərəfindən qoyulması barədə məlumat vermişdir. Buna oxşar məlumatlara gürcü salnamələrində də rast
gəlmək mümkündür. M.M.AItman Gəncənin əsasının Makedoniyalı İskəndər tərəfindən qoyulması haqqındakı
məlumatları əfsanə adlandırmışdır. Çünki tarixi baxımdan bu məlumat doğru deyildir. Eyni zamanda,
geniş-miqyaslı olmasa da, ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət
nümunələri də bu faktı təkzib etməkdədir.
XV əsr müəllifi Mirxond Məhəmməd ibn Xavandşah ibn Mahmud «Rövzət əs-səfa» əsərində Gəncənin
Sasanilərin dövründə salındığını qeyd etmişdir. Onun verdiyi məlumata görə şəhərin əsası Sasani hökmdarı I Qubad
tərəfindən qoyulmuşdur. Bu məlumatı Gəncənin tarixini araşdırmış görkəmli tədqiqatçı İ.M.Cəfərzadə də təsdiq
etmişdir. O, Gəncədə arxeoloji qazıntılar nəticəsində aşkarlanmış ən qədim qala divarlarını V-VI əsrlərə aid etmiş
və bu divarların da Sasani hökmdarı I Qubad tərəfindən tikildiyini bildirmişdir.
Bəzi mülahizələrə görə Gəncə adlı şəhər, eyni zamanda Cənubi Azərbaycanda da mövcud olmuşdur. Bu
mülahizələrə əsasən Mirxondun nəzərdə tutduğu Gəncənin Cənubi Azərbaycanda yerləşdiyi fikri irəli sürülmüşdür.
Lakin məsələyə diqqətlə yanaşdıqda aydın olur ki, Mirxond Gəncə dedikdə heç də Cənubi Azərbaycanda yerləşən
hansısa şəhəri nəzərdə tutmamışdır. Çünki o, açıq şəkildə Gəncə ilə bərabər Şimali Azərbaycanda yerləşən
Bərdənin də məhz I Qubad tərəfindən salınmasını qeyd etmişdir. Nə üçün o, Cənubi Azərbaycanda yerləşən şəhərin
adını ondan xeyli uzaqda olan Bərdə ilə bir yerdə çəkməli idi. Demək, Mirxond Bərdə ilə bir yerdə adını çəkdiyi
Gəncə şəhəri də bu gün də Şimali Azərbaycanda yerləşən qədim şəhərdir. Biz bunlarla heç də Cənubi
Azərbaycanda vaxtilə Gəncə adında şəhərin mövcud olması faktını təkzib etmirik. Bu barədə XIII əsrdə yaşamış
ərəb coğrafiyaşünası Yaqut Həməvi maraqlı məlumat vermişdir. Onun verdiyi məlumata görə Cənubi Azərbaycanda
Sasanilərin hökmranlığı dövründə Gəncə adında bir şəhər mövcud olmuş və bu şəhərdə dini mərkəz yerləşmişdir.
Bununla yanaşı, o, nəzərdə tutduğu Gəncədə Keyxosrov tərəfindən inşa edilmiş böyük bir sarayın olması haqqında
da məlumat vermişdir. Yaqut Həməvinin verdiyi məlumatları akademik Y.A.Mİnanday da təsdiq edərək qeyd
etmişdir ki, həqiqətən, Cənubi Azərbaycanda Gəncə adında şəhər mövcud olmuş və bu şəhər e.ə. I əsrdə
Atropatenanın paytaxtı və Şərqdən Qərbə gedən ticarət yolu kimi tanınmışdır. Qeyd etmək lazımdır ki,
M.M.AItman özünün «Gəncə şəhərinin tarixi» əsərində Mirxondun bu məlumatının heç bir yazılı mənbə tərəfindən
təsdiq edilmədiyini vurğulamışdır. Ümumiyyətlə, M.M.AItman qədim mənbələrdə Sasanilər dövründə Şimali
Azərbaycanda Gəncə adında şəhərin mövcudluğu haqqında heç bir məlumatın olmadığını qeyd edir.
Gəncə haqqında XVI əsr mənbəsi «Dərbəndnamə» əsərində də məlumat verilmişdir. Lakin burada olan
məlumatlar şəhərin yaranma tarixilə bağlı deyildir. Bundan başqa adıçəkilən əsərin müəllifi istifadə etdiyi mənbələr
haqqında heç bir məlumat verməmişdir. Məhz buna görə M.M.AItman haqlı olaraq qeyd etmişdir ki, qiymətli
mənbə olmasına baxmayaraq «Dərbəndnamə»yə tənqidi yanaşmaq lazımdır.
