«Qanun».-2011.-№07.-S.3-10.
HÜQUQ ELMİNİN METODOLOGİYASINA DAİR
Hüseynov Əbülfəz İbrahim oğlu
hüquq elmləri doktoru
Açar sözlər: hüquq, elm, tarix, metodologiya
Ключевые слова: право, наука, история, методология
Key words: the right, science, history, metodology
Tarixi inkişafın xüsusiyyətlərini, dəyişkənliyini, nisbiliyini, stabilliyini və təsadüfliyini özündə birləşdirən
müəyyən parlaq dövrlərində humanist təlimlərlə hüquqşünaslığın, hüquq nəzəriyyəsinin qovuşması diqqəti cəlb
edir. İntibah dövrünü xarakterizə edən belə bir dövrdə dövlətlərin və vətəndaş cəmiyyətlərinin həyatında inkişaf,
dəyişiklik və tənəzzül meyilləri birlikdə inikas edirdi. Roma hüququndan irəli gələn şərhçilər nəsli hüququn ideal
forması ilə onun praktik və metodoloji plüralizmi arasında mövcud olan kontrastla mübarizə aparmaqla müxtəlif
dövlətlərin və xalqların tarixini, o cümlədən hüquq tarixini tədqiq etdilər. Belə tədqiqatlar hüquqşünaslığın, o
cümlədən müqayisəli hüquqşünaslığın metodoloji əsaslarını yaratdı, hüququn inkişafının müəyyən tarixi şəraitdə
yaranması müxtəlifliklərini irəli sürən elmi ideyanın formalaşmasına gətirib çıxardı.
Tarixi baxımdan hüquqşünaslığın əsaslarının meydana gəlməsində İtaliyanın şimal hissəsində fəaliyyət
göstərən humanist-alimlərin böyük rolu vardır. Bu prosesdə XVI əsrin 20-ci illərində Mərkəzi Fransanın Burje
universitetinin professoru Andrea Alçiatinin (1492-1550) xüsusi rolu vardır. Bu zaman öz dövründə böyük təsirə
malik olan fransız hüquqşünas-tarixçilər məktəbi inkişaf etməyə başladı, onun elmə gətirdiyi ümumi nailiyyət isə
özlüyündə müasir hüquq tarixi elminin inkişafının əsaslarını yaratdı. Humanist-hüquqşünaslardan olan Fransua
Boduenin (1520-1573) Almaniyanın Heydelberq şəhərində 1561-ci ildə söylənilmiş mühazirələr əsasında nəşr
edilmiş "Universal tarixin təsisatı və onun hüquqşünaslıqla birləşməsi" əsəri, əslində öz-özlüyündə elmdə tarixi
metodun ifadəsi idi. O dövrün əksər alimləri kimi, Boduenin də həyatı və yaradıcılığı ətrafda baş verən hadisələrlə
müşayiət olunurdu. Dini və siyasi pərakəndəliklə seçilən Fransada, məsələn, krallar gah katolik Roması və
Müqəddəs Roma imperiyasının, gah da kalvinçiliyin və protestantlığın köməkliyi ilə hakimiyyətə bütövlükdə nail
olmaq uğrunda mübarizə aparırdılar.
Belə bir şəraitdə Boduenin dini və hüquqi hakimiyyətin əsaslarına yenidən baxılması məqsədilə atdığı əzmli
addımlar tarix və hüquqi yaddaşı ali siyasətin instrumentinə çevirdi. Boduenin "universal tarix" axtarışı onun ənənə
ilə əxlaqı birləşdirəcək xristianlığa qovuşmaq cəhdi idi. O yazırdı: "İnsanı və ilahi predmetlər haqqında həqiqi və
ümumi bilikləri arzulayırıqsa, onda biz universal tarixi öyrənməliyik" (3, s. 133). Lakin belə dəyərlər 1572-ci ildə
müqəddəs Vorfelemey gecəsində fransız protestantlarının işgəncəyə məruz qalması ilə məhv edildi. Buna
baxmayaraq, tarixin siyasi və hüquqi məqsədlərə xidmət etməli olması haqqında ideal təsəvvürlər müəyyən edildi.
