Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

İndi də burada yarış vardı. Gənc məktəbli oğlanlar və qızlar yarışacaqdılar. Şəhərdə ilk
dəfə olaraq bu bayramda təyyarə modelçiləri də iştirak edirdilər. Kamal da bu gənc
modelçilər içində idi. Bu günü, bu dəqiqəni o, gənc qəlbinin bütün həyəcanı ilə çoxdan
gözləyirdi. İşarə verildi və kiçik təyyarələr bir-birinin ardınca qəribə, rəngbərəng quşlar
kimi havaya uçdu. Növbə Kamala yetişəndə o, əlindəki modelin pərvanəsini buraxdı,
model canlı bir quş kimi çırpındı və uğuldayaraq, Kamalın əlindən qopdu, fişəng kimi
dik qalxıb, bütün başqa modellərdən xeyli ucadan uçuş istiqaməti aldı. Onun
gövdəsində isə iri qırmızı hərflərlə “Şahin” sözü yazılmışdı. Hamının gözü onda idi.
Yarışın nəticələri elan ediləndə məlum oldu ki, Kamalın “Şahini” uca, iti və uzaq
uçmaqda birinciliyi qazanmışdır. O gün Kamalın ömründə ən xoşbəxt günlərdən biri idi.
...Divardakı saatın zəngi vuranda Kamal bu dadlı xəyaldan ayılıb saata baxdı və öz
xəyallarına gülümsəyə-gülümsəyə əlindəki modeli canlı bir quş kimi tumarladı və bir
tərəfə qoyub, radionu qurdu.
O, özünü itirən kimi oldu. Öz qulaqlarına, radiodan eşitdiyi dəhşətli sözlərə inanmaq
istəmədi:
– Müharibə!
Kamal yuxudamı, oyaqmı olduğunu təyin edə bilmədi. Bir an çaşıb qaldı. İndi Kamal nə
edəcəyini deyil, necə edəcəyini düşünürdü, çünki o, nə edəcəyini yaxşı bilirdi. O bilirdi
ki, indi vətənində onun kimi sağlam, qüvvətli, çevik, polad biləkli, aslan ürəkli
oğlanların edəcəyi bircə şey vardı:
– Cəbhəyə getmək!
Qara, qıvrım saçlarına tək-tək dən düşmüş, açıq alınlı, ciddi, lakin mehriban baxışlı
komissar yenicə kurs qurtarıb hissəyə gəlmiş gənc təyyarəçiləri kabinəsinə yığmış,
onlarla söhbət edirdi.
Komissar cavan təyyarəçiləri bir-bir dindirib, hər biri ilə bir ailə üzvü kimi gülə-gülə
onun tərcümeyi-halındakı maraqlı hadisələr barəsində danışırdı. Beləliklə, o, sabah
havada yan-yana, çiyin-çiyinə düşmənlə vuruşacaq bu gəncləri bir-biri ilə yaxşı tanış
etmək istəyirdi.
* * *
...Kamal havada keşik çəkir, təyyarə meydanı ətrafında böyük dairələr vurub hərlənir,
sayıq nəzərləri ilə üfüqləri yoxlayırdı. Birdən başının üstündə, çox-çox ucada qara bir
nöqtə gördü və tezcə də gözdən itirdi. Hərlənib ucala-ucala onu axtarmağa
başlayanda arxa tərəfindən ildırım sürəti ilə üstünə şığıyan bir təyyarə gördü və
döyüşə hazırlaşdı. Bir an sonra Kamal artıq faşist quzğununun tükürpərdən vəhşi
nəriltisini eşidir, üstündəki əcaib-qəraib kəllə, çarpazlaşmış sümük, ucları əyri xaç,
boynu burulmuş, dimdiyi açıq qalmış qaraquş və bir çox həşərat şəkillərilə bəzənmiş
qara qanadlarını, yöndəmsiz gövdəsini aydın görürdü.