Moisey Dasxoranski, Moisey Kalan-katlı, Anani Şiraski kimi tarixçi və coğrafiyaşünaslar da öz əsərlərində
Gəncə haqqında məlumatlar vermişlər. Həmin Moisey Dasxoranskinin verdiyi məlumata görə, Gəncənin əsası IX
əsrin birinci yarısında Ərəb xilafəti tərəfindən Azərbaycana canişin təyin edilmiş Məhəmməd ibn Xalid tərəfindən
qoyulmuşdur. Bartold, Minorski və M.Şərifli kimi alimlər də bu fakta əsaslanaraq Gəncənin yaranma tarixini IX
əsrin birinci yarısına aid etmişlər.
Gəncənin əsasının Xilafət canişini Məhəmməd ibn Xalid tərəfindən qoyulması haqqında məlumat ilk öncə
türk mənşəli tarixçi hesab olunan Münəccimbaşı Əhməd Dədə tərəfindən verilmişdir. Münəccimbaşının qələmə
aldığı rəvayətə görə, guya Məhəmməd ibn Xalid «üç təpə» adlandırılan ərazinin yaxınlığında olarkən üç gün
ard-arda gördüyü yuxuda ona deyilir ki, təpəyə qalxıb atını orada saxlasın. Əgər at ayağı ilə hansı yeri döyəcləsə,
oranı qazsın və ordan tapdığı xəzinə ilə Gəncə adlı şəhər inşa etsin. Rəvayətə görə, Məhəmməd ibn Xalid yuxuda
ona söylənilənləri yerinə yetirir və tapdığı xəzinə ilə Gəncə şəhərini salır.
Türk tarixçisi Münəccimbaşının Gəncənin yaranması ilə bağlı verdiyi məlumat tarixi və məntiqi baxımdan
qəbul oluna bilməz. Çünki XI əsrdə Gəncə artıq bir şəhər kimi formalaşmışdır. Əgər doğrudan da Gəncənin əsasını
ərəb mənşəli Məhəmməd ibn Xalid qoymuşdursa, bəs nə üçün onu pəhləvi dilində «xəzinə» mənasını verən Gəncə
adlandırmışdır. Məlum məsələdir ki, həmin dövrdə ərəblər İranda zərdüştlüyü və bu ölkənin qədim mədəniyyətini
sıxışdıraraq İslamı yayırdılar. Necə ola bilər ki, qədim İran mədəniyyətinin aradan qaldırılması istiqamətində
ciddi-cəhdlə mübarizə aparan bir ərəb mənşəli canişin inşa etdiyi şəhərin adını pəhləvi dilində adlandırsın. Bütün
bunlar onu göstərir ki, Gəncənin ərəblər tərəfindən salınması haqqındakı məlumatlar elmi-tarixi əsası olmayan
rəvayətlərdən başqa bir şey deyildi.
Gəncənin bir şəhər kimi yunanlar, farslar və ərəblər tərəfindən salınması faktı, eyni zamanda bu şəhərin
yaranma tarixini də kölgəyə salmışdır. Aydın məsələdir ki, yunanlar tərəfindən bu şəhərin salınması haqqında
verilmiş məlumatlar qeyd etdiyimiz kimi, tarixi və məntiqi baxımdan özünü doğrultmur. Şəhərin farslar və ya
ərəblər tərəfindən salınması fikrinə gəldikdə isə istər-istəməz şəhərin yaranma tarixi yaxın dövrlərə gətirilib
çıxarılır. Demək bütün bunlar şəhərin əsl yaranma tarixinin qeyri-müəyyən şəkildə qalmasına və bu günədək də
mübahisəli məsələyə çevrilməsinə səbəb olan başlıca amillərdəndir.
Qədim mənbələrdə Gəncənin əsasının türklər tərəfindən qoyulması haqqında da tutarlı və maraqlı
məlumatlar verilmişdir. Gəncənin türklər tərəfindən salınması haqqında ilk məlumat VI əsrə aid edilən
«Şəhrestanihai Eran» («İran şəhərləri») adlı coğrafi traktatda öz əksini tapmışdır. Pəhləvi dilində yazılmış bu
coğrafi traktatda Gəncə şəhərinin salınması haqqında deyilir: «Pad nam ud neroq ud ayyarix i dadar Oxrmazd i pek
Kust i Adurbadaqan Şaxrestan i Adurbadaqan Eranquşnasp i Aburbadaqan spaxbed kard. Pad kust i Adurbadaqan
şaxrestan i Qanzak Fraziyaq i Tur kard». Mənası: «Yaradan və bəxş edən Ahura-məzdanın köməkliyi sayəsində
Eranquşnasp və Adurbadaqanın (Azərbaycanın) spahbedi (ordu başçısı) Adurbadaqan istiqamətində Adurbadaqanın
paytaxtını tikdirdi. Adurbadaq istiqamətində yerləşən Qanzak şəhərini turanlı Əfrasiyab inşa etdirdi». Burada aydın
şəkildə Gəncə şəhərinin türk sərkərdəsi Əfrasiyab tərəfindən salınması göstərilir.
