7
bizi əli aşından da edir, vəli aşından da. Yadında saxla, ailəmizin bundan
sonrakı taleyi bizim doğru-dürüst ər seçimimizdən asılıdır...
Bu əhvalatdan heç bir həftə keçməmiş kollecin yaxınlığında Natəvanı Cekin
maşınında görən Fidanın daxili dünyası alt-üst olmuşdu. “Aman Allah, sən
saxla, heç demə, bu qız cadügərmiş, ağlına gələni etməyə qadirmiş...”. Sübh
çağı isə yuxarı mərtəbədəki mənzilin dənizə açılan pəncərələri şaqqıltıyla
bağlananda Fidan “Allah bilir, bəlkə də Cek bu gecəni Natəvanla birgə
keçirib?” – düşündü. “Axı, mənə nə olub, başıma at təpib, niyə gecənin bu
vədəsi onun haqqında düşünürəm? Özümü tox tutmalıyam, nə olsun ki, bu qız
elə bil hər şeyi mənim acığıma edir. O ağlıseyrək hələ anlamır, taleyiylə oyun
oynayır. Nə edir-etsin, cəhənnəmə, özü bilər... mənə nə”. Ağır düşüncə
boşluğuna düşən qızı dəhlizdə öz-özünə gileylənən anasının cod səsi ayırdı:
- Zəmanənin boz üzü çönüb, vallah, bizimkilər bir tikə çörək dalınca
dünyanın o başına gedir, iti-pişiyilə zəhləmizi aparan bir ingilis gədəsi neft
iyinə dünyanın o başından durub Bakıya gəlib...
Görünür, bir az əvvəl yuxarı mərtəbədən gələn səs-küy arvadın da yuxusuna
haram qatmış, qaçırmışdı. Ahıl qadın deyinə-deyinə mətbəxə keçdi. Sanki ana
qızının oyaq olduğunu, bir an ürəyindən nələr keçdiyini qabaqcadan duymuşdu.
Fidan barmaqlarının ucunda tez yatağına tərəf döndü. Anası yaxın rəfiqəsindən
üz döndərməsinin səbəbini öyrənən zaman onu bərk qınamışdı: “Nə olsun, a
bala. Neçə illik rəfiqənə niyə acığın tutduğunu anlamıram. Yazıq qız kənd
uşağıdır, nə vaxtacan cavan ömrünü kirayədə yaşadığı zirzəmidə çürüdəcək?
Sən gözünü şəhərin mərkəzində, hər cür şəraitə malik ünvanda açmısan, o qızın
nələr çəkdiyini duya bilməzsən... Məncə, elə sən də imkanlı oğlana ərə getmək
barədə düşünsən, pis olmaz!”. O gündən özünün dediyi kimi, pul iyinə
dünyanın o başına getməyə hazırlaşan Natəvana haqq qazandıran anasıyla
söhbət etməkdən çəkinirdi. Çünki fürsət düşən kimi anası ərə getmək vaxtının
yetişdiyini eyhamla qandırır, qanqaraçılıq yaradırdı. İndi yenə ana mətbəxdən
yatağına dönəndə qızlarının otağına baş çəkdi, hər ikisinin şirin-şirin yatdığına
əmin olub otağına çəkildi.
8
* * *
... Səhərin gözü açılandan buludların arasından təbəssümünü əsirgəməyən
günəş hərarətlə adamları evdən bayıra çıxmağa, mavi dənizin sahilində, güllü-
çiçəkli xiyabanlarda gəzib-dolaşmağa çağırırdı. Yatağından həmişəki vaxtdan
gec qalxan Fidan əl-üzünü yuyub, saçlarını daradı. Mətbəxə keçəndə anası
nəvazişlə:
- Doyunca yata bildin, qızım? – soruşdu.
- Hə...
Anası mətbəxdə qutab bişirirdi. Kiçik bacısı Aynaz da ona kömək edirdi.
- Bu gün yaxşı hava var, gecə dəhşətli külək vardı, dedim, yatan kimi yağış
başlayacaq, gəl otur, yeməyini ye, sonra get gəz-dolan, belə havada evdə
oturmaq günahdı, - ana asta-asta danışırdı, qızı pəncərə önündə dayanıb xəyala
dalmışdı. Mətbəxin dəmir çərçivəli pəncərəsindən həyət baxçası görünürdü. Bir
azdan təzəcə tumurcuqlanmış ərik ağacının altındakı dairəvi taxta masanın
ətrafına yığışan bekar kişilər həvəslə domino oynamağa başladılar. Fidanın atası
məhəllənin bu daimi müştərilərinin arasında yox idi, çünki o, bazar günü də
küçənin tinindəki dədə-babadan yadigar qalan köhnə ayaqqabı təmiri
daxmasında iş başındaydı. Uzun illərdən bəri sakit həyat tərzi keçirən Səlim kişi
pinəçiliklə ailəsinin ruzusunu qazanmağa vərdiş eləmişdi.
