Babək adının ana dilimizcə izahı
Yazar: Ağalar QUT
Babəkin anasının adı hansı dilcədir?
Babəkin son sözünün mənası nə olub?
Babəkin bütün cazibəsi – Onun susqunluğundadır. Biz isə bilmək
istəyirik: Babək hansı dilcə susur? Daha doğrusu, Babəkin ana dili hansı dil
olub?
Avropada Babək haqqında ilk elmi məqalənin (“Babək – mənşəyi və
meydana gəlişi”, 1869) müəllifi Gustav L. Flügel Cavidanın Babəklə ilk
görüşünü tarixi mənbədən belə tərcümə edir: “O (Cavidan – A.Q.), onun
(Babəkin – A.Q.) yoxsul yaşayışına və farsca aydın olmayan ifadələrinə
baxmayaraq, dərhal onda idrak kəşf etdi və onun bütün iyrəncliklərdə kəskin
qavrama bacarığı olduğunu gördü” (“Alsbald entdeckte er an demselben, trotz
seiner dürftigen Lage und seines undeutlichen Ausdrucks im Persischen,
Verstand und fand ihn bei allem Abstossenden mit scharfem Sinne begabt”) [1,
s. 540]. İndi isə fars tarixçisi Səid Nəfisinin “Babək” kitabının Ə.Azəri
tərəfindən dilimizə tərcüməsində həmin cümləni oxuyaq: “O (Cavidan – A.Q.)
gördü ki, Babək dili tutula-tutula danışmağına baxmayaraq, İran dilini yaxşı bilir
və zirək, qanacaqlı bir adamdır” [2, s. 8]. Burada alman müəlliflə fars
tarixçisinin tərcümə etdikləri tarixi mənbə bir və eynidir: Məhəmməd ibn İshaq
ibn ən-Nədimin Kitab əl-Fihrist adlı əsəri. Göründüyü kimi, biz növbəti dəfə
tarixi mənbənin təhrif edilməsiylə üz-üzəyik: fars tarixçisi tarixi mətnə
utanmazcasına “Babək İran dilini yaxşı bilir” cümləsini yerləşdiribdir. Elə təkcə
bu fakt – Babəkin fars dilində aydın danışa bilməməsi – Onun fars olması
ehtimalını bəri başdan silib atmağa bəs edərdi. Görünür, Cavidan idrak və
zəkasına heyran olduğu bu gənci, anasına aylıq 50 dirhəm göndərməsi
müqabilində, özüylə Bəzz qalasına aparmağı təklif etməzdən qabaq, Onun farsca
bilib-bilmədiyini də yoxlamaq istəyib və Onu farsca da danışdırıbdır.
Mərhum görkəmli akademik Ziya Bünyadovda isə həmin cümlənin
tərcüməsi gözlənilməz məzmundadır: “Onun (Babəkin – A.Q.) danışığı aydın
olmayıb çətin anlaşılırdı, özü dələduza oxşayırdı” [3, s. 365].
Azərbaycan rəsmi tarixi Babəki müsəlmanlaşdırır və farslaşdırır.
Yeddicildliyin ikinci cildində oxuyuruq: “...öz müsəlman Həsən adını bəlkə də
ilk sasani hökmdarı Ərdəşirin atası mobed Papakın adı ilə əvəz etmiş Babəkin...”
[4, s. 199]. Kimdir axı bu Papak? Adı Pabaq və yaxud Papakan kimi də yazılan
Papak eramızın üçüncü əsrinin başlarında, türkmənşəli Parfiya hakimiyyəti
altında yaşayan farsların İstəxr şəhərində yerləşən Anahit məbədinin başçısı
ikən, şəhərin şahı Qoşirə qarşı qiyam qaldıraraq onu öldürür və Parfiya
hökmdarı IV Artabana məktub yazaraq, İstəxrin şahlığını onun oğluna verməyi
təklif edir. Artaban təklifi qəti olaraq rədd edir. Tezliklə Papak ölür. Bununla da
Papakın tarixdəki rolu sona çatmış olur. Papakın ölümündən sonra oğlu Artaşir
(pəhləvicədən qabaqkı orijinal yazılışda Artaxştra) özünü İstəxrin şahı elan edir
[5, s. 11-12] və sonrakı dövrdə Artaban üzərində qələbə çalaraq, Parfiya
hakimiyyətinə son verir və tarixdə sasanilər adlandırılan imperiyanın əsasını
qoyur. İndi istər-istəməz sorğu doğur: görəsən, Babək nə üçün özünə bir
dövlətin əliqılınclı qurucusu Ardaşirin (Ərdəşir yox!) adını yox, Ardaşirin babası
və sülalənin kötüyü sayılan Sas(s)anın da adını yox, Ardaşirin Roma kralını
cəngdə əsir tutan oğlu və xələfi I Şapurun da adını yox, bir sözlə, Sasan-Papak-
Ardaşir-Şapur məlum dörtlüyü içərisində məhz Papakın – tarixdə bir cümləlik
epizodik rolu olan bir ruhaninin adını özünə götürməliydi?!
Babəkin əsl adının Həsən olması da qətiyyən inandırıcı deyildir. Həsən –
Məhəmmədin nəvəsi, Əli və Fatimənin oğlu olub, şiə imamların ikincisi sayılır.
Yönlü həyat sürmədiyi – 47 illik ömrü boyunca yüz dəfədən çox evləndiyi üçün,
elə “Mitlaq” (“Arvadboşayan”) ayamasıyla çağrılmasından da görünür. Tarixi
ədəbiyyatda o, yüngül həyat tərzi sürən və ağıldankəm bir insan kimi göstərilir
[6, s. 169]. Hansısa siyasi-mənəvi səbəblər üzündən 699-cu ildə zəhərlənərək
öldürüldüyü deyilən Həsənin adı ölümündən cəmi bir neçə onillik sonra
Ərdəbildə doğulan bir uşağa (Babək 700-cü illərin sonlarında doğulub) veriləcək
ad kimi seçilməsi bir sıra şübhələr doğurur. Hansı millətdən olmasından asılı
olmayaraq hansı valideyn, onun ölkəsinə zorla soxulan, əkin sahələrini, mal-
mülkünü, hətta ev-eşiyini də mənimsəyən, dilini və dinini dəyişdirməyə çalışan,
vergini belə təhqir edərək yığan düşmənin adını körpəsinə qoyardı?!
Ümumiyyətlə, xalqın həsənlərə qarşı tez-tez üsyana qalxdığı, həsənlərin isə
üsyanları yatızdırmaq üçün yerlərdə hərbi düşərgələr qurduğu, bu həsənlərin
əlinin altında pullu qulluğa girmək məqsədilə onların dinini qəbul edən yerli
satqınların hələ təkəm-seyrək görüldüyü məkan və zamanda öz uşağına Həsən
adı vermək, özü də kənd yerində, necə qarşılanardı?! 749-cu ildə xilafətdə
hakimiyyətə gələn və sonrakı illərdə Məhəmmədin ailə üzvlərinə qarşı qanlı
düşmənçiliyi ilə ad çıxaran abbasilər sülaləsinin rəhbərliyi dövründə kim öz
uşağına Məhəmmədin nəvəsinin adını verərdi?! Şiəliyə, daha doğrusu onun
ikinci imamının şərəfinə Ərdəbildə körpələrə Həsən adı verilə bilməsi
ehtimalına gəldikdə, Babəkin doğulduğu VIII yüz illiyin sonlarında şiəlik
tamamlanmış, imamları müəyyənləşmiş və s. bir təlim olmaq bir yana dursun,
Azərbaycan və İran coğrafiyasında onun hələ heç adını da eşitməmişdilər.
