113
– Aliyə əllərinin ikisini də stola çırpıb dik qalxdı, dişlərini
qıcırtdatdı, gözlərini bərəltdi, qışqıraraq xəyal müqəvvalarını
kayutdan qovmağa başladı
– Çıxın, çıxın! Utanmazlar, siz adam deyilsiniz, çıxın!!
Aliyə cingiltili bir səslə güldü. Qəhqəhəsi qəfildən kəsildi.
Sinəsindən hönkürtü qopdu. Gözləri yaşla doldu. O üzü üstə
çarpayıya yıxıldı. Əllərilə gözlərini qapadı. Sanki bununla
gözlərindən axan selin qarşısını almağa çalışırdı. Aliyə bu
vəziyyətdə yarım saat qaldı. Çiyinlərinin titrəməsi, köksünün
qabarması, gözlərinin yaşı dayanandan sonra arxası üstə
çevrildi. Dalğın nəzərlərindən uçan xəyalını yaxınmı, uzaqmı bir
aləmə pərvazlandırıb, məyus-məyus onun yollarına göz dikdi.
Yaş kirpiklərində muncuqlandı, yanaqlarından axan sellərin yeri
quruyub ağardı. Aliyənin bir təsəlli, bir ümid, dəyanət dalınca
gedən xəyallı öz yuvasına qayıtmadı. Aliyənin gözləri süzüldü,
kirpikləri öpüşdü və birdən səksəndi, gözlərini hap açdı. Az
yatıb yuxudan doymamış adam kimi əsnədi. Çarpayıdan yerə
atılıb cəld qapını açarla bağladı. Aliyəni bir titrəmə tutdu.
Başının tükləri ağaca dönüb dimdik durdu. Bu vahimə nədir?
Aliyə nədən qorxdu? Kayuta oğrumu gələ bilərdi? Yoxsa,
qapının çölündə heyvani coşğunluq sərməsti, acgöz ehtiraslı bir
xəbisin ayaqları sürünmüşdü? «Özünü müdafiə» duyğusu
Aliyədə nədən oyandı? Aliyə bu dərəcədə qorxaqdır yəni? Aliyə
işığı söndürmək istədi. Əlini stolüstü lampanın düyməsinə
uzatdı. Ancaq qaranlığın qurğuşun ətəklərinin ağırlığına
dözməyəcəyini düşünüb əksinə hərəkət etdi: kayutdakı elektrik
lampalarının hamısını yandırdı. Bərəkətli və güclü işıq seli
yaramqaranlığa hücum çəkdi, kayutun rəngli divarları, məxmər
pərdələri gözqamaşdırıcı parıltılar saçdı. Aliyənin həyəcanı
azaldı. Onun alnı tərlədi, doyunca nəfəs aldı, sinəsindəki
genişliyə, ürəyindəki cəsarətə heyrət edib köksünün bir an
bundan qabaqkı darlığına təəccübləndi: «Məni bu hala salan nə
idi?
114
Qaranlıqdan qorxmuşdum? Qaranlıqda tək-tənha az
qalmışam?!» Çox fikirləşib beynini yorma Aliyə! Sən əlbəttə
qorxaq deyilsən! Səni sarsıdan itkidir. Ürəyin bayaq üsyana
qalxmışdı. Sən bundan xəbərsizsənmi? Səni titrədən onun
dəhşətli təlatümü, kükrəməsi idi. Ürəyinin dediklərini başa
düşdünmü? Sinənin altındakı döyüntülərin hərəsində bir
«qaytar!» sözü vardı – bunu da duymadım? Qolundan tutub səni
bir divanə kimi kayutda dolandıran mənəvi hökmün qüdrətinə
inan, laqeydliyinə, etinasızlığınla ona qarşı durma. O dağlar
selidir, səni onsuz da öz qoynuna alacaqdır. Onunla iltifatlı
olmaq vaxtıdır. Məğrurluq çağı deyil. Ürəyini eşit, qəlbini dinlə,
mübarizəyə nəhayət var. Bu başqa mübarizələrə bənzəmir.
Burada təkəbbrün, lovğalığın əhəmiyyəti yoxdur. Onlar onsuz
da bu mübarizədə məhv olacaqlar. Axı, sən niyə qəlbinlə
hesablaşmayasan?
