F .K ö
çərli a d
ı na Res
publ ika
U ş
a q
Ki t a
b xanas
ı
Seyfəddin Dağlının 95 illik yubileyi
münasibətilə hazırlanmış metodik vəsait
Cəsarətli sənətkar
Bakı -2016
1
Tərtibçi: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Şəhla Qəmbərova
Əməkdar mədəniyyət işçisi
“Cəsarətli sənətkar - Seyfəddin Dağlı”. Seyfəddin
Dağlının 95 illik yubileyi münasibətilə uşaq
kitabxanaları üçün hazırlanmış metodik vəsait /
tərt.ed. A.Əliyeva; red. və burax. məsul Ş.Qəmbərova;
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı,
2016.- 21 s.
(C) F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016
2
Tərtibçi
Elə yazarlar var ki, hər bir əsəri oxucu
tərəfindən maraqla qarşılanır və heç vaxt öz
aktuallığını itirmir. Belə sənət-söz ustadlarından biri də
yazıçı Seyfəddin Dağlıdır. Azərbaycan ədəbiyyatının
və mətbuatının inkişafında böyük xidmətləri olan naşir,
publisist, dramaturq, tərcüməçi Seyfəddin Dağlının bu
il anadan olmasının 95 ili tamam olur.
Ötən əsrin 60-70-ci illərindən başlayaraq
Seyfəddin Dağlının qələmindən çıxan hər bir əsər həm
ədəbi içtimaiyyət, həm də oxucular tərəfindən maraqla
qarşılanar, sevilə-sevilə oxunardı. Özünəməxsus
yaradıcılıq üslubu, dadlı-duzlu, yumorlu dili onu
həmkarlarından fərqləndirirdi. O, hər bir əsər üzərində
yorulmadan çalışar, hər kəlmə və ifadəyə görə
məsuliyyət hissi keçirərdi Həyat həqiqətlərinə sadiqlik
Seyfəddin Dağlının əsərlərinə təbiilik və işıq gətirirdi.
Cəmi 62 il,
lakin
mənalı ömür yaşadı. Həm
gözəl insan və yazıçı, həm də həyat yoldaşı, ata, dost
kimi ürəklərdə bir işıq selinə döndü.
Yazıçının 95 illik yubileyi ilə bağlı hazırlanan bu
vəsait iki hissədən ibarətdir. I hissə S. Dağlının həyat
və yaradıcılığından bəhs edir. II hissədə isə onun
yubileyi ilə bağlı keçirilə biləcək tədbirlər barədə
söhbət açılır.
3
Həyat və yaradıcılığı
Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu
Abbasov) 1921-ci il avqustun 27-də Xızıda dünyaya
göz açıb.
O, körpə ikən anası Qəmər xanım vəfat edib.
Atası Əlağa Abbasov dövlət qulluqçusu olub və
müxtəlif rayonlarda işləyib. Buna görə də uşaq babası
Bəhlul kişinin ümidinə qalıb. Bir müddət sonra
Seyfəddinin atası ailə qurub. Buna baxmayaraq balaca
Seyfəddini yenə babası saxlayıb. Bir neçə il sonra
Seyfəddin ailəsi ilə Bakıya köçüb. Orta məktəbi də
şəhərdə oxuyub. Əmək fəaliyyətinə hələ tələbə ikən
“Kommunist” və “Ordu” qəzetlərində başlayıb. Sonralar
Dövlət Radio Komitəsində baş redaktor (1956-1959),
Bakı Telestudiyasının direktoru, sədr müavini, uzun
müddət “Kirpi” jurnalının baş redaktoru və “Yazıçı”
nəşriyyatında redaktor işləyib. 1948-ci ildə “Dəniz
kəşfiyyatçısı” adlı ilk kitabı nəşr edilib. “Adı sənin, dadı
mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”,
“Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar
oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və s. kitabları
ilə oxucularin rəğbətini qazanıb. Pyesləri Akademik
Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrında
dəfələrlə tamaşaya qoyulub.