Belə kontekstdə hüquqşünaslıq yalnız ritorikanın bir həlqəsi olaraq qalmadı, səbəb-nəticə əlaqələrini üzə çıxarmağa
yönəlmiş və öz xüsusi metodlarına malik olan sistematik bir predmetə, yəni elmə çevrildi.
Tarixi metodun əsas üsulları filologiyadan, humanistlərin linqvist tədqiqatlarından, həmçinin hüquqi anlayış
və terminlərin dili və mənşəyini araşdırmağa cəhd edən hüquqşünasların yaradıcılığından irəli gəlir. Boduenin ifadə
etdiyi kimi, alimin vəzifəsi nəyin bütöv və hissə, nəyin köhnə və yeni olduğunu müəyyən etməkdən ibarətdir (3, s.
121). Tarixi və hüquqi inkişaf sadəcə olaraq olanları xatırlatmaqla yox, onu incəsənət kimi deyil, elm kimi yazmaq,
mətni və linqvistik təhlilin inkişaf vərdişlərindən, xüsusən ilkin mənbələri sonrakı əlavələrdən "təmizləmək"
bacarığından çox asılı idi.
Hadisələri bilavasitə görən və görməyənlər arasında fərqləri müəyyən edərkən hüquqşünaslar da məhz belə
üsullardan istifadə etməyə çalışırdılar. Məhkəmələr baxılan işlərin hallarının bərpası qaydalarını müəyyən etməyə
cəhd edirdilər və akademik hüquqşünaslıq da belə qaydaları formal qaydada müəyyən etdi. Çıxartdıqları qərarların
gələcəkdə fəaliyyət üçün əsas olmasını təmin etmək məqsədilə məhkəmələr keçmiş hadisələri mümkün olduğu
səviyyə və dərəcədə real bərpa etməyə çalışırdılar. Belə qayda ilə tarixçilər də hadisələri öz səbəbləri və nəticələri
ilə əhatəli bərpa etməyə və yenidən canlandırmağa cəhd edirdilər.
Boduenin universal tarix ideyasını inkişaf etdirən Jan Boden, onu coğrafiyanın fiziki şəraiti ilə
əlaqələndirməyə cəhd edirdi. Bu kontekstdə o, sübut etmə arqumentasiyasının tarixi və hüquqi metodlarını təhlildən
keçirdi. Maraqlıdır ki, Boden kimi, hüquqşünaslar da, bir tərəfdən tədris prosesinin əsasını qoyacaq təlim işi, digər
tərəfdən siyasi inkişafı və yaxud faciəli hərəkətlərə görə xəbərdarlığı tələb edən praktikanın formalaşmasında
maraqlı idilər. Daha irəliyə gedərək, Boden göstərirdi ki, tarix "hər şeydən əvvəl tarixçilərin faktların şərhini
müdrik göstərişlərlə əlaqələndirdikləri vaxtdan" elmdir (5, s. 758). Bu nöqteyi-nəzərdən tarix müasir adamların,
görkəmli insanların həyatı və yaradıcılığını öyrənən və mühakimə edən bir məktəbə çevrildi.
Beləliklə, hüquqi və tarixi tədqiqatlar əxlaq fəlsəfəsi tədqiqatları ilə birləşdi, bununla da düzgün idarəetmə və
iqtisadiyyata müəyyən təsir edildi və beləliklə əslində bu da insanın öyrənilməsi sahəsində geniş imkanlar açdı. Bu
tədqiqatları daha da ciddi edən metodlar inkişaf etdi. İnsan həyatı haqqında müxtəlif fikirlər onu deməyə əsas verdi
ki, onlar artıq özünüyaradıcılıq prosesinə qoşulmuşlar.
