Empirik sosioloji tədqiqat özünəməxsus idrak prosesi kimi zaman daxilində
baş verir. Tədqiqatın hazırlanması və keçirilməsini əhatə edən bütün dövr xronoloji
şəkildə bir-birinin ardınca gələn mərhələlərə bölünür.
Tədqiqatın məqsədi — müvafiq mövzunu öyrənmək və ya hansısa praktiki
problemi həll etmək imkanı verən, nümayəndəlik və mötəbərlik keyfiyyətlərinə
malik olan müəyyən empirik informasiyanı toplamaqdır. Bu məqsədin həyata
keçirilməsi bir çox zehni əməliyyatları yerinə yetirməyi tələb edir. Bu əməliyyatlar
qruplarda birləşdirilmişdir. Keçid xronoloji olaraq bir qrupdan o birisinə edilir,
halbuki mövcud qrupun daxilində xronologiya zəruri deyil və o, pozula bilər, çünki
hər bir ayrıca elementdən bütün başqalarına doğru qeyri-müəyyən dəfə təkrar edilə
bilən çoxistiqamətli hərəkət gedir.
Bu baxımdan empirik sosioloji tədqiqatın mərhələləri hər mərhələdə həll
edilən vəzifələrin məcmusundan asılı olaraq keyfiyyətcə xüsusiləşmiş olur.
Empirik sosioloji tədqiqatın aşağıdakı mərhələlərini fərqləndirirlər:
birinci mərhələ — hazırlıq,
keçid mərhələsi — yoxlama (nümunə) tədqiqatı,
ikinci mərhələ — tədqiqatın həyata keçirilməsi,
üçüncü mərhələ — materialın işlənməsi.
Hazırlıq mərhələsində, ilk növbədə, tədqiqatın proqramı işlənilib hazırlanır.
Başqa sözlə, bu, hansı materialın toplanacağı sualına cavab verməkdir. Bununla
bərabər informasiyanın toplanılması və işlənməsinin yolları və vasitələri
müəyyənləşdirilir.
Yoxlama tədqiqatını biz keçid mərhələsi kimi səciyyələndiririk, çünki o,
həmişə vacib deyildir. Yoxlama tədqiqatı hazırlığın keyfiyyətini yüksəltmək
məqsədini güdür. Hazırlıq elementlərinin (bütövlükdə və ya qismən) özünəməxsus
şəkildə
praktiki
yoxlanılmasıdır,
bundan
sonra
həmin
elementlərin
təkmilləşdirilməsi gedir. Bununla da hazırlıq tamamilə başa çatır və növbəti
mərhələyə keçmək olur. Bu mənada yoxlama tədqiqatına hazırlığın bir hissəsi kimi
baxmağa əsas var. Tədqiqatın həyata keçirilməsi mərhələsində informasiya
toplanılır, tədqiqatın əsl məqsədi həyata keçirilir. Burada informasiya fərdi, ilkin
informasiya şəklində alınır. O, hələlik nəzəri analiz üçün hazır deyildir.
Fərdi informasiyadan məcmu informasiyaya sıçrayış, tədqiqatın sonuncu
materialının işlənməsi mərhələsində baş verir. Bu işlənmə cüzi istisnalarla statistik-
riyazi işlənmədir. Özünün əksər hissəsində bu keçid informasiyanın empirik
xarakterini dəyişmir. Lakin informasiya artıq nəzəri təhlil üçün yararlı hala düşür.
Bununla da empirik sosioloji tədqiqat başa çatır. Müvafiq şəkildə işlənmiş
empirik informasiya artıq əldə edilmiş olur. Bundan sonra nəzəri təhlil,
ümumiləşmə, yəni sosioloji nəzəri tədqiqat, eləcə də bu informasiyadan idarəçilik
qərarlarının qəbul edilməsindən istifadə olunması başlayır.