Filmoqrafiya
1. “Onun bəlalı sevgisi” (film, 1980)
4
2. “Qayınana” (film, 1978)
3. “Adı sənin, dadı mənim” (film, 1980) (tammetrajlı
televiziya tamaşası) (Aztv)
4. “Gecəniz xeyrə qalsın” (film, 1977)
5. “Kommunist” (film, 1969)
6. “Solmaz bir bahar kimi” (film, 1979)
Seyfəddin Dağlının 95 illik yubileyi ilə bağlı
kitabxanada
kitab
sərgisinin
keçirilməsi
məqsədəuyğundur. Sərgiyə müxtəlif başlıqlar verilə
bilər. Bunlardan “İstedadlı yazıçı Seyfəddin Dağlı”,
“Şirin və duzlu qələm sahibi -
Seyfəddin Dağlı”, “Ustad
və cəsarətli sənətkar”, “Babam söz verib ki, sabah
gələcək”, “Xalqa bağlı yazıçı”, “Faciədən doğan
qəhqəhə” və s. misal göstərmək olar.
Bununla yanaşı,
ədibin müxtəlif illərdə çəkilmiş foto-şəkillərindən ibarət
stend hazırlana və kitabları sərgidə öz yerini ala blər.
Müxtəlif ədiblərin yazıçı haqqında yazdığı yazılar,
onun yaradıcılığı və şəxsiyyəti barədə söylədikləri
fikirlər, şeir parçaları da sərgidə təqdim oluna bilər.
5
Görkəmli şəxsiyyətlərin yazıçı haqqında
söylədikləri
Dünyamız, sözün həqiqi mənasında, gözəl bir insanı
itirdi.
Cabir Novruz,
Xalq şairi.
6
Ötən əsrin ortalarında yandırdığı “Məşəl” in odu elə
sönməz oldu ki, onun hər parçasından qopan qığılcım
bu yazıçını sevən oxucuların qəlbinə nur kimi axdı.
Flora Xəilzadə,
Əməkdar mədəniyyət işçisi.
Seyfəddin Dağlı hələ sağlığında onu tanıyanların
qəlbində özünə abidə ucaldıb.
Ədalət Mehdiyev,
jurnalist.
Kitabxanada
Seyfəddin Dağlının kitablarından ibarət
sərgi təşkil olunur. Kitabxanaçı sərginin ətrafında
oxucularla söhbət keçirir. Tədbir zamanı yazıçının özü
və kitabları haqqında oxuculara məlumat verilir.
Kitabxanaçı: - XX əsr Azərbaycan nəsrinin sevilən
imzalarından biri Seyfəddin Dağlı haqqında danışmaq
bədii sözün sirlərinə bələdlik və intelektuallıq tələb edir.
Ədəbiyyatımıza bir sıra dəyərli dram əsərləri, romanlar,
povestlər, çoxlu sayda hekayə, yumoristik novella və
tərcümələr bəxş etmiş yazıçının bədii dünyası
zənginliyi və təkrarsızlığı ilə diqqəti çəkir. Onun
əsərlərində hər şey canlı təsir bağışlayır, inandırıcı
görünür. Sözün dəyərini və çəkisini bildiyi üçün
yazdıqlarının arxasında bəlli bir niyyət durur. Bütün
zamanlarda yazıçının ədəbi qüdrəti ilə yanaşı, onun
şəxsiyyəti, kimliyi, mövqeyi maraq doğurub. İnanırıq ki,
neçə illər ötsə də onun əsərləri geniş oxucu kütləsinin
7
marağını çəkəcək, dəyişən, yeniləşən zamanla birlikdə
təzəliyini və təravətini qoruyub saxlayacaq...
Yazıçı Seyfəddin Dağlı ədəbi fəaliyyətə hələ tələbə
ikən, otuzuncu illərin sonlarında oçerk və felyetonlarla
başlamışdır. O, Böyük Vətən Müharibəsi illərində
orduda xidmət etmiş, həm də faşizm əleyhinə felyeton
və satirik hekayələr yazmışdır. Sovet Ordusu
sıralarında İranda olarkən Cənubi Azərbaycan
mövzusunda yazdığı hekayələri “Məşəl” kitabında
(1950-ci il) toplanmışdır. Sonralar yazdığı satirik
əsərlər isə “Hekayələr” (1956), “Sabiqlər” (1960),
“Göyçək oğlan” (1965) kitablarında oxuculara təqdim
edilmişdir.
