edəcəksən. (Kinayə ilə güldü.) Həmin otaqdan tez bir zamanda qurtula bilmək
üçün dua edəcəksən.
-
Axı Eskobar dua etmədiyini demişdi? Onun da belə bir otağı var?
-
Hər kəs dua edir. Gec-tez hər kəs əlini qaldırıb ona dua edir. Kolumbiyalıya
bir otaq bəs etmirdi. O, bütün qalanı öz otağı hesab edirdi. Bu çılğın Rioneqro
uşağı da son nəfəsini verməzdən öncə ailəsi üçün dua etmişdi. Mən də son
nəfəsimdə əfv diləmişdim.
Bu otaqlardakı insanlardan sual soruşmaq və onların etiraflarını dinləmək
şansın olacaq. Hər otaqda sənin üçün xüsusi bir mesaj gizlədilib. Vəzifən həmin
mesajları tapıb nəticəni kitabında qeyd etməkdir. Narahat olma, bir müəllif kimi
özünə rəqib gördüyün bir neçə insanla da görüşə biləcəksən. Amma indi vaxtımız
çox azdır. Bu qalada sadəcə 13 gün qala biləcəyik. 13-cü gün hər şey bitəcək.
-
Sən Tanrıdan nə üçün əfv diləmişdin?
-
Çox uzağa getdiyim üçün. Məni rəssam kimi görməyənlərdən və mənə
inanmayanlardan qisas almaq istədiyim üçün. Gözlərim kor olmuşdu. Özüm kimi
axmaq olan qoca Brediusdan əfv dilədim. O, Vermeyeri həqiqətən sevirdi. Onun
sevgisindən sui-istifadə edib dünyanın pullarını qazandım. Dünyada Vermeyeri
məndən daha yaxşı tanıyan ikinci şəxs məhz o idi. O da bilirdi ki, gənc Vermeyer
vaxtı ilə Mikelancelonun əsərlərinə meydan oxumaq istəyib. Bredius da müqəddəs
üçlüyə inanıb. İsa ilk öncə Da Vinçinin, sonra Mikelancelonun və sonda
Vermeyerin şəklində şam edib. İki şam yeməyini öz gözü ilə görən qoca idealist 83
yaşına qədər inanırdı ki, üçüncüsünü də görəcək.
Megeren əlindəki xaçı bərk-bərk tutub söhbətinə davam etdi:
-
Əgər möcüzə gözləyirsənsə, möcüzə baş verir. Bəzən biliklərini və
peşəkarlığını illərlə gözlədiyin möcüzəyə fəda edirsən. İsanın üçüncü şam
yeməyinə baxan qoca axmağın üzünü görməliydin. Elə bil, dünyaya yenidən
gəlmişdi. Onu aldada bilmişdim. Əgər o inanmışdısa, hər kəs inanacaqdı.
(Dahiyanə planının baş tutmasının verdiyi qürur ilə söhbətinə davam etdi.) Belə də
oldu. Çox keçmədi ki, bütün dünya Vermeyerin itkin düşmüş və sonradan tapılmış
9 əsərini əldə etmək üçün yarışmağa başladı.
-
Bu qələbəni qazananda nə hiss etdin?
-
Göyün yeddinci qatında idim. Kolumbiyalı qədər qazanmasam da, mənə
yaxşı məbləğləri görmək nəsib oldu. 9 əsər birlikdə mənə 35 milyon dollar gətirdi.
(Əllərini ağarmış saçlarına aparıb başını tutan Megeren bir qədər susdu.) İnana
bilmirəm, amma bundan sonra başımı itirdim. 52 mənzil və 15 bağ evi almışdım.
Bəlkə də, bunu “səndən yaxşı rəssam çıxmayacaq” deyən atama göstərmək üçün
etmişdim. Sonradan ayılanda gec oldu. Pullarımı itirməmək üçün daha böyük
axmaqlıq etdim. Bu qədər pulun əlimizdən alınacağını düşünüb həyat yoldaşımla
birlikdə boşanmaq qərarına gəldik. Var-dövlətimi onun adına keçirdim. Özüm isə
içkiyə qurşandım. Sonumu isə bilirsən. (Külqabında gözləyən yarımçıq siqaretini
götürüb bir tüstü aldı.) Holland hökuməti faşistlərlə əlbir olduğumu düşünüb, məni
edam etmək istədi. Vermeyeri sevən hollandlar mənə nifrət edirdilər. Məhkəmə
günündə Tanrının rəhmini hiss etdim. O, mənə ikinci şansı vermişdi.
-
Nə mənada ikinci şans?
-
Alman zabitlərinə satılan əsərlərin həqiqi olmadığını etiraf etdim. Məhkəmə
zalında oturanları görməli idin. Onlar üçün müqəddəs olan Vermeyerdən başqa hər
kəs yalan idi. Heç kim inanmırdı ki, başqa biri onu bu qədər orijinallıqla təkrarlaya
bilər. Hakimdən iki həftə vaxt istədim. İkinci həftənin sonunda bütün zal susurdu.
Hollandlar da Bredius kimi sanki möcüzə görürdülər. Həmin andan etibarən həqiqi
sevgini hiss etdim. Ölkəmin baş nazirindən daha məşhur olmuşdum. Hər kəs məni
müzakirə edirdi. Hər kəs istedadım və ağlımdan danışırdı. Amma daxilimdə
böyüyən sıxıntıya və boşluğa tab gətirməyib həyatı tərk etdim. (Qoca Megeren ah
çəkərək söhbətinə davam etdi.) Dahi rəssam ola bilmədim, amma dahi rəssamın
qatilinə çevrildim. Onun əsərlərinin etibarını sarsıtdım. Səninlə görüşümüzdən
sonra Tanrının yanına qayıtmalıyam. Sən isə bu dəhlizlə gedib növbəti dua otağına
gir.
-
Həmin otaqda məni kim gözləyir?
-
Səni bu dünyanı məndən daha betər azdıran bir gənc gözləyir. Uzun illərdir
ki, heç kim onun tapmacasını həll edə bilmir. Dünya onu bir yox, iki ad ilə tanıyır.
- Hansı adlar?
Qoca cavab verməyə macal tapmadı. Qapının arxasından əsgərlərin səsini eşitdik.
Qoca əlindəki xaçı öpüb qapıya tərəf getdi və atəş açmağa başladı. Tüfəngi nə
zaman əlinə aldığını görməmişdim. Bircə onu bildim ki, yerə dəyən cəsədlərin
səsini eşitdik. Qapını açıb dəhlizə boylanan Megeren qolumdan tutub məni növbəti
dua otağına tərəf apardı.
Bir müddət sonra məni gözləyən növbəti qapının qarşısında tək qaldığımı hiss
etdim. Bəyaz saçlı qoca rəssam dəhlizdə gözdən itmişdi.
Önümdəki qapının üstündə kağız parçası asılmışdı. Kağıza diqqətlə baxanda
anladım ki, bu, həmin üç dairənin şəklidir. Amma bu dəfə dairələrin aşağı
hissəsində qan ilə yazılmış bir sitat var idi:
“Ölümsüz olmaq istəyirsənsə, mütləq ölməlisən. Ya da öldürməlisən. Mən hər
ikisini də etdim. İmza…”.
İmzanın kimə məxsus olduğunu görüb bu anı həzm etmək istəyirdim ki, boynumun
arxasına soyuq dəmir parçasının dəydiyini hiss etdim. Silahı başıma tutan
meksikalı əsgər: “No es tu día de suerte”, - dedi. Bu sözlərin nə demək olduğunu
bilməsəm də, sonumun gəldiyini anlamışdım.