Bu ki, təkcə sənin könlünün cinayəti deyil! Burada ağlının
da əli var. O duyğuları gücləndirən təfəkkürünün saatlarla
davam edən müdaxiləsini unutmusanmı?! İndi bu inad nə
üçündür?! Od vurmusan – söndür, xəstələndirmisən – sağalt!
Ürəyində bir gül bitirmisən – qayğısını çək qoy qönçələnsin!
Yaratmısan – həyat ver! Yenə də təəccüblənirsən? Bayaqkı
vəziyyətdə anlaşılmaz bir şey yoxdur. Döyüş meydanı titrəyər.
Səndə bir az bundan qabaq iradə ilə duyğuların mübarizəsi
gedirdi. Sanki kim isə bu sözləri Aliyəyə deyirdi. Bu nəsihətlər,
bu danlaqlar nəticəsiz qalmadı. Aliyə: «Onunla mütləq
danışmalıyam!» – deyə qət etdi. Lakin dediyindən tezcə də
döndü: «Axı necə söhbətləşim? O ki, salona tək gəlmir!
Başqalarının yanında ürək söhbəti eləyə bilərəmmi?! Yox, Heç
təklikdə də fikirləşdiklərimi ona söyləməyə dilim gəlməyəcək.
Yaxşısı budur ki, Əmirə kağız yazım. Kağızda nə yazım? Qızın
oğlana minnət eləməsi, «gəl, gəl» deməsi gülünc deyilmi?
Doğrudur mən ona yalvarmayacam, anacaq necə olsa Əmir
cümlələrdə gizlənmiş həyəcanlarımı hiss edəcəkdir. Bəs, necə
yazım ki, məktubun ruhu, ahəngi sevən qız qəlbinin kaman
115
naləli şikayət və yalvarışlarından azad olsun? Bu asandır.
Məktubu salam-kəlamsız başlayıb, xudahafizsiz qurtarmalıyam.
Belə məktublar nifrət edənlərə yazılır. O özü bu hörmətsizliyi
kağızın yazılışından anlayacaqdır.» Aliyə dəftərin ortasından
qoşa vərəq qopartdı. Qarandaşın ucunu sətirin başına yapışdırdı.
Qələmin ucu azacıq təzyiqə tab gətirməyib sındı, Aliyənin çiyni
üzərindən geri atıldı. Qələm də ürəyin demədiyini yazmaq
istəmədi. Aliyə sivirmədən çıxartdığı balaca bucaqla onun
ucunu yonub itilədi. Qələmi iradəsinə tabe edib kağıza bitməmiş
bir cümlə yazdı: «Əmir, özünü elə təkəbbürlü tutursan ki,
guya...» Bu ifadə Aliyənin xoşuna gəlmədi, onun üstündən qara
çəkib ikinci sətirə keçdi. «Salona gələndə qaş-qabağını sallama.
Üzünü o yana çevirib yalandan bir şeylə məşğul göstərmə. Məni
görmək istəmirsənsə, salona gəlmə. Gəlsən də...» Bu başlanğıc
da onun ürəyinə yatmadı. Vərəqin birini cırıb atdı, ikincisini
əlinin altına alaraq fikirləşdi. Xəyalən məktubunu Əmirin əlində
gördü. Əmir hər cümlədən sonra nəzərlərini məktubdan ayırıb
Aliyəyə: «Sən, məni başa düşə bilmirsən. Çox nahaq
qəzəblənirsən. Mənim məqsədim başqadır.» söyləyən məna ilə
baxırdı. Aliyənin təsəvvüründə canlanan o tənbeh ifadəli
baxışlar onun hisslərini cilovunu boşaltdı. Mərhəmət duyğuları
Aliyəyə hakim oldu. O bu duyğuların təsiri altında vərəqin bir
üzünü tezcə yazıb doldurdu; nə əli titrədi, nə qələmi dirəndi, nə
də söz kasadlığı, ifadə yoxsulluğu özünü göstərə bildi. Aliyə elə
bil əzbərlədiyi bir mətni çətinlik çəkmədən kağıza köçürtdü.
