yapışırdılar. Onda Teymur bilmirdi yaxasını necə qurtarsın, özünü necə
aparsın, onlardan necə qaçsın.
- Bəri ver, mən də çəkim, – deyə qız avarları odan aldı.
Teymur etiraz etmədi. Virqa pis avar çəkmirdi. Teymur onu tərifləyəndə
: “ Atam öyrədib”, - dedi.
O gün axşam şam yeməyindən sonra təzəcə otağına qayıtmışdı
ki, qapı döyüldü. Virqa idi. Uzunqol, ağ krujevalı köynək, qısa qırçınlı
yubka geymişdi. Gözlərində, elə bil, od yanırdı.
- Gəl gedək, bu gün rəqs var, həm də səni atamla tanış etmək
istəyirəm.
Teymur etiraz etmədi. Onsuz da gəldiyi dörd günün içində
çox yeri görüb, çox yerə baş çəkmişdi. Yazı-pozu işi də heç cür getmirdi.
Evdə bundan daha ciddi işləyirdi. Tez Bakıya qayıtmaq fikrində idi.
Virqaya da ona görə tabe olurdu ki, elə bil, məşğuliyyəti də yox idi.
Virqa onun qoluna girdi. Hərdən ona sarı əyilirdi. Virqanın
saçlarından yosun iyinə qarışıq ətir iyi də gəlirdi.
O, Virqa ilə rəqs etmək istəmirdi. Ancaq qız əl çəkmirdi.
Teymurun qolundan elə yapışmışdı ki, elə bil, Teymur onun şəxsi əmlakı
idi. Virqa onun gedəcəyindən qorxaraq:
- Bəlkə gəzək, - deyə təklif etdi. Teymur razılaşdı.
Parkın içərilərinə üz tutdular. Hava qaralmışdı. Ətrafı zəif
fənərlər işıqlandırırdı. Uzaqdan, rəqs meydançasından musiqinin səsi
gəlirdi. Aylı-ulduzlu, məxmər gecəydi. Başlarının üstündə bir- birinə
sarmaşan iri ağaclardan göyün üzü aydın seçilmirdi. Ayaqlarının altında
qar təki xışıldayan çınqıl daşlarının səsi ağacların xəfif pıçıltısına,
üzümlüklərdən gələn böcəklərin səsinə qarışmışdı. Arabir qarşılarına
cütləşən adamlar çıxırdı. Teymur ancaq tanıdıqları ilə salamlaşırdı. Virqa
isə hamını tanıyırdı, hətta hansı şəhərdən gəldiyini və nə vəzifədə
işlədiyinə qədər bilirdi.
-
Oturaq, - qız dilləndi.
Skamyaların birində əyləşdilər. Virqa sağ əli ilə Teymurun
barmaqlarını axtardı. Əlini onun əlinə doladı. Qız xoşuna gəlsə də
Teymur onunla ləyaqətlə rəftar etməyi qərara almışdı. Virqa onu o qədər
də məftun etmirdi. Yekə – yekə danışmağa çalışsa da dünya görüşünün,
mütaliyə dairəsinin məhdud olduğu nəzərə çarpırdı.
- Sən nahaq hüquqşunas təhsili almısan. İndi də jurnalist
olmusan. Sənin yerin kinodur. Sən gərək aktyor olaydın, qız artıq ona
“sən” deyirdi.
O, əlini Teymurun dodaqlarına yapışdırdı. Teymur diksindi,
amma Virqanın əlini öpmədi. Bu qızda elə bir şey tapmırdı, təkcə
gəncliyinin parlaq, məftunedici, cazibədarlığından başqa. Virqanın ətirli,
yumşaq saçları onun üzünə, yanaqlarına toxunurdu. Teymur onun gözəl
boynunun , çılpaq çiyinlərinin, yumru döşlərinin, ipək təki hamar
olduğunu bilirdi. Virqa dənizi sevirdi. Bütün günü sahildə gəzir, üzüb
doyandan sonra çimərlik taxtlarına sərələnirdi. Qızın gənc, qüvvətli
bədəni onu nə qədər çox cəlb edirdisə, bunlar adi məftunluqdan uzağa
gedə bilmirdi.
- Nə üçün sən mənim xoşuma belə çox gəlirsən? – Virqa
kədərlə soruşdu. Əllərini nəvazişlə Teymurun üzündə, saçlarında,
boynunda gəzdirdi. Virqanın üzündə rəğbət oyadan kədər vardı. Qız
başını onun sinəsinə sığdı. Sonra nar çiçəyi təki qırmızı,odlu dodaqlarını
onun dodaqlarına yaxınlaşdırdı. Teymur onu da duydu ki, bu qızın
çiyinlərinə, boynuna hələ kişi dodaqları dəyməmişdir. Oğlanın onu
öpmədiyini görüb geri çəkildi. Qızın gəncliyi, məlahətli çöhrəsi onu
səsləsə də Teymur sakit, təmkinli olmağı qərara aldı. Virqa sərbəst,
cəsarətli idi. Teymurun bir nəvazişinə bənddi. Sonra onun boynuna
sarılacaqdı. Kim bilir daha nələr tələb edəcəkdi. Göz yaşları axıdacaqdı.