Gəncənin türklər tərəfindən salınması haqqında ilk mənbə sayılan VI əsrə aid edilən «Şəhrestanihai Eran»
(«İran şəhərləri») adlı coğrafi traktatın müəllifinin kim olduğu dəqiq bilinmir. Lakin traktata ümumi nəzər saldıqda
aydın olur ki, bu qeyri-türk mənşəli, eyni zamanda zərdüştlüyə etiqad edən şəxs tərəfindən qələmə alınmışdır.
Bəzi tədqiqatçılar traktatda işlədilmiş «Eranquşnasp» kəlməsini «İran» sözü ilə deyil, Aranla bağlamağa
cəhd göstərirlər. Onların fikrincə, əgər söhbət Azərbaycan ərazisindən gedirsə, burada «Eran» kəlməsini «Aran»
kimi qəbul etmək daha məqsədəuyğundur. Şübhəsiz ki, belə bir fikrin irəli sürülməsi əsassız deyildi. Tarixdə uzun
müddət iranlılar tərəfindən Azərbaycanın şimalı Aran, cənub hissəsi isə Azərbaycan adlandırılmışdır. Geniş mənada
desək, vahid bir ərazini iki hissəyə bölməklə guya tarixən həmin ərazinin bir hissəsinin, yəni şimalın Azərbaycan
deyil, Aran adlandırıldığı haqqında əsassız fikir yaratmağa cəhd göstərmişlər. «Şəhrestanihai Eran» («İran
şəhərləri») adlı coğrafi traktatda verilmiş mətnə gəldikdə isə orada həm «Eran», həm də «Adurbadaqan»
(Azərbaycan) kəlmələri birlikdə işlənilmiş və Gəncənin də məhz Azərbaycan ərazisində salınması qeyd
olunmuşdur. Digər tərəfdən, sözügedən traktatın adı «Şəhrestanihai Eran», yəni «İran şəhərləri» adlandırılmışdır.
Demək, burada adları çəkilən şəhərlərin hamısı və yaxud müəyyən qismi vaxtilə İran yaylasında yerləşənlərdir. Bu
halda traktatda işlənmiş «Eranquşnasp» kəlməsindəki «Eran»ı «Aran»dan ayırmaq kimi başa düşmək düzgün deyil.
Çünki bir sıra tarixi və filoloji faktlar İranla Aran kəlməsinin eyni mənada olduğunu göstərir. «İran» sözünün kökü
bilavasitə Avestada mövcud olan «Ariyana vəcd», yəni «Arilərin yaşadığı yer» kəlməsilə bağlıdır. Sözün kökünə
nəzər saldıqda aydın olur ki, əslində «Ariyan» kəlməsi «ar», «ir» kimi səslənibdir. «Ar» və onun «ir» fonetik
səslənməsi türk dilində vardır. Bununla yanaşı, «ari» kəlməsinin mənası fars və türk dillərində eyni mənanı verir.
Farsca «ari» hər cəhətdən üstün və təmiz mənasında işləndiyi kimi türkcə də «ar», «ər» kişi, igid mənasını ifadə
edir. Hətta çox ehtimal ki, yunanlardan bütün avropalılara keçən «aristokrat» kəlməsinin özü də məhz «ar», «ər»dən
alınmış və eyni mənada işlənmişdir. Yuxarıda göstərdiyimiz kimi «İran» kəlməsinin Avestada olan ilkin variantı
«Ariyan» kimi qeyd edilmiş, sonralar isə buradakı «a», «i» kimi səslənmişdir. Demək bütün bunlar onu göstərir ki,
«Aran», «İran» kəlməsinin Avestadakı forması olmaqla yanaşı, həm də təkcə farslara aid deyildir. Günümüzdə də
mövcud olan bir çox türk xalqlarının adlarında «ər», «ar» kəlməsi vardır. Misal olaraq, av-ar, xəz-ər, mac-ar, suv-ar,
qac-ar, qab-ar və s. göstərmək olar. Onu da qeyd edək ki, II Kirtərəfindən Əhəməni fars dövlətinin əsası
qoyulmamışdan əvvəl, yəni, e.ə. 740-cı ildə Mannada hakimiyyətə gəlmiş hökmdarın adı İranzu olmuşdur.
Hökmdarın adın-da «İran» kəlməsinin olması onu sübut edir ki, hələ farsların hakimiyyəti çevriliş yolu ilə ələ
keçirmələrindən əvvəl Azərbaycanda İran anlayışı olmuşdur.