«Əmir məni niyə incidirsən? Ağrı görməyən ürəyi yaralıyıb
göynətmək rəvadırmı? Sən əvvəllər mənim ayaqlarıma
yıxılmağa hazır idi. Qayıqla mənə çimmək kastyumu almağa
gedəndə nə hala düşdüyünü təsəvvürünə gətirirsənmi? Sən onda
ürəyini belə məndən əsirgəməzdin. Ancaq indi mehriban
baxışlarını da çox görürsən. Əvvəlki itaətkarlıq necə oldu,
hayanda qaldı? Yoxsa, onları bir qeyrisinəmi bağışlamısan? Sən
gündə birini sevə bilərsən? Mən elə bilirdim hər gözlər səni ala,
116
ürəyini çala bilməz. Demə bugünkü məhəbbətin yurdunu
sabahkı camal viran qoyurmuş...
Nolar, mən bəlkə də pisəm, sevilməyə layiq deyiləm, təki
təzə eşqin xeyirli olsun. Amma bir də gözlərinlə ovladığını
yaralı qoyma. Yaralı ahunun gözlərindən axan hər damla yaş
ədalətli hakim olan həyatdan çəkdiyi cəzalara əvəz
istəməkdir...» Aliyə vərəqin ikinci üzünə yazmağa söz tapa
bilmədi. Xəyala daldı. Ötən günlərin xatirə kitabçası vərəqləndi.
Ordakıların hamısı Əmirin şəkilləri idi. O şəkillərin
əksəriyyətində xoşbəxtliyə, xeyirxahlığa gülümsəyirdi. Əmirin
sonuncu şəkildə dodaqları acı bir təbəssümlə əyilmişdi. Həmişə
düz baxan gözləri də qıyılmışdı. O utancaq baxışlarından,
arzular, diləklər öz yerini rəhmsizliyə vermişdi. Yox, yox, o
nəzərlərdə mərhəmət də var; ancaq o kimin töhfəsidir? Aliyənin
qapısı döyüldü. Bu gəminin ictimai naşəçisi idi. Aliyəni ərzaq
götürməyə çağırırdı. Aliyə saata baxdı. Saat altıdır, səhərdir. O
hələ də yatmamışdır. Gündüz də yatmağa vaxtı olmayacaq,
səhərdən axşamacan işləyəcəkdir. Qırx nəfərə müxtəlif, özü də
hamımız xoş gələn xörəklər bişirməli olacaqdır. Günəş batacaq,
axşam olacaq, qaranlıqla gələn həyəcan, iztirab ona yenə də ötən
gecənin bitməmiş məktubunumu yazdıracaq? Aliyə yazdığını
başdan oxuyub öz qəbahətindən utanan adam xəcalətilə güldü:
– Deyəsən mənim ağlım azalıb. Nişanlısı başqası ilə
evlənən qızlar heç mənim kimi yanıqlı məktublar yazmırlar.
Əmir mənim nəyimdir? Heç nəyim! Bəs, mən bu məktubu hansı
ağılla yazmışam?! Aliyə məktubun sinəsinə çal-çarpaz xət
çəkdi, onu əlləri arasında əzişdirib sonra illüminatordan dənizə
atdı. Başını illüminatordan çıxarıb dənizə baxdı. Məktub
ləpələrin nəğməli ağ dodaqları ilə öpülür, öpülür, öpülürdü.
Aliyə yorğun ürəyinin dalğaların dilində səslənən tövbəsini,
itaətini, yalvarışını eşidirdi.
EPİLOQ
117
Gəmi yenə də dənizdə – səfərdə idi. Gecə yarıdan
keçmişdi. Ulduz ulduzu çağırır, ayın sarı saçaqları sularda
yuyunub daranırdı. Dənizin üzündə gümüşü pullar axışırdı.
Ayın, ulduzların suların dərinliyində yaratdığı ikinci nurlu,
əfsanəli bir zamanın əks etdiyi sarı solğun şüalar gəminin başı
üzərində bozumtul işıq dumanı əmələ gətirmişdi. Gəminin sağ
bortundan dənizə dairəvi dörd işıqlı göz baxırdı. Bunlar Əmirlə
Aliyənin yanaşı kayutlarındakı illyüminatorlardan sulara süzülən
işıqlar idi. Əmir anasına məktub yazırdı: «Əzizim ana!..» O
məktubun salam-kalam nidalarından, kef-əhval sorğularından,
sağlamlıq və üzun ömür arzularından bəhs edən beş, altı sətirlik
hissəsini yazıb qurtardıqdan sonra bir qədər düşündü. Yeni
sətirdə ana diləklərinə təsəlli və ümidlərlə dolu cavablar
yazmağa çalışdı. Lakin onun qələmi kağıza ilişib qaldı, bilmədi
nə yazsın? Narahat ana ürəyini, nənə olmaq, nəvə oxşamaq,
nəvə oynatmaq, nəvə yedizdirib onu şirin laylalarla yuxuya
vermək arzuları ilə dolu ana qəlbini hansı sözlərlə, hansı
inamlarla, andlar – amanlarla sakit etsin? Sevdiyi bir Aliyədir ki,
ona yaxın getmir, ilk eşqinin, ilk məhəbbətinin, ilk könül
sevdasının pərvaz qanadlarını sındırıb ürəyində saxlayır. O
ruhlar aləmi intəhasız səmalar uçuşuna qanadlanan, bahar
fəzilətlərə, fəcr timsallı bir könül sabahının məsum gözlərinin
açılışına sevinmir, çünki bu bəxtiyarlıqda dost gözləri vardır.
