M ir Cəlal -1 0 0
Mir Cəlalın dilçilik görüşləri
Buludxan Xəlilov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
professoru, filologiya elmləri doktoru
Ferdinand de Sössür yazırdı:“... Biz nitq fəaliyyətindən ibarət ümumi hadisə
daxilində hər şeydən əvvəl onu təşkil edən iki hissəni (facteur) ayırdıq: dil və
nitq. Dil bizim üçün - dil fəaliyyəti çıxaq nitqdir. O, dil vərdişlərinin elə yeku
nudur ki, bir insanın başqasını anlamasına və onun tərəfindən anlaşılmasına
imkan verir”. Bu mənada Azərbaycan dili anlamaq və anlaşılmaq imkanına
qadir olan dildir. Azərbaycan dili bu dildə danışmaq, yazmaq istəyən hər bir
kəsə lazımdır. Danışan və yazan kollektivin tələbatını ödəyən Azərbaycan dili
yaşamağa qadirdir. Onun potensialı, enerjisi, gücü və müqaviməti, sosial təbiəti
- bütün bunların hamısı daxili xüsusiyyətlərindən biridir, əsasıdır.*
Azərbaycan dili zaman və məkan daxilində mövcud olan, zaman və məkanın
iradəsinə, təsirinə öz mövqeyini nümayiş etdirən dildir. Dilimizi zaman və
məkan ölçüsündə götürüb təhlil etsək, görərik ki, zamanın və məkanın sosial
qüvvələrinin təsiri nə qədər gerçəkdirsə, Azərbaycan dilinin ona müqaviməti də
bir o qədər realdır. Daxili xüsusiyyətləri zəngin olan dil heç zaman öz azadlığını
itirmir, zamanın və məkanın sosial qüvvələrinə imkan vermir ki, onun azadlığını
əlindən alsın. Nəticədə zaman da, məkan da imkan verir ki, danışıq dilindən də,
şifahi ədəbi dildən də, yazılı ədəbi dildən də istifadə olunsun. Belə olduqda dilin
daxili xüsusiyyətlərinə stimul verən kəslərdən biri də ziyalı adlı təbəqə - alim,
şair, yazıçı ... olur. Bu mənada dilimizin daxili xüsusiyyətlərini zənginləşdirən
görkəmli ziyalılarımızdan biri də Mir Cəlal Paşayevdir. Mir Cəlal Paşayev
dilimizin fəlsəfəsini, qüdrətini, ruhunu, gözəlliyini, müasir dilimizin, dastan
larımızın, nağıllarımızın - folklorumuzun, klassik ədəbiyyatımızın xalqımızın
* 4 «Azərbaycan məktəbi» № 3
49
yaratdığı xalq dilinə əsaslandığını həm ədəbiyyatşünas kimi, həm də yazıçı-
pedaqoq kimi məharətlə hərəkətə gətirməyi bacarmış, hikmət xəzinəsi kimi
yaşatmışdır.
Mir Cəlal Paşayev dil məsələsinə alim mövqeyini klassikləri tədqiq etməklə
başladı. Füzulinin yaradıcılığını əsas götürdü. Və onu da qeyd etmək lazımdır
ki, Füzuli yaradıcılığını obyekt kimi seçmək və onun həm də dil xüsusiyyətlərini
tədqiq etmək təsadüfi bir münasibət sayıla bilməz. Bunu Mir Cəlal Paşayevin
M.Füzuli sənəti barəsində söylədiyi fikir və mülahizələr də təsdiq edir. O yazır:
“Belinski sənətkarların yaradıcılıq ilhamını təbiət hadisələrilə müqayisə edərək
bəzisini şampanski kimi köpüklənən qazlı suya, bəzisini yaşıl kənarlı arxlardan
gələrək axan duru suya, bəzisini isə kükrək dalğalarla aşıb-daşan Niaqara
şəlaləsinə, bir qismini də sahilləri və dibi görünməyən, yeri-göyü əks etdirən
mühit dənizlərinə bənzədir ...
Füzulinin sənəti, şübhəsiz ki, axırıncılardandır. Bu böyük şeir dühasının
əsərlərilə dərindən tanış olanda heyrət bizi götürür. Biz bu nadir və qadir şeir
ustadının, qəlblər mühəndisinin, “könül mülkünün sultanının” hətta ayrı-ayrı
lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik”.