Renesans dövründə bəşəri hissin valehediciliyi təkcə incəsənət və təhsillə deyil, eləcə də mülki həyat və
sərvətin meydana gəlməsi ilə də əlaqədar idi. Mədəniyyət dövlətlərin və imperiyaların taleyi ilə sıx bağlı idi. Siyasi
və hərbi işlərdə stabillik, şübhəsiz ki, nisbi xarakter daşıyırdı və alimlər yeni şəraitdə hakimiyyətlə sıx münasibət
saxlayırdılar. Nəticə etibarilə öz daxili müxtəliflikləri ilə fərqlənən və yeni dəyişikliklərə hazır olan akademik
mədəniyyət formalaşmağa başladı. Əvvəlki dövrlərlə əlaqələrin hələ də saxlanılmasına baxmayaraq artıq XVII əsrə
yaxınlaşdıqca İntibah dövrü arxada qaldı. Fransa və Rusiya dövlətlərinin mərkəzləşdirilməsi, Mərkəzi Avropada
otuz illik (1618- 1648) müharibənin başa çatması, İspaniyanın təsirinin tədricən azalması, İngiltərədə vətəndaş
müharibəsi və avropalıların Amerikanın şərq sahillərini və dünyanın digər hissələrini mənimsəməsi ilə Yeni dövrün
siyasi qaydasını xatırladan bir vəziyyət yarandı. Kommersiya və mədəniyyətin ağırlıq mərkəzi tədricən şimali-şərqi
Avropaya keçdi, belə ki, İngiltərə və Niderland mühüm iqtisadi və mədəni nailiyyətlər əldə etdilər ki, bu da öz
növbəsində əməyə, investisiyaya, ticarətə, eləcə də kənd təsərrüfatına söykənirdi. İlkin Yeni dövrün tədqiqatçıları
insanın və cəmiyyətin dəyişikliklərinin səbəblərini axtarıb tapmağa çalışırdılar. Məhz onların belə düşüncələri
müasir hüquqşünaslığın və sosial elmlərin əsaslarını yaratdı.
Mülki cəmiyyətin simvolu onun qanunla yaşaması olub və indi də belədir. Hüquq sistemləri və hüquq
nəzəriyyəsi ictimai münasibətlərinin qaydaya salınmasında mühüm rol oynayırlar. İctimai elmlərin əsasında belə bir
ideya durur ki, faktlar hansısa bir yeni qaydanın nəticəsidir, məhz bu qaydanın dərk edilməsi də son nəticədə
cəmiyyət haqqında elmin mövcud olmasının şərtidir.
XVII əsrin hüquqşünasları və siyasi mütəfəkkirləri belə hesab edirdilər ki, bəşər qanunları öz mənbəyini ilahi
tərəfindən yaradılan təbii qaydadan alır, təbiətin və insanın yaratdığı qanunlar arasındakı münasibətlər insan
haqqında müasir elmi formalaşdırır. Bu tezisin radikal variantlarından biri ruhun və onun təzahürlərinin maddi
təbiət terminində şərh edilməsi oldu. Nəticə etibarilə diqqət maddi işlərdə - əxlaqi davranışda, iqtisadi fəaliyyətdə
və siyasətdə fərdi insan faktoruna verilməyə başlandı. Buna müvafiq olaraq alimlər qanuna ilk nəzərdə bir-birinə
zidd olan iki mənada yanaşmağa başladılar: bir tərəfdən təbii vəziyyət və təbii qanun, digər tərəfdən isə insanın
yaratdığı qanun. Hər iki konsepsiya Avropada özünə yer tapmış və inkişaf etmişdir.
Bu baxımdan onu qeyd edə bilərik ki, əlbəttə, hüquq sistemi sosial məqsədlərə çatmağın praktik vasitəsidir.
Hüquq tarixi, demək olar ki, belə bir tezisin aşkar təsdiqinə çevrilmişdir ki, bilik formaları insan varlığı sahəsində
gündəlik həyatın əxlaqi, iqtisadi və siyasi reallıqları ilə birgə inkişaf etmişdir. Hüquqşünaslıq, son nəticədə isə
sosial elmlər akademik fənlər kimi ictimai münasibətlərin praktik tənzim edilməsinin tərkib hissəsi kimi inkişaf
etmişlər. Bu mənada haqqında söhbət gedən fənlər eyni vaxtda bəzən bir-birinə əks kimi görünən iki məqsədə nail
olmağa yönəlmişlər: sistematik, nəticə etibarilə elmi olmaq; praktik, nəticə etibarilə konkret hallarda tətbiq edilə
bilmək.
