Q Ə T N A M Ə
Azərbaycan Respublikası Adından
21 oktyabr 2016-cı il İş № 2(106)1890/2016 Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala
oğlu, (sədrlik edən, məruzəçi) Kərimov Qəzənfər Babaxan oğlu və Məmmədov Namiq Eyyub
oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə,
İddiaçı «Unibank” KB ASC-nin cavabdeh Səfərov Məqsəd Vaqif oğluna qarşı kreditin,
kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair
mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(017)-269/2016 saylı
qətnaməsindən cavabdeh Səfərov Məqsəd Vaqif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə
əsasən işə apellyasiya qaydasında baxaraq
MÜƏYYƏN ETDİ:
Ağcabədi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(017)-269/2016 saylı qətnaməsi
ilə (sədrlik edən F.Xanlarov) iddia təmin edilərək cavabdeh Səfərov Məqsəd Vaqif oğlundan
11575 manat 37 qəpik məbləğində əsas kredit borcu, 816 manat 79 qəpik məbləğində faiz borcu,
63 manat 02 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 12455 manat 18 qəpik məbləğində pul
və 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “Unibank” Kommersiya Bankı Açıq
Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin girov predmeti olan “Akkord İnşaat Sənaye”
MMC tərəfindən emissiya olunmuş 08/5-009 dövlət qeydiyyat nömrəli, 29 iyun 2007-ci il tarixli,
AMS 000116 saylı mənzil sertifikatına yönəldilməsi, həmin mənzilin sertifikatı açıq hərrac yolu ilə
satılması, satışdan əldə ediləcək puldan 11575 manat 37 qəpik məbləğində əsas kredit borcu, 816
manat 79 qəpik məbləğində faiz borcu, 63 manat 02 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi
12455 manat 18 qəpik məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu iddiaçı “Unibank”
Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra
artıq qalan məbləğin cavabdeh Səfərov Məqsəd Vaqif oğluna qaytarılması qət edilmişdir.
Cavabdeh Səfərov Məqsəd Vaqif oğlu tərəfindən qətnamədən apellyasiya şikayəti
verilmişdir.
İŞİN HALLARI:
İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Unibank” Kommersiya Bankı Açıq
Səhmdar Cəmiyyəti ilə cavabdeh Səfərov Məqsəd Vaqif oğlu arasında bağlanmış 30 iyul 2007-ci il
tarixli kredit müqaviləsinə əsasən illik 15 faiz dərəcəsi ilə 121 ay müddətinə 31102 manat 64 qəpik
məbləğində cavabdehə kredit verilmişdir.Kreditin təminatı olaraq kreditorla borclu arasında eyni
tarixdə girov müqaviləsi bağlanmaqla mülkiyyət hüququ ilə cavabdeh Məqsəd Səfərova məxsus
“Akkord İnşaat Sənaye” MMC tərəfindən emissiya edilmiş AMS 000116 mənzil sertifikatı girov
qoyulmuşdur.Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borc alan kreditin qaytarılmasını
öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra
etməmişdir.Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə
baxmayaraq öhdəliyin icrasından qərəzli olaraq yayınmışdır. Cavabdehin 30 iyul 2007-ci il tarixli
kredit müqaviləsi üzrə 02 noyabr 2015-ci il tarixə borcunun məbləği əsas borca görə 11575 manat
37 qəpik, faiz borcuna görə 816 manat 79 qəpik, dəbbə pulu borcuna görə 63 manat 02 qəpik,
borcun cəmi məbləği isə 12455 manat 18 qəpik təşkil etmişdir.
2
İddia tələbində cavabdeh Səfərov Məqsəd Vaqif oğlundan 11575 manat 37 qəpik
məbləğində əsas, 816 manat 79 qəpik məbləğində faiz borcu, 63 manat 02 qəpik məbləğində dəbbə
pulu, cəmi 12455 manat 18 qəpik məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət
rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan “Akkord İnşaat Sənaye”
MMC tərəfindən emissiya edilmiş AMS 000116 mənzil sertifikatına yönəldilməsi, həmin mənzil
sertifikatının açıq hərracda satılması və satışından əldə edilmiş vəsait hesabına cavabdehin
iddiaçıya olan borclarının ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin
qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün
mühüm əhəmiyyəti olan bütün fatkiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət
verilməməsi ilə qəbul edilmişdir.
Apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(017)-
269/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul
edilməsi xahiş edilmişdir.
TƏRƏFLƏRİN İZAHATLARI:
Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi
məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin
səbəbləri barədə bildirməmişlər.
Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci
maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə
əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd
olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb,
apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh Səfərov Məqsəd Vaqif
oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Ağcabədi Rayon Məhkəməsinin 28
iyun 2016-cı il tarixli 2(017)-269/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
İŞİN HÜQUQİ MƏSƏLƏLƏRİ:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən
apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə olunmuş
sübutlar əsasında mahiyyəti üzrə baxır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin
dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini
yoxlayır.
Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci
instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə
mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya
şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz
olduqda isə tam yoxlayır.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
2005-ci il 24 noyabr tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya
instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda,
qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
3
Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı
olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş
üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən
maddi və prosessual hüquq normalarına düzgün riayət edib etməməsinə hüquqi qiymət
verilməlidir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək
hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq
normaları düzgün tətbiq və təfsir edilmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına
və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur.