Mir Cəlal Paşayev Füzuli haqqında indiyə qədər yazılanları, hətta öz
yazdığını da mükəmməl bir əsər saymaq fikrindən çox-çox uzaq olmuşdur. Ona
görə, Füzuli sənətinin qüdrətini, məziyyətlərini, dilini, fəlsəfəsini təhlil etmək
ədəbiyyat, sənət, dil, fəlsəfə elmlərinin qarşısında durmaqda və həllini
gözləməkdədir. Odur ki, Mir Cəlal Füzuliyə, məhz Füzuli sənətkarlığına, onun
bədii dil xüsusiyyətlərinə xüsusi diqqət yetirmiş və 1'958-ci ildə “Füzuli sə
nətkarlığı” adlı fundamental bir kitab yazmışdır. Mir Cəlal “ Füzuli sənət
karlığı” kitabında qeyd edir: “Füzulinin “təkəllüm” etdiyi yerdə nəinki daş-di-
var, şəkillər, surətlər dilə gəlir, əksinə, ən mahir və qadir natiqlər də susmalı
olur. Bəşər tarixi insan mənəviyyatının, qəlbin mürəkkəb, zəngin, əngin və rən
gin həyatının bu dərəcə əyani, dürüst, zərif və tam bir şəkildə ifadəsini verən tək-
tək sənətkarlar tanıyır ki, “Füzuli bunların birincilərindəndir”.
Mir Cəlalın sözləri ilə desək, “Füzuli yalnız Azərbaycan xalqının, yalnız öz
əsrinin deyil, bütün bəşəriyyətin, renessans dövrünün, böyük sənətin böyük
oğludur” .
Mir Cəlal Füzulinin bədii dilini həm də ona görə təhlil edirdi ki, onun
yaradıcılığına yaxşı bələd idi. Həm də Füzuli özündən əvvəlki ədəbi irsi -
Xaqaninin, Nizaminin, Nəsiminin, Xətainin, Həbibinin yaradıcılığını dərindən
mənimsəmiş və yüksək qiymətləndirmişdir. Lirik şeirimizin atası sayılan Füzuli
sözlərə, ifadələrə tamam yeni məzmun və xarakter vermiş, ədəbiyyat tariximizdə
yeni məktəb yaratmış, ana dilimizin imkanlarını nümayiş etdirə bilmişdir. Mir
Cəlal Paşayevin Füzuli sənətkarlığını təhlil etmək qabiliyyəti cəsarətli və
olduqca orijinal bir fikri söyləməyə gətirib çıxarmışdır. Həmin fikir belədir: “
Füzulinin böyüklüyü bir də orasındadır ki, o öz şeirlərində XVI əsrə qədər ana
dilimizdə yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük
cürət və məharətlə inkişaf etdirmişdir. Lirikanın ən qiymətli nümunələrini
50
verməklə ədəbiyyat tariximizdə yeni, çox böyük və gözəl bir məktəb açmışdır. ...
Bu məktəb şeirimizin bədii keyfiyyətini son dərəcə yüksək bir pilləyə
qaldırmaqla qalmamışdır. Bu məktəb ana dilinin bütün gözəlliklərini, imkan və
qüdrətini parlaq surətdə nümayiş etdirmişdir”.*
Füzuli dövrünün alimi, şairi kimi həm
də Azərbaycan dilinə borcludur, ona görə
ki, o, dilimizin imkanlarından, müxtəlif
kombinasiyalarından, daxili təbiətindən,
yaddaş kodundan mütləq və mütləq
istifadə etmişdir. Onun istifadə etdiyi söz
də, fikirlərini söylədiyi cümlə də işarədir.
Bu işarələr içərisində - sözün, fikrin,
cümlənin içərisində Füzulinin özü yaşayır,
onun insan “mən”i nəfəs alır. Elmsiz şeirə
“əsası yox divar kimi” baxan, şairlik
iddiasında olan hər bir kəsdən bilik, dərin
savad tələb edən, bədii əsərdəki sözdə
məna gözəlliyi, təsir qüdrəti axtaran,
oxunması və yazılması asan olan əsərləri
bəyənən Füzulinin dilində onun istəyi,
arzusu, duyğu və düşüncəsi simvollaşır.
