20
Digər nimçəyə duzlu xiyar doğradı, nimçələri götürüb Aliyənin
kayutuna yaxınlaşdı. Qapını yavaşca döydü – içəridən səs
gəlmədi. Qapını ikinci, üçüncü, dördüncü dəfə döydü – yenə də
səs-səmir eşidilmədi. Qəzənfər başını döndərib çiyninin
üstündən dala boylandı. Əmir kurilkanın ağzında durub papiros
çəkirdi. O Qəzənfəri görən kimi papirosu dişləri arasında
əzişdirir, kinli nəzərlərlə onu süzürdü. Qəzənfər Əmirin acığına
Aliyənin icazəsini gözləmədi, qızın kayutuna girməyə qanunu
ixtiyarı olan adam təkkəbbürü ilə qapını açıb içəri girdi. Qapını
da qəzəblə örtdü. Aliyə arxası üstə çarpayıya uzanmış, gözlərini
yummuşdu. Üstünü mələfə ilə örtsə də sinəsi, çiyinləri açıq
qalmışdı. Boynuna bağladığı mirvari hörüyü açılıb sinəsinin
ortasına düşmüşdü. Yastığa yapışmış sırğaları, qabarıq sinəsi
gəminin rəqsilə titrəyib oynayırdı. Aliyənin rəngi saralmışdı,
qanı qaçmış dodaqları göyərmişdi. Qəzənfər nimçələri stolun
üstünə qoyub astadan, həm də nəvazişlə onu səslədi: – Aliyə.
Aliyə göz qapaqlarını yavaş-yavaş qaldırdı. Onun qansız
dodaqlarında acı bir təbəssüm süründü. Odlu-atəşli gözlər indi
sönükləşmişdi. Aliyənin gözlərindəki ifadə sönməkdə olan bir
həyatın son vidasına bənzəyirdi. – Aliyə, necəsən? Özünü çox
pis hiss eləyirsən? – Başım çox bərk ağrıyır, ölü kimiyəm,
qollarımı qaldırmağa gücüm çatmır. Qəzənfər heç bir təklif
olmadan yanını Aliyənin çarpayısına qoydu. – Yemək lazımdır,
Aliyə. Mədə boş olanda adamı kaçka tez tutur. Aliyə gözlərini
qapayıb son sözünü söyləyən ağır xəstə kimi pıçıldadı: – İştahım
heç nə aparmır. – Aliyə, kömək eləyim qalx, xörək gətirmişəm,
az da olsa ye. Küsüb getmiş təbəssüm Aliyənin dodaqlarına
yenidən qondu. Yanaqlarında tez açılan güllər tez də soldu.
Güclə, zülümlə açdığı gözlərində görünən minnətdarlıq şöləsi
bir anlıq ömrünü başa vurub göz qapaqları ilə pərdələndi. – Sağ
ol, Qəzənfər, hörmətin artıq olsun, yemirəm. Aliyə yanı üstə
çevriləndə boynundan açılan mirvari hörüyü açılıb döşəməyə
düşdü. Qəzənfər hörüyü götürüb, Aliyənin mələfə altında
titrəyən əndamına, sinəsinə ehtirasla baxdı. – Aliyə, icazə ver...
21
başını qaldır, mirvarini boynuna bağlayım, heyifdir dağılıb
itməsin. Qəzənfər bu sözləri söyləyəndə küləyin qabağında
gedən saman çöpü kimi ehtiras içində idi, Aliyəni qucaqlamış,
üzünü onun yanağına yapışdırmışdı. Aliyə dirsəklərini döşəyə
dirəyib Qəzənfəri sinəsi üzərindən qaldırdı. Çapalayaraq belini
onun məngənə kimi baş-başa gəlmiş qüvvətli qolları arasından
çıxartdı. Başının ağrısını da, heysizliyini də, bir sözlə onu yatağa
yıxan hər şeyi unudub ayağa qalxdı, Qəzənfərin ona pay
gətirdiyi nimçənin birini əlinə aldı:
– Rədd ol! Qəzənfər günahı ləngərdə görərək and içməyə
başladı:
– Özüm ölüm ki, qəsdən eləmədim. İstəyirdim səni
qaldıram, bu ... vaxt ləngər məni sənin...
– Çıx!! – Özüm ölüm ki, məndə təqsir yoxdur. Aliyənin
əlindən çıxan nimçə Qəzənfərin başının üstündən keçib divara
dəydi. Qəzənfər əllərilə başını qucaqlayıb aşağa çömbəldi,
divara dəyib parçalanan nimçənin içindəki qızardılmış kartof
göydən Qəzənfərin başına ələndi. – Çıx!
– Aliyə səntirlədi, özünü doğruldub Qəzənfərə sarı yeridi.
– Eşitmirsən?! – Özüm ölüm ki...
– Çıx deyirəm sənə! Qəzənfər Aliyənin gözlərində
guruldayan göylərin, odlu şimşəklərin, alovlu ildırımların
vəhşətini gördü. O, qız qəzəbi, qəz hiddəti qarşısında sarsılıb
qalacağını təsəvürünə gətirməmişdi. – Aliyə özüm ölüm ki, mən
bu axmağlığı yüz il qala eləməzdim. Mən istədim sənə kömək
edəm, səni qaldıram xörək yeyəsən. And olsun vicdanıma
mənim başqa niyyətim yox idi. Mənim sözüm heç, bir özün
fikirləş, mən cavanam, bu zamana adamıyam, qızla,
ümumiyyətlə, insanla o cür rəftarın vəhşilik olduğunu başa
düşürəm. Çoban-çolluq deyiləm ki ağına-bozuna baxmayam!
Məsləkim haqqı bu vaxtacan məndən heç kim inciməyib. Çıxıb
getmək asandır. Sənin pis sözlərini götürə-götürə dayanıb-
dözməkdə bircə məqsədim var, çox böyük səhv elədiyini özünə
anlatmaqdır. Qəzənfərin dili yaman açılmışdı. O üzünə
22
nahaqdan təhqir olunan, lakin kiminsə xatirindən keçə bilməyib
naəlac qalan adam ifadəsi verərək inandırıcı sözlərini Aliyənin
üzərinə yağdırırdı. Aliyənin sükutu onu sevindirdi. Aliyənin
dinməməzliyi ona yalandan işin içindən çıxmaq ilhamı verirdi. –
Mən bayaq dedim ki, dağ-dərədən, çöl-biyabandan, qoyun
sürüsündən başqa bir şey görməyən çoban deyiləm. Ədəb-
ərkandan, mərifət-qanacaqdan bir az varımdır, o qədər də kasıb
sanmayın məni. Xahiş eləyirəm mənə elə baxma. Mən bu işdə
özümü zərrə qədər də günahkar hesab eləmirəm. Aliyə onun
səsini qəfildən kəsdi. O bayaqkından da hiddətli bir səslə
qışqırdı: – Çıx! Çobanlar səndən qanacaqlıdır. Sən fırıldaqçısan,
amma onlar mərdanədir. Onlarda utanan üz var, sən də isə... çıx!
Qəzənfər tərpənmədi. – Sənə deyirəm yaxşılıqla çıx, üzüsulu get
buradan, yoxsa... Aliyə ikinci nimçəni götürəndə ləngər onu
qolaylandırdı. O sağa, sola səntirlədi, üçüncü ləngər onu hop
götürüb Qəzənfərin üstünə atdı. Qəzənfər tutub saxlamasaydı
Aliyə yıxılar, onun baş-gözü ora-bura dəyib yaralanardı. Dənizə
bax?! Öz «məcnunun» köməyinə nə zaman çatdı?! Ləngər
Qəzənfərin dilinə elə bir məqamda dil verdi ki, bunun
gerçəkliyini Aliyə qətiyyən inkar edə bilməzdi – Bəs, sən
mənim üstümə niyə yıxıldın? Qəsdən elədin, hə? Aliyə
çarpayıya uzanıb üzünü mələfə ilə örtdü. Qəzənfər onun
gülüşdənmi, yoxsa, qəhərdənmi qabarıb yatan, titrəyib
dalğalanan sinəsinə heyrətlə, inamsızlıqla baxdı. 4 Gecə yarı
olardı. Qəzənfərlə Əmir hələ də yatmamışdılar. Onlar öz
aləmlərinin seyrində idilər. İşığı söndürmüşdülər. Həmişə işıqda
yatdıqları halda indi qaranlığın qoynunda qalmaq onlara xoş
gəlmişdi. Qaranlıqla elə bil eyni fikirlərin, eyni arzuların
doğurduğu həyəcan və iztirabları pərdələyib bir-birindən
gizlətmişdilər. Qəzənfər öz hərəkətindən utanır, özünə acığı
tutur, özünü lənətləyirdi: «Məni ləngər yıxsa da gərək Aliyənin
üstündən tez qalxaydım, dil-ağız eləyəydim. Halbuki, məni
Aliyənin üstünə yıxan dənizin ləngəri yox, başqa təlatüm idi.
Mən də göydə axtardığını yerdə tapan adam sevinci, həvəsi,
Dostları ilə paylaş: |