– Hər gün.
Mən onu bir gün görməsəm, özümü yaxşı hiss etmərəm. O, mənim
üçün havadır, onsuz yaşaya bilmərəm...
– İşə bir bax! Möcüzədir, vallah! Mənsə elə bilirdim sən bütün ömrün boyu bircə
öz sənətini sevəcəksən!
– İndi mənim sənət əsərim təkcə Doriandır, bütün sənətim odur! – rəssam
ciddiyyətlə dedi. – Harri, bilirsən, bəzən düşünürəm ki, bəşər tarixində iki ən
vacib məqam var: birincisi, sənətdə yeni ifadə vasitələrinin peyda olmasıdır,
ikincisi isə sənət üçün yeni obrazların yaranmasıdır. Venesiyalılar üçün yağlı
boya ilə çəkilən əsərlər necə qiymətli olubsa, yaxud antik yunan
heykəltəraşlığında Antiniosun üzü
necə əbədiyyətə dönübsə, nə vaxtsa mənim
üçün də Dorian Qreyin siması elə olacaq! Əlbəttə, mən onu yağlı boya ilə
çəkirəm, onun eskizlərini yaradıram, rənglərlə işləyirəm... məsələ heç də bunda
deyil. O, mənim üçün naturadan çəkilən model, ya da adi bir varlıq deyil, daha
üstündür. Demirəm ki, öz işimdən xoşum gəlmir; səni inandırıram ki, belə bir
füsunkar gözəllik qarşısında sənət acizdir. Sənətin həyatda əks etdirə bilmədiyi bir
şey yoxdur; və mən bilirəm ki, Dorian Qreyə rast gəldiyim gündən bəri çəkdiyim
rəsm yaxşı əsərdir, mənim yaradıcılıq həyatımda, demək olar ki, ən yaxşısıdır.
Bilmirəm necə izah edim, görəsən, məni başa düşəcəksənmi?
Onun şəxsiyyəti ilə
tanışlıqdan sonra mənim sənətimdə tamamilə yeni bir üslub yarandı; o, mənim
yeniliyimin açarı oldu! Mən indi ayrı cür çəkirəm, ayrı cür görürəm; həyatda hər
şeyi ayrı cür təsəvvür edirəm, hər şey barədə ayrı cür düşünürəm. Mən indi
incəsənətdə elə həyat yarada bilərəm ki, əvvəllər onu yaratmaq yollarını heç
ağlıma belə gətirmirdim. “Düşüncə hakimlik edən zaman gündüzlər forma barədə
xəyala dalırsan”. Bu sözləri kim deyib? Unutmuşam. Lakin bax eynilə beləcə
Dorian Qrey də mənim xəyalım və arzum oldu. Bu oğlanı bircə dəfə görmək (o,
mənim gözümdə oğlandır, baxmayaraq ki onun iyirmi yaşı var) mənim üçün
bilirsən nə deməkdir! Ah, sən bunu bilməzsən! Onu görmək mənim üçün dünyaya
bərabərdir. O heç özü də bilmədən mənim üçün hansısa
yeni məktəbin çizgilərini
yaradır. Elə bir məktəb ki, romantizmin və mükəmməl ellinizmin1 bütün
ehtiraslarını özündə cəmləşdirir. Ruhun və bədənin harmoniyası necə də gözəldir!
Biz dəli olmuşuq, onları bir-birindən ayırmışıq! Biz gör nə yaratmışıq – vulqar
realizm və boş, mənasız bir idealizm! Eh, Harri, Harri! Sən Dorian Qreyin mənim
üçün nə olduğunu anlasaydın! Yadına gəlirmi, peyzaj vardı ha, o peyzaja görə
Aqnyu mənə külli miqdarda pul təklif etmişdi, lakin mən onu satmadım! Yadına
düşdü? O, mənim ən yaxşı şəkillərimdən biridir. Niyə, bilirsən? Mən onu çəkəndə
Dorian Qrey mənim yanımdaydı. Onun hansısa gözəgörünməz təsiri oldu mənə!
Mən ilk dəfə olaraq məhz o yanımda olanda adi meşə peyzajında möcüzə hiss
etdim; o möcüzəni hey axtarırdım, amma tapa bilmirdim.