Ərəbdilli mənbələrdə Babəkin adının “Həsən” kimi yazılışını görkəmli
mərhum filoloq Qiyasəddin Qeybullayev “Əsən” kimi analiz edir. “Əsən” –
dilimizin unudulmuş arxaizmlərindən biri olub, mənası “salamat” deməkdir.
Q.Qeybullayevin fikrincə, Əsən adı ərəb əlifbasıyla səhvən hərəkə ilə yazılarsa,
o, Həsən kimi oxuna bilərdi.
Bizcə, Həsən adının özü Əsən adının ərəbcələşdirilmiş formasıdır. Ancaq
bu ərəbcələşmənin səbəbi yazılışda hərəkə yanlışı olmaya da bilər; belə ki,
dilimizdə nə üçünsə, bəlkə də elə ərəb dilinin təsiriylə, bir sıra adların qabağına
“h” səsi artırılır: Al (anası) – Hal (anası), Umay – Humay və b.
Əsən adı Orta Əsrlər tarixində türk dili arealında geniş yayılmış
adlarımızdan biri olubdur: Qarabağın dağlıq hissəsində xristian albanların Xaçın
knyazının adı Əsən Calal, monqollarda Esen-Buqa, Esen-Teymur, Əsən,
uyğurlarda Asan, Türküstan hakimi Əsən-Buka [7, s. 185-187].
***
Bilindiyi üzrə, Babəkin anasının adı bizə Bərumənd kimi gəlib çatıbdır.
Biz bu adı XIII-XIV əsrlər Avropasında, adı elmə məlum olmayan müəllif
tərəfindən üç dilcə – italyan, fars və kuman (qıpçaq) dilincə – yazıldığı, ya da
üzü köçürüldüyü güman edilən məşhur Codex Cumanicus (Kumanların –
“Qıpçaqların kodeksi”) lüğətində təsadüfən tapdıq.
Bilindiyi üzrə, dilimizdə -mən və yaxud -man sonluğuyla bitən sözlərimiz
vardır: qılman, şişman, köçəbə(n) və s. Codex Cumanicus lüğəti bu quruluşda
sözlərin feilin birinci şəxsin təkində təsrifi (konyuqasiyası) nəticəsində
yarandığını dəqiqliklə göstərir. Ərəbcə hesab edilən və nökər mənası bildirən
“qılman” sözü “qılırman” (qılır mən, qılıram) şəklinin “qılman”a çevrilməsi
nəticəsində yaranıbdır. Görünür, özlərinə qılman (əmr icraçısı) deyən türkdilli
məmluklardan öyrəniblər ərəblər bu sözü: məmluk ərəbcə kölə, nökər deməkdir.
“Şişirmən” (şişir mən, şişirəm) “şişman”a; “köçürbən” (köçər bən, köçərəm)
“köçəbə”yə çevrilibdir və s.
Hunqar (macar) alimi Comes Céza Kuun Codex Cumanicus lüğətində
“salam berümən – salam verirəm”, “amanat berümən – əmanət verirəm” kimi
misalları verməklə yanaşı, “berirmən” (verirmən) sözünün qısalaraq “bərümən”
şəklinə çevrildiyini də açıq göstəribdir [8, s. CXI]. Məşhur Wilhelm Radloff isə
həmin lüğətdə “tanuqluq bərümən” kimi verilən feilin “tanıqlıq bərimən”
(tanıqlıq berirmən, şahidlik edirəm, təsdiq edirəm) olduğunu yazıbdır [9, s. 71].
Beləliklə: Codex Cumanicus lüğətinə bərümən kimi düşən söz ana
dilimizin vermək feilinin I şəxsin təkində təsrifidir və “verirəm” deməkdir. Ad
kimi isə Berümən (verirmən, verirəm) – verən, daha doğrusu, bar verən, pay
verən deməkdir. Bu söz dilimizdə qalmış olsaydı, qılman, şişman, köçəbə(n)
kimi sözlərimizin cərgəsində dayanıb, indiki fonetikayla “vermən”, “verimən”
və yaxud “verəmən” kimi səslənəcəkdi. Farscaya keçərək “bərumənd”ə dönən
bərümən sözümüz elə farscada da bərəkətli, məhsuldar, bəhərli deməkdir.
Göründüyü kimi, farscada sözün quruluşu azacıq dəyişsə də, özül mənası olduğu
kimi qalıbdır.
Beləliklə: Babəkin anasının adı (Berümən, Verimən, Verəmən) qətiyyən
fars adı olmayıb, təmiz qıpçaq adıdır.
***
“Babək” adı iki bölükdən (komponentdən) ibarətdir: “baba” və “k”
bölüklərindən.
Başlayaq baba sözündən.
Baba sözünün kökü aba sözüdür, sonralar önü “b”ləşərək “baba”ya
çevrilibdir. “Aba” sözünün “baba”laşması mövzusunda aşağada geniş
danışacağıq. İndilik sözün “aba” kökü üzərində dayanmalıyıq.
Aba sözü istər indiki danışıq dilimizdə, istər dilimizin keçmişində, istərsə
də dilimizin tatarca, çuvaşca, başqırdca və başqa bu kimi qohum dialektlərində
aba, əbə, əpə, apa, ava, abi, abla, abay, apay, abay, apaq və s. kimi formalarda
tuş gəldiyimiz sözdür.
İzahlı lüğətimizi hazırlayanlar aba sözünün iki mənasını – ata və bacı
mənalarını göstərib, habelə bu sözün hörmət üçün yaşca böyük qadına da
deyildiyini bildiriblər [10, s. 27]. Əbə sözünün mənasını isə “mama(ça)” deyə
göstərsələr də [11, s. 53], gündəlik danışıqda “əbəjdad” kimi deyilən sözün
“əbə-əcdad” olduğunu anlaya bilmədiklərindən onu lüğətə salmayıblar.
Gədəbəy, Quba, Ordubad, Zəngilan dialektlərində aba ata deməkdir.
Qubalılar belə deyirlər: “Bizdə hindi aba çox işdəmiyədü, ata diyəduğ.”
Zəngilanlılar belə deyirlər: “Abam taxıl biçiydi.” Gədəbəylilər deyirlər: “Abam
bi:lləri də kö:nə biniyə aparajax bizi, de:səŋ.” Cəbrayıl, Qax, Təbriz və Şəmkir
dialektlərində isə aba ana deməkdir. Qaxlılar belə deyir: “Mən abamı görmağ
isti:rəm.” Təbrizlilər belə deyir: “Biz aba di: rux anıya.” Şəki, Qax, Çənbərəkdə
abay – arvad, xala, bacı deməkdir [12, s. 11]. “Əbə” sözünü zəngilanlılar ata,
lənkəranlılar ana, Böyük Qarakilsəlilər isə nənə mənasında işlədirlər [yenə
orada, 154]. Cəlilabad, Lerik, Yardımlı, İmişli, Sabirabad, Zəngilanda əbəçi
mama(ça) deməkdir: “Əbəçi oley beysavad, doxdır olanda deyeylər mama”
(Cəlilabad) [yenə orada, 154]. Qərbi azərbaycanlılar aba // ava sözünü ata
mənasında söyləyirlər: “Ay ava, anam səni çağırır” [13, s. 20].
