8
olmadığından xalq ənənələrindən istifadə edərək, tarixi əsasən bu ənənələrin işığında
göründüyü şəkildə söyləyirdi. "Persika"da döyüşkən Cənubi Azərbaycan tayfası
kadusilər haqqında ən qədim məlumat vardır. Ola bilsin ki, əsərdə Kaspiananın da adı
çəkilirmiş.
E.ə. V-IV əsrlər müəllifi Ksenofontda da bəzi tarixi məlumatlar vardır. Onların bir
hissəsinin kökü Herodota və Ktesiyə gedib çıxır.
Ktesinin bizi maraqlandıran məsələlər üzrə bəzi məlumatları yunanca yazıb-
yaratmış e.ə. I əsr müəllifi Siciliyalı Diodorun "Tarixi kitabxana"sında qorunub
saxlanılmışdır. O, kadusi və tapürlərin torpaqlarının, Kaspiana, Kaspi dənizi və skiflərin
adlarını çəkir, yunan-Makedoniya istilaları dövrünün hadisələrini və s. xatırlayır.
Makedoniyalı İskəndərin müasiri və bematisti (addımölçəni) Amintanın, Babil
kahini Berosun (e.ə. IV-III əsrlər), e.ə. III əsr müəllifi Hermippin, e.ə. II əsrin məşhur
tarixçisi, əsəri məlumatlarının xüsusi dəqiqliyi ilə seçilən, qırxkitablıq "Tarix"in müəllifi
Polibinin və başqalarının əsərlərində bəzi mühüm məlumatlar qorunub saxlanılmışdır.
Polibinin Atropatena barəsində məlumatları xüsusilə əhəmiyyətlidir.
Amasiyalı Strabonun (e.ə. 63-cü il - b.e. 23-cü ili) yunan dilində yazılmış və
"Coğrafiya" adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz qaynaqdır. Strabon öz
dövrünə görə yaxşı təhsil almış, çoxlu səyahət etmiş, müstəsna müşahidəçiliyi və
dərin zəkası ilə fərqlənmişdir. Amasiyalı müəllifin əsərində Makedoniyalı İskəndərin
müasirlərinin və hətta daha əvvəlki müəlliflərin əsərlərindən başlamış Strabonun öz
müasirlərinin əsərlərinədək saysız-hesabsız müxtəlif qaynaqlardan istifadə olunmuşdur.
Strabon Aristobulun, Patroklun, Eratosfenin, Skepsili Metrodorun, Hipsikratın,
Dellinin əsərləri, Roma sərkərdəsi Pompeyin e.ə. 66-65-ci illərdə Zaqafqaziya səfərində
onun yol yoldaşı Mitilenli Feofanın qeydləri və bir sıra digər müəlliflərin işləri ilə
tanışdır və öz "Coğrafiya"sında bu əsərlərdən bol-bol parçalar gətirir.
Qafqazın, ayrı-ayrı hallarda isə bəzi digər qonşu ölkələrin Strabon
"Coğrafiya"sındakı təsviri, ətraflılığına görə bu ölkələrin tarixi, coğrafiyası və
etnoqrafiyası üzrə yeganə qaynaqdır.
Yazıları dövrümüzə qədər gəlib çatmış antik müəlliflərin heç birində albanlar
haqqında "Coğrafiya"da verilənlər yoxdur. Strabonun Atropat Madası və ya
Atropatenanın Böyük Madanın bir hissəsi olması, bu ölkənin öz adını Atropatın adından
alması və s. kimi məlumatları müstəsna qiymətə malikdir.
Lakin "Coğrafiya"nın albanlar haqqında danışılan yerlərində xeyli ziddiyyətlərə
də rast gəlinir ki, bu da, görünür, Albaniyanın müxtəlif vilayətlərinə aid olan və heç də
bütövlükdə ölkə və onun əhalisini səciyyələndirməyən müxtəlif dövrlü fakt, olay və
hadisələrin ümumiləşdirilməsinin nəticəsidir.
Məşhur Roma tarixçisi, 35 kitabı və itib-batmış cildlərinin bir qədər fraqmentləri
qorunub saxlanılmış "Roma tarixi" əsərinin müəllifi Tit Livi (e.ə. 59-cu il - e. 1-ci ili)
9
Roma müdaxiləsi dövrü albanları haqqında bəzi məlumatlar verir, madalılar və
kadusilərin adlarını çəkir.
