“Qanun”.-2009.-№9.-S.82-85.
İRAN QANUNVERİCİLİYİNDƏ
ARVADIN VƏRƏSƏLİYİ
Həmid Hüseyn oğlu Allahverdizadə,
Bakı Dövlət Universitetinin, hüquq fakültəsinin doktorantı
İran İslam Respublikasının qanun-vericiliyində nəfəqə ali qanun olan İran Konstitusiyasının
müddəalarından irəli gəlir. 1979-cu ildə qəbul edilmiş İran İslam Respublikasının Konstitusiyasının 21-ci
maddəsində deyilir: "Dövlət islam normalarına riayət etməklə qadın hüquqlarını bütün səviyyələrdə təmin etməyə
borcludur və bunun üçün aşağıdakı işləri görməlidir:
1) qadın şəxsiyyətinin inkişafı, onun maddi və mənəvi hüquqlarının dirçəl-məsi üçün münasib şəraitin
yaradılması;
2) qadınların himayəsi, xüsusilə hamiləlik və körpəni saxlayan dövrdə ona qayğı göstərilməsi, kimsəsiz
uşaqların himayəsi;
3) ailənin varlığı və davamlılığı üçün düzgün məhkəmə sisteminin yaradılması;
4) dul və qoca qadınlar, ailə başçısı olmayan qadınlar üçün xüsusi sığorta sisteminin yaradılması;
5) qanuni arxası (ata və babası) olmayan uşaqların mənafeyi naminə layiqli analara onların qəyyumluq etmə
hüququnun verilməsi".
Mövzunun şərhinə keçməzdən öncə, ümumiyyətlə, vərəsəlik termininin hüquqi və leksik mənasının
nəzərdən keçirilməsi, fikrimizcə, məqsədəmüvafiq olardı. Fars və Azərbaycan dillərində işlədilən "irs" sözü mənşə
etibarilə ərəb sözü olub, mənası ölmüş bir şəxsin var-dövlətinə sahib olmaq deməkdir. Buna əlavə olaraq deməliyik
ki, vərəsəlik özü də müvafiq hüquqi normalar əsasında müəyyən edilir. Əlbəttə, bu məsələdə birinci növbədə ölmüş
şəxsin vəsiyyətnaməsi əsas götürülür.
Ərəb dilində vərəsəlik deyəndə insanın ölümü ilə onun varının başqasına keçməsi nəzərdə tutulduğu kimi,
türk dilində də vərəsəlik ifadəsi eyni məzmunu ifadə edir.
İrsiyyət məsələsi müqəddəs Quranda da öz əksini tapmışdır. Varis məsələsi də həmçinin hüquqi aktlarda və
şəriət qaydalarında ətraflı izah olunmuşdur. Belə ki, varislər üç kateqoriyaya bölünür:
Birinci varislər: ata, ana və övladlar, nəvələr.
İkinci varislər: qardaşlar, bacılar və onların övladları.
Üçüncü varislər: əmi, dayı, xala, bibi və onların övladları.
İrsiyyətin tədqiq şərtləri. İrsiyyət məsələsinin aşağıdakı kimi müvafiq şərtləri vardır: 1) varislik müddəti;
2) varisin mövcud olması; 3) ölən üçün qohumluq dərəcəsi.
İrsiyyət ilk növbədə əsas varisin kimliyinin təyin edilməsi, yəni həmin adamın ölənlə qohumluq dərəcəsi ilə
şərtlənir. Qohumların özü də iki qrupa bölünür: 1) nisbi qohumlar və 2) səbəbi qohumlar. Nisbi qohumlar
vərəsəlikdə əsas qrupdur. Mülki Məcəllənin 862 - ci maddəsinə əsasən nisbi qohumluqda irsiyyətin üç əsas növü
var. İrsiyyətdə səbəb isə evlənmə ilə əlaqədardır. Ər və ya arvad varis ola bilər. Qeyd etmək lazımdır ki, belə
hallarda nə arvadın, nə də ərin qohumları varis ola bilməzlər. İran Mülki Məcəlləsinin 1140-cı maddəsində qeyd
edilir ki, irs mülkiyyətin bir növüdür.