Habelə dilimizdə el arasında işlənilən, qadının qadınlıq yeri mənası
bildirən “apış arası” (əbəlik arası) söz birləşməsi də var. Bu söz birləşməsi də
izahlı lüğətimizə salınmayıbdır. Abı, Appa, Əpiş kimi kişi adlarımız, bəy, baba,
əprimək (qocalmaq) kimi sözlərimizin də mənşəyində əbə ~ aba ~ apa ~ əpə
sözü dayanır.
Bilgə xaqan və Tonyuquq xaqan abidələrində bir neçə dönüm (dəfə) “apa
Tarxan” ifadəsinə tuş gəlirik. Görkəmli türkoloq S.E.Malov da buna diqqəti cəlb
edibdir. G.J.Ramstedt-in fikrincə, “tarxan” – müəyyən imtiyazlarla istefada və
yaxud təqaüddə olan məmurun bəylik, aristokratlıq kimi fəxri statusu, rütbəsi idi
[14, s. 64]. Yeri gəlmişkən, Babəkin sağ əli sayılan Tarxanın adı, onun şəxsi adı
yox, statusu və yaxud rütbəsi də ola bilərdi.
Göltikin və Bilgə xaqan abidələrində bu söz “apam // əpəm Bumın kağan,
İstəmi Kağan” kimi dönə-dönə qarşımıza çıxır.
Bundan başqa, skitlərdə yer – bar verən ana kimi torpaq – ilahəsinin adı
Api ilə əbə ~ aba ~ apa ~ əpə arasında uyğunluq linqvistik baxımdan sözsüzdür.
Mahmud Kaşqari də aba sözünün oğuzlarda ana, tibetlilərdə isə ata
mənası bildirdiyini yazıbdır [15, s. 86]
Dilimizə qohum dialektlərdə də bu sözlə gen-bol tuşlaşırıq. Tatarcada apa
– böyük bacı, hörmətli xanım deməkdir [16, s. 29-30]. Çuvaş dilində apay
mənim anam, mənim qaynanam, ərimin böyük bacısı, nənəm [17, s. 51], api
anam, appa məndən böyük bacım deməkdir [yenə orada, 53]. Uyğurcada apa
anaya, böyük bacıya və xalaya deyilir [18, s. 14]. Başqırdcada apay bacı və xala
deməkdir [19, s. 11]. Qırğızcada aba əmi, böyük qardaş; apa ana, böyük bacı,
xaladır [20, s. 17, 60]. Türkiyəlilərin abi (böyük qardaş), abla (böyük bacı)
sözləri də əbə ~ aba ~ apa ~ əpə sözünün variantlarıdır. Radloff Krım
qaraimlərinin dilində “əpə” sözünün “ana” mənasında işlənildiyini yazır.
Müəllifin verdiyi məlumata görə, bu söz yaşlı qadınların adlarına, sözgəlişi,
“Mirəm əpə”, “Sar əpə” kimi artırıldıqda “xala” mənası bildirir [21, s. 919].
Hunqar (macar) dilində də apa ata deməkdir.
Dilimizin məşhur etimoloqu, ingilis poliqlotu Gerard Clauson aba
sözünün apa // əbə // əpə variantlarını və aşağadakı mənalarını göstərir: cədd
(əcdad), baba, nənə, ata, ana, əmi, bibi, yaşca böyük qardaş, yaşca böyük bacı,
mamaça. Clauson yazılı mənbələrdə “Oğuz əbə”, “əbəm köməci” (bizdə
əməköməci) ifadələrini və Çin qaynaqlarında “ali baş komandan” kimi izah
edilən “Apa Tarxan” tərkiblərini misal kimi verir [22, s. 5].
Aba (əbə, əpə, apa) sözünün bir yandan ana, nənə, bibi, bacı və b. kimi
qadınlıq mənaları, o biri yandansa ata, baba, kişi, qardaş və b. kimi kişilik
mənaları bildirməsi, necə deyərlər, “ikicinsiyyətliliyi” bayaqdan gözə çarpır.
Bunu izah etməliyik.
Tarixin, dünyagörüşün, eləcə də dilin başlanğıcında, o sıradan, sözlərin
mənasında feminin (dişi) mərhələnin və prinsipin ilkinliyi qaydasına söykənərək
belə deyə bilirik: sözlərin, xüsusilə də qohumluq bildirən sözlərin feminin
mənaları ilkin və daha əski, maskulin (ərkək) mənaları ikinci və gəncdir. Misal
üçün, etimolojik prototürkcə səviyyəsində kür // hür sözü qadınlıq, dişilik, qızlıq
bildirərkən, XI yüzillikdə yazılmış Qutadqu Bilikdə artıq ər(ən)lik, alplıq, kişilik
bildirir. “Kişi” sözünün ilkin forması “kisi” olub, qadın mənası bildirirdi, o,
ancaq patriarxatda “kişiləşdi” [22, s. 749].
Etimolojik analiz də bunu təsdiq edir. Sözün etimolojik dərinliyinə ən çox
enən hunqar türkoloqu Hermann Vámbéry olubdur. O, əb sözünün “ək(mək)”,
“iki(lik)”, “əkiz” və “əş” (tay, dost, rəfiqə) kimi mənalar bildirdiyini yazır [23, s.
29-30].
Doğrudan da “iki” sözünün daha əski yazılışının “əki” olduğuna
söykənərək əb sözünü əymək (< əkmək < əgmək), daha doğrusu, üstünə
qatlamaq kimi əymək (ək = iki) sözü ilə, onu isə öz növbəsində ikiləmək
(ikiləşdirmək, cütləmək) sözüylə doğma saymaq mümkündür: əb – əy (ək, əg) –
iki. Türkməncənin “abanmaq” (üstünə əyilmək), bizim “hoppanmaq” və başqa
bu kimi sözlərimizin kökündə də həmin bu əb kökünün dayanması mümkündür.
Belədə, əb(ə) – cütlənən, təkdən cütə çevrilən, ikiləşən, başqa sözlə, bar verən
(berən), daha başqa bir sözlə, doğandır.
Vámbéry-dən başladığımız yolda bir addım da irəliləyək. Bilindiyi kimi,
matriarxatik dövrdə ailə matrilokal idi – ər arvadın yanına köçdüyündən uşaqlar
ananın himayəsində və yiyəliyində olardı; uşaqlar ananın evində böyüyər, onları
ana böyüdərdi. İndi “ev” kimi tələffüz etdiyimiz sözümüzün əski abidələrimizdə
“əb” kimi yazılmasına söykənərək, biz “əb” (ev), “əppək” (çörək), “yapmaq”
(çörək yapmaq) sözlərimizi, habelə “əmmək”, “əmcək”, “am-...”, “ana”
sözlərimizi də əbə ~ aba ~ apa ~ əpə kontekstinə salmaq tərəfdarıyıq. İndiki
dilimizdə “evlənmək” kimi səslənilən sözümüzün əslində “əblənmək” (qadın
yiyəsi olmaq) olduğu qənaətindəyik. Uzun yolun kəsəsi, “əbə”nin ilk cinsiyyəti
qadın olubdur.