Əmir düşündükcə qələmin ucu sətir başındakı nöqtəni
böyüdürdü. Nöqtə get-gedə artaraq iki sətirin yaşıl cizgilərini
fındıq kölgəsi böyüklükdə bir mürəkkəb dairəsi ilə birləşdirdi. O
qələmi mürəkkəbə batırıb yazmaq istədi. Lakin qələmin ucu
yenə də tilsimə düşdü. Əmir qələmi mürəkkəbqabına söykəyib
çənəsini əlləri içinə aldı. Gözləri fikirlər, düşüncələr içində
süzüldü. Alnındakı zərif qırışların qatı açıldı, qaşları gözlərinin
üstünə
sallandı.
Sifətini
təəssüflər,
əfsuslar
kölgəsi
tutqunlaşdırdı. Və birdən dərdli, ələmli xəyalatlardan silkinib
çıxmış kimi canlandı: simasındakı məhzunluq, dalğınlıq,
çarəsizlik ifadələri əriyib yox oldu. Sanki bir ovuc buz
118
qırıntılarını qaynar qazanın içinə atdılar. O qələmi götürdü:
«Ana, bir ay yarımdan sonra məzuniyyətə çıxacam. Gəlib sənə
hər şeyi danışaram. Bu saat sənin məsləhətinə möhtacam. Mən
özüm çox fikirləşmişəm. Amma elə güman edirəm ki, mənim
düşündüklərim...» Yəni bir sözün baş hərfini yazmağa başlayan
qələm Əmirin əlində titrədi. O sanki dəhşətli bir hökmə qol
çəkərkən sarsılmış, qanunun amansızlığı ilə vicdanın
töhmətləndirici çağırışı arasında qalmışdı. Əmir qələmi yenə
mürəkkəbqabına söykədi. Yazdığı cümlələri oxudu. O anasına
nəyi danışacaq? Sevdiyinimi? O ki, Aliyəni unutmağa, yaddan
çıxarmağa çalışır. Bu söhbət anaya nə verəcək? Ana hansı
məsləhətlərlə oğlunun müşkül işini asanlaşdıracaq? Əmir,
Aliyənin haqqında anasına nə söyləyə bilər? Dostuna görə ilk
məhəbbətindən əl çəkdiyinimi xəbər verəcək? Əmir bu beş
cümlənin üstündən qara xətt çəkdi. Düşünməkdən yorulmuş
başındakı küt ağrıdan gözlərini qapadı. Alnını ovuşduraraq
pıçıldadı: – Nə yazım? Bu zaman Qəzənfər Aliyənin kayutunda
oturmuşdu. O Aliyədən cavab almağa getmişdi. Qəzənfərin ruhi
vəziyyəti yaxşı idi. Son günlərin hadisələri ona hər təsirlə, hər
təkan və hər zərbə ilə uçub dağılmaz, fəth edilməz bir ruh
yüksəkliyi səltənəti bağışlamışdı. Onun haqqında qəzetlərdə
oçerklər, məqalələr dərc olunmuş, Qəzənfərin şəklini birinci
səhifədə haşiyə içərisinə almışdılar. Onun fəxri fərmanla təltif
edilməsi, kommunist əməyi zərbəçisi adına layiq görülməsi
Qəzənfərin mənəvi aləminə elə bir zərbə gətirmişdi ki, bu
səadəti heç bir şaxta, heç bir xəzan küləkləri soldura bilməzdi.