İrsin mülkiyyətin bir forması olması barədə Mülki Məcəllənin 861-ci maddəsində də müvafiq qeydlər
vardır. Həmin məcəllənin 863-cü maddəsində belə deyilir: "Vərəsəlik hüququna ər və arvaddan biri malik ola bilər.
Onlardan birinin ölümü ilə ikincinə vərəsəlik hüququ aid edilir".
Ər və arvadın vərəsəlik hüququ yalnız onların vərəsəliyinə dair müvafiq şərtlər uyğun olmadığı halda
tanınmır. Bu şərtlərin mahiyyəti müxtəlif ola bilər. Məsələn, L.İdris (2, s. 165) kitabında yazır ki, vərəsəlik
məsələsində üç maneə ola bilər. Lakin Mülki Məcəllədə dörd belə maneə növü sadalanır: 1) qətl; 2) küfr; 3) ləan; 4)
zinakarlıqdan olan övlad.
Qətl: yəni varislərdən birinin əli ilə həmin adam qətlə yetirilərsə, onda həmin adam vərəsəlik hüququndan
məhrum olur.
Küfr: yəni vərəsələrdən biri kafir olarsa, artıq vərəsəlik hüququnu itirir. Kafirlik məfhumu bir qədər
mübahisəlidir. Belə ki, kafirlik deyəndə Allahın təkliyini qəbul etməyənlər nəzərdə tutulur. Eləcə də Məhəmməd
peyğəmbərə, onun dininə inam gətirməyənlərə kafir deyirlər.
Ləan: yəni zina etmək. Bu həm kişi, həm də qadın tərəfindən törədilə bilər. Qanunvericilikdə yazılıb ki, ər
və arvaddan biri o birinə xəyanət edərsə, onda xəyanət edən vərəsəlik hüququndan məhrum olunur.
Zinalıqla övlad olarsa: yəni övlad ölən kəsin yox, zinalıqla doğulan uşaqdırsa, o vərəsəlik hüququndan
məhrum olur.
Aşağıdakı hallarda ata, ana və qohumlar vərəsəlik hüququndan məhrum olurlar.
İrsiyyət: I - İrsiyyətin tədqiqi: 1 - varisin ölümü. 2 - varisin mövcudluğu.
3 - irs verənin varisinin olması. II - İrsiyyətin mövcudluğu:
a) nəsəb:
1) birinci mərhələ: a) övlad b)nəvələr.
2) ikinci mərhələ: a) bacı və qardaşlar: b) əcdaddan olanlar.
3) üçüncü mərhələ: a) əmi və dayılar, b) xala və bibilər.
b) səbəb:
1) həyat yoldaşı; 2) övladlar.
III - vərəsəlikdə maneələr:
1 - irs sahibinin qətli; 2 - küfr; 3 - ləan; 4 - zinalıqla olan övlad.
Arvada verilən mirasın qanunvericilik tarixi. İslamdan qabaq əksər qabaqcıl və geridə qalmış xalqların
bu məsələyə dair adətləri belə olmuşdur ki, həyat yoldaşlardan biri vəfat edəndən sonra onun irsi başqasına
qalmamışdır. Məsələn, Romada ailələr müstəqil olmuş və ailənin himayə edəni mülkiyyət sahibi olmuşdur. Belə ki,
himayə edən adam ölən kimi, ailədən birini onun yerinə seçirmişlər və ölənin mülkiyyəti hə-min adamın ixtiyarına
keçirmiş. Qalan qardaşlar da onun varisləri hesab olunurdu. Arvad və ana vərəsəlik hüququna malik deyildir.
Onların vərəsəlik hüququndan məhrumluğu bununla əsaslandırılırdı ki, başqaları ilə ailə qura bilərlər və ailənin
sərvəti başqalarının ixtiyarına keçə bilər (3, s. 239.) Əlbəttə, qeyd etmək lazımdır ki, sonralar Roma qanunlarında
bir sıra dəyişikliklər nəticəsində və artıq qızların da ata payından müəyyən miras almaq hüququ yarandı. Lakin
aparılan dəyişikliklərdən sonra da arvadın vərəsəlik hüququ yeni qanunlarda öz əksini tapmadı.