Türkistikadan xəbərsiz bir sıra avropalı dilçilər əski yunanca ata mənası
bildirən pappas (πάππᾱς) sözünün; atanın atası – baba mənası bildirən pappos
(πάππος) sözünün; ata mənası bildirən abba (ἀββᾶ) sözünün; latınca ata mənası
bildirən abba(s) sözünün; İncildə allaha xitabən söylənilən “abba” sözünün;
katolik kilsəsi terminologiyasında abbat, Papa kimi sözlərin və s. semit dilləri
ailəsinin üzvlərindən biri olan qədim aramey dilindən keçdiyini güman edirlər
(arameycədə aba sözü ata deməkdir). Bu, savadsız və yanlış gümandır. Birincisi,
aba sözü aramey dilinin öz sözü o səbəbdən ola bilməz ki, arameycədən daha
qədim dil olan sumercədə kişi, kişilik, ata, qardaş mənaları bildirən pab sözü
[24, s. 72]; ata mənası bildirən “pa” sözü [yenə orada, s. 71]; fəxri titul kimi ata,
elmdə və sənətdə təcrübəli kişinin rütbəsi kimi ata, bani, qoca kişi mənaları
bildirən ab sözü vardı [yenə orada, s. 4]. Dilçilikdə belə faktlar təsadüf sayılmır.
İkincisi, dilimizin məlum leksikoqraf və etimoloqlarından (M.Kaşğari,
W.Radloff, H.Vámbéry, A.v.Gabain, E.Sevortyan, G.Clauson və b.) heç biri əbə
~ aba ~ apa ~ əpə sözünü və buradan yaranan baba sözünü hansısa bir dildən
alınmış bir söz saymayır, əksinə, onun etimologiyasını türk dillərinin
materiallarıyla izah edirlər. Üçüncüsü və ən başlıcası, bu söz arameycədə və
eləcə də sumercədə, ardından ərəbcədə (əbu – ata; əxi – qardaş; əbəveyn –
valideynlər, əmu – əmi), farscada (ahıl – qoca kişi), yunancada (abba) və b.
dillərdə, demək olar bütün hallarda, “kişicinsli” mənalar bildirdiyi halda,
türkdilli arealda “ikicinsli” olub, ana, nənə, bibi, bacı və b. kimi feminin mənalar
da bildirməsi, onun bizdən başqalarına keçməsinin başqa bir sübutudur. Sözün
feminin (dişi) semantikası, yuxarıda da dediyimiz kimi, həmişə daha ilkin və
daha əski olduğu üçün.
***
Sözün önünün “b”ləşməsinə gəldikdə.
Alman paleolinqvisti Richard Fester “Daş dövrünün dili: insanlığın ilk altı
sözü” adlı əsərində yüzdən çox dil üzərində axtarışlar apararaq, bütün dünya
dilləri üçün altı ən qədim söz, daha doğrusu, səs (arxetip) müəyyənləşdiribdir.
Bu səslərdən biri və birincisi “ba” səsidir. Fester “ba” səsinin tezliklə “ab”
formasına da çevrildiyini, buradan “aba”, “ama”, “ana”, “baba” sözlərinin,
“baba” sözündən isə “papa” və “mama” kimi sözlərin törədiyini yazır [25, s.
55]. Bizim üçün isə burada ən başlıcası – baba sözünün aba sözündən
yaranmasının paleolinqvistikanın qaydalarına zidd olmaması, paleolinqvist
tərəfindən söylənməsidir.
Türk dillərinin ən iri tutumlu etimologiya lüğətini yazan Ervand
Sevortyan “apa” və yaxud “aba”nın ancaq kişicinsli mənalar bildirən “baba” və
yaxud uzun saitlə tələffüz edilən “ba:ba”ya çevrilməsini çox sonrakı – patriarxat
– dövrün, oğuz-uyğur və müəyyən dərəcədə də qıpçaq məhsulu sayır [26, s. 56].
Ancaq bu, yanlışdır. Sözün “p”li (“b”li) forması ta sumercədə “pab” sözü kimi,
qədim yunancada “pappos” sözü kimi artıq vardı. Sonralar kilsənin rəsmi
dilində, ilk hecası uzadılaraq söylənilən “Pa:pa” kimi, Avropa dillərində “papa”
kimi işlənilən bir söz dilimizin XI yüz illikdən sonra oğuzcalaşmasıyla yarana
bilməzdi; əksinə, göründüyü kimi, ondan çox-çox qabaq bu söz vardı, məsələn,
xristian Qafqaz albanlarının dilində [27, s. 99].
Ola bilsin, sözün mənasında gedən “kişiləşmə” ilə önünün “b”ləşməsi bir-
birinə bağlı hadisələrdir. Aba, əbə, əpə, apa sözlərinin istər bizim dilimizdə,
istərsə dilimizə qohum dialektlərdə “ikicinsiyyətli” olmasına baxmayaraq, “b”li
variantının – “baba”nın – ancaq “kişicinsli” olması bu ehtimalımızı gücləndirir.
Dilimizdə “b” səsinin sözlərin önündən düşməsiylə və yaxud oraya
artırılmasıyla semantik fərq yaranmır. Məsələn, bolmaq-olmaq, bermək
(vermək)-ermək, ülüşmək-bölüşmək və s. Dədə Qor Qut dastanında oxuyuruq:
“Kafir dəxi düşübən bir yerdə aqça ülüşməkdəydi” (...bölüşməkdə idi – A.Q.)
[28, s. D72
3-4
]. Misalları çoxaltmaq mümkündür.
İstənilən halda “Babək” adındakı “baba” sözünün kişilik mənası
bildirməsi sözsüzdür; Babəkin yaşadığı, patriarxal dünyagörüşün artıq çoxdan
oturuşub bərkimiş olduğu dövrdə nə O, özünə feminin məzmunlu ad götürər, nə
də xalq ona belə ad verərdi.
***
Biz təkrar etmək istəyirik: avropalı türkoloqların heç biri nə “baba”nın, nə
də onun kökü “aba”nın (əbənin və s.) başqa dillərdən türk dillərinə keçdiyini
söyləyirlər. Beləliklə, biz ana dilimizin ərazilərindəyik.
Ancaq burada bizə belə deyilə bilər: “Babək adının ilk bölüyü “baba”
sözünün kökü “aba” sizin ana dilinizdən başqa dillərə (sumercəyə, arameycəyə,
ərəbcəyə, əski yunancaya, latıncaya və bəlkə başqa dillərə də) keçmiş olsa belə,
bu, çoxdan tarixin dərinliyində qaldığından Babəkin ana dilinin
müəyyənləşdirilməsi üçün disfunksionaldır; Babək yaşadığı dövrdə
Azərbaycanın o vaxtkı ərazilərində belə bir beynəlxalq (nostratik) sözdən fars
da, talış da, kürd də, ləzgi də özünə ad düzəldə bilərdi və deməli, Babək adının
mübahisəliliyinə yenə də son qoymaq mümkün olmur.” İndi nə etməli?
