122
ilə yanaşı hələ e.ə. XIV əsrdə xatırlanır). Aşşur hökmdarı Adadnerari (e.ə. X-IX
əsrlər) Mehri "ölkəsini" və aşşurlular tərəfindən doğranan "mehri ağacları"nı
xatırlamışdır. E.ə. VII əsrə aid olan bir Aşşur mətni əsasında güman etmək olar ki,
hələ bu zaman Qərbi Mada (Midiya) əhalisinin bir qismi bizə məlum olmayan mehran
dilində danışırdı.
Mixi yazılı mənbə məlumatları əsasında e.ə. II minilliyin sonu I minilliyin lap
başlanğıcında Cənubi Azərbaycan ərazisində həm etnik, həm də siyasi cəhətdən xeyli
dərəcədə rəngarəng mənzərənin yarandığını iqrar etmək olar. Burada yuxarıda adları
çəkilmiş tayfalardan və tayfa birliklərindən başqa artıq nigimxilər, turukkilər,
uruatrilər və başqaları yaşayırdılar. Onların etnik-dil mənsubiyyəti haqqında biz heç
nə bilmirik.
Şimali Azərbaycan vilayətlərində əsas əhalinin Şimal-Şərqi Qafqaz ailəsi
dillərində danışan tayfalardan və tayfa birliklərindən ibarət olduğu şübhəsizdir.
Burada nisbətən iri birliklərin mövcudluğu yaxşı izlənməkdədir. Güman etmək olar
ki, bu birliklər Xocalı-Gədəbəy, Naxçıvan, Talış-Muğan, Qayakənd-Xoroçoy
mədəniyyətlərinin etnik birləşmələrini (güman ki, qohum olan) əks etdirirdi. Qeyd
etmək vacibdir ki, bu dövrün Mərkəzi və Cənub-Şərqi Qafqaz arxeoloji
mədəniyyətləri bir-birinə yaxın idilər və Cənubi Qafqazın qərb hissəsinin sinxron
mədəniyyətindən kəskin surətdə seçilirdi. Deyilənlər, şübhəsiz, Şimal-Şərqi Qafqaz
dil ailəsi daşıyıcılarının bir qisminin əsasında tədricən protoalban tayfa ittifaqının
təşəkkül tapmasından xəbər verir.
Bu dövrdə Urmiyaətrafı bölgədə şərait Aşşur hökmdarlarının, bir qədər sonra
isə Urartu hökmdarlarının hərbi yürüşləri ilə əlaqədar olaraq xeyli mürəkkəbləşdi.
E.ə. II minilliyin II yarısına aid olan mənbələrdə Aşşur hökmdarının Turukki
və Nikimxi ölkələrini tamamilə fəth etməsindən, "kutilərın geniş torpaqlarındakı
bütün dağların və təpələrin hakimlərinin ram olunması"ndan danışılır. Güman etmək
olar ki, turukkilər və nikimxilər hurri tayfalarından idilər. Mənbədə danışılan dağ
tayfalarından olan uruatrilərin də hurrilərə yaxın olması güman edilir.
Güman olunur ki, Uruatri tayfa ittifaqı Böyük Zab çayının yuxarı axarı
arasındakı bölgədə, Boxtansu vadisindən şərqdə yaranmısdı. Buna görə də ehtimal
etmək olar ki, Uruatri əsasən Urartu tayfalarının deyil, kutilərin yaşadıqları ərazidə
meydana gəlmişdi. I Salmanasarın yazılarından birinə əsasən "kutilər" Uruatridən
Kutmuxiyədək uzanan ərazilərdə yaşayırdılar. Həqiqətən də Uruatrinin tərkibində
olmuş "ölkələrin" adları Urartu səciyyəli deyildir və dağlıq Zaqros dillərinə yaxınlığı
nəzərə çarpır.
E.ə. II minilliyin II yarısına aid olan Aşşur mənbələrində bir çox siyasi
vahidlərin adları çəkilməyə başlayır. Biz həmin siyasi vahidlərin hüdudlarında
yaşamış sakinlərin etnik-dil mənsubiyyəti haqqında yalnız fərziyyələr irəli sürə
bilərik.
123
Abidələrin
icmalı.