Yenə də deyirəm ki, bunun hamısı dilin
təsiri altında müxtəlif simvollara çevrilir:
bilik, məlumat, incəlik, zəriflik, xəlqilik,
sadəlik, hiss-həyəcan, məzmun və forma
vəhdəti və s. simvollar. Füzulinin bədii
dilinin fəlsəfi ruhu simvollara bağlı
olmaqla hər hansı bir ideyanın daşıyıcısıdır. İdeyanın da, onu simvollaşdıran
fəlsəfi ruhun da arxasında Füzuli dühası - onun dilinin sehri dayanır. Bax,
budur M.Füzulinin bədii dilinin Mir Cəlal tərəfindən tədqiqat obyektinə
çevrilməsinin sirri.
Amerika dilçisi U.Uitni yazır ki, dil həqiqi mənada işarələr yığımıdır. Bu
işarələrin köməyilə insanlar şüurlu şəkildə öz fikirlərini başqaları üçün ifadə
edir: bu ifadəetmə fikri başqalarına ötürmək üçündür.
Mir Cəlal yazır: “Şairin hər sözü qəlblər fəth edən bir pəhləvandır. Elə bir
pəhləvan ki, heç kəsə azar-əziyyət dəyməz. Nə vergi, nə məvacib istər. Sənət
sözünün həyat və qüvvətinə nə tufan, nə sel, nə ruzigar təsir edir. Dünya dur
duqca bu qiymətli sözlər yaşayacaq, yeni əsrləri, yeni cəmiyyətləri, yeni insan
ların qəlbini fəth edəcəkdir”. Yenə də Füzulinin özü, sözü, bədii dili işarədir.
Həmin işarənin öz indeksi vardır. Bu indeks elə Füzulinin özüdür. Burada hər
şey canlı, qabarıq, inandırıcıdır.
Füzuli bədii dilin imkanlarından istifadə etməklə bir çox mətləbləri
aşkarlayır, həyat hadisələrini, faktları, tarixi gerçəklikləri və həqiqəti məhz öz
Mir Cəlal
1908-1978
*4
51
nəfəsi ilə qızdırır, bununla da dil və stil pərgarlığını işə salmaqla yüksək sənət
əsəri yaradır. Füzuli yaradıcılığının texnikası və texnologiyası, onun biliyi,
istedadı, zəhməti, hiss-həyəcanı, oxucunu fəth etmək qabiliyyəti - bütün
bunların hamısı bədii bir üsul olaraq bədii dilin ifadə imkanlarına borcludur.
Mir Cəlal Məhəmməd Füzulini Azərbaycan ədəbiyyatında lirikanın, doğma
ana dilində yaranmış əsl lirik şeirin böyük banisi və ölməz dahisi sayırdı. O
yazırdı: “Azərbaycan dili anlaşılan elə bir ölkə yoxdur ki, orada Füzuli qəzəlləri
bu saat da sevilməsin, oxunmasın, bu saat da dinlənməsin. Hətta savadsız
kəndlilər, biçin biçib yorulanda əlini qulağına qoyub həsrətlə “şəbi - hicran”
oxuyur, ürəklərinə sərin su səpilmiş kimi yorğunluğu unudurlar”. Mir Cəlal
Füzuli çətin dildə yazmışdır fikrini söyləyənlərə qarşı məntiqli və tutarlı cavab
verir, o dövrün dil və ədəbi ənənələrinə, Füzulinin özünün alim, şair səviyyəsinə,
onun şeirlərində xalqın ruhunun yaşamasına dəlillər və sübutlar gətirməklə
təhlil verir. Onun fikrincə, “şairin (Füzulinin - B.X.) dil və üslub
xüsusiyyətlərinə diqqət yetirdikdə bu iddianın (Füzuli çətin dildə yazmışdır -
B.X.) əsassızlığı aydın olur.