Lakin o, ürəyini, qəlbini dolduran bu fərəhlər, iftixarlar
ümmanından doymuşdu. Ona indi başqa bir sevinc qətrəsi lazım
idi. Bu zərrəciyin boş qalmış xəstəhal yeri səbirsizliklər içində
göynəyərək Qəzənfəri həbibə tələsdirirdi. Qəzənfər bu gecə
könlünün dediklərinə qulaq asıb Aliyənin kayutuna girmişdi. O
rədd edilməyəcəyinə əmin idi. Fikirləşirdi ki, mən Əmirin tayı
deyiləm. Adım, şəklim qəzetlərə düşdü, komsomolun fəxri
fərmanı ilə, gəmiçilik rəisinin, kapitanın, gəmiçilik idarəsinin,
119
həmkarlar
təşkilatının
təşəkkürlərilə
mükafatlandırıldım,
kommunist əməyi zərbəçisi adı aldım, özümün də hörmətimi
saxlayır, xətrimi istəyirlər. Aliyə mənə yox deyə bilməz. Qıza nə
lazımdır? Ad-san, oğlanın tay-tuş arasında olan hörmət-izzəti,
qoçaqlığı, diribaşlığı, babat sir-sifəti, səliqə ilə geyinməyi
bacarması, pulu – bunlar da ki, məndə var. Qızlar yaz böcəkləri
kimi oğlanlardakı bu pırıltılara uçuşurlar.
– Aliyə, bilirsənmi nəyə gəlmişəm? Aliyə məhzun
nəzərlərini qarşısında oturan Qəzənfərin ümid, inam şəfəqli
gözlərinə dikdi, dillənmədi. – Bu vaxtacan heç bir şey hiss
eləməmisən? Qəzənfərin sıxıntısız, titrəyişsiz, sarsıntısız çox
asanlıqla verilən sualları Aliyəyə qəribə göründü. Qəzənfər kefli
deyil ki? Belə tərəddüdsüz, həyəcansız, heç bir iztirab, sıxıntı,
həya maneələrinə rast gəlmədən söylənən sözlərdən ürəyin,
vicdanın xəbəri varmı? Aliyə şübhə ilə Qəzənfəri seyr etməyə
başladı. Onun gözlərinə yenidən baxdı. O gözlərdəki soyuq
iftixar parıltıları içində bir şəfəq gizlənmişdi. Bu solğun ziya
uğurlu təsadüflərin bəxş etdiyi bir cahillik məğrurluğu,
təkəbbürlü və lovğalığı qoynunda öz lətafətini itirmək üzrə idi.
O zərif şölə nadanlıq rəhimsizliyilə, avamlıq mərhəmətsizliyilə
söndürülürdü. – Aliyə, doğrudan bilmirsən? Qəzənfər
gülümsədi. Bu onun öz təbəssümünə oxşamadı. Elə bil onu
kimdənsə oğurlamışdı. – Aliyə, niyə cavab vermirsən, and
içmisən ki, dillənməyəcəyəm? Qəzənfərin dodaqlar qaçdı. Üst
damağındakı iki qızıl dişlərinin parıltısı Aliyənin gözlərini
qamaşdırdı. O kirpik çaldı. Aliyə bu beş dəqiqə ərzində birinci
dəfə idi ki, ruhunun səmasına öz göz qapaqlarından pərdə
tuturdu. – Qəzənfər... Aliyə ağ, zərif, sədəfləri qırmızı əllərini
çənəsinin altından götürüb alnında oynaşan sarı saçlarını geriyə
sığalladı. Köks ötürmədən şişən sinəsini stoldan ayırıb kürəyini
dala söykədi. Göy koftasının ətəklərindən aşağa dartıb başının
hərəkətilə çiyinlərinə səpələnmiş saçlarını kürəklərinə atdı. Bu
an onun paxlavari sırğalarının biri Aliyənin yanağından, digəri
isə buxağından öpdü.
