5
G Ġ R Ġ ġ
Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun
ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər.
Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir.
Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu
abidələrin tükənməz "arxivi"ni - əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən
qalıqları, qəbirlər, qədim mədən və metaləritmə yerləri, həmçinin başqa şeylər
saxlayır.
Ona görə də ayrı-ayrı elmlərin qovuşuğunda dayanan arxeologiyanın
əhəmiyyəti son dərəcə böyükdür. Müxtəlif elmlərin nümayəndələri, ilk növbədə,
arxeoloq, tarixçi və filoloq, fizik və kimyaçı, etnoqraf və antropoloq, geoloq və
paleontoloq, botanik, zooloq və başqaları öz biliklərini "arxeologiya mehrabı"na
gətirirlər.
Axtarış zamanı aşkara çıxarılan arxeoloji abidələr qədim dövrlərdən başlamış
son orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı şəkildə və daha dərindən
işıqlandırmaq imkanı verir. Şübhə yoxdur ki, azərbaycanşünaslığın bir çox mühüm
problemlərinin həlli birbaş arxeoloji axtarışlarla bağlıdır.
Arxeologiya təkcə öyrənilən ölkənin ilk sakinlərinin maddi və mənəvi
mədəniyyət səviyyəsi haqqında mühakimə yürütməyə deyil, həm də məhsuldar
qüvvələr tarixi, sinfi cəmiyyətin yaranması və inkişafı, miqrasiya, etnogenez və bir
çox başqa problemlərlə bağlı olan mühüm məsələlərin bu və ya digər dərəcədə həll
olunmasına imkan verir.
Arxeologiya
diyar
tarixinin
məkan
üfüqlərini, onun çərçivələrini
genişləndirmiş, bizim nəsil şəcərəmizin minilliklərin dərinliklərinə gedən köklərini
izləməyə imkan vermişdir.
Lakin təkcə arxeologiyanın köməyi ilə sosioloji nəticələr çıxarmaq, yazılı
qaynaqlar olmayan dövrlərin, o cümlədən ibtidai icma cəmiyyətinin, necə deyərlər,
canlı tarixini vermək, xüsusən də ibtidai icma dövründə sosial münasibətlərin, insanın
mənəvi aləminin mənzərəsinin yaratmaq və s. qeyri-mümkündür. Maddi abidələri
"canlandırmaq", onları izah etmək üçün əlavə məlumatlar, ilk növbədə, primatoloji
müşahidələr, paleoantropoloji tədqiqatlar və əlbəttə ki, etnoqrafik materialların cəlb
olunması zəruridir.
Arxeoloji materiallar, şübhəsiz ki, etnoqrafik şərh tələb edir, əks halda
bölgənin ibtidai icma cəmiyyəti tarixinin dolğun mənzərəsini bərpa etmək çətindir.
Bizə məlum olan antropoloji material çox az olsa da, onun böyük əhəmiyyəti
var.
6
Bölgənin qədim onomastikası (etnotoponimika və antroponimikası) ən qədim
tarixi problemlər dairəsinin ayrı-ayrı tərəflərini başa düşmək üçün müəyyən
informasiya verə bilər. Lakin bizdə bu istiqamətdə tədqiqatlar aparılmamışdır.
Son zamanlar Azərbaycan ərazisində aşkara çıxarılmış və artıq elmi
dövriyyəyə daxil edilmiş numizmatik materiallar da tariximizin öyrənilməsi üçün
böyük əhəmiyyətə malikdir. Onlar bölgənin iqtisadi inkişafı, siyasi tarixinin bəzi
hadisələri, müəyyən dərəcədə həm də mədəni səviyyəsi haqqında mühakimə
yürütməyə imkan verir.
Yazılı qaynaqların da çox böyük əhəmiyyəti var. Azərbaycan tarixi üzrə yazılı
qaynaqları iki qrupa bölmək olar: sənədli və nəqli xarakterli qaynaqlar.
Cənubi Azərbaycan və həmsərhəd ərazilərin tayfaları haqqında məlumatlar
verən, ən, qədim qaynaqlar Şumer-Akkad mətnləridir. Şumer və qədim Akkad
dillərində tərtib olunmuş bütün bu kitabələr e.ə. III minilliyə və II minilliyin
başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması əsasən Şumer və Akkad çarlarının
Zaqros dağları zonasına yürüşlərinə, habelə kuti hakimlərinin Cənubi
Beynənnəhreyndəki birəsrlik hökmranlığına borcludur. Ən ilkin, yazılı qaynaqlar
sırasında lullubi hökmdarlarının bir neçə qısa yerli kitabələrini də xatırlamaq lazımdır.
Şumer-Akkad qaynaqları içərisindən kuti hakimlərinin siyahısını, Omina
(əlamətlər, nişanələr) adlanan bəzi mətnləri, o cümlədən kuti və lullubilərin
xatırlandıqları, Şumer hakimi Utuxeqalın Mesopotamiyadakı sonuncu kuti hökmdarı
Tirikanla müharibəsinin təsviri verilmiş mətnləri, Zaqros bölgəsinə yürüşlər etmiş
Şumer-Akkad hökmdarlarının kitabələrini və başqalarını sadalamaq lazımdır.
E.ə. II minilliyin Elam və Aşşur qaynaqları çox kasıbdır və Zaqros zonası
tayfaları haqqında, demək olar ki, heç bir məlumat vermir. Aşşur qaynaqları içərisində
bizim üçün ən vacibləri II Adadnerari, II Tukulti-Ninurta, II Aşşurnasirapal, III
Salmanasar, V Şamşi-Adad, III Adadnerari, III Tiqlatpalasar, II Sarqon, Sinaxxerib,
Asarxaddon və Aşşurbanipalın kitabələridir.
Aşşur çarlarının kitabələrində çoxsaylı yürüşlərin, Azərbaycan vilayətləri və qonşu
vilayətlərdə məskunlaşmış tayfaların xarici, müəyyən dərəcədə isə daxili siyasi və
iqtisadi həyatının gedişini izləməyə imkan verən təsvirlər verilmişdir. Onlarda,
deyilənlərdən əlavə, dağlıq rayonların mürəkkəb etnik-dil mənzərəsindən baş çıxarmağa
kömək edən xeyli onomastik material vardır.
Aşşur qaynaqlarının Cənubi Azərbaycan vilayətləri haqqında məlumatları xeyli
dərəcədə Urartu kitabələrində mövcud olan məlumatlarla zənginləşir.
Urmiyayanı hövzə vilayətlərinə Urartu müdaxiləsi haqqında e.ə. IX əsrin
sonuna aid olan ən ilkin məlumatlarda Minua, I Arkişti, II Sarduri, II Argişti bu
rayonlara öz yürüşləri barəsində xəbər verirlər.