Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


İkinci fəsil: Əməli işlər üçün proqramın zəruriliyi



Yüklə 2,2 Mb.
səhifə20/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

İkinci fəsil: Əməli işlər üçün proqramın zəruriliyi


Elm istehsalı - texnologiyanın dayağı

İnkişaf etmiş elm olmadan heç bir yerdə inkişaf etmiş texnologiya və əsaslı iş mümkün deyil. Yəni hər bir şey sonradangəlmə olacaq. Bir ölkənin digərlərinin inkişaf etmiş texnologiyasını gətirməsi mümkündür, lakin o ölkənin daxilində bu texnologiya elmə söykənməsə və elmdən irəli gəlməsə, faydası yoxdur, içərisinə su tökülmüş bir hovuz kimi olacaq və özündən su çıxan quyudan fərqlənəcək. Odur ki, siz elm istehsalı üçün çox işləməlisiniz. Siz elm işi üçün nə qədər çalışsanız, çox deyil və demək olmaz ki, biz çox işlər görməkdəyik. Xeyr, elmi iş sahəsində nə qədər inkişaf etsəniz, yenə də daha çox çalışmalı olduğunuzu hiss etməlisiniz.677


Elmin daxildən baş qaldırması

Bu, elmin xüsusiyyətidir. Elm iqtidar vasitəsidir. Elmi əldə etmək lazımdır, bundan başqa çarəmiz yoxdur. Qeyd etdiyim kimi, gələcəkdə ölkənin ümumi idarəçiliyindən tutmuş quruculuq işlərinə, şəhərlərin gözəlləşdirilməsinə və səhiyyəyə qədər bütün sahələrdə ölkənin tərəqqi və inkişaf halında olmasını istəyirsinizsə, elmli olmalısınız; özü də daxildən aşıb-daşan elm. Bizə elmin çeşməsi lazımdır, onun hovuzu yox. Siz özünüz aşıb-daşmalısınız. Əgər digərləri elmi çıxarıb onun artığını - həm də adətən köhnə artıqları verirlər, elmi yeniliklər özlərində qalır - bizə versələr, yenə həmin vəziyyət qalacaq və bəlkə daha pis olacaq.678


Dünyada təsirli elmi rol üçün təsirli proqram hazırlamaq

Əziz qardaş və bacılar! Proqram hazırlayın. Elə edin ki, 20 ildən sonra bu ölkədə elmi istedadı olan bir şəxs dünyanın elmi toplumlarında baş qaldıra bilsin və İran ölkəsi dünyada bu baxımdan söz sahibi olan cəmiyyətlərdən biri olsun. İndi belə deyil. Hətta bizim işlədiyimiz və bizdə tarixi kökü olan elmlərdə, hətta əxlaq elmində də onlar bizdən çox kitab yazmış, çox araşdırma aparmışlar.679


Qərbin qəti saydığı elmi nəzəriyyələrinə şübhə ilə yanaşmaq

Bizim müəllim və tələbələrimizin mütəfəkkir beyinləri Qərbdən gələn və bəzilərinin nəzərində Allah vəhyi hesab olunan, azacıq şübhə edilməsi mümkün olmayan hüquqi, ictimai və siyasi məfhumları müxtəlif elmlərin böyük tədqiqat mərkəzlərində çək-çevir etməlidirlər. Onların qarşısında sual qoymaq lazımdır. Mütləqçiliyi sındırmaq və yeni yollar tapmaq lazımdır; həm özləri istifadə etsinlər, həm də bəşəriyyətə təklif olunsun. Bu gün ölkəmizin buna ehtiyacı və universitetdən belə bir gözləntisi var. Universitet gərək universal və dərin bir proqramlaşdırma hərəkatına başlasın, iş və əmək sahibləri özümüzdən olan elmi yeniliklərlə İslam dəyərlərinə və din təfəkkürünə söykənən ədalətli və inkişaf etmiş bir cəmiyyətin bünovrəsini möhkəmləndirsinlər. Bu gün ölkəmiz universitetdən bunu istəyir.680


