14.2.2. məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində - nizamnamə
kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası)
yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;
36
14.2.3. qeyri-kommersiya təşkilatlarında - fəaliyyət predmeti və məqsədləri, fəaliyyət
ərazisi, fondlarda - himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalı və təsisçilərin
əmlak paylarının həcmi haqqında məlumatlar.
M a d d ə 1 5 . Dövlət reyestrindən çıxarışlar
15.1. Dövlət qeydiyyatına alınmış hər bir hüquqi şəxs, habelə xarici hüquqi şəxslərin
nümayəndəlik və ya filialı və Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış
hüquqi şəxsin yaratdığı qurumlar barədə məlumatlar dövlət reyestrinə daxil edildikdən sonra
dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilmiş sənədlər
arxivə verilir.
15.2. Dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət
qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış
verilməlidir.
37
15.3. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların
sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət
etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir.
15.4. Dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.5. Dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq
aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə müddətində bu barədə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra
hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət
reyestrində müvafiq düzəlişlər aparmalıdır.
15.6. Dövlət reyestrindən çıxarışdakı hər hansı yanlışlıq barədə bu Qanunun 15. 5-ci
maddəsində göstərilmiş müddətdə məlumat verilmədikdə, dövlət reyestrindəki yazı
(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı
payları barədə məlumatlar istisna olmaqla) Azərbaycan Respublikasının rəsmi qəzetində dərc
edilir.
15.7. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları)
və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında
üçüncü şəxslərə də verilir.
15.8. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları)
və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin
surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla,
digər şəxslərə rüsum ödənilməklə verilir.
15.9. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları barədə məlumatlar sorğu əsasında aşağıdakılara verilir:
38
15.9.1. qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və
təhqiqat orqanlarına;
15.9.2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin
subyektlərinə;
15.9.3. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə
monitorinqi orqanına;
15.9.4. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda və qaydada məcburi icra orqanına;
15.9.5. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə;
15.9.6. həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə (iştirakçılarına);
15.9.7. barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin
razılığı ilə üçüncü şəxslərə.
M a d d ə 1 6 . Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının
reyestrdən çıxarılması
16.1. Hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə və ləğvetmə tədbirləri həyata
keçirildikdən sonra onların reyestrdən çıxarılması barədə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.
16.2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
16.2.1. ləğvetmə qərarı;
16.2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilməsi təsdiq olunmuş balans və ya vergi bəyannaməsi;
16.2.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının son vergi
yoxlamasının nəticələri barədə məlumat;
16.2.4. qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin
(əsasnaməsinin) əsli və möhürü;
16.2.5. qurumun ləğvi barədə məlumatın mətbuatda dərc olunmasını təsdiq edən sənəd;
16.2.6. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16. 2. 2 və 16. 2.
3-cü maddələrində nəzərdə tutulmuş sənədlər istisna olmaqla, müvafiq olaraq təhvil aktı və ya
balansının surəti;
16. 2. 7. qanunvericilikdə nəzərdə tutulduğu hallarda, digər sənədlər.
16.3. Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən
imzalanır və təqdim edilir.
16.4. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə
müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq
oluna bilər.