– Bazil! Sən məni heyrətləndirirsən! Mən Dorian Qreyi görməliyəm!
Holvard ayağa durdu, bağçada gəzişməyə başladı. Bir qədər sonra Harriyə
yaxınlaşıb dedi:
– Bura bax, Harri, Dorian Qrey, sadəcə, sənətdə mənim üçün
hərəkətverici bir
qüvvədir. Sən onda ola bilsin ki, heç nə görməyəsən, mən isə görürəm, hər şey
görürəm... Mənim Dorianın təsviri olmayan o biri şəkillərim də var; o şəkillərdə
Dorianın təsiri daha güclü hiss olunur. Sənə dediyim kimi, o, az qala, mənə yeni
üslub pıçıldayır. Mən ona kəşf kimi baxıram, mən
ona bir çox cizgilərin, zərif ton
və rənglərin harmonik gözəlliyi kimi baxıram. Vəssalam.
– Onda bəs nə üçün sən onun portretini sərgiyə qoymaq istəmirsən? – lord Henri
yenə soruşdu.
– Çünki mən qeyri-ixtiyari olaraq bu portretdə sənətkarın elə bir əlçatmaz
məhəbbətini izhar etmişəm ki, heç Dorianın özünə bu barədə bir kəlmə belə
deməyə cürət etməmişəm. Dorian bunu bilmir və heç vaxt da bilməyəcək. Lakin
başqaları, ola bilsin ki, bunu anlasınlar və mən də ürəyimi onların bəsirətsiz və
hər şeyi bilməyə can atan gözləri qarşısında süfrə kimi açam. Yox! Mən heç vaxt
razı olmaram ki, onlar mikroskopla qəlbimə baxsınlar. İndi anladınmı, Harri? Bax
bu kətan parçadakı
şəklə mən qəlbimi qoymuşam, canımı qoymuşam...
– Amma bu şairlər ki var, onlar sənin kimi vicdanlı deyillər! Onlar yaxşı bilirlər
ki, sevgidən, məhəbbətdən yazmaq sərfəlidir, buna tələbat çoxdur. Bizim günlərdə
sınmış qəlb haqqında yazılara nəşriyyatlar daha çox maraq göstərir.
– Mən o şairlərə nifrət edirəm! – Holvard ucadan dedi. – Sənətkar gözəl sənət
əsəri yaratmalıdır, ora öz şəxsi həyatını soxmamalıdır. Bizim zəmanədə insanlar
fikirləşirlər ki,
sənət əsəri, haradasa, tərcümeyi-hal xarakteri daşımalıdır. Biz
gözəlliyi dərk eləmək qabiliyyətimizi itirmişik. Ümidvaram ki, nə vaxtsa dünyaya
göstərəcəyəm ki, estetik gözəlliyi abstrakt hiss etmək nə deməkdir; və buna görə
də dünya heç vaxt Dorian Qreyin portretini görməyəcək.
– Məncə, sən düz demirsən, Bazil, amma mən səninlə mübahisə etməyəcəyəm.
Mübahisəni yalnız çarəsiz adamlar edir. De görüm, Dorian Qrey səni çoxmu
sevir?
Rəssam fikrə getdi.
– Dorian mənə bağlanıb, – rəssam bir qədər sükutdan sonra cavab verdi. – Bilirəm
ki, mənə bağlanıb. Aydın görünür; mən ona hər vasitə ilə yarınıram. Mən ona
lazım olmayan şeylər söyləyəndə qəribə məmnunluq duyuram. Doğrudur,
bilirəm
ki, sonradan peşman olacağam, amma sözlərimi deyirəm. Nə isə, mənə
münasibəti yaxşıdır, biz bəzən bütün günü bir yerdə oluruq və min cür mövzudan
danışırıq. Lakin hərdən mənə qarşı çox diqqətsiz olur, adama elə gəlir ki, o, mənə
əzab verməkdən həzz alır. O zaman mən hiss edirəm ki, Harri, qəlbimi elə bir
adama vermişəm ki, sanki, bu qəlb onun üçün dibçəkdəki gül kimidir, bəzək
əşyasıdır və o da öz şöhrətpərəstliyini orada yalnız
bircə yay mövsümü əyləndirib
gedəcək.