Füzuli dövründə Azərbaycan dilində şeir yazmaq olduqca çətin sayılırdı: a)
ərəb və fars dillərində minlərlə şeir yazıldığı halda, Azərbaycan dilində yazmaq
o vaxt gerilik, avamlıq, eyib hesab olunurdu; b) ərəb və fars dillərində şeir
yazmaq o vaxt asan olmuşdur, ona görə də, bu dillərdə qəlib halında ifadələr,
ibarələr işi daha da asanlaşdırmışdır. Ancaq bunlara baxmayaraq, Füzuli həm
Azərbaycan dilində, həm də ərəb, fars dillərində əsərlər yaratmışdır. O öz məq
sədinə nail olmaq üçün onun yaşadığı dövrə qədər mövcud olmuş hazır
qəlibləri, ölçüləri dağıtmış, yeni qəliblər, ölçülər yaratmışdır. M. Füzuli bu işdə
ana dilində sözlərin, ifadələrin qəlibçisi, qəlibtökəni rolunda çıxış etmiş, qəlizləş
miş qəliblərdən uzaqlaşmışdır. Ana dilimizin təbiətinə uyğun qəliblər yarat
maqla özündən sonra gələn şairlərin söykənəcəyi, istinad yeri, ilk qəlibçisi -
tökməçisi nüfuzunda olmuşdur. O, bunu Azərbaycan dilinə olan məhəbbətinin,
istəyinin sayəsində həll edə bilmişdir. Füzuliyə qədər ana dilində ara-sıra ya
zılmış şeirlər ilk qaranquşlar olsa da, təməli möhkəm deyildi, ona görə də rəsmi
dairələrin nifrəti, təcavüzü altında əziyyət çəkirdi. Füzuli ana dilimizin yaxasını
bu əziyyət və əzabdan qurtardı. İstedadı və doğma ana dilinə olan məhəbbəti
onu Nizami, Nəsimi, Həbibi və digər istedadlardan fərqləndirdi. Və o yazdı:
01 səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi - nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi - türki qəbuli - nəzm tərkib eyləsə,
Əksərən əlfazi namərbutü nahəmvar olur.
Məndə tovfıq olsa, bu dişvari asan eylərəm,
Novbahar olğac dikəndən bərgi - gül izhar olur.
Mir Cəlal Paşayev dilimizin ruhuna və təbiətinə dərindən bələd olan bir
alim olmaqla
Füzulinin bədii dilində bir sıra xüsusiyyətləri qəlbi, yüksək bir
formada tapır, qəlboxşayan izahını verirdi: “Füzuli şeirində ərəb və fars
52
kəlmələrinin bolluğuna baxmayaraq dil öz quruluşu, sistemi, bədiiliyi, səlisliyi
etibarilə anlaşıqlı və sadədir. Dilin təbiəti hər yerdə qorunur. Hətta elə sadə
yerlər var ki, Azərbaycan dilini bilən hər kəs tamamilə başa düşər”. Mir Cəlal
burada ərəb və fars kəlmələrinin mətndə asan, aydın işlənməsini, öz yerini düz
tapmasını, Füzuli şeirində xalq ruhuna yaxınlığı, daha çox xalq dilinə
əsaslanmağı, atalar sözlərindən, xalq məsəllərindən istifadəni, xalqın həyat və
məişətinə aid olan sözlərdən ədəbi dildə ilk dəfə istifadə olunmasını konkret
misallarla izah edərək dilçilər qarşısında hələ də öyrənilməmiş məsələlərin
öyrənilməsini mühüm vəzifə kimi qaldırır. Bizcə, 1996-cı ildə
“M aarif’
nəşriyyatında çapdan çıxmış Musa Adilovun “Məhəmməd Füzulinin üslubu və
poetik dili” adlı fundamental monoqrafiyası həmin vəzifənin tələbi əsasında
obyektiv olaraq meydana çıxmışdır. Bu kitabda tədqiq olunan məsələlər vaxtilə
Mir Cəlal müəllimin Füzulinin bədii dil xüsusiyyətlərinin hansı məqamlarına
diqqət yetirməyin vacib olduğunu bir daha təsdiq edir. “Məhəmməd Füzulinin
üslubu və poetik dili” adlı kitabda Füzuli üslubunu səciyyələndirən başlıca
xüsusiyyətlər, ustad sənətkarın poeziyasının dil baxımından sirləri, Füzuli
irsinin fonetik, morfoloji, sintaktik, semantik, leksikoloji, poetik keyfiyyətləri
tədqiq olunur ki, məhz bunları öyrənmək, araşdırmaq Mir Cəlal müəllimin
dilçilərə verdiyi əsas istiqamətlərdən sayılmalıdır. Mir Cəlalın vaxtilə söylədiyi
“... Füzulinin şeir dilinin ilk ehtiyat mənbəyi canlı xalq dilidir. ...