Belədə, biz adın ikinci bölüyünə – “k” sonluğuna üz tutmalıyıq.
Dilimizdə şəkilçilər hansısa müstəqil sözün qalığıdırlar. Yüz illiklər
ötdükcə söz birləşmələrində sözlər bir-birinə bitişir, ikinci söz ya şəkilçiləşir, ya
da özündən qabaqda dayanan sözə birləşərək yeni söz görünüşündə müstəqil söz
yaradırlar. Dilçilikdə buna kontominasiya (sözlərin bir-birinə girib
qaynaqlanması nəticəsində yaranan daralma, qısalma, bitişmə) adı verilir. Biz
bir çox hallarda indi şəkilçi bildiyimiz sözün hansı sözdən qalma olduğunu
kəsdirə bilmirik. Tək-tük hallarda bu, mümkün olmaqdadır. Sözgəlişi, sumercə
“ne” sözündən yaranan “necə” sözü “nə dəng” (nə tək) sözündən törəyibdir,
başqa sözlə desək, “nə” və “dəng” sözlərinin kontominasiyasından yaranıbdır:
nə dəng > nə dəg > nə təg > nə tək > nitək > netək > necə. Bu proses yenə də
davam edir: bir sıra hallarda, xüsusilə şeirlərdə, “necə” əvəzinə “nec” yazıldığını
görürük, məsələn, “necoldu” kimi. Ümumiyyətlə, dildə permanent qısalma adi
haldır: edəgin > edək; bilməyir > bilmir; yazacağam > yazacam.
Babək adı da kontominasiyadan (sözlərin bir-birinə qaynaqlanmasından)
yaranan addır. “Baba” sözünə qaynaqlanıb “k” sonluğuna çevrilən söz “dəng”
sözüdür. Beləliklə, biz indi adın ikinci bölüyü – dəng sözü üzərində
dayanmalıyıq.
“Əsli və Kərəm” dastanımızda oxuyuruq: “Ağ qovaq qız, yürü bəyinin
dəngi, Şah İsmayılın yarı Ərəbzəngi, Leyla da bir zaman Məcnunun dəngi,
Onlara da imdad olan olmadı” [29, s. 29]. “Leyli və Məcnun” dastanımızda
oxuyuruq: “Kimsə ərənlərin dənginə yetməz” [yenə orada, s. 256]. M.P.Vaqif
deyir: “Yarın tər məməsi, sinə haçası, Çin mülkünə vеrməm saçının dəngin.”
Verilən misallardan da anlanacağı kimi, dəng sözü əvəzlik, oxşarlıq,
tənlik, “kimilik”, “qədər”lik kimi mənalar bildirir. Qazaxıstanın pul vahidi təngə
sözü; türkiyəlilərin tarazlıq mənasında işlətdikləri dəngə sözü; izahlı lüğətimizdə
mənası “pul, var-dövlət” deyə göstərilən tanqah sözümüz [30, s. 264] həmin bu
dəng sözüdür. Dəng (təng) sözü anadangəlmə ana dilimizcədir. Bunu inkar edən
türkoloq olmayıbdır. Onun çincədən alınma olmasına dair şübhələr də əsassızdır
[22, s. 511].
Bizim görüşümüzcə, dəng sözü dəgmək (dəymək, gedib çatmaq) feilinə
qohumdur. Tutaq, kimsə “O, buna dəyməz” dedikdə, “O, bunun dəngi (təni)
deyil, tutuşdurası olsaq, o, gedib onun boyuna və yaxud dibinə çatıb dəyməz”
demiş olur.
Dəng sözündən törəmiş müstəqil leksik vahidlərə gəldikdə isə dəyər, tən,
tək (kimi), tək (dib) sözləri göstərilə bilər.
(“Dəng olmaq”, “dəng etmək” mürəkkəb feillərində gördüyümüz,
diksinmək, qorxmaq, heyrətlənmək kimi səbəblərdən yaranan həyəcan halını
bildirən dəng sözüylə, əvəzlik, oxşarlıq, tənlik bildirən dəng sözümüz bir-birinə
qarışdırılmamalıdır.)
Biz ŋ (ng) sonluqlu dəng sözünün iki yolla kontominasiya edərək müstəqil
sözlərə çevrildiyini və yaxud şəkilçiləşdiyini müəyyən edə bilirik:
Bir dəfə sözün “g”si düşərək aşağadakı keçid yaranır: dəng > dən > tən
(tan) > -cən, -can > -cə, -ca > -c > -ş. Bu qol üzərində Baban, Babac, Babaş
quruluşlu adlar yarana bilər.
O biri dəfə isə sözün “n”si düşərək belə bir keçid yaranır: dəng > dəg >
dək > tək > -g, -k, -q > ş. Bu qol üzərində isə Babag, Babak, Babaq, Babaş kimi
adların yaranması mümkündür.
Belə iki ayrı qoldan, iki ayrı səpkidə gedən qısalma saŋ (sang) sözünün də
başına gəlib: söz haçalanaraq bir yandan san, sanamaq kimi, o biri yandansa say,
saymaq kimi müstəqil sözlərə çevrilərək öz yoluna davam edibdir.
Dəng sözü qaynaqlanarkən onun “g”si düşürsə, o, ilkin “tən” sözünə,
ardından da “n” şəkilçisinə çevrilir, nəticədə “Baban” adı meydana çıxır. Bu,
tarixi qaynaqlarda adın Baban kimi yazılışının səbəbidir: baba tən > Baban. Sırf
filolojik baxımdan “Baban” da doğru variantdır. Elə indi də danışıq dilimizdə
“k”li “axşamadək” formasıyla yanaşı, “n”li “axşamatan və yaxud “axşamacan”
formaları işlənilməkdədir. Bu, dəng sözünün iki cür qısala bilməsindəndir:
yuxarıda da göstərdiyimiz kimi, o, ya -dək, -tək formasında, ya da -tan, -can
formasında qısalır. Üstəlik, adın “Baban” forması adda “baba” kökünün
dəyişilməz qalan bölük olduğunu bir də təsdiqləmiş olur.
Dəng sözünün iki cür qısala bilməsinə başqa bir misal kimi biz ərdən
sözümüzü göstərə bilərik. Əski dilimizdə ərdən bakirə demək idi. Bu sözün də
etimologiyası indiyədək verilməyibdir. Ərdən sözü də ər və dəng sözlərindən
yaranıbdır. Eynilə “Baban” adının yaranmasındakı kimi dəng sözü ər sözünə
bitişərkən sondakı “g” səsini itirərək “dən”ə çevrilib, buradan da ərdən sözü
doğulubdur. Ərdən (ərtən) – indiyədək yatılmadığı üçün ər kimi qadın, kişi
xeylağı kimi qadın, ər(kək) tək qadın deməkdir.
Dəng sözünün “n”si düşdükdə isə təg və yaxud tək sözü yaranır, bunlar da
öz növbəsində “baba” sözünə bitişərkən “g” və yaxud “k”yə çevrilirlər; nəticədə
“Babag”, “Babaq” və yaxud “Bəbək” kimi adlar meydana çıxır.