Zaman keçdikcə hüquqşünaslıq peşəsi yüksək nüfuz qazandı və hətta orta əsrlər Avropasında əksər vaxtlarda
siyasi hakimiyyətə də təsir etdi. Bu həm də onunla bağlı idi ki, mülkiyyət, vərəsəlik məsələlərini, kilsə hakimiyyəti
ilə münasibətləri, eləcə də sosial və siyasi borc problemlərini həll etmək üçün hüquqşünasa böyük ehtiyac var idi.
Bu zaman onu da qeyd edək ki, Roma hüququnun ənənələri çox güclü idi və Avropada hesab edirdilər ki, ən
mühüm mənbələri Bizans imperatoru Yustinian tərəfindən IV əsrdə tərtib olunan "Diqestlər" və "İnstitusiyalar"
olan hüquq Romanın sivilizasiyaya verdiyi ən ciddi nailiyyətlərdən biridir. Yustinian, həqiqətən də o zaman belə bir
göstəriş vermişdi: "Sonralar hüquqşünaslardan heç biri buna şərhlər verməyə və özünün sözçülüyü ilə bu
məcəllənin yığcamlığına xələl gətirməyə cəsarət edə bilməz..." (2, s. 154). Lakin buna baxmayaraq orta əsrlər
hüquqşünasları məhz elə bu məcəllənin şərh edilməsi ilə bağlı fəaliyyət göstərdilər. Sonralar XV-XVI əsrlərdə də
hüquqşünaslar humanizm müddəalarından istifadə edərək hüquq elmini əxz etdikləri ənənələrlə əlaqədar inkişaf
etdirdilər. Eyni zamanda Avropanın əksər hissələrində yerli ənənələr hüququn həm məzmununa, həm də onun
formasına təsir etdi. Bununla yanaşı, hüquq sistematik rasional fənn kimi tanınmağa başlandı ki, bu və yuxarıda
haqqında danışılan ənənələr İngiltərədə ümumi hüquqda özünü daha bariz göstərirdi. Tarixi presedentə söykənmiş
"ümumi hüquq" ideyasının özü elmə deyil, əsasən təcrübəyə üstünlük verirdi.
Bu zaman formalaşmaqda olan kommentatorlar belə hesab edirdilər ki, bütün insanlar Allah tərəfindən
verilən ilkin təbiətə malik olduqlarına görə qanun üçün universal əsaslar mövcuddur və buna görə də Roma hüququ
hər yerdə tətbiq edilə bilmə, yəni universal tətbiqedilmə xüsusiyyətinə malikdir. Bu dövrdə hüquqşünasların
düşüncəsində adətlər insanın müxtəlif vaxtlar və müxtəlif xalqların həyatlarının sosial xüsusiyyətlərinin
müxtəlifliyini büruzə verən "ikinci təbiət" idi. Belə ki, VII əsrdə İsidor Sevilski yazırdı ki, "bəşəriyyəti iki üsulla
idarə edirlər: onun təbiətinə və adətin gücünə görə" (4, s. 8). Bu isə onu nəzərdə tuturdu ki, hüquqi sistemlər
haqqında sistematik düşüncənin məqsədi bu ikili xarakterdə olan insan təbiətləri arasında (birinci və ikinci təbiət)
lazımi tarazlığın tapılmasından ibarətdir.
Sistematik şəkildə daha çox Akvinat tərəfindən inkişaf etdirilən orta əsrlər xristian sintezi təbii hüququ -
qanunu, insanın ilkin təbiətini idarə edən İlahi qanunla eyniləşdirirdi. Lakin Roma hüququ ilə faktiki orta əsrlər
qanunu arasında münasibətləri öyrənən kommentatorlar belə bir ümumi fikrə gəldilər ki, təbii hüquqla yanaşı, adətə
əsaslanan və insanın yaratdığı qanunlar da mövcuddur. Romanın qanunları İntibah dövrü dövlətlərinin qanunları ilə
üst-üstə düşməyə bilər. Bütün bunların nəticəsi kimi, artıq XI əsrdə hüquqşünaslar, hər şeydən əvvəl, Şimali
İtaliyada, Boloniya universitetində Romanın sosial və siyasi şəraitini belə cəmiyyətlərdən fərqləndirməyə başladılar
və bununla da ictimai dəyişikliklərə müasir baxışın əsasını qoydular. Tarixi baxımdan insanların həyatında adətinmi
və yaxud təbiətin qanunlarının fayda gətirməsi məsələsi müzakirələrin mövzusu oldu. Hüquqşünas-alimlər elə bir
təfəkkür sxemi yaratdılar ki, bu sxem, ümumiyyətlə ictimai elmlərin gələcək inkişafına mühüm töhfə verdi.