120
– Səndən bir xahiş eləmək istəyirəm. Məncə oğlan, qızın
sözünü yerə salmaz. Qəzənfər itaətkarlıqla:
– Əlbəttə! – dedi
– Nə buyursan mənim bax, bu gözlərim üstə. Hər şey
eləməyə hazıram. Təki... Aliyə qalxıb çarpayı pərdəsinin
arxasına keçdi. Onun orada çamadan açdığı, xışıldayan
paltarının arasından nə isə götürdüyü anlaşılırdı. Aliyə pərdə
arxasında gözlədiyindən çox ləngidi. Pərdələr dalğalanır,
boğulan bir hönkürtünümü, yoxsa, xəfif gülüşünmü
müqavimətindən doğan intizamsız tənəffüsün gah tezləşib, gah
da seyrəkləşməsi eşidilirdi. Döşəmədən bir qarış hündürlükdə
duran pərdənin açıq yerindən Aliyənin ayaqları görünürdü. O
ayaqlarının yerini tez-tez dəyişirdi. Pərdənin dalından iki, üç
barmaq aşağa çıxan çəhrayı yubqasının ətəyi də bir varlığı
çulğalayan lərzədən uçunurdu. Aliyə ağlayırdımı? O niyə
ağlasın? Gülürdümü? O kimə gülürdü? Qəzənfər mat-məətəl
qalmışdı. O az qala bu sirli pərdənin arxasına soxulacaqdı. –
Aliyə! Aliyə, ortadan ağız-ağıza gəlmiş pərdəni aralayıb çıxdı.
Onun qara kirpikləri nəmli idi. Yanaqları allanmışdı. Göy
koftasının yaxasında iki damcı şəffaf göz yaşı işıldayırdı. O
sinəsinin sol tərəfinə zərf boyda dördkünc, qalın bir kağız
sıxmışdı. Yaşlı mavi gözlərini sonsuz bir yalvarışla Qəzənfərin
üzünə zilləmişdi. – Aliyə, – Qəzənfər ona sarı yeridi – mən sənə
nə dedim ki? Aliyə başını buladı. Onun dodaqları açılmaq üçün
çəkişdi, lakin aralanmadı. Baş-başa sıxılan qaşları arasında
xurma tumuna oxşar bir qırış əmələ gəldi. Onun hansı bir daxili
qüvvəyəsə müqavimət göstərdiyi bilinirdi.
– Aliyə, mən ki, səni təhqir eləmədim. Bir kəlmə ürək
sözümü dedim, bunun da nə kimi pis təsiri ola bilərdi?! Aliyənin
rəngi avazılaşdı, yanaqlarının allığı solğunlaşdı, gözlərinin altı
titrədi. Saçlarından ayrılan bir çəngə teli alnına düşüb, orada
vergül yazdı.
– Qəzənfər, sənə zülüm...
121
– Aliyəni qəhər boğdu. O özünü zorlayıb əlavə etdi –
Amma neynim, mənə xəyanət etsə də ürəyimə ürək tapmışam.
Aliyə sinəsinə sıxdığı kağızın əks tərəfini çevirdi. Bu Əmirin
şəkli idi. Aliyə onu haçan çəkib?
– Al bunu, istəsən cır at, istəsən onun özünə ver. Qəzənfər
özü də bilmədən hansı bir ilahi hökmünsə təsiri altında şəkli
aldı. Böyümüş gözlərilə Aliyəyə baxıb nəzərlərini döşəməyə
endirdi. Onun qolları uzandı, çiyinləri aşağa düşdü, əlləri dizləri
bərbərinə çatdı, sinəsi yatdıqca kürəkləri dala çıxdı, başının islaq
tükləri arasından sıçrayan bir damcı tər alnının ortası ilə
qaşlarının arasına doğru sürüşmüşdü. O Aliyənin üzünə ikinci
dəfə qətiyyən baxa bilmədi. Yarımaçıq göz qapaqları ağır qüssə
yüklü qaşlarının kölgəsi altında hərəkətsiz, tərpənişsiz qaldı.
Nəhayət, ayaqlarını sürüyərək kayutdan çıxdı, ölgün addımlarla
göyərtəyə qalxdı. Qəzənfər nəzərlərilə gözlərdən uzaq qaranlıq,
kölgəli bir künc-bucaq axtardı. Başını zorla döndərib sağa, sola
boylandı. Ay hər yeri işıqlandırır, hər şeyi süd gölündə
çimizdirirdi. Göyərtənin kölgəli yeri, görkəmindən iztirab,
yorğunluq yağan bir canlı heykəlin gizlənə biləcəyi qaranlıq
guşəsi yox idi. O kayuta gedə bilməzdi. Açıq havada, geniş
göylərin altında belə cansıxıcı bir darısqallıq duyurdu. Qəzənfər
iki üç addımlıqdakı qnextin üstündə oturdu. Əlindəki şəkili
mundar bir şey kimi ikrah hissilə özündən kənar tutub pıçıldadı:
– Mən neynim...
Dostları ilə paylaş: |