Qədim Yunanıstanda da qanunlar təqribən Romada olduğu kimi idi. Yəni ər və ya himayəçi öləndən sonra
irs yalnız böyük oğula qalırdı və başqa övladlar ondan məhrum olurdu (3, s. 239).
Yəhudilərin dini ayinlərində deyilir ki, arvad irsiyyətdən məhrumdur. Əlavə olaraq bu da qeyd edilir ki,
ailədə oğlan varsa o varis sayılır və qız vərəsəlik hüququ daşımır. Ailədə yalnız oğlan olmayanda qızın vərəsəlik
hüququ olur. Belə halda əgər arvad ölərsə, artıq kişi həmin qadından qalma mirasa sahib ola bilmir. Eləcə də ər
ölərsə, arvad onun vərəsəsi ola bilmir. Ancaq arvad ölərsə, birgə əldə olunmuş sərvətin varisi ər ola bilir (4, s.
39-40).
İranda islamdan əvvəl miras böyük qardaşa çatırdı. Sasanilər vaxtında arvadın hüquqları yox idi. Atanın və
ananın hüquqları arvaddan çox idi. Ərə gedən qız atasından və qardaşlarından miras almırdı.
Cahiliyyət dövründə də ölmüş atanın mirasından arvada və qıza pay çatmırdı. Təbii ki, həmin dövrdə
qadınların vərəsəlik hüquqları olmamışdır. Hətta qadının özü belə irs kimi başqasına verilirdi.
Amma islamdan sonra bütün bu məsələlərə aydınlıq gətirildi və qadın artıq cəmiyyətin əsas üzvü olmaqla
müəyyən hüquqlar əldə etdi. Kişilərə aid olan bütün mülkiyyət hüquqları qadınlara da aid edildi. Eləcə də irsiyyət
və vərəsəlik məsələsində arvadın, ananın və qızın hüquqları müəyyənləşdi. Belə ki, artıq onlar da varis kimi miras
payına malik oldular. Qurani-Kərimdə də yazılıb ki, "kişilər və qadınlar valideynlikdə ən yaxın adamlardır. Onların
hər ikisi müəyyən paylara malikdirlər. (Allah tərəfindən) (5, s. 12).
Eləcə də həmin mənbədə deyilir ki, "ərin varının dörddə bir hissəsi, övladları yoxdursa, arvadlarına çatır.
Ölən ərin borcları verildikdən sonra vərəsə kimi dörddə bir hissə arvadlarına və səkkizdə bir hissə isə başqa
qohumlara çatır" (5, s. 7).
Quranda ərin sərvətindən arvada çat ası pay dəqiqliklə təsbit edilir. Bu barədə müxtəlif mübahisələr var.
Belə ki, şəriətdə bütün cəmiyyətin və ailənin yükü ərin boynuna düşür və kişilər cəmiyyətdə aparıcı qüvvə kimi
təqdim edilir.
Arvadın mirasının aydınlaş dırılması şərtləri. Əvvəldə qeyd etdiyimiz kimi vərəsəlikdə vacib olan amillər
ikidir. 1-ci nəsəb, 2-ci isə səbəb. Səbəbdə həyat yoldaşları vərəsəlik hüququna malikdir. Mülki Məcəllədə onların
hüquqları əks etdirilmişdir. Məcəllənin 864 və 940-cı maddələrində həmin şərtlər göstərilmiş və qeyd olunmuşdur
ki, bu şərtlər dörd hissədən ibarətdir. Həmin şərtlər daxilində arvad ərin varislərindən biri ola bilər. Həmin şərtlər
bunlardır: 1) ər-arvadın əlaqələri; 2) ölümdən sonra həyat yoldaşından qalma sərvət; 3) nikahın daimi olması; 4)
həyat yoldaşının vərəsəlikdən məhrum olunması barədə aktın olub-olmaması.