Azərbaycan
ərazisində
ötən
dövrə
nisbətən
Son tunc və İlk Dəmir dövrü abidələri daha çoxsaylıdır. Onlar yaşayış yerləri, qalaça
və çoxlu miqdarda müxtəlif tipli qəbirlərdən ibarətdir.
Bəzi hallarda dövrün yaşayış yerləri, xüsusən dağlıq rayonlarda və dağla
düzənin qovuşuğunda müdafiə hasarına alınmışdır. Müxtəlif miqyaslı təpələr şəklində
qalmış yaşayış yerlərinə daha çox düzənlərdə rast gəlinir. Bir çox hallarda bu dövrün
yaşayış yerləri ötən dövrlərə aid abidə qalıqları və yaxud təbii təpələr üzərində bina
olunmuşdur.
Bu dövrün yaşayış yerləri Gəncə-Qazax düzənliyində nisbətən çoxdur.
Onlardan Qazax rayonunda Sarıtəpə, Babadərviş, Nadirbəytəpəsi, Arançıtəpələri,
Yastıtəpə, Yuxarı Göycəli kəndində təpələr, Şomutəpə və Töyrətəpənin üst təbəqələri,
Şamxor rayonunda Seyfəli və Bitdili yaşayış yerləri, Xanlar rayonunda 1 və 2 nömrəli
yaşayış yerlərini və bir çox başqalarını göstərmək olar. Son tunc və ilk dəmir dövrü
yaşayış yerləri Mingəçevirdə, Ağcabədi rayonunda Üçtəpədə, Naxçıvan ərazisində
I—II Kültəpələrdə, Qızılvəngdə, Daşkəsən və Gədəbəy rayonlarında isə siklop
yaşayış yerləri öyrənilmişdir. Kiçik Qafqaz rayonlarının siklop tikintilərindən fərqli
olaraq, Naxçıvan ərazisindəki bəzi qalaçaların müdafiə divarları yonulmuş nəhəng
daşlardan hörülmüşdür. Bunlardan ilk dəmir dövrünə aid Oğlanqala özünün miqyası
və möhtəşəmliyi ilə seçilir. Dövrün abidələrindən biri də Ağdam rayonunun Şıxbabalı
kəndi ərazisindəki Qaratəpədir. Onun çox geniş - təqribən 6 ha ərazisi və daş bünövrə
üzərində iri kərpiclərdən hörülmüş qala divarı vardır.
Dəfn abidələri daha yaxşı məlumdur. Kurqanlar, daş qutular və torpaq qəbirlər
daha xarakterikdir. Kurqanlara düzən rayonlarda çoxlu miqdarda rast gəlinir. Onlar
alp çəmənləri olan yüksək dağ yaylalarında da az deyil. Belə ki, Daşkəsən rayonunun
Xaçbulaq yaylasında böyük kurqan yığımı vardır. Düzən və dağətəyi qurşaqda
kurqanlar geniş ərazini əhatə edir. Bir çox hallarda, məsələn, Şamxor rayonunun
Şiştəpə kəndi yaxınlığında və Xocalıda kurqanlar böyük qəbiristanlıq təşkil edir və s.
Kurqan torpağı altında üzərlərinə ağac və daş lövhələrlə örtülmüş bir və bir
neçə torpaq qəbrinə təsadüf edilir. Bir çox hallarda dağlarda yerləşən kurqanlarda
qəbirlər daş qutu formasında düzəldilirdi. Çox qəbirli kurqanlar ola bilsin ki, ayrı-ayrı
ailələrə mənsub imiş. Ölülər bir-birinə yaxın qəbirlərdə tək-tək basdırılır: əvvəl
qəbirlər ayrı-ayrılıqda torpaqlanır, sonra kurqanın ümumi torpağı tökülürdü.
Qarabağın dağlıq hissəsində kurqanların olmasına baxmayaraq, orada siklopik
qalaçalara rast gəlinmir. Çoxlu daşqutu qəbiristanlıqlarına malik, bəzi hallarda kurqan
tökməsi altında daşqutu qəbirləri olan Talış dağlarında da siklopik qalaçalar yoxdur.
Talış dağları ilə eyni mədəniyyətə mənsub olan Lənkəran və Muğan düzənliklərində
qəbirlər torpaqda qazılmışdır.