Proqramlaşdırma hərəkatı üçün elmi təkliflər irəli sürmək

Siz tədqiqat və bu kimi sahələrdə mənə yazılı şəkildə qurucu təkliflər verməmisiniz. Düzdür, yaxşı söhbətlər etdiniz, lakin nə iş görmək barədə yalnız dostların biri təklif etdi və o da bu idi ki, bir müşavirə qrupu yaradılsın. Bu müşavirə qrupu yaxşı bir şeydir. Mən indi də müxtəlif məsələlərdə, xüsusən universitet və ölkənin elmi məsələlərində səlahiyyətli şəxslərlə çox məsləhətləşirəm. Məsləhətləşmə çox möcüzə etmir. Siz gəlin özünüz fikirləşin, mənim dediyim bu Proqramlaşdırma hərəkatı barədə təklif yazın. Biz tələsmirik, demirik ki, bir, yaxud iki ay ərzində təkliflərinizi verəsiniz. Oturub fikirləşin, bir-iki ildən sonra yenə bizim yanımıza gəlin və deyin ki, təklifimiz budur; yəni həqiqətən praktik çıxış yolları göstərin. Biz reallıqlara əsaslanaraq irəli sürülən təklifi çox yaxşı qarşılayır və inşallah mümkün həddə həyata keçirməyə çalışırıq.681


Hövzə və universitetin metodik elmi mübahisələrə ehtiyacı

Mən həmişə belə layihələrlə müvafiq olmuşam, bundan sonra da onları dəstəkləyəcəyəm. Qum Elm Hövzəsinin möhtərəm İdarə Şurasından istəyirəm ki, böyük və möhtərəm təqlid müctəhidlərinin məlumatı və yardımı, hövzənin dəyərli müəllim və tədqiqatçılarının əməkdaşlığı və iştirakı ilə fiqh, üsul, fəlsəfə, kəlam, təfsir və digər dini tədqiqat mövzuları üçün, eləcə də cəmiyyətin nəzəri və praktik suallarına cavab hərəkatını fəallaşdırmaq üçün belə bir imkan yaratsınlar.

Hörmətli Mədəni İnqilab Şurasından, xüsusən də onun möhtərəm sədrindən istəyirəm ki, bütün universitet elmlərinin inkişafı, tərcümə mətnlərinin tənqidi, elm və sənaye sahəsində, xüsusən də humanitar elmlərdə və İslam maarifində yaradıcılıq və istehsal dövrünün başlanması üçün bu ideyanı prioritet seçsinlər, bu böyük iş üçün tədricən şərait yaransın və universitetlərimiz yenidən İslam sivilizasiyası yaratmağın, elm inkişafının, texnologiya və mədəniyyət istehsalının ön sırasında dursunlar.

Şübhəsiz, hər iki qurum universitet və hövzə alimlərinin, o cümlədən sizin ideyalarınızdan istifadə edəcək ki, məsələnin bütün cəhətlərinə riayət etməklə hövzə və universitetin bütün elmi çərçivələrində suallara cavab, elmi mübahisələr və metodik nəzəriyyə yürütmək hərəkatını oturuşdurub, ona həvəsləndirsinlər. Ümidvaram bu ideyanın icrası süründürməçiliklə üzləşməsin və inqilabın iyirmi beş illiyindən öncə onun ilk mühüm səmərələri görünsün.682


Elm istehsalı hərəkatı və sənaye ilə birləşmə

Elm sahəsində 2-3 ildir daim təkrarladığımız Proqramlaşdırma və elm istehsalı hərəkatı həyata keçməlidir. Bu, şüarçılıq deyil. Mən bu işlə maraqlanıram və mümkün olan bütün mərkəzlərə tövsiyə etmişəm. Lakin icra işini mən görmürəm, icraçı qurumlar görməlidir. Allaha şükür olsun ki, bu iş başlanmışdır. Lakin elm istehsalı məsələsinə ciddi yanaşmaq lazımdır. Biz bütün sahələrdə - istər təbii, istər humanitar elmlərdə elm istehsal etməliyik. Mənim dəfələrlə təkid göstərdiyim elm və sənayenin birləşməsi məsələsi həyata keçməlidir. Bütün bunların yolu var və proqrama salına bilər.683