Satieik ruhda yazdığı
“Vergülağa
Nöqtələrov” əsəri 1956-cı ildə “Azərbaycan” jurnalında,
“Absətələni avsayt öldürdü” povesti isə 1965-ci ildə
“Bakı” axşam qəzetində dərc olunmuşdur. Bu
əsərlərdən birincisi “Karyera Noqtalorova” adı ilə
Moskvada, “Sovetsi pisatel” nəşriyyatında rus dilində
nəşr edilmişdir. Həmin ildə “Pravda” nəşriyyatında
“Biblioteka Krokodila” seriyasından yazıçının hekayə
və felyetonları da kitabça şəklində kütləvi tirajla
buraxılmışdır.
S. Dağlı satirik olmayan gözəl əsərlər də qələmə alıb.
Məsələn, onun böyük dramaturq Cəfər Cabbarlıya
həsr olunmuş “Bahar oğlu” və Cənubi Azərbaycan
qadınlarının ağır həyatından bəhs edən “Gəcil qapısı”
romanları oxucu sevgisi qazanıb. Dramaturgiya
sahəsində də qələmini sınayan S.Dağlının “Aydınlığa
8
doğru” dramı və “Adı sənin, dadı mənim” satirik
komediyası tamaşaya qoyulmuşdur. “İpək və gül”
(1971) kitabı hekayələr toplusudur. Kitab satirik, eyni
zamanda tərbiyəvi xarakter daşıyır. Seyfəddin Dağlının
“Yaylaq qayğıları” kitabında (1974) roman və
felyetonları ilə bərabər, son hekayələri də toplanmışdır.
Əsərlərinin bir qismində müasirliyimizin yüksək əxlaqi
keyfiyyətləri, yaxşı insanların gözəl əməlləri qələmə
alınmış, digər qismində, xüsusən satirik hekayələrində
cəmiyyətimizə yad ünsürlərin eybəcər sifətləri tənqid
və gülüş hədəfinə çevrilmişdir. 1971-ci ildə “Aldada
bilməzsən, 1988-ci ildə isə “Şirin duz” kitabı işıq üzü
görmüşdür. Oxucu kütləsinin məhəbbətini qazanmış
“Şirin duz” kitabı yazıçının son əsəridir. Roman Böyük
Vətən Müharibəsindən sonra əmək meydanında
gedən gərgin mübarizəyə, Muğan düzünün şoran
torpaqlarının yararlı hala salınmasına, insanların həyat
tərzində, daxili aləmində baş verən dəyişikliklərə, yeni
həyat uğrunda mübarizəyə həsr olunmuşdur.
Seyfəddin Dağlınınn 1981-ci ildə nəşr olunmuş
“Mənziliniz mübarək” kitabı povestlər, pyes və
hekayələr toplusudur. Onun bu kitabında müasir
həyatımızı əks etdirən pyesləri, şahlıq rejimi dövründə
İran xalqının milli-azadlıq hərəkatından bəhs edən
nəsr əsərləri toplanmışdır. Yazıçının yaradıcılıq
üslubu, yadda qalan canlı obrazları, dadlı-duzlu
yumoru, dilinin saflığı və səlisliyi onun əsərlərini
fərqləndirən əsas keyfiyətlərdir. Seyfəddin Dağlının
1991-ci ildə nəşr edilmiş “Seçilmiş əsərləri” oxucular
9
tərəfindən rəğbətlə qarşılanmış kitablarındandır. Kitaba
onun satirik və yumoristik əsərlərindən nümunələr,
böyük sənətkarımız Cəfər Cabbarlının ömür yolunu
əks etdirən “Bahar oğlu” romanı daxil edilmişdir.
Yazıçını və onun əsərlərini oxuculara tanıtmaq
məqsədilə kitabxanaçı əvvəlcə bir neçə məktəblə
əməkdaşlıq edir. O, şagirdləri, xüsusən də, yuxarı sinif
şagirdlərini kitabxanaya cəlb etməklə, S.Dağlının
əsərləri ilə tanış edir. Şagirdlər yazıçının əsərlərini
oxuyub, onun yaradıcılığı ilə yaxından tanış olurlar.