Quduz düşmən ona sağalmaz yaralar vuran təyyarə meydanımızın yerini öyrənmək
üçün neçə vaxtdan bəri bu qoca, təcrübəli, hiyləgər quzğunu buralara göndərirdi. Bu
quzğun həyasız bir cürətlə ən alçaqdan uçur, təyyarə meydanımızdan bir əlamət
bilmək üçün ona atəş açılmasını və ya vuruşmaq üçün təyyarələr qalxmasını istəyirdi.
Buna müvəffəq ola bilməmişdisə də, hər halda bir şey duymuş olmalı idi ki, buralardan
əl çəkmir, dönə-dönə gəlirdi. Faşist təyyarəsi zirehli olduğundan, ona adi güllə
batmırdı. Təyyarəçi isə son dərəcə mahir idi. Baş gicəlləndirən bir sürətlə şığıyıb
qarşısındakını çaşdırır, atəş açıb vurur, bir anda aradan çıxır, yox olurdu.
...Kamal təyyarəni döndərib, faşist quzğunu ilə üz-üzə, göz-gözə gəlməyi qət etmişdi.
Kamal qəti bir hərəkətlə sükanı çəkdi, gözlənilməz bir sürətlə havada ilgək vurub,
qanadları üzərində hərləndi və təyyarəsini düz faşistin təyyarəsinə tuşladı. İndi hər iki
təyyarə elə sürətlə üz-üzə gəlirdi ki, ikisindən biri qaçmasa, hər ikisi xıncım-xıncım
olacaqdı!
Faşist təyyarəçisi əliqanlı cəlladlara məxsus bir soyuqqanlılıqla, adəti üzrə, hələ atəş
açmağa tələsmir, qarşısındakı düşməni ruhən məğlub edib qaçırmaq və arxadan
vurmaqla, bu vuruşmadan ikiqat zövq almaq istəyirdi.
Aşağıdan baxanlar ildırım sürəti ilə bir-biri üzərinə şığıyan hər iki təyyarənin birdən
alov və tüstü içində itdiyini gördülər. Hamının qəlbi həyəcanla çırpındı...Kamalın
təyyarəsi fişəng kimi havaya qalxdı, qara faşist quzğunu isə alovlar içində hərlənə-
hərlənə yerə enirdi. Bir az sonra ondan ağ bir nöqtə ayrıldı. Bu, paraşütlə enən faşist
təyyarəçisi idi. Kamal paraşütün ətrafında dövrə vura-vura onu yerə qədər ötürdü.
Orada – aşağıda bu çağırılmamış qonağın avtomatçılar tərəfindən “layiqlə”
qarşılandığından arxayın olub, yenə sürətlə havaya qalxdı və keşik çəkməyə davam
etdi...
* * *
Komissar gətirilən “qonağı” görəndə təəccüb etdi. Bu, qırx beş-əlli yaşlarında
irigövdəli, dolğun, sallaq sifətli, qızarmış gözlərinin altı tuluq kimi şişmiş, sarı saçları
kirpisayağı qısa vurulmuş bir faşist polkovniki idi. Gözlərində tələyə düşmüş canavar
kimi aciz bir qəzəb parıltısı vardı. Acığından əlləri, dodaqları əsir, üzünün ayrı-ayrı
əzələləri əsəbi halda titrəyirdi. Görünür, özünə və təyyarəsinə həddindən artıq
güvəndiyindəndir ki, faşist polkovniki nə rütbəsini göstərən nişanlarını, nə də döşünün
hər iki tərəfini dolduran orden və medal lentlərini uçuşdan əvvəl çıxarmamışdı.


Komissar qəsdən hələ dinmir, əsiri dindirmirdi. Faşist polkovniki bu sükuta dözə
bilməyib axırda özü dilləndi:
– Aman Allah, aman Allah! Yox, yox... Mən bütün Avropa üfüqlərində uçmuşam.
Yüzlərlə hava döyüşündə olmuşam. Onlarca təyyarə vurmuşam... Mənim qabağımda
duran, hücumuma dözən olmayıb, təyyarəmə batan güllə hələ icad edilməyib. Yəqin,
yeni bir gizli silahınız var...Bilmək istəyirəm, rəqibim kimdir, o gizli silah nədir?..
Komissar saatına baxıb, düyməni basdı. İçəri girən növbətçiyə Kamalı çağırmasını əmr
etdi.
Kamal içəri girəndə komissar onu bağrına basıb alnından öpdü. Bu mənzərəyə “dəvə
nalbəndə baxan kimi” mat qalan faşisti göstərib:
– Vurduğun quzğuna bir bax! – dedi. Sonra faşistə müraciətlə:
– Rəqibiniz budur! – söyləyəndə faşist bığlarının yeri yenicə tərləmiş bu on səkkiz-on
doqquz yaşlı oğlana küt-küt baxıb dilini-dodağını gəmirməyə başladı. O, “ağzından süd
qoxusu gələn bir uşağa” məğlub olduğunu görüb daha artıq hiddətlənmişdi.
________________________________


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə