"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza
əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya
cəza əleyhinə Konvensiya"nın 2005-ci il sentyabrın 15-də imzalanmış Fakültativ
Protokolu Azərbaycan Respublikasının ona dair bəyanatı ilə təsdiq edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2008-ci il
№ 724-IIIQD
İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə
qarşı Konvensiyanın
FAKÜLTATİV PROTOKOLU
Preambula
Hazırkı Protokolun iştirakçı dövlətləri,
İşgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın və cəza
növlərinin qadağan edildiyini və onların insan hüquqlarının ciddi pozuntuları olduğunu bir
daha təsdiq edərək,
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza
növlərinə qarşı Konvensiyanın (bundan sonra "Konvensiya" adlandırılacaq) məqsədlərinə
nail olunması və azadlıqdan məhrum edilmiş şəxslərin işgəncələrdən və digər qəddar,
qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərindən müdafiəsinin
gücləndirilməsi üzrə gələcək tədbirlərin zəruriliyinə əmin olaraq,
Konvensiyanın 2-ci və 16-cı maddələrinin hər bir iştirakçı dövlətin öz
yurisdiksiyasında olan hər hansı ərazidə işgəncələrin və digər qəddar, qeyri-insani, yaxud
ləyaqəti alçaldan rəftar və cəza növlərinin qarşısının alınması üçün səmərəli tədbirlərin
görülməsini öhdəsinə qoyduğunu xatırlayaraq,
Dövlətlərin bu maddələrin həyata keçirilməsinə görə birbaşa məsuliyyət daşıdığını,
azadlıqdan məhrum edilmiş şəxslərin müdafiəsinin gücləndirilməsinin və onların insan
hüquqlarına tam riayət olunmasının ümumi vəzifə olduğunu və Konvensiyanın tətbiqi üzrə
beynəlxalq qurumların milli tədbirləri tamamladığını və möhkəmləndirdiyini etiraf edərək,
İşgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza
növlərinin səmərəli şəkildə qarşısının alınmasının maarifləndirmə sahəsində tədbirlərin
görülməsini və müxtəlif qanunvericilik, inzibati, məhkəmə və digər tədbirlərin
birləşdirilməsini tələb etdiyini xatırlayaraq,
Həmçinin, Vyanada 1993-cü ilin iyun ayında keçirilmiş İnsan Hüquqları üzrə
Ümumdünya Konfransında işgəncələrin kökünün kəsilməsi üzrə səylərin ilk öncə onun
qarşısının alınmasına yönəlməli olduğunu bəyan etdiyini və saxlanma yerlərinə mütəmadi
başçəkmə üzrə preventiv sistemin yaradılması məqsədi daşıyan Konvensiyanın fakültativ
protokolunun qəbul edilməsinə çağırdığını xatırlayaraq,
Azadlıqdan məhrum edilmiş şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani
yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərindən müdafiəsinin saxlanma yerlərinə
mütəmadi başçəkmələrə əsaslanan preventiv xarakter daşıyan qeyri-məhkəmə tədbirləri
əsasında gücləndirə bilinməsinə əmin olaraq,
Aşağıdakılar barədə razılığa gəldilər:
I hissə
ÜMUMİ PRİNSİPLƏR
Maddə 1
Hazırkı Protokolun məqsədi işgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti
alçaldan rəftar və cəza növlərinin qarşısının alınması üçün azadlıqdan məhrum edilmiş
şəxslərin saxlanıldığı yerlərə müstəqil beynəlxalq və milli orqanlar tərəfindən mütəmadi
başçəkmələr sisteminin yaradılmasından ibarətdir.
Maddə 2
1. Hazırkı Protokolda ifadə olunan funksiyaları yerinə yetirən İşgəncələrə qarşı
Komitənin İşgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza
növlərinin qarşısının alınması üzrə Altkomitə (bundan sonra Qarşısını Alma üzrə Altkomitə
adlandırılacaq) yaradılır.
2. Qarşısını Alma üzrə Altkomitə fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsi çərçivəsində həyata keçirir və onun məqsəd və prinsiplərinin, habelə
Birləşmiş Millətlər Təşkilatının azadlıqdan məhrum edilmiş şəxslərlə rəftara aid normalarını
rəhbər tutur.
3. Qarşısını Alma üzrə Altkomitə, həmçinin konfidensiallıq, qərəzsizlik, qeyri-
seçicilik, universallıq və obyektivlik prinsiplərini rəhbər tutur.