Daha sonra bir sıra tədbirlərin keçirilməsə üçün
müəyyən olunmuş tarixdə oxucular kitabxanaya dəvət
edilirlər. Həmin vaxt ərzində kitabxanaçı yuxarı sinif
şagirdləri ilə Seyfəddin Dağlının bir sıra hekayələrini
səhnələşdirə bilər. Biz nümunə olaraq S.Dağlının
sevilən əsərlərindən olan “Bərbərin səyi, müştərinin
dərdi” və “Doğurdanmı” adlı hekayələri əsasında
hazırlanmış səhnəciyi təqdim edirik.
Öncə səhnə əsərlərə uyğun olaraq dekorasiya edilir.
İştirakçılar canlandırdıqları obrazların paltarlarına
uyğun geyinirlər. Əvvəlcə “Bərbərin səyi, müştərinin
dərdi” hekayəsi səhnələşdirilir. Səhnədə bərbərxana
və burada çalışan bərbərlə müştəri görünməyə
başlayır. Aparıcı səhnəyə yaxınlaşaraq sözə başlayır:
Aparıcı: - Bərbər səylə müştərinin saçını vurub başını
düzəltdi. Qarşılarındakı böyük güzgüyə baxdı və orada
əks olunmuş sir-sifətin əhval-ruhiyyəsindən dərhal
anladı ki, müştəri onun işindən xeyli razıdır. Usta da
10
özündən razı halda miz üzərindən götürdüyü balaca
güzgünü müştərinin başının arxa hissəsinə tutaraq
boynunun arxa hissəsini ona göstərdi. Birdən qarşı
güzgüdən sir-sifət turşudu, qaşqabaq sallandı. Müştəri
kəskin hərəkətlə ayağa qalxdı, yaxasındakı ağ dəsmalı
sinəsindən qoparıb kürsüyə çırpdı. Bərbər təəccüb
içində soruşdu:
Bərbər: - Nə olub, əzizim? Məgər boynunuzun arxasını
yaxşı düzəltməmişəm?
Aparıcı: - Müştəri onu çəp-çəp süzüb fısıldadı:
Müştəri: - Məgər səndən xahiş elədim ki, başımın
arxasını mənə göstərəsən.
Bərbər: -Dedim bəlkə bir əyər-əskiyi var, görüb
deyəsiniz düzəldim.
Aparıcı: - Müştəri sağ əlini yuxarı qaldırdı, şəhadət
barmağını açıb əsəbiliklə təpəsinə vurdu. Səsini lap
ucaltdı:
Müştəri: - Hə, buyur düzəlt bunu görüm necə
düzəldirsən!..
Aparıcı: - Bərbər yalnız indi fərqinə vardı ki, illərdən
bəri saçını düzəltdiyi tanış başın ortasında ona tanış
olmayan təptəzə bir daz peyda olubdur. Heç şübhəsiz,
müştəri də öz dazını ilk dəfə indi görürdü və elə onun
kefini pozan da bu daz idi. Bərbərin darağı dərhal
dazın üstünü aldı:
Bərbər: - Bu saat üzərini örtərəm.
Aparıcı: - Müştəri dərindən ah çəkdi:
Müştəri: - Gördüm də... Ürəyimə xal salandan sonra
nəyi gizlədəcəksən?!
11
Daha sonra tamaşaçılar ikinci səhnəciyə baxmağa
başlayırlar. “Doğurdanmı” adlı səhnəciyin səhnə
dekarasiyası hazır edildikdən sonra aparıcı səhnəyə
yaxınlaşır.
Aparıcı: - Yazıçı kiçik bir yumoristik hekayə yazıb
redaksiyaya təqdim etdi. Bir aydan sonra o, məsul
katibdən belə bir cavab aldı:
Məsul katib: - Təəssüf ki, hekayəniz məsul
redaktorumuzun xoşuna gəlmədi. O buyurdu ki,
hekayə gülməli deyil və ümumiyyətlə qəzet üçün
yaramaz.
Aparıcı: - Bir müddətdən sonra, həmin məsul redaktor
“sabiq” oldu. Daha bir neçə gün sonra köhnə tanışlar
rastlaşdılar. Sabiq məsul redaktor uzaqdan
hırıldayaraq, əlini yumoristə uzatdı:
Redaktor: - Təbrik edirəm!- dedi.- Bilsəniz, sizin təzə
hekayənizi mənim köhnə qəzetimdə oxuyarkən nə
qədər gülmüşəm, həm də təkcə mən yox. Bütün
evdəkilər qəzeti oxuyub xorla qəhqəhə cəkdilər. Afərin!