Elm istehsalı şüarının həyata keçməsi üçün ciddi proqram

Mən ölkə universitetlərində elm istehsalı və elmi yenilik şüarını irəli sürdüm. İndi gənc universitet mənsubları ilə görüşdüyüm zaman xoşbəxtlikdən, görürəm ki, istər tələbələr, istər universitet müəllimləri söhbətlərində bu məsələyə ciddi baxırlar. Şüar gözəldir, lakin bu, kifayət etmir. Bu şüarın həyata keçməsi üçün ciddi hərəkət planı olmalıdır.684


Elm və düşüncə işlərində incəsənətin əhəmiyyəti

Əgər radio və televiziyadan yayımlanan elm işlərində, elmi fikirlərdə incəsənət üsullarından istifadə olunsa, onların davamlılığı və cəlbediciliyi artar. Bütün sahələrdə tədqiqat və incəsənət üzərində təkid lazımdır.685


Elm və mədəniyyət adamları vasitəsi ilə Proqramlaşdırma hərəkatının təbliği

Əlinə qələm götürən və mədəni işdə çalışan şəxslər elm və təhsili günbəgün təbliğ etməlidirlər. Biz elmi yenilik və proqramlaşdırma hərəkatı şüarını irəli sürmüşük. Gözlənilir ki, elm adamları, din adamları, qələm sahibləri, universitet və hövzə mənsubları bu istiqamətdə hərəkət etsinlər və çoxları hərəkət etmişlər. Lakin bəzilərinin bu həqiqi ehtiyacla - elmi hərəkət bu ölkənin həqiqi ehtiyacıdır - yanaşı hərəkət etmədiklərini görürük. Bunlar belə qruplar barədə yaxşı əlamət göstərmir.686


Elm və texnologiya inkişafında əlliillik məqsəd

Mən bu otaqda sizin kimi gənclərin bir qrupuna dedim ki, indidən iradə ilə başlayın ki, əlli ildən sonra bu ölkə bütün sahələrdə bəşəriyyətə ən yeni texnologiya və elmi nəzəriyyələr təqdim edə bilsin. Siz bu niyyətlə hərəkət edin. Əgər əlli ildən sonra oraya çatmaq istəsəniz, indi görməkdə olduğunuz işlər çox deyil, addım atmaq və sürətlə hərəkət etmək lazımdır.687


Fars dilini beynəlxalq elm dilinə çevirmək

Mən tələbə məclislərinin birində dedim ki, siz bu barədə fikirləşin: əlli ildən sonra ölkəniz elə bir mövqedə olmalıdır ki, kimin elmi inkişafa ehtiyacı olsa, dilinizi öyrənməyə məcbur olsun. Yəni sizin ölkəniz o qədər elm və tədqiqat əsəri istehsal etsin ki, əsasən ABŞ və bəzi ölkələrin texnologiyasının inkişafı səbəbindən bu gün ingilis dilinin yayıldığı kimi, siz də elmi inkişafınızın ardınca dünyada fars dilini yayasınız. Siz zirvədə durmağı bacarmalısınız. Bu mümkün və iradə ilə çalışsaq, qətidir.688


Növbəti əlli il üçün universitetdən gözlənti

Mən bir dəfə universitet tələbələrinə dedim ki, sizdən gözləntim çox deyil. Mən ölkənin elmi toplumu olan sizdən gözləyirəm ki, əlli ildən sonra dünyanın yüksək elmi mövqeyində durasınız. Bu, istedadlı bir xalqdan çox gözləntidir?! Əgər bunun baş verməsini istəyiriksə, indidən çoxlu işləməliyik. Şərti tənbəllik, diqqətsizlik, xəsislik etməmək, bu yoldan qorxmamaq, elmi elitaya şərait yaratmaq və onları yetişdirməkdir. Bəzi sahələrdə bizim dünya ilə məsafəmiz çox deyil. Həmin sahələrdə - məsələn, adlarını çəkdiyim və xoşbəxtlikdən, dünyanın inkişafı ilə məsafəmizin çox olmadığı sahələrdə səyimizi artıra bilərik. Bu da bir işdir və dövlətin vəzifələrindəndir. Şərait yaratmaq lazımdır. Bu gənclər işə və anlamağa can atırlar, bunlara imkan yaradılmalıdır.689





Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə