– Mən nə varsa onu dedim. Gecən xeyrə!
– Mənim balam, məgər mənimlə nahar eləməyəcəksən?
Ancaq o getdi, ledi Sammerxeyin varlığını pərtlik, həyəcan, qüssə bürüdü. Kədərli və çarəsiz
halda tək nahar elədi.
Sammerxey birbaşa evə getdi. Erkən payızın toranlığında fənərlər parlaq işıqla yanırdı. Kah
oradan, gah da buradan əsən şiddətli külək çinarların sarı yarpaqlarını qopardırdı. Axşamın göy
rənglərinin şəhərin görkəmini dəyişən vaxtıydı, əşyaların sərt cizgiləri yumşalır, onlar daha çox
yırğalanır və sirli olurlar, adamları, bütün bu ağacları, evləri bürüyən kədər fantaziyanın qanadlarında
çırpınır və adamın qəlbini poeziya ilə doldurur. Amma Sammerxey hələ də anasının səsini eşidir və ilk
dəfə hamının əksinə getdiyini hiss edirdi. Ona elə gəlirdi, yanından keçənlərin sifətində artıq başqa
ifadə var. İndi hər şeyi olduğu kimi qəbul eləməmək lazım gəlirdi! O isə hər
şeyin olduğu kimi qəbul
edildiyi təbəqəyə məxsusdu. O hələ bütün bunları elə də aydın dərk eləmirdi. Ancaq dayələrin dediyi
kimi artıq düşünmək vaxtı başlayırdı, ona cəmiyyətdən qorunmaq lazım gəlirdi.
Açarı qıfılın deşiyinə salanda, ilk dəfə Cipin bu qapını, sanki, oğruncasına, eyni zamanda da
hardasa meydan oxuyurmuş kimi açmasını xatırladı. İndi hər şey meydan oxuyacaq! Qonaq otağındakı
buxarını yandırdı və yeşikləri çəkməyə, kağızları səliqəyə salmağa, cırmağa və yandırmağa, siyahilər
tutmağa, şeyləri yığıb, yığışdırmağa başladı. İşini qurtarandan sonra oturub siqaret çəkdi.
Otaqda
sakitlik idi və görünür, Cipin surəti anlaşılmaz halda otağı doldururdu.
Gözlərini yumaraq qızı buxarının yanında gördü, getməyə hazırlaşaraq arxası ona tərəf
dayanmışdı. Qız onu nə qədər çox sevəcəkdisə, o da qızı bir o qədər çox sevəcəkdi! Və ucadan dedi:
«Allaha and içirəm!» Qoca skoç-teryer Ossian küncdən çıxdı və burnuyla sahibinin əlinə toxunmağa
başladı.
– Osey, bura gəl! Mehriban köpək Osey! – Onunla yanaşı oturacaqda özünə yer eləyən bu tüklü
bədənin istiliyi ilə sakitləşərək, Sammerxey öz keçmişinin yavaş-yavaş yandığı buxarının qabağında
yuxuya getdi.
XI FƏSİL
Cip küçəylə gedərkən ətrafa boylanmasa da, olduqca aydın
hiss edirdi ki, Sammerxey onların
ayrıldıqları yerdəcə dayanıb və onun Beri-stritdəki evlərinə necə getməsinə baxır. Qız öz hisseləmə
bacarığının gücünə dənizə atılan, dalğa onu aparanda və ayaqları dənizin dibinə toxunmayanda
heyrətlənən üzgüçü kimi heyrətlənirdi.
Artıq iki gecə ardıcıl Cip demək olar, yatmırdı. Saatbasaat Böyük Benin zənglərinə qulaq asırdı.
Səhər yeməyi vaxtı atasına Forsenin yenidən gəldiyini dedi. Bu xəbəri eşidəndən sonra o, qızını
diqqətli baxışlarla nəzərdən keçirdi.
– Hə, nə oldu, Cip?
– Mən ona danışdım.