Ərəb dilində gecə, göy, gümüş kimi sözlərimizdəki “g” səsi, qar, qor, qızıl
kimi sözlərimizdəki “q” səsi, köp, keçə, kəsər kimi sözlərimizdəki “k” səsi,
əlifbasında isə bu səsləri bildirən hərflər olmadığından, ərəblər bu adı nə Babag,
nə Babaq, nə Bəbək, nə də Babək kimi yaza bilərdilər. Ancaq iki cür yaza
bilərdilər: ya bizim qar, qor, qızıl kimi sözlərimizdəki “q” səsindən daha qalın,
“ğ” səsinə oxşar səs verən “qaf” (ق) hərfiylə, ya da klub, kart, kolbasa
sözlərindəki “k” səsindən daha yumşaq səs verən “kəf” (ك) hərfi ilə. Ərəblər
ikinci variantı seçiblər: adı kəf hərfiylə yazıblar: ﻚﺑﺎﺑ Bu yazılışınsa bir neçə cür
oxunuşu mümkündür: Babak, Bəbək, Bəbik, Babək və b. Ancaq unutmayaq: bu
oxunuşlarda sondakı hərf nə “klub”un “k”sı, nə də “keçə”nin “k”sidir.
Azərbaycan tarixşünaslığında bu adın nədənsə “Babək” kimi oxunuşuna
üstünlük verilib, indiyədək elə də qalıb. Bu, düzgün oxunuş deyil.
Avropa tarix kitablarında adın ilk hecasının uzun oxunduğunu bildirmək
üçün onu ya Bābek, Ba̱bek və Bâbek kimi, ya da eləcə Papak və yaxud Babak
kimi oxuyub yazırlar. Bir sıra avropalı müəlliflərdə bu adın ilk hecasının
uzadılması zərurətinə inam ərəbcədə “baba” sözünün ilk hecasının uzadılaraq
“baaba” kimi səslənməsindən irəli gəlir. Təəssüf, biz özümüz də “baba”
sözümüzü qısa “a”larla səsləndirdiyimiz halda, “Babək” adını uzun “a” ilə,
ərəblər kimi çağırırıq: “Baabək”. Bu, yanlışdır.
Dədə Qor Qut dastanında oxuyuruq: “Baybörə bəg, nə ağlayub
bozlarsan?” Baybörə bəg aydır: “Xan Qazan, necə ağlamayayın, necə
bozlamayayın? Oğulda ortacım yoq, qardaşda qədərim yoq! Allah Taala məni
qarğayıbdır. Bəglər, tacım-taxtım içün ağlaram. Bir gün ola, düşəm öləm,
yerimdə-yurdımda kimsə qalmaya”, - dedi” [28, s. D67
13
-D68
1-4
]. Biz Dastandan
seçdiyimiz bu misalı “ortaq” sözümüzün “ortac” kimi də səslənə bildiyini
göstərmək üçün verdik.
Dədə Qor Qut dastanımızda Dədə, buğanı öldürə bildiyi üçün Dirsə xanın
oğluna Buğac adı qoyur. Buğac adı buğa və dəng sözlərindən teorik-filolojik
baxımdan başlanğıcda Buğag kimi yaransa da, gündəlik danışıqda Buğaq kimi
səslənib. Buğac ya da Buğaq (Buğag) – buğa kimi, buğaya oxşar, buğa tək,
buğaya tən, bir sözlə, buğa dəngi deməkdir. İndiyədək anlanmadan qalan
“buxaq” sözümüzün də ilkin forması “buğaq”dır; buxaq sözünün mənası –
insanın çənəsi ilə boğazı arasındakı ətin buğalardakına oxşar formada
sallanmasıdır. Buğac (Buğaq) adı isə Babək adının quruluşca büsbütün eynisidir.
Biz Buğac (Buğaq) adını tapmaqla özlüyündə Babək adının orijinal formasını
əldə etmiş olduq: Babaq.
Babaq sözü quruluşunda dilimizdə sözlər çoxdur: anaq, ataq və b.
H.Vámbéry cığataycada ata əvəzi mənası bildirən ataq sözünü göstərir [23, s.
24]. M.Kaşqarinin lüğətində anac – ana kimi olan, ana kimi sevilib, hörmət
edilən; əkəc – böyük bacı kimi sevilib, hörmət edilən; atac – xalqın atası kimi
davranan deməkdir, məsələn, “atac oğul” [15, s. 52].
Nənə-baba (əcdad) kultunun icrası kimi bəzən valideynlər atalarının,
analarının, nənələrinin, babalarının adını körpələrinə qoyur, sonra onları
əzizləyici formada
Ataş, Anaş, Nənəş, Babaş deyə çağırırlar. Əslində bu adlar,
həmin sırayla, Ataq, Anaq, Nənək, Babaq adlarıdırlar. Sonralar Ataş, Anaş,
Nənəş, Babaş adlarının özləri müstəqil adlara çevrilərək, adların orijinallarını
(Ataq, Anaq, Nənək, Babaq) unutdururlar. Bu adların “ş”li forması ən gənc
forma olduğu kimi, onların nəvaziş və kiçiltmə mənası da ən gənc mənadır. Bu
sözlər başlanğıcda nəvaziş və kiçiltmə bildirmək məqsədi üçün yaranmayıblar:
bunu əvəzlik, oxşarlıq, tənlik bildirən dəng sözünün mənası; qədim yazılı abidə
və lüğətlərimiz; və nəhayət, sözlərin tarixi semantikası göstərir. Ataş, anaş,
nənəş, babaş kimi adlardakı nəvaziş və kiçiltmə bildirən mənalar – sözlərin əsas
mənasına sonradan qoşulan ikinci dərəcəli belə mənalar – konnotativ mənalar
adlandırılır. Beləliklə, indiki Babaş adı nəvaziş və kiçiltmə çalarları bildirsə də,
Babək (Babaq) adında bu mənalar yox idi. Bir də axı Babək adı nəvaziş və
kiçiltmə mənası bildirə bilərdimi, O, nəvaziş ediləcək, kiçildiləcək şəxs idimi?!
Yuxarıda bir neçə dönüm gördüyümüz üzrə, sözün əpə, apa və s. kimi
“p”li yazılışları da vardır. Bu, Babək adının tarixi qaynaqlarda bəzən Papak kimi
də yazılışının səbəbini izah edir. Başqa sözlərlə desək, adı Papak kimi
səsləndirdikdə, sözün nüvəsinə (apa ~ aba) zərər vurulmadığından, adın
məzmununda dəyişiklik baş vermir. Üstəlik, sait səslərin harmoniyası
baxımından, “Papak” adı “Babək” kimi oxunan addan daha düzgündür. Ailənin,
tayfanın, nəslin və s. başçısının (matriarxatda nənənin, patriarxatda babanın)
görünüşcə də başqalarından yekə və üstün görünməsi üçün papaq qoyardılar.
Hündür taxtda oturmağın da, yekə tac, uzun şişpapaq qoymağın da və s.
psixoloji məqsədi budur. Bu analiz bizə indiyədək izah edilmədən qalan “papaq”
sözümüzün də etimologiyasını verir: “papaq” sözü “babaq” sözündən
yaranıbdır, o, ailənin, tayfanın, nəslin ağsaqqal yiyəsi kimi babanın bəlgəsidir.