Teymur da elə göz yaşlarından qorxurdu. İndiyə qədər o qədər qızlar
onun çiynlərinə baş qoyubsəbəbsiz ağlamışdılar ki! Bir də Virqa ilə belə
münasibətin mənasız olduğunu hiss edirdi. Virqa nə qədər gözəl olsa da
başqa qadınlar kimi onu bezikdirəcəkdi. Bu, indi olmasa da bir
müddətdən sonra baş verəcəkdi. Evlənmək vaxtı çatsa da hələ heç kimin
üstündə dayanıb dura bilmirdi. Qərara almışdı ki, könlünə yatan qadına
rast gəlməyincə evlənməyəcək. Anası, atası, Nərgiz, lap elə Rauf da ona
qız axtarmaqdan bezmişdilər. Hər dəfə də eyni sözləri eşidirdilər: “ Əl
çəkin !”
Virqa pansionatda Teymura maraq göstərən qadınlardan
öz qəribə mühakimə və hərəkətləri ilə fərqlənirdi. O qadınlar gecələr
yastıqlarını Teymurla bölür, səhərlər isə heç nə olmamış kimi hərə öz
işinin dalınca gedirdi. Nə diqqət, nə sevgi, nə də nəvaziş tələb edirdilər.
Virqa isə Teymurun diqqətini bütünlüklə özünə çəkmək istəyirdi. Onunla
tez-tez küsüb barışsa da, pansionatdakı qadınların heç birinə qısqanmırdı.
Özünü onlardan yüksək, Teymurun sevgisinə tam layiq hesab edirdi.
Teymuru o vaxt bir şey hədsiz heyrətləndirmişdi ki, bu da qadınlarda
bəzi duyğuların kişilərə nisbətən daha güclü inkişaf etməsi idi. Mədinə
ilə qarşılaşandan sonra elə ikinci gün Teymurun hələ özündən baş
açmadığı, nə istədiyini anlamadığı bir vaxtda Virqa hər şeyi qabaqcadan
hiss etmiş, o axşam rəngi solmuş, qəzəbdən göyərmiş halda başını
itirərək, nə edəcəyini bilməyərək Teymurun çiynlərindən tutub silkələyir,
göz yaşlarından boğula-boğula :
- Mən sənin ancaq xoşuna gəlirəm, onu isə artıq sevirsən, –
deyirdi.
Teymur duruxub qalmışdı. Qızı ovundurmaq üçün
gətirdiyi tutarlı dəlillərin heç biri Virqanın həyəcanını sakitləşdirmirdi.
Sonralar Klaypedada Virqa ilə görüşəndə qız: “Sən ancaq onu
düşünürsən, başında ondan başqa heç kəs yoxdur,”- deyib dururdu.
Bacısı da Teymurdakı dəyişikliyi birinci sezmişdi. Teymur
istirahətdən gələndən sonra təkcə
Virqadan məktub almasına
baxmayaraq, bacısı sövqi-təbii hisslə duymuşdu ki, Teymurun qəlbini
yerindən oynadan bu məktubun sahibi yox, kimsə başqa adamdır və
Teymur deməyincə o, bu barədə bilməyəcəkdir. Ancaq elə ikinci il bacısı
izə düşüb onun kim olduğunu öyrənmişdi.
Virqanın xatirinə pansionatda yubandığı günün ertəsi yenə
onunla birlikdə dənizə yollandılar. Havalar mövsümə müvafiq günəşli,
isti keçirdi.
“Dzerjinski” çimərliyinin sahili dəniz səviyyəsindən çox yüksək
idi. Burada üzmək bacarmayanların və uşaqların dənizə düşməsi əngəl
idi. Dənizə enmək üçün qayalara pərçim edilmiş dəmir tutacaqlardan
istifadə etmək lazım gəlirdi. Dənizin dibi görünmüdü. Bir-iki pillə
enəndən sonra su adamın boyunu aşırdı. Virqa ilə Teymur çox vaxt
tutacaqlardan istifadə etmirdilər. Eləcə qayanın üstündən özlərini suya
atırdılar. Üzə bilməyənlər dəmir söykənəcəklərdən yapışıb bədənlərini
isladır, bununla kifayətlənərək yuxarı qalxıb taxtların üstünə sərilirdilər.
***
Dostları ilə paylaş: |