16.4. Bu qanunun 16.1.9-cu, 16.1.15-ci, 16.1.16-cı, 16.1.17-ci, 16.1.18-ci və 16.2.7-ci
maddələrində göstərilən əsaslardan biri olduqda, səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə
Mərkəzi Bank bank lisenziyasının və ya icazənin ləğv edilməsi üçün maliyyə bazarlarına nəzarət
orqanına əsaslandırılmış yazılı müraciət edir.
Maddə 17. Bank lisenziyasının və ya icazənin bankın öz müraciəti ilə ləğvi
17.1. Bank ona verilmiş bank lisenziyasının və ya filialın və nümayəndəliyin açılmasına
verilmiş icazənin ləğv edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanına müraciət edir.
17.2. Bank ona verilmiş lisenziyanın ləğvi barədə ərizəyə bank tərəfindən təsdiq edilmiş
ləğvetmə planını, ərizənin verildiyi gündən etibarən üç ay əvvəlki tarixə kənar auditor tərəfindən
təsdiqlənmiş maliyyə hesabatını əlavə etməlidir. Maliyyə bazarlarına nəzarət orqanı ərizənin
təqdim edildiyi gündən ən geci 90 təqvim günü müddətində bankın müraciətinə dair qərar qəbul
etməlidir.
Bankların filiallarına verilmiş icazələrin ləğvi barədə müraciətə və əlavə edilmiş ləğvetmə
planına maliyyə bazarlarına nəzarət orqanı ərizənin təqdim edildiyi gündən etibarən ən geci 30
təqvim günü müddətində baxaraq, bankın müraciətinə dair qərar qəbul etməlidir.
17.3. Bankın və ya xarici bankın yerli filialının ləğvetmə planı və ödəniş qabiliyyəti məqbul
hesab edildikdə, habelə bank lisenziyası ləğv edildikdən sonra onların öz öhdəliklərini ödəmək
üçün yetərli miqdarda likvid vəsaiti olduqda, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
ərizəyə dair müvafiq qərar qəbul edilir və bank və ya xarici bankın yerli filialı bu Qanunun 58-ci
maddəsinin müddəalarına uyğun ləğv edilir.
17.4. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi barədə ərizənin rədd edilməsi haqqında
əsaslandırılmış qərar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dərhal banka və ya təsisçi
xarici banka və onun yerli filialına göndərilməlidir.
Maddə 18. Bank lisenziyasının və ya icazənin ləğvi haqqında qərarın dərc edilməsi və
qüvvəyə minməsi
18.1. Maliyyə bazarlarına nəzarət orqanı bank lisenziyasının və ya xarici bankın yerli
nümayəndəliyinin icazəsinin ləğv edilməsi haqqında qərarını onu qəbul etdiyi gündən etibarən 5
təqvim günü müddətində dövlət qeydiyyatı və vergi orqanlarına ləğvetmə haqqında bildiriş
göndərməli və kütləvi informasiya vasitələrində rəsmi məlumat dərc etdirməlidir. Bank
lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərar, onda
başqa müddət nəzərdə tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir.
18.2. Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi
haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən müvafiq bankın, filialın və nümayəndəliyin
adında «ləğv prosesində olan» sözləri əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə əsasən
müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Bundan sonra bank, filial və ya
nümayəndəlik qanunvericiliyə müvafiq surətdə bankın və ya xarici bankın yerli filialının iflası
proseduruna başlanıldığı hallar istisna olmaqla, bu Qanunun tələbləri nəzərə alınmaqla
qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.
18.3. Yerli və xarici banklar bank lisenziyasının və ya icazənin ləğv edilməsi haqqında
maliyyə bazarlarına nəzarət orqanın qərarından Azərbaycan Respublikasının İnzibati-Prosessual
Məcəlləsində müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayətin verilməsi
maliyyə bazarlarına nəzarət orqanın müvafiq qərarının icrasını dayandırmır.
III fəsil. Bankların yaradılması, idarə edilməsi və daxili audit
Maddə 19. Bankların təşkili
19.1. Bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti
formasında yaradılır.
19.2. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın
səhmdarı ola bilməzlər.
19.3. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna
malik ola bilməzlər.
19.4. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə
üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.
Maddə 20. Bankın nizamnaməsi və reqlamenti
20.1. Bankın təsisçiləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq,
nizamnaməsini tərtib edir və təsdiq edir. Bankın nizamnaməsində dəyişikliklər maliyyə
bazarlarına nəzarət orqanın qabaqcadan yazılı icazəsi ilə edilir.
20.2. Hər bir bank onun nizamnaməsinə uyğun olaraq, bu Qanunla müəyyən edilmiş qaydada
təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət göstərir:
20.2.1. bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun əməliyyat və inzibati
şöbələri, onların bölmələri və funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası;
20.2.2. bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və bölmələrin rəhbərlərinin
vəzifələri;
20.2.3. daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;
20.2.4. bankın inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin həyata
keçirilməsi üzrə səlahiyyətləri;
20.2.5. filial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad edilməsi qaydaları, habelə
onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.
20.3. Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən
təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri
imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən maliyyə bazarlarına
nəzarət orqanına bir nüsxədə təqdim edilir və maliyyə bazarlarına nəzarət orqanında saxlanılır.
20.4. Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki
Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində və
reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində maliyyə bazarlarına nəzarət
orqanına təqdim edilir.
Maddə 21. Bankların və xarici bankların yerli filiallarının kapitalına tələblər
21.1. Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş
vəsaitini daimi olaraq maliyyə bazarlarına nəzarət orqanın banklar üçün müəyyən etdiyi məcmu
kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu
kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin
strukturu, komponentləri və hesablanması qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilir.
21.2. Heç bir bank maliyyə bazarlarına nəzarət orqanın qabaqcadan yazılı icazəsi olmadan
səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin
ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz.
21.3. Heç bir xarici bank maliyyə bazarlarına nəzarət orqanın qabaqcadan yazılı icazəsi
olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli
filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.
21.4. Bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına
bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının milli
valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.
21.5. Bankın və ya xarici bankın yerli filialının inzibatçıları məcmu kapitalın və ya məcmu
kapitala bərabər tutulmuş vəsaitin miqdarının maliyyə bazarlarına nəzarət orqanın banklar üçün
müəyyən etdiyi məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum
miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün
hallarda dərhal bu barədə maliyyə bazarlarına nəzarət orqanına bildiriş göndərməlidirlər.