Bir an sükutdan sonra səsinə ciddi ahəng verərək
əlavə etdi:
- Heyif ki, mən redaktor olanda belələrini yazmırdınız.
Aparıcı: -Yumoristin gözləri hədəqəsindən çıxdı:
Yumorist: - Bu elə həmin hekayədir ki, siz geri
qaytarmışdınız. Heç özüm də bilmirəm, təzə redaktor
onu haradan axtarıb tapıb.
Aparıcı:
-Sabiq redaktorun siması dəyişdi,
dodaqlarının ucu əyildi:
12
Sabiq redaktor: - Doğurdanmı?.. –deyə əsəbi halda
fısıldadı.-Ancaq... Bəs, vaxtı ilə geri qaytarılmış bir
hekayəni indi çapa verməyə necə cəsarət eləyiblər?!
Görkəmli yazar Seyfəddin Dağlının 95 illik yubileyi ilə
bağlı keçirilə biləcək maraqlı tədbirlərdən biri də
“Aydınlığa doğru” adlı ədəbi-bədii gecədir. Gecəyə
ədib və yazarlar, sənət-söz adamları, oxucular dəvət
olunurlar. Qonaqlar ədibin şəkilləri və müxtəlif adda
əsər başlıqları yazılmış çərçivərələrlə bəzədilmiş zalda
əyləşirlər. Ədəbi-bədii gecəyə keçid almaq üçün
aparıcılar səhnəyə yaxınlaşır.
I aparıcı: - Salam, dəyərli qonaqlar, mütaliyəsevər
oxucular, bu gözəl gülüş dolu, düşüncə dolu tədbirə
xoş gəlmisiniz. Bu gün buraya gözəl yazıçımız
Seyfəddin Dağlının 95 illik yubileyi münasibətilə
yığışmışıq. Onun keçdiyi zəngin yaradıcılıq, məna dolu
ömür yoluna, işıqlı dünyasına səyahət üçün yazarın
bu sözlü, gülüş dolu gecəsinə toplanmışıq.
II aparıcı:
-
Seyfəddin Dağlı yaradıcılığı XX əsr
ədəbiyyatımızda bir məktəbdir.
O,
elə
sənətkarlardandır ki, onların həyat yolu yaradıcılıq yolu
qədər, yaradıcılıq yolu isə həyat yolu qədər maraqlı və
zəngindir. Yaradıcılığa şeirlə başlayan Seyfəddin Dağlı
məşhur şair olmasa da, duzlu-məzəli misralar
yazmışdır. Ustad bəstəkarımız Cahangir Cahangirov
onun neçə-neçə şeirinə musiqi bəstələmişdir. Amma
Seyfəddin Dağlı ədəbi aləmdə ustad nasir, gözəl satirik
hekayələr müəllifi, felyetonçu və publisist kimi
tanınırdı.
13
I aparıcı: - Dramaturgiya sahəsində də qələmini
sınayan müəllifin bir neçə pyesi teatrlarda tamaşaya
qoyulmuşdu. Bu əsərlər uzun müddət repertuardan
düşməmiş, televiziya kanallarında maraqla izlənmişdi.
1956-1959-cu illərdə Dövlət Teleradio Komitəsində baş
redaktor, sonra “Bakı” telestudiyasının direktoru və
sədr müavini işləmişdir. O, həm də uzun illər “Kirpi”
satira jurnalının baş redaktoru olmuşdur. 1980-cı ilin
mayından ömrünün sonunadək
isə
“Yazıçı”
nəşriyyatında redaktor işləmişdir. Seyfəddin Dağlı
1983-cü il yanvar ayının 18-də dünyasını dəyişmişdir.