Ədəbiyyatımızda Füzuli qədər zəngin söz ehtiyatına malik ikinci bir şairin adını
çəkmək çətindir” fikri sonralar Musa Adilovun araşdırmalarının nəticəsində də
başqa bir formada deyilir: “Bir Amerika psixoloqunun mülahizəsincə, hər kəs
müəyyən cəhətdən, bütün başqa adamlar kimidir, bəzi başqa adamlar kimidir,
heç kəs kimi deyil, yalnız özü kimidir. Bu mülahizəni dəyişdirib belə demək olar:
Füzuli dili bütünlükdə Azərbaycan dilidir, bu dil klassik poeziya dilidir və heç
kimin deyil, yalnız Füzulinin fərdi dilidir (üslubudur). Mir Cəlal Füzulinin dil
və üslub xüsusiyyətlərini araşdırmaqla sözlərin, ifadələrin izahına aydınlıq
gətirməklə, bədii sifətlərin - epitetlərin şairin bədii təfəkkür qüdrətini üzə
çıxarmasında oynadığı rolu konkret misallarla izah etməklə, mükəmməl
təşbihlər sistemini bədii zərurət kimi təqdim etməklə, silsilə və təzadlı təşbihlərə
misal gətirməklə, məcazlar sisteminin misraların ovqatına gətirdiyi əhvali -
ruhiyyəni göstərməklə, ağıla sığmayan mübaliğələrin bədii təsir gücünü
açmaqla, hikmətli sözlərin - aforizmlərin zəngin olması səbəbinin ancaq və
ancaq Füzuli dühası ilə bağlılığını göstərməklə bir daha dil, üslub və poetika
məsələlərinə əhəmiyyət verməyin rolunu dilçilərin diqqətinə yönəltmişdir. Mir
Cəlal Füzuli şeirlərinin simasında Azərbaycan dilinin qüdrətli, ahəngdar,
mənalı, varlı dil olduğunu nəzərə alaraq dilçilərimizin tədqiqat işləri
aparmalarını onların nəzərinə çatdırmışdır. O, M.Füzuliyə qədər poetik
düşüncəmizə Şərq poetikasının, sonrakı dövrlərdə və hal-hazırda isə Avropa
poetikasının hakim kəsilməsinin səbəblərini həm də dildə, üslubda axtarır, məhz
poetik dilin texnikası və texnologiyası ilə bədii düşüncəmizin yaddaş kodlarına
körpü salırdı. Təsadüfi deyildir ki, düz 38 il sonra Mir Cəlalın Füzuli üslubu ilə
bağlı dediklərini başqa bir formada, əslində mahiyyət və məzmunu qorumaq
53
şərtilə (lakin Füzuli üslubunun çeşidlərini geniş və əhatəli tədqiq edən) Musa
Adilov yazırdı:
Bu vaxta qədər, məsələn, Məhəmməd Füzulinin (digər
görkəmli klassiklərimizin) dil və üslub xüsusiyyətlərinin araşdırılmamasma
səbəb XVI əsrdə Şərq, hazırda isə Avropa poetikasının (anlayışlarının,
terminlərinin, görüşlərinin) təfəkkürümüzdə hakim olmasıdır.
... Onun (Füzulinin - B.X.) üslubi-poetik xüsusiyyətləri bir vəhdət təşkil edir
və vəhdətdə də araşdırılmalıdır. Nəzərə alınmalıdır ki, klassik türk şeirinin
poetikası yazılmamışdır. Ərəb və fars şeirinə məxsus terminlər və terminoloji
sistemlərlə də kifayətlənmək mümkün deyildir”. Əslində Mir Cəlalın M.Füzuli
nin dil və üslub xüsusiyyətlərinin öyrənilməsi kontekstində tələbi həm də
Azərbaycan dilinin üslubi-poetik xüsusiyyətlərini, bu dilin poetikasını yazmağın
vacibliyini dilçilik görüşləri kimi təqdim edirdi. Məhz Mir Cəlalın M.Füzulinin
yaradıcılığı əsasında bədii dil xüsusiyyətlərini tədqiq etməsi onun dilçilik
görüşünün mühüm mərhələsi kimi xarakterizə oluna bilər.
Mir Cəlal Azərbaycanda ədəbi məktəblərin (1905-1917) ideya-estetik
platformasını, ədəbi metod və üslub özünəməxsusluğunu təhlil edərkən həm də
M.Ə.Sabir satirasının yüz minlərlə oxucu kütləsini dalınca aparmasının səbəbini
hamıya aydın olan söz və ifadələri işlətməsi, onları şeir dilinə gətirməsi ilə
bağlamışdır. Sabirin danışıq dilini şeir dilinə gətirməsini ədəbiyyatda böyük bir
kəşf hesab etmişdir. Bununla da M.Ə.Sabir yüz minlərlə insanla, geniş xalq
kütləsi ilə danışmaq imkanını əldə etmişdir. Mir Cəlal müəllim M.Ə.Sabirin
qəliz ifadələrdən uzaqlaşmasını əsas götürərək yazırdı: “ Sabir şeirindəki dil
sadəliyi, ifadə təbiiliyi heç vaxt məzmun dayazlığından irəli gəlmir. Əksinə,
ideyanın ümumxalq ideyası olmasından, fikrin yüz minlərlə camaata doğma
olmasından irəli gəlir. Sabir bədii dil sadəliyini ayrı-ayrı sözlərlə vermir. Onun
ifadə xüsusiyyəti, üslubu, şeir dili belədir:
Nə soxulmusan araya, a başı bəlalı fəhlə?
