–
Orda hamıya deyin ki, bizim günahımız yoxdu.
***
Günahsızlığım mənə bir təsəlli idi. Hərdən özüm-özümü sakitləşdirirdim: nə yaxşı biz zina
üstündə, şərab içərkən həbs olunmamışıq. Yoxsa dövlətimizdən, ailəmizdən necə köməklik uma
bilərdik?!
Görünür, insanın təmiz olması onun xilasıdır. Ən azı vicdan əzabından azad olursan.
Allah barədə fikirləri birmənalı olmayan Şəhriyarın orda maraqlı bir fikri də vardı, yazının
bu yerində onu əl-əlbət xatırlamalıyam. Cənab belə buyururdu:
–
Fərid, heç bir günahımız olmadan bizi tutub həbsə atırlarsa və eləmədiyimiz
“günah”a görə bizi aylarla sorğu-sual edirlərsə, deməli, axirətdə də o deyilən sorğu-sual
olunacaq . Özü də, orda burdakından fərqli olaraq elədiyimiz günaha görə cavab verəcəyik.
Hərdən bu müdrikliyinə bir zarafat da qoşurdu:
–
Amma yəqin orda eyni sualı min dəfə verib baş-beynimizi aparmayacaqlar da.
***
Gonbul bir nəzarətçi vardı, günaşırı gəlirdi. Səbir verən adam idi. Hərdən nə vaxt azad
olunacağımı soruşurdum. Daim də yalandan mənə ümid verirdi. Bir gün soruşdum: “İndiyə
qədər burda ən çox qalan kim olub?” Dərhal zarafatla da cavab verirdi:
–
Mən. Bax, 15 ildir burda işləyirəm.
Sonralar başa düşdüm ki, doğrudan da, onların günü gün deyil. İki gündən bir onlar da
zindan çəkirlər. Marina Svetayevanın “Axmatovaya” adlı şeirində belə bir ağrılı məqam da var:
Mən – dustağam. Sən – keşikçi.
Elə birdi taleyimiz.
Gonbul nəzarətçi ilə “keşikçi və dustaq” kontekstində taleyimiz oxşar idi. O, bəlkə də,
məndən daha bədbəxt və daha ümidsiz idi. Hər səhər erkəndən ETTELAAT (ETTELAAT – İran
İslam Respublikasının kəşfiyyat işləri üzrə Nazirliyi) təcridxanasına gəlmək, hamının qorxa-
qorxa yanaşdığı məsələlərin, həyəcanların və bəd ruhlu divarların arasında olmaq, şübhəsiz,
bədbəxtlik idi, amma təbii ki, işin özgə yanı da olmamış deyildi, – yəni, bədbəxtliyin bir peşə
tərəfi də vardı.
Yadıma düşmüşkən yazım, gonbulun tez-tez təkrarladığı bir cümlə vardı:
– Hələ burda heç kəs ömrünün axırınacan qalmayıb, hamı vaxtı çatanda azad olub. Xalq
arasında bir söz var, zindan qalar zindanbana.
***
Təcridxanada qalanda bizə xüsusi həbs paltarı vermişdilər, istədik-istəmədik onu
geyinməliydik. Həbs həyatı boyunca ölkəndən, vətənindən, əzizlərindən, hətta əyninə
doğmalaşan paltarlarından da olursan. Bizə xidmət etməkdə məsul olan şəxsdən dəfələrlə xahiş
elədik:
– Bizi aparın heç olmasa öz paltarlarımıza kənardan baxaq, çünki burda bizə
paltarlarımızdan başqa doğma heç nəyimiz yoxdu.
Amma bu da mümkün olmadı. Həyat göstərdi ki, sən bir anın içində hər şeyini – hətta
əynindəki paltarlarını da itirə bilərsən və ya onları əlindən ala bilərlər.
***
Şəhriyar romantik ovqatına xas olaraq gündə bir şey arzu edirdi. Arzularının da çoxu
təcridxana ilə bağlı idi. Məsələn, kaş indi kitablarım yanımda olaydı, kaş indi atamla 10-15
dəqiqə dərdləşə biləydim və sair və ilaxır. Bir sözlə, kaş, kaş, kaş... axırı bir gün “bezib”
dilləndim:
– Şəhriyar, bir dəfə də de ki, ay Allah, burdan çıxıb gedək. Orda – vətəndə hər şey bizimdi,
burdasa ancaq nələrisə bizə verə bilərlər, uzağı. Maşallah, sənin bütün arzuların elə burayla
bağlıdı. Deyəsən, getmək barədə düşünmürsən... Gülüşürdük...
***
Səhər yeməyi bunlar idi: bir gün pendir, ikinci gün mürəbbə, üçüncü gün yumurta. Həftə
boyu bu yeməklər təkrarlanırdı. Günorta və axşam yeməyi isə bunlar idi: düyü üstündə lobya,
düyü üstündə göyərti, düyü üstündə ət, düyü üstündə kartof, abquş (piti), kabab (o kababın bizim
“kotlet” dediyimiz yeməklə az fərqi var), soyutma kartof və yumurta. Yeməklərin veriləcəyi
günü də özümüz üçün müəyyənləşdirmişdik. Məsələn, bəzən mərc gəlirdik: deyirdim ki, aş
verəcəklər, Şəhriyarsa soyutma kartof deyirdi. Müxtəlif vaxtlarda mərclərimizin qalibləri də
dəyişirdi. Həyatın yeknəsəqliyi özünü təkcə bir rəngli divarda yox, həm də o ağu kimi yediyimiz
yeməklərdə də göstərirdi.
***
Uzun müddət ailəmizlə telefonla danışa bilməyəndə, ağrılar və o müdhiş darıxmaq əzabı
xirtdəyə yığılırdı. Ancaq bütün bunlarla yanaşı hər dəfə qapadıldığımız kameraya qapısı açılanda
dik qalxırdıq, elə bilirdik ki, ailəmizlə danışdırmağa aparacaqlar. Lakin nəzarətçi ayaqyolu
vaxtının yetişdiyini bildirirdi. Hər dəqiqə telefonla danışmaq üçün gözü dörd olan bizlər üçün
ayaqyoluna “dəvət almaq” bədbəxtliyinin nə demək olduğunu isə yəqin Allahla bizdən özgə heç
kəs tam təsəvvür edə bilməz.
***
Kameramızda xalının kənarında gəzinmək üçün iki boş yer var idi və biz şərti olaraq həmin
yerləri, sevdiyimiz qızların yaşadığı küçələrin adını vermişdik. “Gəzinəndə” də həmin dar
“küçələrdə” “gəzinirdik”. Onu da deyim ki, “küçənin” birini səkkiz, digərini 12 addıma “gəzib”
qurtarmaq mümkün idi. Yadımdan çıxmamış deyim, bu romantik ideya Şəhriyarın ağlına
gəlmişdi.
***
Hər dəfə həyatdan bezəndə, qəzəblənəndə Şəhriyara şair Salam Sarvanın misraları “kömək
olurdu:”
Kəndiri rezinmiş dar ağacımın
Bəxtəvər başıma hələ dartılır.
Mənimsə yadımasa Marina Svetayevanın “mənim əvvəldən axıra it quyruğuna
düyünlənmiş ömrüm...” ifadəsi düşürdü...
***
Təzə-təzə tutulanda hər gün yuxumda anamı və evimizi görürdüm. Hər dəfə də görürdüm
ki, azad olub qayıtmışam, doğmalarımın yanındayam. Amma elə ki, müddət uzanmağa başladı,