4. Qarşısını Alma üzrə Altkomitə və iştirakçı dövlətlər hazırkı Protokolun həyata
keçirilməsində əməkdaşlıq edir.
Maddə 3
Hər bir iştirakçı dövlət işgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti
alçaldan rəftar və cəza növlərinin qarşısının alınması məqsədilə milli səviyyədə (milli
preventiv mexanizmlər adlandırılan) bir və ya bir neçə başçəkmə orqanını yaradır, təyin
edir və ya dəstəkləyir.
Maddə 4
1. Hər bir iştirakçı dövlət Hazırkı Protokola, 2-ci və 3-cü maddələrdə qeyd olunan
mexanizmlərə uyğun olaraq yurisdiksiyası və nəzarəti altında olan azadlıqdan məhrum
edilmiş şəxslərin dövlət orqanının sərəncamı və ya onun göstərişi, yaxud icazəsi və ya
susmaqla razılığı əsasında saxlanıldığı və yaxud saxlanıla bildiyi hər bir yerə (bundan sonra
saxlanma yerləri adlandırılacaq) başçəkmələrə icazə verir. Zərurət olduqda bu başçəkmələr
belə şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və
cəza növlərindən müdafiəsinin gücləndirilməsi məqsədi ilə həyata keçirilir.
2. Hazırkı Protokolun məqsədləri üçün azadlıqdan məhrum etmə dedikdə şəxsin hər
hansı məhkəmə, inzibati və ya digər orqanın qərarı ilə həbsdə saxlanılmasının və ya
azadlıqdan məhrum edilməsinin, yaxud öz iradəsi ilə tərk etmə hüququ olmadan dövlət
yaxud özəl həbsdə saxlanma yerinə yerləşdirilməsinin istənilən forması başa düşülür.
II hissə
QARŞISINI ALMA ÜZRƏ ALTKOMİTƏ
Maddə 5
1. Qarşısını alma üzrə Altkomitə on üzvdən ibarətdir. Hazırkı Protokolun əllinci
ratifikasiya fərmanının və ya ona qoşulma haqqında sənədin saxlanma üçün verilməsindən
sonra Altkomitənin üzvlərinin sayı iyirmi beş nəfərə qədər artırılır.
2. Qarşısını alma üzrə Altkomitənin üzvləri yüksək mənəvi keyfiyyətlərə malik və
ədalət mühakiməsi, xüsusilə də cinayət ədalət mühakiməsi sahəsində, penitensiar sistemdə
və ya polis orqanlarında, yaxud azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarla aid istənilən
sahələrdə təsdiq edilmiş iş təcrübəsi olan şəxslər sırasından seçilir.
3. Qarşısını alma üzrə Altkomitənin yaradılması zamanı ədalətli coğrafi bölgü və
iştirakçı dövlətlərin müxtəlif mədəniyyət formalarının və hüquq sistemlərinin
təmsilçiliyinin zərurətinə lazımi diqqət yetirilir.
4. Qarşısını alma üzrə Altkomitənin yaradılması zamanı həmçinin bərabərlik və ayrı-
seçkiliyin yolverilməzliyi prinsipləri əsasında tarazlaşdırılmış gender təmsilçiliyinə diqqət
yetirilir.
5. Qarşısını alma üzrə Altkomitənin tərkibinə eyni dövlətin birdən çox vətəndaşı daxil
ola bilməz.
6. Qarşısını alma üzrə Altkomitənin üzvləri öz funksiyalarını şəxsi qisimdə həyata
keçirir, onlar müstəqil və qərəzsiz olmalı və Altkomitənin tərkibində səmərəli işləməyə
imkanları olmalıdır.
Maddə 6
1. Hər bir iştirakçı dövlət hazırkı maddənin 2-ci bəndinə uyğun olaraq 5-ci maddədə
təsbit olunmuş ixtisas və tələblərə cavab verən iki namizədi irəli sürə bilər, bununla belə
dövlət həmin namizədlərin ixtisası haqqında ətraflı məlumat təqdim edir.
2. a) Namizədlər hazırkı Protokolun iştirakçı dövlətinin vətəndaşı olmalıdır;
b) irəli sürülmüş iki namizəddən ən azı biri onun namizədliyini irəli sürən iştirakçı
dövlətin vətəndaşlığına malik olmalıdır;
c) bir iştirakçı dövlətin vətəndaşı olan iki nəfərdən çox namizəd irəli sürülə bilməz;
d) hər hansı iştirakçı dövlət digər iştirakçı dövlətin vətəndaşını namizəd kimi irəli
sürməkdən əvvəl, o, həmin iştirakçı dövlətə sorğu verir və razılığını alır.
3. Seçkilərin keçirilməsi nəzərdə tutulan iştirakçı dövlətlərin müşavirəsinin
başlanmasından ən azı beş ay əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş katibi iştirakçı
dövlətlərə üç ay ərzində öz namizədlərini irəli sürmək təklifi ilə məktub göndərir. Baş katib
bütün namizədlərin, onları irəli sürmüş iştirakçı dövlətlər göstərilməklə əlifba qaydasında
siyahısını təqdim edir.
Maddə 7
1. Qarşısını alma üzrə Altkomitənin üzvləri aşağıdakı qaydada seçilir:
a) əsas diqqət hazırkı Protokolun 5-ci maddəsinin tələblərinə və meyarlarına əməl
edilməsinə yetirilir;
b) ilk seçkilər hazırkı Protokolun qüvvəyə minməsindən sonra altı ay müddətindən
gec olmayaraq keçirilir;
c) iştirakçı dövlətlər Qarşısını alma üzrə Altkomitənin üzvlərini gizli səsvermə yolu ilə
seçir;
d) Qarşısını alma üzrə Altkomitənin üzvünün seçkiləri Birləşmiş Millətlər Təşkilatının
Baş katibi tərəfindən iki ildə bir dəfə çağırılan iştirakçı dövlətlərin iclaslarında keçirilir.
İştirakçı dövlətlərin sayının üçdə iki hissəsi kvorum hesab edilən bu iclaslarda ən çox səs və
iştirak edən və səs verən iştirakçı dövlətlərin nümayəndələrinin mütləq səs çoxluğunu
toplamış şəxslər Altkomitəyə seçilmiş üzvlər hesab olunur.
2. Seçkilər zamanı hər hansı iştirakçı dövlətin iki vətəndaşının Qarşısını alma üzrə
Altkomitənin tərkibində işləmək hüququnu əldə etdiyi təqdirdə, ən çox səs toplamış
namizəd Altkomitənin üzvü seçilir. Bu vətəndaşların eyni sayda səs topladığı təqdirdə,
aşağıdakı prosedur tətbiq olunur:
a) namizədlərin yalnız biri vətəndaşı olduğu iştirakçı dövlət tərəfindən irəli
sürüldüyü təqdirdə bu vətəndaş Qarşısını alma üzrə I Altkomitənin üzvü seçilir;
b) hər iki namizəd vətəndaş olduqları iştirakçı dövlət tərəfindən irəli sürüldüyü
təqdirdə, Qarşısını alma üzrə Altkomitənin üzvlüyünə namizədlərdən birinin müəyyən
edilməsi üçün ayrıca gizli səsvermə keçirilir;
c) namizədlərdən heç biri vətəndaşı olduğu iştirakçı dövlət tərəfindən irəli
sürülmədiyi təqdirdə Qarşısını alma üzrə Altkomitənin üzvlüyünə namizədlərdən birinin
müəyyən edilməsi üçün ayrıca gizli səsvermə keçirilir.
Maddə 8
Qarşısını alma üzrə Altkomitə üzlərindən birinin vəfat etdiyi və ya istefa verdiyi
yaxud hər hansı digər səbəbdən Altkomitə üzvünün funksiyalarını yerinə yetirməsi
mümkün olmadığı təqdirdə, onun namizədliyini irəli sürmüş iştirakçı dövlət seçilmək
hüququ olan, 5-ci maddədə təsbit olunmuş ixtisasa malik və tələblərə cavab verən şəxsi
teyin edir. Bu şəxs səlahiyyətlərin müxtəlif sahələri arasında müvafiq tarazlığın təmin
edilməsi zərurəti nəzərə alınmaqla, iştirakçı dövlətlərin növbəti iclasına qədər olan
səlahiyyət müddətinə, onun iştirakçı dövlətlərin çoxluğu tərəfindən təsdiq olunması şərti ilə
teyin olunur. Birləşmiş Millətlər Təşkilatı Baş katibinin ehtimal edilən təyinat haqqında
bildirişindən sonra altı ay ərzində iştirakçı dövlətlərin yarısı və ya yarısından çoxu
tərəfindən belə təyinata qarşı çıxış edilmədiyi təqdirdə təsdiqetmə baş tutmuş hesab olunur.