Elə indi də bizim kulturada papaq başı soyuqdan, ya da gündən qoruyan təkcə
baş geyimi yox, həm də namus, heysiyyət, şərəf rəmzidir. Görünür, Babəkdən
qabaq babaq (eləcə də papaq) sözü dilimizdə olub, Babək onu adlaşdırıbdır.
Babək xalqımızın papağıdır! Ola bilsin, o dövrdə xalq Onu namus, heysiyyət,
şərəf mənasında Papaq kimi də çağırırdı. Beləliklə, Buğac adı kimi, papaq sözü
də quruluşca Babaq (Babək) adının ən yaxın doğmalarından biridir.
Bununla Babək adının ikinci bölüyünün də sırf ana dilimizcə olduğu üzə
çıxmış oldu. Eyni məntiqlə yaranan və eyni quruluşda olan ataq (atac), anaq
(anac), ortaq (ortac), əkəc, Buğac kimi misallardan görünən budur: bu ad
xronoloji sırayla Babag, Babaq, Babac, Babaş kimi səslənə bilər. Bu ad o vaxtı
Babac kimi səslənsəydi, ərəblər onu gim (ج) hərfiylə, Babaş kimi səslənsəydi şin
(ش) hərfiylə yaza bilərdilər. Kəf (ك) hərfiylə yazıblarsa, deməli, bu ad o dövrdə
danışıqda Babaq kimi səslənirdi. Babaq adının mənası – babaya tən, baba tək,
babaya dəyər, baba əvəzi, baba kimi, babaya oxşar – bir sözlə, baba dəngi
deməkdir.
“Xürrəmi” adının “kürləmə // hörləmə olduğunu, Babəkin sözün
farscadakı mənasıyla şad-xürrəm (şən, firavan) yox, ümumtürk tarixindən
tanıdığımız Uyğu Şad, Işbara Tolos Şad, Təkin Şad, Börü Şad kimi şad titulu
daşıdığını, ancaq bu mənada şadi-xürrəm (xürrəmilərin şadı) olduğunu biz artıq
yazmışıq.
Kürləmə-hörləmə (xürrəmi) adı düşmən – islamçı işğalçılar üçün
seçilmişdisə və nə qədər söyüşlü, nifrət, ikrah saçan məzmunu varsa, Babaq adı
düşməni kürləyənlərə-hörləyənlərə – xalqa ünvanlanmışdı və bir o qədər
doğmalıq, sevgi, şəfqət bildirirdi. Kim bilir, bəlkə də bu adı xalq özü Ona
vermişdi. Babaq adı altında birləşən xalq türkməncənin əvəzedilməz sözüylə
desək, babadaş olur, bütövləşib vahid Papaq altında dayanırdı.
Babaq (Babək) adı Dədə Qor Qut dastanında da yaşayır. Dastanda
təpəgözün öldürdüyü oğuz igidlərinin adları sadalanır, onlardan biri “Dəmir
donlu Mamaq”dır: “Dəmür donlı Mamaq” [28, s. D218
12
-219
13
]. Dilimizdə “m”
başlanğıc səsi deyildir, o, bir qayda olaraq, “b” səsinin dəyişməsidir: bən > mən;
bin > min; binmək > minmək; boncuq > muncuq; əbə > əmə və b. Dastana
“Mamaq” kimi düşən bu ad əslində “Babaq”dır.
Habelə, Türkiyə ərazisində “Mamak” toponimi vardır. Mamak – Ankara
şəhəri yaxınlığında qəsəbədir.
***
Tarixi məlumata əsasən, Babək edam edilərkən son sözü “Asanya”
olubdur [2, s. 135]. “Asan” sözü farsca olub, “qolay, yüngül” deməkdir; “ya”
sözü isə ərəbcə “ey, ay” kimi çağırış sözüdür; belədə, “asanya” ağlabatan
hansısa məna bildirmədiyindən, Babəkin son sözü də indiyədək başa
düşülmədən qalıbdır. Bu sözü – Babəkin son sözünü bir yol da öz sözlərimizlə
eşitməyə cəhd edək.
Dədə Qor Qut Dastanında oxuyuruq: “Ordum sağ-əsən degil isə, başuñuza
çarə edin, mən dəxi getdim” [28, s. D43
13
-44
1
]. Dastanın başqa bir yerində:
“Sağ-əsən varub gələsən!” Sağ-əsən – sağ-salamat deməkdir.
Əhməd Harami dastanımızda oxuyuruq: “Həzaran dürlü ana alqış etdi,
Əsənlədi qızını, durdu getdi” – ([Atası] Onu minlərlə dönüm alqışladı, Qızına
salamatlıq diləyib, durub getdi). Burada əsənləmək – vidalaşarkən salamatlıq
diləməkdir. Dastanın başqa bir yerində belə oxuyuruq: “Şəhənşahə der: ey
bəylər bəyi, sən, Cahan içində olgil daim əsən” – (Şahənşaha deyir: Ey bəylər
bəyi, sən, Cahan içində ol daim salamat). Başqa bir yerdə: “Gedərəm bən, əsən
qal sən, e sərvər”. Əsən qalmaq – salamat qalmaq deməkdir. Dəhnamədə
(Xətayi) oxuyuruq: “Həm söylə nigar sağ, əsənmi? Оl fitnəli yar sağ, əsənmi?
Der: Sağdır, əsəndir оl pəriru...” Dədə Qor Qut Dastanında oxuyuruq:
“Sağmısan-əsənmisən, canım Bamsı!” [28, s. D96
1-2
]
Əsən – salamat; əsənlik – salamatlıq, səlamət deməkdir. Əsən sözümüz
izahlı lüğətə salınsa da, mənası “sağ, salamat” deyə göstərilibdir [11, s. 135].
Bu, yanlışdır. Əsən sözünün mənalarından biri “sağ”dırsa, başqa sözlə, sağ
sözüylə əsən sözü sinonimdirsə, onda sağ-əsən söz birləşməsi nə üçün var; Dədə
Qor Qut dastanında nə üçün “Sağmısan, əsənmisən, canım Bamsı!” soruşulur;
Xətayi nə üçün “Həm söylə nigar sağ, əsənmi?” soruşur; nə üçün “Sağdır,
əsəndir” cavabını verir? Deməli, əsən sözünün mənası həm də “sağ” yox, təkcə
“salamat”dır. Sözün kökü əsirgəmək, üstündə əsmək, əski sözlərinin kökləriylə
birdir.
Ola bilsin ərəbcə “əsgər”, “əsəs” (gecə qarovulçusu), “əsir” kimi sözlərin
də kökündə bizim “əs” dayanır.