Nə xəyal ilə olubsan belə iddialı, fəhlə!?
Buradakı söz, ifadə və tərkiblərin hamısı canlı xalq dilindən alınmışdır.”
Mir Cəlala görə, M.Ə.Sabir şeirimizdə olduğu kimi, bədii dilimizdə də
inqilab yaratmışdır. O, el dilini, canlı danışıq dilini gözəl bildiyinə, klassik
ədəbiyyata və ərəb, fars dillərinə mükəmməl bələd olduğuna görə zəngin söz
ehtiyatına malik olmuşdur.
Mir Cəlal Sabir şeirlərinin cazibədarlığım, canlı və şirin olmasını, oxucuya
doğmalığım onun dilinin təbiəti ilə əlaqələndirir. Onun dilinin təbiətinin canlı
danışıq ifadələrindən ruh aldığı say-seçmə misallarla təsdiq olunur: Söylə
görüm, evlənim evlənməyim? ; Köhnə müsəlmanəm a şirvanlılar! ; Daş qəlbli
insanları neylərdin, ilahi!; Harda müsəlman görürəm, qorxuram ; Fələ, özünü sən
də bir insanmı sanırsan? və s.
Bu işıqlı insanın, görkəmli alimin dilçilik görüşlərinin xarakterik mərhələsi
1963-cü ildə həmmüəlliflərlə birgə Universitetin və Pedaqoji İnstitutların
tələbələri üçün yazdığı “ Ədəbiyyatşünaslığın əsasları ” dərsliyi ilə başlayır. O,
54
burada bədii dil məsələsinə elmi izah verir. Bədii dilə xas olan xüsusiyyətləri,
spesifik cəhətləri göstərir. Bədii dil ilə ümumxalq, eləcə də canlı və ədəbi dil
(mətbuat dili ) arasındakı fərqi dürüst dərk etmək üçün ciddi prinsiplər irəli
sürür. Beləliklə, Mir Cəlal artıq bir ədəbi simanın dilini, üslubunu deyil, konkret
bir ədəbi dilin - Azərbaycan ədəbi dilinin əlamət və xüsusiyyətlərinə əhəmiyyət
verir. Bədii dil barəsində yazır: “Bədii dil bədii əsərlərin dilidir. Həyatı, varlığı
şairanə, bədii bir şəkildə, lövhələr vasitəsilə əks etdirən sənət əsərlərinin dili
bədii dildir. Bu dil, əlbət ki, ümumxalq dilindən kənar, əlahiddə bir dil deyildir.
Canlı danışıq dili, ədəbi dil, bədii dil - hamısı ümumxalq dilinin ayrı-ayrı
şaxələri, məcraları, mənbələridir ” .
Mir Cəlalın fikrincə, Nizaminin:
“Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.”
Füzulinin:
“ Artıran söz qədrini sidqilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.”
misralarında deyilənləri gözləməyən bir əsərin dilinə bədii dil demək çətindir.
Mir Cəlal bədii dilə verilən tələbləri ələmək prinsipi ilə yerinə yetirir, bədii
əsərin dili ilə bağlı aşağıdakı xarakterik cəhətlərə, xüsusiyyətlərə əhəmiyyət
verir:
a) bədii dildə sözlər iki mənada işlənir: müstəqim (əsl) və məcazi (köçürmə).