I aparıcı: - Onun ilk kitabının adı “Məşəl” idi. Hər dəfə
bu əsəri yenidən oxuyanda müəllifin cəsarətinə,
vətəndaşlıq qayəsinə, qətiyyətinə, ana dilimiz uğrunda
apardığı mübarizəyə heyran olursan. 1937-ci ilin ağır
xofunun ovqatlardan çəkinmədiyi bir məqamda -1948-
ci ildə Seyfəddin Dağlı qələmə aldığı hekayəsində
yazırdı:
(Aparıcılar səhnədən ayrılır, əsərə uyğun səhnə
bəzədilir. Üç oxucu iştiraskçı qismində səhnəyə
yaxınlaşıb əsərdəki obrazları canlandırırlar).
I oxucu: - Siz buyurduğunuz şairlərin dili uşaqlar üçün
qəlizdir, bu tifillər onları başa düşmürlər, cənab
müfəttiş, bunlara anlayacaqları dildə kiçik, sadə şeirlər
gərəkdir.
II oxucu: - Hansı dildə dedin?
I oxucu: - Vətən dilində.
II oxucu: - Yəni...
I oxucu: - Ana dilində. Azərbaycan dilində...
14
III oxucu: - Bu sözləri eşitcək müfəttiş qəzəbli gözlərini
geniş açdı, sürətli nəzərlərini dolandırıb vəhşi
baxışlarla sinfi - uşaqları, küsürləri, masanı süzməyə
başladı. Elə bil Azərbaycan daş-torpağından tikilmiş bu
otağı bir ləhzədə uçurub yer ilə yeksan etmək istəyirdi.
Müfəttişin bu baxışları birdən müəllimin masası
üstündəki kitaba zilləndi. O, quduz hərəkətlə kitabı
qamarladı, burnunun ucuna qədər aparıb bərkdən
bağırdı.
II oxucu: - “Vətən dili”? Olmaya sən bu dili deyirsən,
gədə?!
III oxucu: - Müəllim zorla hirsini boğub təmkinlə
səsləndi:
II oxucu: - Bəli, cənab, həmin dili...
I oxucu: - Bəs onda, ala! Bu sənin dilin, bu da kitabın,
şeirin!.. Pədər süxtə!..
III oxucu: - Müfəttiş bir anda əvvəl kitabı cırıb ayaqlar
altına atdı, sonra da tələsik əski parçasını qapıb
lövhəni silməyə başladı...
II aparıcı: - Seyfəddin Dağlı bu hekayəsində baş verən
hadisələri özündən uydurmamışdı. O, ordu sıralarında
xidmət edərkən Təbrizdə olmuş, şagirdlərin gözü
qarşısında kitablardan çatılmış tonqalları öz gözləri ilə
görmüş, azərbaycanlı müəllimlərin faciəli taleyini
qələmə almışdır.
Müəllifin yaradıcılığını tədqiq edərkən iki hal diqqəti
cəlb edir: Seyfəddin Dağlı Arazın o tayındakı
soydaşlarımızın taleyi ilə bağlı müntəzəm əsərlər
yazmış, bacı-qardaşlarımızın cətin güzəranı onu heç
15
zaman rahat buraxmamışdır. “Kəcil qapısı” romanı da
məhz Cənubi Azərbaycan həyatına həsr edilmişdir.
I aparıcı: - Olduqca həssas, dərin yazıçı müşahidəsinə
malik olan
Seyfəddin Dağlı satirik hekayələrində
kimlərə gülürdü? İlk növbədə fırıldaqçılara,
hiyləgərlərə, rüşvətxorlara. Onun tənqid hədəfləri öz
müasirləri idi. O, bu hekayələrində mənfi tipləri çox
aydın, sadə bir dillə və məharətlə gülüş hədəfinə
çevirərək, onları bu yolla islah etməyə calışırdı. Yazıçı
“Rüşvətdar” adlı hekayəsində sadəcə gülməli vəziyyəti
təqdim etmir, həm də öz qəhrəmanının gülməli
vəziyyətinə bir növ ağlayır. Əli rüşvət verməyə alışmış
bu tipin ailəsi çox acınacaqlı vəziyyətdə yaşayır.
II aparıcı: - Seyfəddin Dağlı dramaturq kimi də
məhsuldar idi. Müəllifin “Adı sənin, dadı mənim”,
“Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”,
“Kölgələr pıçıldaşır” və başqa dramları respublikamızın
müxtəlif teatrlarında tamaşaya qoyulmuşdu. 1979-cu
ildə onun ssenarisi əsasında “Bahar kimi solmaz” filmi
də çəkilmişdi.