Renessans dövründən başlayaraq bizim günlərədək hüquqşünaslar hüquqi sistemlərin əsaslandırılmasında
rasional prinsiplər və adətlərin qarşılıqlı nisbəti haqqında müxtəlif fikirlərə malik idilər. Əvvəlki təsəvvürləri
bəyənənlər hüquqşünaslığa bir elm kimi baxırdılar. Məsələn, deyək ki, buna misal olaraq Fransa hüquqşünaslıq
tarixi məktəbinin əsasını qoymuş hüquqşünas Alsiatonu göstərmək olar. O belə hesab edirdi ki, "idrak-ayrıca
götürülmüş qanunun ruhu və həyatıdır" (4, s. 138). O və onun ardıcılları sistematik olaraq belə bir ideyanı təbliğ
edirdilər ki, mövcud qanunlar təbiətin özündən irəli gəlir və olduğu kimi də qəbul edilir. Lakin digər hüquqşünaslar
isə belə bir problemə diqqəti cəlb edirdilər ki, yerli adətlər və yerli şərait ayrı-ayrı qanunların formalaşmasına və
hüquqi reallıqları dəyişdirməyə qadirdirlər. Belə müşahidələr universal insani təbiətlə təsadüfi, lokal tarixi və
coğrafi şəraitlər arasında mövcud olan münasibətləri öyrənməyə kömək etdi. Bu tendensiyalar XVIII əsr
sivilizasiyalarının yüksəlişi və süqutunun fiziki səbəblərinin, bilavasitə Şarl Monteskyenin 1748-ci ildə nəşr etdiyi
"Qanunların ruhu" əsəri ilə zirvəyə çatmış axtarışına gətirib çıxardı.
Roma hüquqşünası Ulpianın şərhində Yustinianın "Corpus Iuris Civiltis"ində təbii hüquq (1, s. 157), məhz,
özünümüdafiə və nəsil saxlamaq arzusu hesab edildi. O zaman belə qəbul edildi ki, təbii hüquqdan sonra xalqların
hüququdur (ius gentium), qanundur ki, bu da insanları rasional varlıq kimi ayırır. Hüquqşünaslar, bununla belə, ius
gentium-a üç əsas kateqoriyada da baxıblar: fərd, əşya və fəaliyyət. Bu kateqoriyalar hüququn təhlilində hələ XX
əsrdə də qüvvədə qalmışdır. Bu kateqoriyalar arasında münasibətləri hüquqşünaslar sosial təhlilin əsas
terminlərinin əsasında dəqiqləşdirdilər: iradə (voluntas), hakimiyyət (auctoritas), səbəb (causa), öhdəlik (obliqatio)
və s. Onlar şəxsiyyət-fərd anlayışını formalaşdıra bildilər ki, o da vücud, mülkiyyət və azad iradə, həmçinin təbiəti
etibarilə sosial olduğu üçün öhdəlik və məsuliyyətə malikdir. Bu təfəkkürdə qadın kişinin mülkiyyəti hesab edilirdi.
Xristianlıq, fərdi ilahi ruhun daşıyıcısı hesab etdiyi üçün şəxsiyyətin belə bir konsepsiyasını irəli sürürdü. Xristian
dini, həmçinin xalqların ümum hüququnun mövcudluğuna inamı təlqin edirdi. Belə ki, bu ideya ümumi, universal,
ilahi məntiqin və yaxud rasional ruhun mövcudluğuna inam yaradırdı.
Eyni zamanda hələ orta əsrlər dövründən başlayaraq insanı və dövləti hüquqi "varlıq" kimi əlaqələndirmək
ideyası üzərində araşdırmalar davam edirdi. Həm dövləti və həm də insanı hüquqi əsaslarda iradəyə malik olan
fiziki bütövlük kimi təsəvvür etmək qəbul edilirdi. Bu isə eyni zamanda həm mülkiyyəti və həm də öhdəliyi nəzərdə
tuturdu. Dövlətin iradəyə və bütövlüyə malik şəkildə fəaliyyət göstərmək ideyası geniş yayılmışdı. Siyasi orqanizm
anlayışı metafora deyildi, o özündə insan və dövlət üçün ümumi olan cəmiyyətin hüquqi strukturunu inikas
etdirirdi. Monarxiyada bu "orqanizm" və "iradə" hərfi mənada belə hökmdarın simasında təcəssüm edilirdi. Fransa
kralı XIV Lüdovikin timsalında bu daha bariz görünürdü.
"Siyasi orqanizm" anlayışı o zaman artıq Avropanın hər yerində geniş yayılmışdı. Baldasar Kastilyone (1478-
1529) hesab edirdi ki, monarxiya idarəetmənin daha təbii formasıdır, belə ki, bizim bədənimizin bütün üzvləri
ürəyin qaydalarına əməl etməli olduqları kimi, dövlətin üzvləri də ürəyə - suverenə itaət etməlidirlər (2, s. 188).
Digərləri isə hesab edirdilər ki, həkim insanın orqanizmində qayda yaratdığı kimi, dövlət başçısı da dövlətdə hüquqi
qayda yaratmalıdır. Kastilyonun öz əsərini yazmasından keçən yüz ildən sonra da İngiltərədə vətəndaş
müharibəsindən, xüsusən Parlamentin bir zərbə ilə dövlət başçısı I Karlın boynunu vurdurmasından (1649)
yazanların əksəriyyəti belə bir dildən və stildən istifadə etdilər. "Siyasi orqanizmin" belə parlaq nümunəsi təbiət
haqqında və insan haqqında elmlərin eyni zehni əsaslara malik olmasını əsaslandıran faktlardan birinə çevrildi.
Təbiət elmlərinin guya birinci olaraq, sonradan isə onun ardınca sosial elmlərin inkişaf etməsini iddia edən
konsepsiya doğru deyildir. Elmin bu iki sahəsi həmişə bir-biri ilə qarşılıqlı şəkildə inkişaf etmişdir. Obyektiv
cəhətdən bu belə olmuşdur, lakin zaman və subyektiv amil də bu prosesə öz təsirini göstərmiºdir.
Təbii qanunun və vətəndaş müharibəsinin daha böyük nəzəriyyəçisi, heç şübhəsiz ki, hollandiyalı
hüquqşünas Quqo Qrotsiy (1583-1645) hesab edilir. Birləşmiş əyalətlərlə İspaniya arasında müharibə, onun ardınca
baş verən otuzillik müharibə alimin 1625-ci ildə "Müharibə və sülh hüququ" əsərinin meydana gəlməsinə səbəb
oldu. Bu əsərlə də müasir beynəlxalq hüququn əsası qoyuldu. Müharibələr, vətəndaş qırğınları və s. Qrotsini belə
bir fikrə gətirib çıxardı ki, çoxlu siyasi birliklərin, dövlətlərin mövcud olması zəruridir və birləşmiş xristian
dünyasına ümid etmək olmaz. O, müasiri İ.V. Andree kimi yer üzündə "Allahın şəhərinin" axtarışı ilə məşğul
deyildi, əksinə belə müharibələrin bəşəriyyətə gətirdiyi zərərin aradan qaldırılması yollarını axtararaq ədalətli
müharibə ideyasına gəlib çıxmışdı.
Q.Qrotsini müasir təbiətşünaslıq fəlsəfəsinin əsasını qoyanlarla, məsələn, XVII əsrin mütəfəkkirlərindən
Qaliley, Qobbs, Dekart və b. ilə müqayisə etmək olar. Onlar hiss edirdilər ki, insan idrakı əsaslı səhihlik və aşkarlıq
tələb edir. Bunun əsasını isə əxlaq fəlsəfəsi yarada bilər. Bu fəlsəfə isə məntiqi, ardıcıl, dəqiq və sistematikdir, yəni
elmidir. Elmin nümunəsi, məsələn, Qaliley üçün həndəsə idisə, digərləri üçün isə bu, riyaziyyat idi. Qalileyin
həndəsədən istifadə etməsi, demək olar ki, Qrotsini də həvəsləndirdi.
Belə ki, Qrotsi öz müasirləri ilə əlaqəni kəsərək, əxlaq fəlsəfəsini təkcə praktik predmet kimi yox, eləcə də
elm kimi təqdim etdi. O, hesab etdi ki, yalnız elm skeptisizmi aradan qaldıra və insani münasibətlərin möhkəm
əsaslarını yarada bilər
.
Həqiqətən də skeptisizm qorxusu həm təbii və həm də əxlaqi təmayüllü əksər filosofları təbii
qanuna belə münasibət göstərməyə sövq edirdi. Bekon kimi, Qrotsi də insanın təbii dünyası ilə maraqlanırdı.
Onların fikrincə, bu bilik insanın həyatını təkmilləşdirə bilər. Bekon tarixin, yəni nüfuzlu biliklər üçün əsas ola
biləcək təbiət aləminin şərhini zəruri hesab edirdi. O, bu tarixin vəzifəsini insanı elmi sahəyə daxil etməkdə görür
və insanın müxtəlif dövrlərdə və yerlərdə yaşayış tərzinin şərh edilməsini vacib hesab edirdi. Qrotsiy məhz belə bir
biliyi hüquqşünaslığa gətirməyə cəhd edirdi.
Qrotsi fərdi hüquq və öhdəliklər sahəsində təbii hüquq nəzəriyyəsinin tətbiqi üçün və eləcə də belə bir
yanaşmanı əsaslandırmaq məqsədilə, insan təbiətinin özəyində nəyin durduğunu ən ciddi surətdə təhlil etmişdir.
Avropanı münaqişələr dağıda bilərdi, lakin o, qeyd edirdi ki, insanlar məhz insani təbiətə malik olduğu üçün onların
hamısını özünü qorumaq məqsədi birləşdirir. O əsaslandırırdı ki, davranışların əsaslarını tədqiq etmək üçün
inamların dərinliklərinə nüfuz etmək lazımdır. Belə halda biz görürük ki, insanlar həqiqətən də özlərini qorumaq
vəzifələrinin əleyhinə yönəlmiş fəaliyyət göstərmirlər və əks halda onların həyatı rasional müstəviyə keçməz. Eyni
zamanda, bəzi hallarda insanların özlərini qorumaq hissinə qarşı fəaliyyət göstərdiyi vaxtlar olub. Qrotsi hesab edir
ki, belə hallarda idrak əsas rol oynamayıb, hisslər üstünlük təşkil edib. İnsanlar üçün ən əhəmiyyətlisi onların
fəaliyyətini istiqamətləndirən idrakın olmasıdır. Ona görə də Qrotsiyə görə, "şəxsi marağa yönələn fəaliyyət təbii
qaydanın bütövlüyünün ilkin prinsipidir" (6, s. 111). O hesab edirdi ki, məhz insan təbiətinin özünümarağında,
əsasında sosial razılıq yarada biləcəyimiz fundament durur.
Q. Qrotsi universal bəşəri gerçəkliyi insanların rasional özünüqoruma davranışı ilə empirik yolla
eyniləşdirməyə cəhd edirdi. Belə bir tələbi elan etməklə bərabər o, müəyyən ilahi anlayışları, o cümlədən məhz
Allahın öz yaratdıqlarına məhəbbətini də nəzərdə tuturdu. Qrotsinin fikrinə görə Allah insanı sosial cəhətdən
mövcud olması üçün yaradıb və bu baxımdan da insan təbiətində özünüqoruma və sosiallığa cəhd yaradıb. Bundan
başqa, insan fiziki cəhətdən zəif olduğu üçün özünüqorumanın sosiallığa ehtiyacı vardır. Beləliklə, yalnız
əməkdaşlıq bizim təbiətimizi dini və praktik səbəblərdən məmnun edə bilər. Belə arqumentlərin əsasında Qrotsi
özünün teoloji köklərindən ayrılan və sonralar müasir liberal əxlaqi və hüquqi fəlsəfənin aparıcı prinsipinə çevrilən
aşağıdakı müddəanı irəli sürdü: əgər özgələrinə ziyan vurmursa hər bir kəsin öz şəxsi marağını güdməsi hüququ
vardır. O yazırdı: "Bir halda ki, cəmiyyətin niyyəti bundan ibarətdir, onda hər bir kəs çox rahat şəkildə öz
mülkiyyətinin sahibi olmalıdır" (6, s. 113). Bununla da Qrotsi, "öhdəliklərə köklənmiş" orta əsrlər hüquqi şüur
tərzindən fərqli olaraq təbii hüquq nəzəriyyəsinin inkişafının yeni istiqamətini yaratdı, bu gün liberal
nəzəriyyəçilərin insan hüquqları adlandırdıqları ideyalara daha çox üstünlük verdi.