Maddə 9
Qarşısını alma üzrə Altkomitənin üzvləri il 4 müddətinə seçilir. Namizədlikləri irəli
sürüldüyü təqdirdə onlar bir dəfə təkrarən seçilə bilərlər. İlk seçkilərdə seçilmiş üzvlərin
yarısının səlahiyyət müddəti iki illik müddət bitdikdən sonra başa çatır; ilk seçkilərdən
dərhal sonra bu üzvlərin adları 7-ci maddənin 1 d bəndində qeyd olunan iclasın Sədri
tərəfindən keçirilən püşk atma yolu ilə müəyyən olunur.
Maddə 10
1. Qarşısını alma üzrə Altkomitə öz vəzifəli şəxslərini iki il müddətinə seçir. Onlar
təkrarən seçilə bilərlər.
2. Qarşısını alma üzrə Altkomitə öz prosedur qaydalarını müəyyən edir. Bu prosedur
qaydalar xüsusilə aşağıdakıları nəzərdə tutur:
a) üzvlərin yarısı üstə gəl bir kvorum təşkil edir;
b) Qarşısını alma üzrə Altkomitənin qərarları iştirak edən üzvlərin səs çoxluğu ilə
qəbul olunur;
c) Qarşısını alma üzrə Altkomitənin iclasları qapalı keçirilir.
3. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Qarşısını alma üzrə Altkomitənin ilk
iclasını çağırır. İlk iclasdan sonra Qarşısını alma üzrə Altkomitə prosedur qaydalarına
müvafiq olan intervalda iclaslarını keçirir. Altkomitə və İşgəncələrə qarşı Komitə ildə bir
dəfədən az olmayaraq birlikdə toplaşırlar.
III hissə
QARŞISINI ALMA ÜZRƏ ALTKOMITƏNİN MANDATI
Maddə 11
Qarşısını alma üzrə Altkomitə:
a) 4-cü maddədə qeyd olunan yerlərə baş çəkir və azadlıqdan məhrum edilmiş
şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza
növlərindən müdafiəsi ilə bağlı iştirakçı dövlətlərə tövsiyələr təqdim edir;
b) milli preventiv mexanizmlərə münasibətdə:
i) zərurət olduqda, belə mexanizmlərin yaradılmasında iştirakçı dövlətlərə
məsləhət verir və yardım göstərir;
ii) milli preventiv mexanizmlərlə birbaşa, zərurət olduqda konfidensial şəkildə əlaqə
saxlayır və onların potensialının gücləndirilməsi məqsədi ilə peşəkar hazırlıq və texniki
yardım sahəsində xidmətlər təklif edir;
iii) azadlıqdan məhrum edilmiş şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani
yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərindən müdafiəsinin gücləndirilməsi üçün
ehtiyacların və zəruri tədbirlərin qiymətləndirilməsi işində məsləhət verir və yardım
göstərir;
iv) milli preventiv mexanizmlərinin imkanlarının və mandatının gücləndirilməsi
məqsədi ilə işgəncələrin və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza
növlərinin qarşısının alınması üçün iştirakçı dövlətlərə tövsiyə və iradları təqdim edir.
c) işgəncələrin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının
aidiyyəti qurum və mexanizmləri ilə, habelə bütün şəxslərin işgəncələrdən və digər qəddar,
qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərindən müdafiəsinin
gücləndirilməsi marağından çıxış edən beynəlxalq, regional və milli təsisat və ya
təşkilatlarla əməkdaşlıq edir.
Maddə 12
Qarşısını alma üzrə Altkomitənin 11-ci Maddədə təsbit olunmuş mandatının həyata
keçirə bilməsi üçün iştirakçı dövlətlər aşağıdakıları öhdəsinə götürür:
a) Qarşısını alma üzrə Altkomitəni öz ərazisində qəbul etmək və hazırkı Protokolun 4-
cü Maddəsində müəyyən olunmuş saxlanma yerlərinə baş çəkməyə imkan vermək;
b) azadlıqdan məhrum edilmiş şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani,
yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərindən müdafiəsinin gücləndirilməsi üçün
ehtiyacların və zəruri olan tədbirlərin qiymətləndirilməsi məqsədilə Qarşısını alma üzrə
Altkomitə tərəfindən sorğu edilə bilən bütün aidiyyəti məlumatı təqdim etmək;
c) Qarşısını alma üzrə Altkomitə və milli preventiv mexanizmlər arasında əlaqələri
təşviq etmək və asanlaşdırmaq;
d) Qarşısını alma üzrə Altkomitənin tövsiyələrini öyrənmək və onların mümkün
tətbiqi ilə bağlı dialoq aparmaq.