Əgər «Aran» və «İran» kəlmələrinin başqa-başqa mənada işlənməsi fikri qəbul edilərsə, sual çıxa bilər ki,
bəs, onda «Aran» kəlməsi hansı mənanı verməkdədir. Bir sıra tədqiqatçılar «Aran» kəlməsini «Alan»la
eyniləşdirərək, nəticədə bu adlı ərazinin osetinlərə məxsus olduğunu iddia edirlər. Lakin «Aran» kəlməsini
osetinlərin «Alaniyası» ilə əlaqələndirmək düzgün deyil.
Beləliklə, VI əsrə aid edilən «Şəhrestanihai Eran» («İran şəhərləri») adlı coğrafi traktatda verilmiş
məlumata əsasən, türk hökmdarı Əfrasiyab tərə-findən salınmış Qanzak şəhəri hazırda Şimali Azərbaycanda
yerləşən Gəncə şəhəridir.
Traktatda maraq doğuran mühüm məsələlərdən biri də türk sərkərdəsi Əfrasiyabın şəxsiyyətidir.
Tarixşünaslıqda hələ də Əfrasiyab adlı türk sərkərdəsinin kimliyi dəqiq müəyyənləşməmişdir. Bəziləri Əfrasiyabın
Alp Ər Tonqa, digərləri isə Oğuz və ya Mete xan olması fikrini irəli sürmüşlər. Lakin Əfrasiyabın məhz Alp Ər
Tonqa olması haqqında daha çox ehtimal edilir. Əfrasiyab haqqında Y.Balasaqunlunun (XI əsr) «Kutadqu-bilik»,
M.Kaşğarinin (XI əsr) «Divani-luğətit-türk» və Ə.Fİrdovsinin (XI əsr) «Şahnamə» əsərində bəhs edilmişdir.
Y.Balasaqunludan və M. Kaşğaridən fərqli olaraq Ə. Firdovsi turanlıların hökmdarı Əfrasiyabı mənfi obraz kimi
təqdim etmişdir. Ə.Firdovsi özünün məşhur əsərini yazarkən şübhəsiz pəhləvi dilində olan ədəbiyyatlardan geniş
şəkildə istifadə etmişdir.
O, fars millətçiliyi ideologiyasının ənənələrinə sadiq qalaraq Turanlı Əfrasiyabı şər və pisliklərə xidmət
göstərən şəxs kimi təqdim etmişdir. Lakin maraqlı məsələ bundan ibarətdir ki, pəhləvi dilində olan zərdüştü
yazılarında Əfrasiyab şərə xidmət göstərən şəxs kimi təqdim edilməklə yanaşı, onun hökmranlığının sayəsində şər
ruh anlayışında olan Ayişmanın hakimiyyəti ələ keçirə bilməməsi göstərilmişdir. Demək burada Əfrasiyab şər
qüvvə hesab olunduğu halda, eyni zamanda zərdüştlükdə şər ruh hesab olunan Ayişmanın qarşısını alan qəhrəman
kimi qiymətləndirilmişdir.
ƏDƏBİYYAT
1. Altman M.M. Gəncə şəhərinin tarixi oçerki. Bakı, 1949.
2. Cəfərzadə İ. Qədim Gəncənin tarix-arxeoloji oçerki. Bakı, 1949.
3. Qummel Y. «Dəfn kurqanı» və «Qədim Gəncə». Bakı, 1931.
4. Bertels Q. Nizami. M., 1956.
5. Qoroda İrana. M., 2007.
РЕЗЮМЕ
Взгляд в историю основания Гянджи
Исследователи, говорящие об истории Востока III-VII веков, указы вают, что, согласно
пехлевийским и ранним среднеперсидским источ никам, Азербайджан занимал одно из почётных мест в
зороастрийской традиции. Здесь находился Адургушнасп, считавшийся священным и са мым главным у
огнепоклонников храмом огня. В этом храме служили многочисленные известные религиозные деятели -
потомки древних мидийских мугов многое сделавшие для распространения религии. В ге ографическом
трактате «Город Ирана», относящемся к VI веку, ясно указывается, что туранец Афрасияб основал
город Ганзак с именем приносящего Счастье Ормузда, благодаря силе и помощи Творца в Адурбадаганской
(Азербайджанской) стороне.
SUMMARY
A glance at the history of building of Ganja
The researchers telling about stories of East III-VII of centuries, specify that, agree pehlevi to sources,
Azerbaijan occupied one of places of honour in zoroastriyan traditions. Here there was Adurgushnasp which were
considered sacred and most important at zoroastriyan as a temple of fire. Numerous known "eligious figures served
in this temple - descendants ancient maday much the religions which have made for distribution. In the
geographical treatise «Cityof I ram, concerning by VI century, clearly it is underlined that Afrasijab has based the
city of Ganzak with bringing Schaste Ormuzda name, thanks to force and the help of the Creator in the
Adurbadagansky (Azerbaijan) party.