Çoxcəhətli yaradıcılığı ilə seçilən Seyfəddin Dağlı
çoxlu sayda başqa xalqların ədəbi nümunələrini
dilimizə çevirirdi. Onun əsərləri də müxtəlif dillərə
tərcümə edilirdi.
I aparıcı: - Seyfəddin Dağlı sağ olsaydı, yəqin ki, bu
gün də onun yaxdığı əsərlər rəngarəng və yeni ruhda
olardı. Sovet hökumətinin ağır təzyiqlərinin və
məhdudiyyətlərinin hökm sürdüyü bu dövrdə quruluşun
diktəsindən doğan nöqsanlara gülmək, qüsurları dilə
gətirmək, ziddiyyətli həyat tərzini təsvir etmək
16
yazıçıdan böyük cəsarət, qətiyyət tələb edirdi.
Seyfəddin Dağlı, sözün həqiqi mənasında, ustad və
hünərli sənətkar idi. O, sözünü elə məqamda, elə
məharətlə deməyi bacarırdı ki, hətta ondan narazı
qalan da ciddi şəkildə öz etirazını bildirməkdən
cəkinirdi. Bu, usdadın qələminin məharəti ilə bağlı idi.
I aparıcı: - Yazıçı bu fəaliyyətini “Kirpi” jurnalında da
məharətlə davam etdirmişdir. Onun redaktorluğu ilə
nəşr olunan satirik jurnalın səhifələrində bəzən elə
qəm dolu gülüş, qəhqəhəli faciə notlarına rast gəlirsən
ki, həmin yazılara görə bir daha bu böyük sənətkarın
yazıçılıq, jurnalistik qüdrətinə məftun olursan.
Məlumat üçün deyək ki, Seyfəddin Dağlı novella
ustası, böyük türk satiriki Əziz Nesinlə uzun müddət
dostluq etmişdi. Ə. Nesin söhbətlərində bildirirdi ki,
məni Azərbaycana çəkən, ona vurğun edən Seyfəddin
bəy olub... İnamla demək olar ki, Əziz Nesin türk
ədəbiyyatı üçün hansı xidmətlərin sahibidirsə,
Seyfəddin Dağlı da Azərbaycan ədəbiyyatında həmin
statusa, dəyərə malik yazıçıdır.
II aparıcı: - Seyfəddin Dağlı ömrü boyu sadə,
təvazökar olub. O, heç vaxt kimdənsə nə təltif
gözləyib, nə də mükafat barədə düşünüb. Yazıçının ən
böyük mükafatı xalqı tərəfindən sevilməsidir. O, bu
sevgini şirin yumorlu, məzmunlu və mənalı əsərləri ilə
qazanıb. Azərbaycan ədəbiyyatında özünəməxsus yer
tutmuş Seyfəddin Dağlı onu tanıyanların qəlbində bu
gün işıqlı obrazı ilə yaşayır. “Qələm tutan barmaqları
düyün-düyün idi. İllər boyu bu düyünlü barmaqları
müşahidə etmişdim və onlara həsəd aparmışdım. Bu
17
düyünlər üç günün, beş günün deyildi. Əlinə qələm
aldığı vaxtdan qabarlanıb düyünə dönmüşdü o
barmaqlar... Vərəqlər onun tarlası, qələm xışı, kotanı
idi” (Ağasəfa). Buna görə də səpdiyi toxumlar
göyərirdi...
I aparıcı: - Ötən əsrin ortalarında yazıçının qələmindən
çıxan əsərlər onu sevən oxucuların qəlbinə nur kimi
axırdı. Bu əsərlər yazıçının Vətənə, xalqa bağlı
ürəyinin ərməğanı idi.
II aparıcı: - Seyfəddin Dağlı az yaşadı, ömür payını
başa vurduqdan sonra həyatı şirin bir nağıla çevrildi.
Lakin hazırda o, ikinci ömrünü “yaşayır. Bu, hər kəsə
qismət olmayan sənətkar ömrü, dost ömrü, həqiqi
insan ömrüdür.
I aparıcı:
- Birdən qəm gətirdi familin, adın,
Bizi tərk elədin, bizi nədəndir?