Əsənlik sözü hərfən salamatlıq mənası bildirsə də, nənə-babalarımız bir-
birlərinə yaxınlaşarkən salamlaşma sözü kimi əsənlik sözündən istifadə etməyib,
əksinə, bir-birlərindən uzaqlaşıb ayrılarkən bir-birlərinə əsənlik (salamatlıq)
arzulayıblar; bu isə “Bax, ehtiyatlı ol, başqalarından özünü qoru, məndən
uzaqda, mənsiz sənə təhlükə ola bilər” deməkdir. Ərəblər isə əksinə, bir-
birlərinə yaxınlaşıb görüşərkən bir-birlərinə salamatlıq, səlamət arzulayıblar; bu
isə “Bax, ehtiyatlı ol, məndən özünü qoru, məndən sənə təhlükə gələ bilər”
deməkdir. Elə bu üzdən də onlar bir-birlərinə məhz yaxınlaşarkən “mən sənin
üçün təhlükəsizəm, məndən qorxma, sənə sülhlə yaxınlaşıram!” mənasında bir-
birlərinə salam verir, salamatlıq arzulayırlar. Göründüyü üzrə, sözlər arasında
mənaca uyğunluq (səlamət-əsənlik) bulunsa da, dünyagörüş uyğunluğu (ərəb-
türk) yoxdur.
Beləliklə, əsənlik bizim üçün salamlaşma sözü yox, salamatlaşma
sözüdür: biz “Əsən ol!”, “Əsən qal!” sözlərini ancaq bir-birimizdən ayrılıb
gedərkən söyləyə bilərik. Dədə Qor Qut dastanı bizə öz dilimizcə salamatlaşma
sözünün ən dolğun formasını veribdir: “Yenə görüncə bəg baba, xatun ana, əsən
qaluñ!” [28, s. D177
2
]. 700 il bundan qabaq Yusif Məddahın yazdığı “Vərqa və
Gülşah” poemasında da belə vidalaşılıbdır: “Yenə görüncə əsən qal!” –
(Görüşənədək salamat qal!)
Babəkin son sözünə gəldikdə, ərəb qulağının “Asanya” kimi eşidib
yazdığı sözü bizim qulağımız “Əsən qal(ın)!” kimi eşidir.
Babəklə birlikdə minlərlə xürrəmi, Onun bir neçə ailə üzvü, o sıradan
anası, qardaşı, uşaqları, xanımı və b. əsir tutulmuşdu. Ancaq Samirə şəhərinə –
Babəkin edam edildiyi yerə Onun qardaşından başqa daha hansı doğmalarının
gətirilməsi, edam mərasimində daha kimlərin iştirak etməsi mövzusunda tarixi
mənbələr susur. Babək son sözünü Onunla birlikdə əsir edilib gətirilmiş
doğmaları, ailə üzvləri və uşaqlarına söyləyə bilərdi. O situasiyada “Əsən
qal(ın)!” Babəkin dilində onun bəlkə də göy üzü ilə, diriliklə, tarixlə son
vidalaşması, dünyaya “Əlvida!” deməsi idi. Babəkin adı Əsən olubsa, “Əsən
qal(ın)!” Onun özünəməxsus söz oyunuyla ənənəvi sağollaşması da ola bilərdi.
Beləliklə, Babaq Şad Kürləmənin son sözünü biz 1200 il sonra belə
eşidirik: “Əsən qalın!”
İstifadə edilən mənbələr
1. Gustav Leberecht Flügel. Bâbek, seine Abstammung und erstes
Auftreten. Zeitschtift der Deutschen Morgenländischen Gesellshaft. Vol. 23, No.
4 (1869), pp. 531-542
2. Səid Nəfisi. Azərbaycan qəhrəmanı Babək Xürrəmdin. Azərbaycan
SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1960
3. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Şərq-Qərb, Bakı, 2007
4. Azərbaycan tarixi, 7 cilddə, II cild, III-XIII əsrin birinci rübü, Bakı,
Elm, 2007
5. Klaus Schippmann. Grundzüge der Geschichte des sasanidischen
Reiches. Wissenschaftliche Buchgesellschaft, Darmstadt, 1990
6. Handwörterbuch des Islam. Herausgegeben A.J.Wensinck und
J.H.Kramers. Leiden E.J.Brill. 1948
7. Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən.
Azərbaycan Dövlət Nəşriyyatı. Bakı – 1994.
8. Comes Céza Kuun. Codex Cumanicus. Budapestini. Editio Scient.
Akademiæ Hung. 1880
9. Wilhelm Radloff. Das türkische Sprachmaterial des Codex Comanicus.
Nach der Ausgabe des Grafen Kuun (Budapest 1880). St. Pétersbourg, 1887
10. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild. Bakı 2006
11. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı 2006
12. Azərbaycan dilinin dialektoloji lüğəti: A-Z. Şərq-Qərb, Bakı 2007
13. Ağbaba şivəsi sözlüyü. Sumqayıt Dövlət Universiteti Azərbaycan dili
və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası. Sumqayıt,
2014.
14. Ramstedt Gustav John. Alte Türkische und mongolische Titel. 1939
15. Mahmud Kaşgarlı. Divanü lûqat-it-türk tercümesi I. Çeviren Besim
Atalay. Türk Dil Kurumu Yayınları. Ankara, 1985
16. Tatarça-törekçə süzlək / татарско-турецкий словарь. М: Инсан,
1997
17. Федотов М.Р. Этимологический словарь чувашского языка. В 2-х
томах. Том I А – РИТĂВАН. Чувашский государственный институт
гуманитарных наук. Чебоксары – 1996
18. Уйгурско-русский словарь. Около 33 000 слов. Издательство
«советская энциклопедия». Москва – 1968
19. Хасамитдинова Ф.Г., Мухтарова А.М. Башкирско-русский и
русско-башкирский учебный словарь. 7500 слов. Москва, Говорун, 2011.
20. Киргизско-русский словарь. Кыргызча-орусча сөздүк. В двух
книгах. Около 40 000 слов. / Сост. К. К. Юдахин. – Книга 1 А-К.
Издательство «советская энциклопедия». Москва 1985
21. Радлов В. В., Опыть словаря тюрскихь наречий. Томь первый.
Часть 1. Гласные. Санктпетербургь. 1893. Dr. W. Radloff. Versuch eines
Wörterbuches der Türk-Dialecte. Erster Band. Die Vocale. St. Petersburg, 1893
22. Clauson Sir Gerard. An Etymological Dictionary of Pre-Thirteenth-
Century Turkish. Oxford at the Clarendon Press. 1972
23. Hermann Vámbéry. Etymologisches Wörterbuch der Turko-
Tatarischen Sprachen: Ein Versuch zur Darstellung des Familienverhältnisses
des Turko-Tatarischen Wortschatzes. Leipzig: 1878
24. Friedrich Delitzsch. Sumerisches Glossar. J.C.Hinrichs’sche
Buchhandlung, Leipzig, 1914
25. Richard Fester. Sprache der Eiszeit. Die ersten sechs Worte der
Menschheit. Herbig Verlagsbuchhandlung, München, Berlin 1980
26. Севортян Э. В. Этимологический словарь тюркских языков
(Общетюркские и межтюркские основы на гласные). Издателство «Наука».
Москва 1974.
27. Bəxtiyar Tuncay. Alban (Qafqaz) türkcəsi sözlüyü. I cild A-X.
“Tuncay Şahverdisoy” Elektron Kitab Yayın Evi. Bakı 2012. səh. 99
28. Kitabi-Dədə Qorqud: əsil və sadələşdirilmiş mətnlər. Bakı, 2004.
29. Azərbaycan dastanları. Beş cilddə. II cild. “Lider nəşriyyat”, Bakı-
2005
30. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild. Bakı 2006
2016-2017, Almaniya
Dostları ilə paylaş: |