Tit Livinin müasiri latın müəllifi Pompey Troqun əsəri "Filippin tarixi" bizim
dövrümüzə qısa şərh şəklində - II və ya III əsrdə yaşamış Yustinin epitoması vasitəsilə
gəlib çatmışdır. Pompey Troq əksər hissəsi bizə gəlib çatmamış xeyli miqdarda
qaynaqlardan istifadə etmiş və bütövlükdə hellinist dünyasının tarixi üzrə çox qiymətli
əsər yaratmışdır. Pompey Troq hellinist tarixşünaslığında üstün yer tutmuş meylin -
yunan-Roma mifologiyası və toponimiyası ilə bir sıra Şərq ölkələrinin coğrafiyası və
tarixinin əlaqələri haqqındakı meylin tərəfdarı idi. Məsələn, romalı müəllif Qafqaz
albanları haqqında məlumat verərkən onları Heraklın işləri ilə bağlayır və onların kökünü
İtaliyaya, Alban dağına aparıb çıxarır. Pompey Troqanın əsərlərində skiflər və onların
Asiyadakı hökmranlığı, parfiyalılar, madalılar, kadusilər və b. haqqında xeyli maraqlı
məlumatlar var.
Müəllifi Kvint Kursi Ruf olan "Böyük Aleksandrın tarixi" bizim mövzu üçün
müəyyən maraq kəsb edir. Bu müəllif öz əsərini e.ə. I əsrin sonu ilə e. I əsrinin ortaları
arasında yazmışdır. Bu əsər kompilyasiya olsa da, bizim üçün mühüm əhəmiyyəti var.
Belə ki, burada əsərləri itmiş müəlliflərin məlumatları qorunub saxlanmışdır.
Pomponi Melanın I əsrin ortalarında yazılmış "Yerin təsviri" adlı həcmcə kiçik
(bütöv halda bizə gəlib çatmış cəmi üç kitab) əsərində bizim bölgənin coğrafiyası, burada
məskunlaşmış tayfalar haqqında müxtəlif, bir hissəsi çox qiymətli məlumatlar var. Mela
həm qədim müəlliflərin, həm də öz müasirlərinin əsərlərindən istifadə etmişdir. Bu da
ona Roma ədəbiyyatında coğrafiya üzrə bir növ bitkin bir dərslik yaratmaq imkanı
vermişdir. Mela Kaspi dənizi, kaspilər, skiflər, albanlar, amardlar, kadusilər və başqaları
haqqında danışır.
Böyük Plininin (23/24-79-cu illər) "Təbii tarix"i bizim üçün mühüm əhəmiyyətə
malikdir. Demək olar ki, 350 yunan və 150-dək Roma müəllifinin əksəriyyəti bizə
gəlib çatmamış bir çox əsərindən istifadə edilərək yazılmış bu ensiklopedik xarakterli
əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada məskunlaşmış tayfaların məişəti haqqında
bir sıra çox qiymətli məlumatlar var.
Albaniyanın paytaxtı Qəbələnin adının ən ilkin xatırlanması Plininin hesabına
bizə gəlib çatmışdır (Plinidə: Kabalaka). O, bu ada, çox güman ki, e.ə. II-I əsrlərdə
yaşamış romalı müəllif Varronun əsərlərində rast gəlmişdir.
Plininin qaynaqlarından danışarkən qeyd etmək lazımdır ki, bir çox hallarda o özü
bu qaynaqların adlarını çəkir və bununla da onun bu və ya digər məlumatının xarakteri
və
dolğunluq dərəcəsini müəyyənləşdirmək sahəsində tədqiqatçının işini
yüngülləşdirir. Plininin istifadə olunan qaynaqlara müəyyən qeyri-tənqidi yanaşmasını
və "Təbii tarix"in mətninin pis qorunub saxlanmasını da göstərmək lazımdır.
Albaniya və Atropatena, habelə onlarla həmsərhəd bölgələrdə baş vermiş bəzi
siyasi hadisələr yunan dilində yazıb-yaradan yəhudi müəllifi İosif Flavinin iki əsərində -