İş materiallarında olan 30 iyul 2007-ci il tarixli kredit müqaviləsindən görünür ki,
“Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səfərov Məqsəd Vaqif oğluna
121 ay müddətinə, illik 15 faizlə 31102 manat 64 qəpik məbləğində kredit verilmişdir.
İş materiallarında olan 30 iyul 2007-ci il tarixli girov müqaviləsindən görünür ki, Səfərov
Məqsəd Vaqif oğluna məxsus “Akkord İnşaat Sənaye” MMC tərəfindən emissiya edilmiş AMS
000116 saylı mənzil sertifikatı girov qoyulmuşdur.
İş materiallarında olan “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin 04
avqust 2015-ci il tarixli bildirişindən görünür ki, Səfərov Məqsəd Vaqif oğlu borclu qaldığı
məbləği banka ödəməsi və öhdəliklər yerinə yetirilmədiyi halda məhkəməyə müraciət olunacağı,
kredit müqaviləsinin təminatı olaraq girov predmeti açıq hərracda satılaraq əldə olunmuş vəsait
borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdar olunmuşdur.
İş materiallarında olan 25 noyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Səfərov
Məqsəd Vaqif oğlunun 25 noyabr 2015-ci il tarixə Banka olan əsas borc qalığı 11575 manat 37
qəpik, faiz borcun məbləği 816 manat 79 qəpik, dəbbə borcu 63 manat 02 qəpik təşkil edir.
Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı “Unibank” Kommersiya Bankı
Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Səfərov Məqsəd Vaqif oğlu arasında bağlanmış 30 iyul
2007-ci il tarixli kredit müqaviləsinə əsasən illik 15 faiz dərəcəsi ilə 121 ay müddətinə 31102
manat 64 qəpik məbləğində cavabdehə kredit verilmişdir.Kreditin təminatı olaraq kreditorla borclu
arasında eyni tarixdə girov müqaviləsi bağlanmaqla, Səfərov Məqsəd Vaqif oğluna məxsus
“Akkord İnşaat Sənaye” MMC tərəfindən emissiya olunmuş AMS 000116 saylı mənzil sertifikatı
girov qoyulmuşdur, cavabdeh Səfərov Məqsəd Vaqif oğlunun “Unibank” Kommersiya Bankı Açıq
Səhmdar Cəmiyyətindən 31102 manat 64 qəpik məbləğində kredit alması, müqavilə öhdəliklərini
yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması və “Unibank” Kommersiya
Bankı Açıq Səhmdar Cəmiyyətinə 11575 manat 37 qəpik məbləğində əsas kredit borcunun, 816
manat 79 qəpik məbləğində faiz borcunun, 63 manat 02 qəpik məbləğində dəbbə pulu olmaqla,
cəmi 12455 manat 18 qəpik məbləğində borcunun qalması sübuta yetirilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən
tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan
başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və
başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla,
ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri
ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq
o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və
hallarla əlaqədardır.
Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti
olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı
yoxlanılmalı və qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə
nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona
zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ
gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
4
Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız
varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları
istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin
(kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,
xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan
vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin
bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış
edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi).Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak
verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini
icra etməyi tələb etmək hüququ olan şəxsdir.
Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası
onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə
olunur.Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci
maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra
edilməməsi başa düşülür.Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən
hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra
edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə
dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə
öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin
tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı
gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət
daşıyır.
Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün
müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə
ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra
edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir
ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün
nəticəyə gəlmişdir, ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq
qətnaməni qanuni və əsaslı hesab etmişdir.
Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi
maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm
əhəmiyyəti olan bütün fatkiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi
ilə qəbul edilmişdir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki,
birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün
mühüm əhəmiyyəti olan bütün fatkiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət
verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.
Apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(017)-
269/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul
edilməsi xahiş edilmişdir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb əsassız
olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi iddianın rədd edilməsi
barədə qətnamə qəbul edilməsi baxımından qanuni əsaslar müəyyən etməmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən
məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
5
Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının
əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdeh öz
etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə
sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli
hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan
müəyyən edilmiş qüvvəsi yoxdur.
Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı
olmalıdır.
Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi
hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız
məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər
üzrə qətnamə çıxarır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci
instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə
düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Məhkəmə kollegiyası işin tədqiq edilən hallarına əsasən nəticəyə gəlir ki, cavabdeh
Səfərov Məqsəd Vaqif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Ağcabədi
Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(017)-269/2016 saylı qətnaməsi dəyişdirilmədən
saxlanılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən
apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin
etmədən saxlaya bilər.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci,
384.0.1-ci, 392-393-cü, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Səfərov Məqsəd Vaqif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin
edilməsin.
Ağcabədi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(017)-269/2016 saylı qətnaməsi
cavabdeh Səfərov Məqsəd Vaqif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən
dəyişdirilmədən saxlanılsın.
Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində
Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi
gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:İmza var.
Hakimlər:İmzalar var.
Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov
Dostları ilə paylaş: |