Halal zəhmətlə dolanan, namuslu ömür sürən, heç kəsə dəyib-dolaşmayan,
valideynləri ilə həmişə fəxr edən, ağlı kəsən gündən onların bir sözünü iki
eləməyən Fidan ən adi günlərdə belə dərsdən sonra vaxtının çoxunu evlərində,
dörd divar arasında keçirirdi. Bu yaşda adətən, qızlar özlərinə sığmır, sevib-
sevilməyi, bəzənib-düzənməyi, rəfiqələri ilə birlikdə vaxt əritməyi xoşlayırlar.
Anası qeyri-adi təbiətilə seçilən, yaşıdlarından fərqlənən Fidana baxır,
dinməzcə köks ötürür, qəlbində qara qanlar axır, ərgən yaşına çatan qızının
gələcəyini düşünür, nigarançılıq çəkirdi.
9
Rəfiqəsi ilə araları pozulandan sonra Fidan evdə, məktəbdə özünü qəribə
tərzdə aparırdı, saatlarla öz dünyasına çəkilməsi, susub xəyala dalması onu
ətrafda baş verən real hadisələrdən uzaq salmışdı; ona elə gəlirdi ki, yaşadığı
dünyada hər şey yalan üstə qurulub, nə əsl sevgiyə etibar qalıb, nə təmənnasız
dostluğa. Anasının tez-tez “üzü dönük” dediyi zəmanə adamları dəyişmişdi. Pul
qazanmaq, var-dövlət sahibi olmaq ehtirası mənəvi dəyərləri kölgədə
qoymuşdu. Həyatda ən müqəddəs varlıq bildiyi anası da Fidanı pulu-parası olan
adama ərə vermək niyyətini gizləmirdi:
- “Eh, ay qızım, sevgi, məhəbbət indiyəcən heç kəsin qarnını doyurmayıb,
ərə getdiyin Allah bəndəsiylə bir-iki il eyni yastığa baş qoyandan sonra, arxada
sevgi də yaranacaq, xətir-hörmət də, çətini uşaq doğulanacandı. Əsas odur ki,
ailə quracağın adam lütün biri deyil, evi-eşiyi, pulu-parası var”. Fidansa cavab
vermir, zahirən özünü elə aparırdı ki, guya hələlik ərə getmək barədə düşünmür.
Əslində isə xəyala dalanda qız ən çox ailə quracağı Allah bəndəsinin kimliyi
barədə düşünür, çağrılmayan qonaq kimi qəlbinin qapısını vaxtsız döyən
duyğular ağlını başından alır, onu həyəcana gətirirdi. Düşüncələr aləmindən
qopmayan qızcığaz get-gedə o qədər xəyalpərvər bəndəyə çevrilmişdi ki,
tənhalığa çəkiləndə xəyalında obrazını yaratdığı oğlanla danışırdı. Bu yaraşıqlı,
baxışından ciddilik, ötkəmlik yağan, erkən yaşında həyatın hər üzünə bələd
oğlanı Fidan hardan tanıyırdı, ilahi? Tanıyırdı deyəndə, oğlanı son dəfə baxdığı
“Qeyb olan illər” adlı türk teleserialındakı Əsmərə bənzədirdi. Bu filmə baxan
günədək Fidan elə bilirdi ki, Əsmər yalnız qız adıdır. Ancaq bu ad filmin əsas
qəhrəmanlarından hesab olunan qarabəniz oğlana yaraşırdı ki, sanki vücuduna,
mütənasib qəddi-qamətinə, simasına həqiqətən biçilmişdi. Fidan gələcəkdə
həyat yollarında birgə addımlayacağı oğlanı da o cür təsəvvür edirdi:
“İnanıram, bir gün Əsmərə bənzəyən bir oğlan küçədə, yolda, hardasa qəfildən
qarşımı kəsib:
- Fidan, canım-gözüm, axtardığın mənəm, deyəcək! Sənin xəyalında
yaşatdığın oğlanam, həm sənin, həm də valideynlərinin arzuladığı Allahın
sevimli bəndəsiyəm. Bəli, Fidan düşüncələr aləmində aşiq olduğu gəncə
Dostları ilə paylaş: |