Sözlərin müstəqim işlənməsində onun məna və məzmununa, musiqisinə, ahəng
darlığına, tələffüz gözəlliyinə, yığcamlığına, bitkinliyinə, fikir dolğunluğuna
diqqət yetirmək lazım gəlir;
b) alınma sözlərin dildə işlədilməsi müəyyən qayda-qanunla bağlı olur və
burada ana dilində olmayan sözləri başqa dillərdən alıb işlətmək məqbuldur;
c) elmin, texnikanın inkişafı ilə bağlı gələn yeni sözləri, şair və yazıçıların
icad etdikləri, yaratdıqları kəlmələri bədii əsərlərdə işlətmək məqbuldur;
ç) arxaikləşmiş sözləri bədii dilə gətirmək olmaz, ancaq müəyyən tiplərin,
qəhrəmanların, eləcə də qədimdən yazılan əsərlərin dilində məhdud şəkildə
işlətmək olar;
d) vulqarizmləri, jarqonizmləri sistem halında bədii əsərə gətirmək səhv olar;
e) provinsializm (məhəlçilik), dialektizm (ləhcəçilik) ayrı-ayrı personajların
dilində istifadə edilməsi mümkün olsa da, şairin və ədibin öz dilində işlətməsi
qüsurludur;
ə) metaforanın (istiarənin), simvolun, alleqoriyanın (təşxisin), kinayənin,
mübaliğənin, litotamn, metonimiyanm, sineqdoxanm - bütün bunların hansının
bədii əsərdə güclü və təsirli rol oynaması barədə qəti hökm vermək çətindir.
55
Burada yaradıcı şəxsin öz biliyi, təsvir etdiyi hadisə barəsində zəngin məlumatı,
sənətkarlığı, təcrübəsi böyük rol oynayır.
Beləliklə, Mir Cəlal bədii dilə verilən tələbləri və prinsipləri dəqiq göstərir,
şairləri, yazıçıları bədii dilin qayda-qanunlarına əməl etmələrinə səfərbər edir,
bu işin nə qədər məsuliyyətli olduğunu onlara anlatmağa və təlqin etməyə
çalışır. Bunu o kəslər edə bilər ki, onlar təkcə ədəbiyyat nəzəriyyəsini, ədəbiyyat
tarixini, ədəbi tənqidi bilməklə kifayətlənməsin, həm də dili - doğma ana dilini,
onun ruhunu, təbiətini dərindən bilsin, böyük pedaqoji təcrübəyə, zəngin elmi-
pedaqoji həyat yoluna, nəcib keyfiyyətlərə qadir olsun. Bunların hər biri Mir
Cəlalın atributları olmaqla onun müasirlərinin və xələflərinin qəlbinə öz
möhrünü vurmuşdur.
Qeyd etmək yerinə düşərdi ki, vaxtilə Cəlil Məmmədquluzadənin publisistik
üslubda yazdığı: “Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə
gedirəm, xəyala cumuram, özümdən soruşuram ki, mənim anam kimdir? ... öz-
özümə cavab verirəm ki, mənim anam rəhmətlik Zəhrəbanu bacı idi. Dilim nə
dilidir! Azərbaycan dilidir. Yəni vətənim haradır? Azərbaycan vilayətidir” fikri
Mir Cəlalın elmi-bədii üslubunun tələblərinə cavab verən prinsipdir, ölçüdür,ən
başlıcası, publisistik düşüncənin alim təfəkkürü ilə elmi düşüncəyə çevrilməsidir.
Mir Cəlal müəllimin dilçilik görüşlərinin yüksək zirvəsi 1973-cü ildə yazdığı
“Klassiklər və müasirlər” kitabı ilə başlayır. Bu kitabda Mir Cəlal müəllim klas
siklərdən müasirlərə və müasirlərdən klassiklərə gedən yolun ədəbi yolçularına -
ədəbiyyat korifeylərinə istiqamət almaqla yenə də ədəbi dil, bədii dil məsələ
lərini unutmamışdır. Ədəbiyyat nəzəriyyəsini, ədəbiyyat tarixini, ədəbi tənqidi,
ümumilikdə ədəbiyyatşünaslığı dilçilik görüşləri ilə vəhdət halına salmışdır.