Bu şərtlərdən birincisi olan ər-arvadın əlaqələri şərtinə aydınlıq gətirək: bu şərtə əsasən arvad ərinin varisi
ola bilər, bir şərtlə ki əri ilə rəsmi nikaha girmiş olsun. Mülki Məcəllənin 1102-ci maddəsində deyilir ki, nikah
rəsmi qaydada qeydə alınıbsa onda ər və arvadın əlaqələri hüquqi xarakter daşıyır". Mülki Məcəllədə göstərilir ki,
əgər ər-arvad rəsmi nikaha giriblərsə, onda biri-birinə varis ola bilərlər. Amma burada bir istisna var ki, ər xəstəlik
halında arvadla evlənibsə və nikah da qeydə alınıbsa və o bu xəstəliklə əlaqədar vəfat edibsə, onda arvadın
vərəsəlik hüququ olmur. Ancaq həmin xəstəlikdən sağalandan sonra ölərsə, onda ərin mirasına sahib ola bilər (1, s.
1180). Bəs hansı hallarda arvad ərin varisi ola bilməz. Bu barədə deyilir: 1) əgər nikah ərin xəstəliyi vaxtı
bağlanıbsa; 2) həqiqətən də ər həmin xəstəlikdən ölmüş və başqa xəstəliyə düçar olmamış və həmin məqamda nikah
bağlayıbsa; 3) həmin xəstəlik nikah vaxtı ərin ölümünə səbəb olmuşdur və ya bir müddətdən sonra həmin xəstəlik
yenidən baş qaldırmış və o ölmüşsə; 4) əgər ərin ölümü nikaha daxil olmadan qabaq baş veribsə, onda arvada miras
çatmır.
Yuxarıda deyilən şərtlərdən əlavə tərəflər ola bilər ki, ölüm halında olanda nikah bağlamış olsunlar. Onda
talaq və ya nikahın ləğvinə ehtiyac qalmır. Çünki Mülki Məcəllənin 864 və 940-cı maddələrinə əsasən, tərəflərin
hər biri mirasdan məhrum ola bilər, əgər onlar arasında ölümdən əvvəl talaq olubsa, hökmən nəzərə alınmalıdır.
Talaq verməyə əgər imkan tapmamış onlardan biri ölmüşsə, onda həyat yoldaşı vərəsəlik hüququnu itirir. Bu
məsələdə iki istisna hökmən nəzərə alınmalıdır. Birincisi odur ki, Mülki Məcəllənin 943-cü maddəsinə əsasən, ər
arvadını ölümündən qabaq boşamaq fikrinə düşübsə, onda varislikdən məhrum olur. İkinci hal isə ondan ibarətdir
ki, ölümündən qabaq əgər ər arvadından şikayətlə məhkəməyə müraciət edibsə, onda arvad vərəsəlikdən məhrum
olur.
İkinci istisna halında həmçinin bir məqama diqqət yetirilməlidir ki, talaq müddəti ərin ölümündən sonra bir
il müddətində ola bilər və ya ərin xəstəliyi müddətində talaq olarsa, onda tərəflər vərəsəlik hüquqlarını itirirlər.
Bununla belə istisnalar məhkəmə yolu ilə həll edilə bilər. Həmin məsələlər bunlardır: 1) talaq almış arvadın
vərəsəlik hüququ məhkəmə ilə bərpa oluna bilər; 2) talaq almış arvadın vərəsəlik hüquqları arvadın ərizəsi əsasında
məhkəmədə həll edilə bilər.
Nikahın daimi olması şərti. Mülki Məcəllənin 940-cı maddəsinə əsasən daimi nikaha malik ər-arvad
vərəsəlik hüququndan məhrum deyildir və bir-birlərinin varisi ola bilərlər. Nikahları daimi olmayanlar bir-birlərinin
varisi ola bilməzlər.
İstifadə olunmuş mənbələr:
1. Cahangir Mənsov. Qanon mədahi. Tehran, nəşr. Dövran, 2009
2. Ebn eyris-şərəcv. Cild 3. Tehran, 1987
3. Əiləm Seyyid Məhəmməd Təbətəbaci. Tərsiəl Miran. Cild 4. Tehran, 1998
4. Məhəmməd Yusifı Musə. Əltəərəkə və əlmirəsfel eşləm. Tehran: Dərol Kitabe, 1960
5. Qurani-Kərim. Nisə surəsi, 12-ci ayə