Maddə 13
1. Qarşısını alma üzrə Altkomitə 11-ci Maddədə təsbit olunmuş mandatının həyata
keçirilməsi məqsədilə iştirakçı dövlətlərə müntəzəm başçəkmələr proqramını ilk dəfə püşk
atma yolu ilə müəyyən edir.
2. Məsləhətləşmələrin keçirilməsindən sonra, Qarşısını alma üzrə Altkomitə öz
proqramı haqqında iştirakçı dövlətləri məlumatlandırır ki, onlar təxirə salınmadan
başçəkmələrin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Başçəkmələr Qarşısını alma üzrə Altkomitənin ən azı iki üzvü tərəfindən həyata
keçirilir. Zərurət olduqda, bu üzvləri hazırkı Protokolun əhatə etdiyi sahələr üzrə təsdiq
olunmuş iş təcrübəsinə və biliklərə malik ekspertlər müşayiət edə bilər. Ekspertlər Birləşmiş
Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı və Beynəlxalq Cinayətkarlığın
Qarşısının Alınması üzrə Mərkəzi tərəfindən, iştirakçı dövlətlərin irəli sürdüyü təkliflər
əsasında hazırlanmış ekspertlər siyahısından seçilir. Bu siyahının hazırlanması zamanı
aidiyyəti iştirakçı dövlətlər 5 nəfərdən çox olmayaraq milli ekspert təklif edir. Aidiyyəti
iştirakçı dövlət başçəkmə üçün təklif edilmiş ekspertin namizədliyini rədd edə bilər,
bundan sonra Altkomitə digər eksperti təklif edir.
4. Qarşısını alma üzrə Altkomitə zəruri hesab etdiyi təqdirdə, müntəzəm başçəkmənin
həyata keçirilməsindən sonra növbəti qısa başçəkmə təşkil etməyi təklif edə bilər.
Maddə 14
1. Qarşısını alma üzrə Altkomitə mandatını həyata keçirə bilməsi üçün hazırkı
Protokolun iştirakçı dövlətləri ona aşağıdakıları təqdim etməyi öhdələrinə götürürlər:
a) 4-cü Maddədə müəyyən olunmuş saxlanma yerlərində olan azadlıqdan məhrum
edilmiş şəxslərin sayı, həmçinin belə yerlərin sayı və yerləşdiyi yer haqqında istənilən
məlumat məhdudiyyətsiz əldə etmək imkanı;
b) belə şəxslərlə rəftar, habelə onların saxlanma şəraiti haqqında istənilən məlumat
məhdudiyyətsiz əldə etmək imkanı;
c) aşağıdakı 2-ci bəndə uyğun olaraq, bütün saxlanma yerlərinə, onların binalarına və
obyektlərinə məhdudiyyətsiz buraxılış;
d) azadlıqdan məhrum edilmiş şəxslərlə şahidsiz, şəxsən və ya zərurət olduqda,
tərcüməçi vasitəsilə, habelə Altkomitənin fikrinə görə aidiyyəti məlumatı verə biləcək
istənilən digər şəxslə fərdi qaydada söhbətlər aparmaq imkanı;
e) baş çəkmək niyyətində olduğu yerləri və söhbət etmək niyyətində olduğu şəxsləri
maneəsiz seçmək hüququ.
2. Konkret saxlanma yerinə başçəkməyə münasibətdə etirazlar yalnız təcili surətdə
baş vermiş və başçəkməyə müvəqqəti maneə törədən milli müdafiə, dövlət təhlükəsizliyi,
təbii fəlakət və ya baş çəkilməsi ehtimal edilən yerdə ciddi iğtişaşla bağlı inandırıcı
mülahizələrə əsaslana bilər. Elan olunmuş fövqəladə vəziyyətin mövcudluğu başçəkmənin
həyata keçirilməsinə etiraz səbəbi kimi gətirilə bilməz.
Maddə 15
Heç bir orqan və ya vəzifəli şəxs Qarşısını alma üzrə Altkomitəyə və ya onun
üzvlərinə verilən hər hansı, istər doğru, istərsə də yalan, məlumatın bildirilməsinə görə
istənilən şəxs və ya təşkilata münasibətdə hər hansı sanksiyanı teyin edə, tətbiq edə, icazə
verə və ya yol verə bilməz və heç bir belə şəxs və ya təşkilat digər şəkildə sıxışdırıla bilməz.
Maddə 16
1. Qarşısını alma üzrə Altkomitə öz tövsiyə və iradlarını konfidensial qaydada
iştirakçı dövlətə və zərurət olduqda, milli preventiv mexanizminə göndərir.