Mir Cəlal dilçilik görüşlərinin üçüncü mərhələsində klassiklərlə müasirləri
qarşılaşdırmaq yolu ilə bədii dilimizin ayrı-ayrı tarixi dövrlərindəki inkişaf
xüsusiyyətlərinə, quruluşuna, sağlam ənənələrinə, orijinal ədalarına, eyni za
manda qeyri-təbii ifadə formalarına, dili və cümlələri dolaşıq olan sənətkarların
sadə, aydın dildə yazmalarına xüsusi yer ayırır, onlardan tələb edir. Bu tələb-
karlığm içərisində bədii dilimizdən düzgün istifadə edənlərin təbliği ilə yanaşı,
onun imkanlarından yetərincə faydalanmayanların (söhbət yazıçı və şairlərdən
gedir) tənqidi də özünə yer tapır. Bununla da Mir Cəlal dilçilik görüşlərinin
nüvəsini ədəbi-bədii dilin təbliğindən və ondan düzgün istifadə etməyənlərin
tənqidindən ibarət sintez üzərində qurulan notlara bərkidir. “Bədii dilimiz
haqqında” məqaləsində yazır: “Biz Molla Nəsrəddin stilinin sadə, aydın, yığ
cam, bədii nəsr dilinin inkişafında hələ çox az iş görmüşük. Pis mənada tərcümə
təsirləri, süni ibarələr bir sıra yazıçılarımızın dilində hələ də vardır. “Mən qol
çəkmişəm” demək əvəzinə, “mənim tərəfimdən imzalanmışdır” demək kimi
qeyri-təbii ifadə formaları təəssüf ki, bəzən bədii əsərlərdə də özünə yer tapır”.
Mir Cəlal Ə. Haqverdiyevin “Şeyx Şəban” əsərindən bir parça nümunə gə
tirərək qeyd edir ki, burada (nümunə gətirilən parçada) cümlələr sadə və ay
dındır, yeknəsəqlik, yoruculuq, quruluq yoxdur, ifadələr su kimi axır, əsər şirin
oxunur və s. Bununla bərabər, Mir Cəlal oxunuşu çətin olan bədii nümunələri
də diqqətdən qaçırmır, süni, köntöy, dumanlı cümlələri Əbülhəsənin “Dünya
56
qopur” əsərindən misal gətirərək
bu şəklə düşən dil məzmunu açmağa yox,
örtüb dumanlatmağa xidmət edir” fikrini söyləyir. Mir Cəlal klassiklərimizin
maraqlı dialoqları bir vasitə kimi istifadə edərək dil sənətkarlığının zəruri
şərtinə çevirməsinə də əhəmiyyət verməyin vacibliyini Ə. Haqverdiyevin “Mirzə
Səfər” hekayəsindən gətirdiyi aşağıdakı parça ilə təsdiq edir:
- Mirzə, mənim kağızımı yaz, aparım.
- Dayan, bu saat yazaram.
- Bilirsiniz, mən Həsən ağanın qohumuyam!
- Doğrudan Həsən ağanın qohumusan?
- Doğrudan!
- Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
- Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam!
- Deynən, sən öl!
- Sən öl, Həsən ağanın adamıyam...
- Elə isə gəl min mənim boynuma!Neyləyim, Həsən ağanın qohumusan!”
Burada Mir Cəlalın tapıntısı təkcə dialoq, yaxud sənətkarın oxucunu
güldürməyi deyil, həm də sadə və aydın bir dillə daxili, psixoloji gərginliyin
yerində, məqamında oxucuya çatdırılması üslubunu üzə çıxarmasıdır. Bu üslub
da yenə, təbii olaraq dillə bağlı bir məsələdir. Mir Cəlal bu işdə də yaxşı nə
varsa, onu öyrənməyi vacib bilirdi. Ona görə də çox ustalıqla yazırdı: -
“Sənətkarlığın
başqa məsələlərində olduğu kimi, bu məsələdə də biz
klassiklərimizdən öyrənməliyik və özü də dərindən öyrənməliyik” .
Mir Cəlalın dilçilik görüşləri klassikləri tədqiq etməklə başladı və müasirlərə
doğru zəngin bir yaradıcılıq yolu keçdi. Nəticədə özü də klassikləşdi, həm də
müasirlərinin əvəzolunmaz müasiri oldu. Bütün filoloqlar - ədəbiyyatşünaslar,
dilçilər, bütün qələm əhli - şairlər, yazıçılar, bütün ziyalılar Mir Cəlal müəllimi
özlərinin klassiki sayır, həm də onun müasiri kimi hesab edirlər.
İstifadə edilmiş ədəbiyyat
1. Ferdinand de Sössür. Ümumi dilçilik kursu. Bakı: BDU-nun nəşri, 2003.
2. Mir Cəlal. Füzuli sənətkarlığı. ADU nəşriyyatı. Bakı: 1958.
3. Musa Adilov. Məhəmməd Füzulinin üslubu və poetik dili. “M aarif’
nəşriyyatı. Bakı: 1996.
4. Ədəbiyyatşünaslığın əsasları. Bakı: 1963.
5. Mir Cəlal. Klassiklər və müasirlər. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı:
1973.
6. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917). Bakı: 2004.
57
Dostları ilə paylaş: |