Hər şeyi bilmək həvəsi, məzəmmət eləməyə haqqının çatmaması, qızının cəsarəti ilə fəxr eləmək,
bütün bunların
nəticəsi üçün qorxu, məhəbbətin qaynar axınına təslim olan qızına görə narahatlıq, –
bütün bu hissləri onun sifətindən oxumaq olardı.
– O, bunu necə qəbul elədi?
– Rədd olub getdi. Mən əminəm, o, məni boşamayacaq.
– Qorxuram ki, elə olsun. Bunun üçün onun arsızlığı bəs qədərdir. – Uinton susdu. – Neyləməli, –
birdən o dilləndi, – indi bircə Allaha məlumdur, bu işlərin necə qurtaracağı. Ehtiyatlı ol, Cip.
Günün yarısına yaxın Betti dəniz sahilindən qayıdıb gəldi və ciddi, qara gözlü, qığıldayan,
qovrulan kofe dənəsi kimi günəşdə yanmış balaca Cipi gətirdi. Onu səyahətdən qayıdan uşaq kimi hər
şeylə yedizdirəndən sonra Cip onu öz otağına apardı, şala bükərək çarpayıya uzatdı və özü də onunla
yanaşı uzandı. Balaca Cip bir neçə dəfə şirin-şirin əsnəyərək, yuxu dünyasına qərq oldu.
Cip onunla
yanaşı uzanmışdı və hansısa xüsusi bir şəfqətlə qara kipriklərinə baxırdı. Qız heç vaxt uşaqlara olan
məhəbbəti ilə seçilməmişdi, ancaq bu balaca varlıq, öz zərif, əsmər dərisiylə, açıq baxışları və
qığıldayan səsiylə, daima «əziz anasından» yalvararaq nəsə istəyən bu goppuş və gövrək uşaq çox
gözəl idi, inanılmaz dərəcədə məftunedici idi! Qız balaca vəhşi heyvan kimi girdələşərək,
qüsursuz
çiçək forması alaraq sürətlə inkişaf edirdi. Cicəsinin italyan qanı özünü onda daha çox hiss elətdirirdi.
Saçları körpəliyində olduğu kimi elə də qara deyildi, burulur və halqa-halqa alnına, boynunun dalına
tökülürdü. Gündə yanmış balaca əli şalın altından çıxmış və şalın qırağından möhkəmcə yapışmışdı.
Cip cəhrayı gülümbaharlara, onların olduqca balaca yuvacıqlarına baxır, qızının sakit, küləksiz gündə
qızılgül ləçəklərinin tərpənməsi kimi yüngül nəfəs almasına qulaq asırdı. Dodaqları titrəyir, bu qara
kipriklərə doğru uzanırdı. Öz hisslərinə uymamaq üçün özünü məcbur elədi ki, başını geri çəksin.
Həmin axşam yemək vaxtı Uinton soyuqqanlılıqla dedi:
– Mən bu gün Forseni gördüm və xəbərdarlıq elədim.
Onu bu tipin, Rosekin yanında tapdım.
Orada o, qızı da gördüm, rəqqasəni. Mən içəri girməyə hazırlaşanda, pilləkənlə düşürdü. Onu çox yaxşı
gördüyümü ona hiss elətdirə bildim. Məncə, Forsen daha səni narahat eləməz.
– Ata, qız necə görünürdü?
Uinton gülümsədi. Ağzı açıq, gözlərini ona bərəltmiş bu xanım haqdakı təssüratını necə izah
eləyəsən?
– Çox adi görünürdü, yalnız məni görəndə çox heyrətləndi. Ağ şlyapadaydı, tamamilə qəşəngdi. Öz
halında cəlbediciydi, ancaq, hər halda, bayağıydı! Mən daxil olanda onlar ikisi musiqiylə məşğul idilər,
biri skripkada çalırdı, o birisi royalda müşaiyyət edirdi. Onlar məni buraxmamağa çalışırdılar. Onların
çox şübhəli yerciyəzləri var!
Cip gözləri qarşısında həmin mənzərəni çox aydınca görürdü.
Qara divarlar, gümüş heykəllər,