2. Qarşısını alma üzrə Altkomitə öz hesabatını iştirakçı dövlət tərəfindən müvafiq
xahişin daxil olduğu təqdirdə, iştirakçı dövlətin iradları ilə birlikdə dərc edir. İştirakçı
dövlət hesabatın bir hissəsini açıqladığı təqdirdə Altkomitə hesabatı tam və ya qismən dərc
edə bilər. Bununla yanaşı şəxsi xarakter daşıyan məlumatlar müvafiq şəxsin birbaşa ifadə
edilən razılığı olmadan dərc edilə bilməz.
3. Qarşısını alma üzrə Altkomitə fəaliyyəti haqqında açıq illik hesabatını İşgəncələrə
qarşı Komitəyə təqdim edir.
4. İştirakçı dövlətin 12-ci və 14-cü Maddələrə uyğun olaraq Qarşısını alma üzrə
Altkomitə ilə əməkdaşlıq etməkdən və ya Qarşısını alma üzrə Altkomitənin tövsiyələrinə
müvafiq olaraq vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görməkdən imtina etdiyi
təqdirdə, İşgəncələrə qarşı Komitə Qarşısını alma üzrə Altkomitənin xahişi ilə iştirakçı
dövlətə öz mülahizələrini ifadə etmək imkanı verdikdən sonra açıq bəyanatla çıxış etmək və
ya Altkomitənin hesabatını dərc etmək barədə öz üzvlərinin səs çoxluğu ilə qətnamə qəbul
edə bilər.
IV hissə
MİLLİ PREVENTİV MEXANİZMLƏR
Maddə 17
Hazırkı Protokolun qüvvəyə minməsindən, və ya onun ratifikasiyasından, yaxud ona
qoşulmasından sonra bir ildən gec olmayaraq hər bir iştirakçı dövlət milli səviyyədə
işgəncələrin qarşısının alınması üçün bir və ya bir neçə müstəqil milli preventiv
mexanizmləri dəstəkləyir, teyin və ya təsis edir. Mərkəzsizləşdirilmiş orqanlar tərəfindən
təsis edilmiş mexanizmlər hazırkı Protokolun məqsədləri üçün, Protokolun tələblərinə
cavab verdiyi təqdirdə, milli preventiv mexanizmlər qismində teyin edilə bilər.
Maddə 18
1. İştirakçı dövlətlər milli preventiv mexanizmlərinin funksional müstəqilliyinə,
habelə onların işçi heyətinin müstəqilliyinə təminat verir.
2. İştirakçı dövlətlər milli preventiv mexanizmlərinin ekspertlərinin zəruri potensiala
və peşə biliklərinə malik olmasının təmin edilməsi üçün zəruri tədbirlər görür. Onlar
gender balansını və ölkədə mövcud olan etnik və azlıq qruplarının bərabər təmsilçiliyini
təmin edir.
3. İştirakçı dövlətlər milli preventiv mexanizmlərin fəaliyyəti üçün zəruri resursları
təqdim etməyi öhdələrinə götürür.
4. Milli preventiv mexanizmlərin yaradılması zamanı iştirakçı dövlətlər insan
hüquqlarının müdafiəsi və təşviq edilməsi üzrə milli təsisatların statusuna dair Prinsipləri
nəzərə alır.
Maddə 19
Milli preventiv mexanizmlərə ən azı aşağıdakı səlahiyyətlər verilir:
a) zərurət olduqda, işgəncələrdən və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti
alçaldan rəftar və cəza növlərindən müdafiənin gücləndirilməsi məqsədilə 4-cü Maddədə
müəyyən olunmuş saxlanma yerlərində azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarla bağlı
məsələyə müntəzəm olaraq baxılması;
b) Birləşmiş Millətlər Təşkilatının müvafiq normaları nəzərə alınmaqla azadlıqdan
məhrum edilmiş şəxslərlə rəftarın və onların saxlanma şəraitinin yaxşılaşdırılması
məqsədilə müvafiq qurumlara tövsiyələrin təqdim edilməsi, işgəncələrin və digər qəddar,
qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinin qarşısının alınması;
c) qüvvədə olan qanunvericilik və qanun layihələrinə dair təklif və qeydlərin təqdim
edilməsi.