Empirik sosioloji tədqiqatın mərhələləri arasındakı qarşılıqlı əlaqə üçün
prosesin bir istiqamətdə getməsi səciyyəvidir. İdrak prosesi hazırlıqdan tədqiqatın
həyata keçirilməsinə (burada biz yoxlama tədqiqatını təcrid edirik) və buradan da
materialın işlənməsinə doğru yayılır. Əks istiqamətdə hərəkət ziyanlıdır. Əgər
hazırlıq elementlərinə — proqrama, metodika, təşkil və s. tədqiqatın həyata
keçirilməsinə başladıqdan sonra hansısa dəyişikliklər edilirsə, bu ancaq o deməkdir
ki, ya hazırlıq başa çatdırılmamış və vaxtından əvvəl icra mərhələsinə keçilmişdir,
ya da hazırlıq zamanı elə dəqiqsizliklər və nəzərdənqaçmalara yol verilmişdir ki,
onlar tədqiqatın gedişində aradan qaldırılmalıdır. Bütün hallarda bu, tədqiqatın
səviyyəsini aşağı salır. Eyni şey tədqiqatın həyata keçirilməsi və materialın
işlənməsi mərhələləri arasındakı əlaqəyə də aiddir. Əgər sual vərəqələri
doldurulmamış və məzmun baxımından təshih olunmayıbsa, materialın
işlənməsinə başlamaq olmaz. Materialın işlənməsinə sual vərəqələrinin
yoxlanılmış və hazır kimi qəbul edilmiş hissəsindən başlamağın mümkün olması
isə başqa məsələdir. Lakin bu o deməkdir ki, onlar üçün, yəni seçmənin, tədqiq
olunan məcmunun müvafiq vahidləri üçün tədqiqatın həyata keçirilməsi mərhələsi
başa çatmışdır.
Əgər empirik sosioloji tədqiqatın mərhələləri arasında əlaqə bir
istiqamətlidirsə, əgər mərhələlər xronoloji cəhətdən bir-birinin ardınca gəlirsə,
onda növbəti mərhələ özündən əvvəlkinə təsir göstərə bilməz. Burada ancaq bircə
imkan var: — əvvəlki mərhələnin strukturunda elə elementlər olmalıdır ki, onlar
sonrakı mərhələnin xarakter tələbatını nəzərə almış olsunlar. Bu mənada əks
qayıdış təsirindən danışmaq mümkündür, lakin bu geriyə təsir bilavasitə həyata
keçir. Məsələn, materialın işlənməsi mərhələsinin "mənafeyi" hazırlıq
mərhələsində materialın işlənməsi layihəsi ilə (bu layihə hələ hazırlıq mərhələsində
işlənilir), tədqiqatın həyata keçirilməsi mərhələsinin "mənafeyi" isə təşkilat planı
ilə (bu plan da hazırlıq mərhələsində tutulur) təmsil olunmuşdur.
Hər bir mərhələ özlərinin bütövlüyü, qarşılıqlı asılılığı və vahidliyi ilə
mərhələnin sərhədlərini müəyyənləşdirən, onu digər mərhələlərdən fərqləndirən bir
neçə elementə malikdir.
Proqram, hansı empirik informasiyanın toplanacağı, nəyin öyrəniləcəyi,
hansı sosioloji qarşılıqlı əlaqələrin, cəhətlərin və proseslərin həqiqətən sosioloji
tədqiqatın predmeti olacağı sualına cavab verir.
Materialın işlənməsi layihəsinin köməyi ilə fərdi informasiyadan məcmu
informasiyaya sıçrayış baş verir.
Metodika özü də aşağıdakılara bölünür:
a) məlumatların toplanılması metodikası; bu metodika fərdi informasiyanın
doğruluğunu təmin edən metodlar, vasitələr və prinsipləri müəyyənləşdirir.
b) seçmə metodikası; bu metodika tədqiq olunan şəxslərin sayını və onların
seçilməsinin informasiya mötəbərliyini təmin edən üsullarını müəyyənləşdirir.
Təşkilati plan tədqiqatın necə təşkil olunacağını müəyyənləşdirir.
Sənədlər (alətlər dəsti) hazırlığın nəticələrinin yazıldığı və qeyd olunduğu
sənədləri əhatə edir.
Dostları ilə paylaş: |