Sən öləndən sonra yaxşı olmadın,
Sən elə sağ ikən yaxşı adamdın.
Yaxşı xırda sözdür sənin yanında,
Böyükdün, billurdun məhəbbətinlə.
Səhfsiz adam olmur guya cahanda,
Amma sən səhfsizdin öz xilqətinlə.
Sən bizim mötəbər ustadımızdın,
Gülüşlü, məzəli həyatımızdın.
Daha heç bir zaman dinməyəcəksən,
Şirin xatirəsən daha bu gündən,
Bilirik: geriyə dönməyəcəksən!
Axı kim dönüb ki, dönəsən sən də...
Cabir Novruz
18
Əsərləri
Latin qrafikası ilə
Adı sənin, dadı mənim // Azərbaycan dramaturgiyası
antologiyası. 4 cilddə. - B. : Şərq-Qərb, 2007. - C.2. -
S. 338-388.
Bahar oğlu... Novruza yetişmədi... : yazıçı, publisist
Cəfər Cabbarlı haqqında // Qobustan. - № 1. - S. 19-
21.
Kiril qrafikası ilə
Aldada bilməzsən : hekayələr və povestlər. - Bakı :
Azərnəşr, 1977. - 296 s.
Bahar oğlu : roman. - Bakı : Gənclik, 1971. - 295 s.
Hekayələr və rоmаn. - Bakı : Azərnəşr, 1992. - 384 s.
İpək gül : Hekayələr, novellalar və yumoreska. - Bakı :
Azərnəşr, 1971. – 178 s.
Mənziliniz mübarək : pyeslər, povest və hekayələr. -
Bakı : Yazıçı, 1981. - 279 s.
Məşəl yanır : hekayələr, povest və poman. - Bakı :
Yazıçı, 1985. - 360, [1] s.
Şəkərlilər : povest və hekayələr. - Bakı : Gənclik, 1978.
- 176 s. -
Şirin duz : roman. - Bakı : Azərnəşr, 1988. - 214, [2] s
Vergülağa və Absətəli : roman və povest. - Bakı :
Azərnəşr, 1966. - 291 s.
Yaylaq qayğıları : roman-felyeton və hekayələr. - Bakı :
Gənclik, 1974. - 192s.
19
HAQQINDA
Abbaslı T. Seyfəddin Dağlı // Mədəniyyət. - 2013. - 16
yanvar. - № 3. - S. 13.
Abbaslı T. Əbədi "Köhnə Kişi" : ədəbi-bədii, satirik-
yumoristik qələmi,şəxsi-ictimai aləmilə xalqa bağlı -
Seyfəddin Dağlı... // Mədəniyyət. - 2015. - 26 avqust. -
№ 64. - S. 15.
Ənvəroğlu. Cabbarlıya vurğun adam : Seyfəddin
Dağlının Cəfər Cabbarlı haqqında düşüncələri //
Qobustan. - 2014. - № 1. - S. 19.
Hacızadə N. Yaddaşımda yaşayan Seyfəddin Dağlı //
Yada düşdü. - B. : Araz, 2008. - S. 296-311.
Hacızadə N. Yaxşılıq üçün yaranmışdı : Seyfəddin
Dağlı - 90 // Yada düşdü. - 2012. - № 2. - S. 12-18.
Xəlilzadə F. Ustad və cəsarətli sənətkar : Seyfəddin
Dağlı - 90 // Azərbaycan. - 2011. - 23 avqust. - № 185.
- S. 5.
Xəlilzadə F. Düyünlənmiş barmaqlar : yazıçı Seyfəddin
Dağlı haqqında // Kaspi. - 2013. - 4-6 may. - № 79. - S.
16.
Vahid T. Şirin və duzlu qələm sahibi : Seyfəddin Dağlı -
90 // Mədəniyyət. - 2011. - 26. 08. - № 63. - S. 7.
20
“Cəsarətli sənətkar Seyfəddin Dağlı”. Seyfəddin
Dağlının 95 illik yubileyi münasibət ilə hazırlanmış
metodik vəsait
Kompyuter yığımı və
dizayn: Aynurə Əliyeva
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:
Çapa imzalanmışdır:
Tirajı:
Pulsuz
21
Dostları ilə paylaş: |