Qrotsi hər bir fərdin özünüqoruma qanununda eyni zamanda istənilən ailə, dövlət idarəetməsi, hüquq
sisteminə və yaxud dövlətlərarası münasibətlərə və s. aid olan insan qanununun əsasını görürdü. Burdan belə çıxırdı
ki, insanın təbii mahiyyəti haqqında bilik onun işlərinin düzgün aparılmasının əsasıdır. Qrotsi fərdin özünüqoruma
ruhunu ilkin səbəb, cəmiyyətə isə onun ayrılmaz xassəsi, insanın fərdi özünüqorumasına xidmət edən vasitə kimi
baxırdı. O, insan təbiəti haqqında biliklərin, ilk növbədə, insanın fərdi təbiətinə aid olmasına inanırdı.
Özünüqoruma və insanın təbii ayrılmaz xassələri kimi bu iki müddəa insanın təbiəti və onun idarə olunması
haqqında XXI əsrə qədər Qərb mədəniyyəti üçün xas olan fərdi düşüncələr üçün əsas oldu. Müasir Qərb alimlərinin
də dəfələrlə qeyd etdikləri kimi, özünün müsbət tərəfləri ilə yanaşı olaraq neqativ nəticələri ilə də bəlli olan
individualizmin kökləri məhz buradan irəli gəlir. Bütün bunlarla yanaşı bir şey aydındır: hüquqşünaslıq özünün
müxtəlif istiqamətləri ilə inkişaf edirdi və metodologiyada yeni nailiyyətlər əldə olunurdu.
İstifadə olunmuş mənbələr:
1.Памятники римского права: Законы 12 таблиц. Институции Гая. Дигесты Юстиниана. М.:Зерцало,
1997
2.Burke P. The Italian Renaissance: Sulture and Society in Italy. 2 ed. Cambridge: Polite Press, 1987
3.Kelley D.R. Foundations of Modern Historical Scholarship: Lanquaqe, Law and History in the French
Renaissance N.Y.: Columbia University Press, 1970
4.Kelley D.R. The Human Measure: Social Though in the Western Legal Tradition. Cambridge, MA:
Harvard University Press, 1990
5.Kelley D.R. The Theory of history// The Cambridge history of Renaissance Philosophy, 1972
6.Tick R. The "Modern" Theory of Natural Law //The Languages of Political Theory in Early Modern
Europe / ed. A.Pagden. Cambridge: Cambridge University Press, 1987
Гусейнов Абульфаз
К методологии юридических наук
РЕЗЮМЕ
В статье отмечается, что со всеми своими особенностями, включающими в себя и изменения,
относительности, случайности и стабильность в период своего расцвета, историческое развитие
характеризовалось присоединением юриспруденции, теории права с гуманистическими учениями.
Поколение комментаторов, которое было тесно связано с Римским правом, исследовало историю права
разных народов и государств. Эти исследования создали основы методологии правоведения и тем самым
дали толчок идее о разнообразии происхождения и развития права.
Huseynov Abulfaz
On methodology of jurisprudence
Summary
The author notes that jurisprudence that is theory of law with all its features including changes, relativity
;
randomness and stability, in its historical development joined with the humanistic doctrines. Generation of
commentators who have been closely connected with Roman law, investigated history of law of the different people
and states. These researches have created bases of methodology of jurisprudence and so appeared the idea about
diversity of origin and development of law.
Dostları ilə paylaş: |