Maddə 20
Milli preventiv mexanizmlərin öz mandatının yerinə yetirə bilməsi məqsədilə, hazırkı
Protokolun iştirakçı dövlətlər onlara aşağıdakıları təqdim etməyi öhdələrinə götürür:
a) 4-cü Maddədə müəyyən olunmuş həbsdə saxlanma yerlərində olan azadlıqdan
məhrum edilmiş şəxslərin sayı, həmçinin belə yerlərin sayı və yerləşdiyi yer haqqında
istənilən məlumatı əldə etmək imkanı;
b) belə şəxslərlə rəftar, habelə onların həbsdə saxlanma şəraiti haqqında istənilən
məlumatı əldə etmək imkanı;
c) bütün həbsdə saxlanma yerlərinə, onların binalarına və obyektlərinə buraxılış;
d) azadlıqdan məhrum edilmiş şəxslərlə şahidsiz, şəxsən və ya zərurət olduqda
tərcüməçi vasitəsilə, habelə milli preventiv mexanizmin fikrinə görə aidiyyəti məlumatı
verə biləcək istənilən digər şəxslə fərdi söhbətlər aparmaq imkanı;
e) baş çəkmək niyyətində olduqları yerləri və söhbət etmək niyyətində olduqları
şəxsləri maneəsiz seçmək hüququ;
f) Qarşısını alma üzrə Altkomitə ilə əlaqələr qurmaq, ona məlumat ötürmək və onunla
görüşmək hüququ.
Maddə 21
1. Heç bir orqan və ya vəzifəli şəxs milli preventiv mexanizmə verilən hər hansı, istər
doğru, istərsə də yalan məlumatın bildirilməsinə görə istənilən şəxs və ya təşkilata
münasibətdə hər hansı sanksiyanı teyin edə, tətbiq edə, icazə verə və ya yol verə bilməz və
hər hansı belə şəxs və ya təşkilat digər şəkildə sıxışdırıla bilməz.
2. Milli preventiv mexanizm tərəfindən toplanmış konfidensial məlumat açıqlanmır.
Şəxsi xarakter daşıyan məlumatlar yalnız müvafiq şəxsin birbaşa ifadə edilən razılığı
olduğu təqdirdə dərc edilir.
Maddə 22
Müvafiq iştirakçı dövlətin səlahiyyətli orqanları milli preventiv mexanizmin
tövsiyələrini araşdırır və onların tətbiqi üzrə mümkün təbirlərlə bağlı dialoq aparır.
Maddə 23
Hazırkı Protokolun iştirakçı dövlətləri milli preventiv mexanizmlərinin illik hesabatlarının
dərc etməyi və yaymağı öhdələrinə götürür.
V hissə
BƏYANAT
Maddə 24
1. Ratifikasiyadan sonra iştirakçı dövlətlər hazırkı Protokolun III Hissəsinə və ya IV
Hissəsinə uyğun olaraq öz öhdəliklərinin yerinə yetirilməsinin təxirə salınması ilə bağlı
bəyanat verə bilər.
2. Belə təxirə salınma ən çoxu üç il müddətində qüvvədə qalır. İştirakçı dövlət
tərəfindən müvafiq materialların təqdim edilməsindən və Qarşısını alma üzrə Altkomitə ilə
məsləhətləşmələrdən sonra İşgəncələrə qarşı Komitə bu müddəti daha iki il uzada bilər.
VI hissə
MALİYYƏ MÜDDƏALARI
Maddə 25
1. Hazırkı Protokolun həyata keçirilməsi zamanı Qarşısını alma üzrə Altkomitə
tərəfindən sərf edilmiş xərclər Birləşmiş Millətlər Təşkilatı tərəfindən ödənilir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi hazırkı Protokola uyğun olaraq Qarşısını
alma üzrə Altkomitəni funksiyalarını səmərəli şəkildə yerinə yetirməsi üçün zəruri işçi
heyət və vəsaitlə təmin edir.
Maddə 26
1. Başçəkmədən sonra Qarşısı alma üzrə Altkomitə tərəfindən iştirakçı dövlətə irəli
sürülmüş tövsiyələrin həyata keçirilməsi və milli preventiv mexanizmləri üçün tədris
proqramlarının maliyyələşdirilməsi məqsədilə Baş Assambleyanın müvafiq proseduruna
uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının maliyyə müddəaları və qaydaları əsasında
idarə olunan Xüsusi Fond yaradılır.
2. Bu Xüsusi Fond hökumətlər, hökumətlərarası, qeyri-hökumət və digər özəl və ya
dövlət qurumları tərəfindən ödənilən könüllü ödəmələr hesabına maliyyələşə bilər.
VII hissə
YEKUN MÜDDƏALAR
Maddə 27
1. Hazırkı Protokol Konvensiyanı imzalamış istənilən dövlətə imzalanmaq üçün
açıqdır.
2. Hazırkı Protokol Konvensiyanı ratifikasiya etmiş və ya ona qoşulmuş istənilən
dövlət tərəfindən ratifikasiya olunmalıdır. Ratifikasiya fərmanları saxlanılması üçün
Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
3. Hazırkı Protokol Konvensiyanı ratifikasiya etmiş və ya ona qoşulmuş istənilən
dövlətə qoşulmaq üçün açıqdır.
4. Qoşulma bu haqda sənədin saxlanılması üçün Birləşmiş Millətlər Təşkilatının Baş
katibinə təhvil verilməsi yolu ilə həyata keçirilir.
5. Birləşmiş Millətlər Təşkilatının Baş katibi hər bir ratifikasiya fərmanının və ya
qoşulma haqqında sənədin saxlanılması üçün təhvil verilməsi barədə hazırkı Protokolu
imzalamış və ya ona qoşulmuş bütün dövlətləri məlumatlandırır.
Maddə 28
1. Hazırkı Protokol 20-ci ratifikasiya fərmanı və ya qoşulma haqqında sənəd
saxlanılması üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verildikdən sonra
otuzuncu gün qüvvəyə minir.
2. Hazırkı Protokol iyirminci ratifikasiya fərmanı və ya qoşulma haqqında sənəd
saxlanılması üçün təhvil verildikdən sonra onu ratifikasiya edən, yaxud ona qoşulan hər bir
dövlət üçün həmin dövlət öz ratifikasiya fərmanını, yaxud qoşulma haqqında sənədini
saxlanılması üçün təhvil verdikdən sonra otuzuncu gün qüvvəyə minir.
Maddə 29
Hazırkı Protokolun müddəaları heç bir məhdudiyyət və istisna olmadan federativ
dövlətlərin bütün hissələrinə şamil olunur.
Maddə 30
Hazırkı Protokola dair hər hansı qeyd-şərtlərə yol verilmir.
Maddə 31
Hazırkı Protokolun müddəaları saxlanma yerlərinə başçəkmə sisteminə əsaslanan
istənilən regional konvensiyalar üzrə iştirakçı dövlətlərin öhdəliklərinə toxunmur.
Təkrarlanmadan yayınmaq və hazırkı Protokolun məqsədlərinə səmərəli nail olunmasını
təmin etmək üçün Qarşısını alma üzrə Altkomitəyə və belə regional konvensiyalara uyğun
olaraq təsis edilmiş orqanlara məsləhətləşmələr aparmaq və əməkdaşlıq etmək təklif olunur.
Maddə 32
Hazırkı Protokolun müddəaları 12 avqust 1949-cu il tarixli dörd Cenevrə
Konvensiyası və onlara dair 8 iyun 1977-ci il tarixli Əlavə Protokollar üzrə iştirakçı
dövlətlərin öhdəliklərinə, habelə beynəlxalq humanitar hüquqla əhatə olunmayan
vəziyyətlərdə iştirakçı dövlətin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən saxlanma yerlərinə
baş çəkməyə icazə vermək hüququna toxunmur.
Maddə 33
1. Hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş
göndərməklə hazırkı Protokolu denonsasiya edə bilər. Bundan sonra Baş katib hazırkı
Protokolun və Konvensiyanın iştirakçı dövlətlərini bu barədə məlumatlandırır. Denonsasiya
Baş katib belə bildiriş aldıqdan bir il sonra qüvvəyə minir.
2. Belə denonsasiya iştirakçı dövləti denonsasiya qüvvəyə mindiyi tarixə qədər baş
verə bilən hər hansı hərəkətinə və ya vəziyyətinə görə və ya Qarşısını alma üzrə Altkomitə
tərəfindən aidiyyəti iştirakçı dövlətə münasibətdə qət edilən və ya qət edilə bilən tədbirlərə
görə hazırkı Protokol üzrə öhdəliklərindən azad etmir və denonsasiya qüvvəyə mindiyi
tarixə qədər Altkomitədə baxılmış hər hansı məsələnin davam edən baxışına heç bir halda
xələl gətirmir.
3. İştirakçı dövlət tərəfindən bəyan edilmiş denonsasiyanın qüvvəyə mindiyi tarixdən
sonra Qarşısını alma üzrə Altkomitə həmin dövlətə aid yeni məsələnin baxılmasına başlaya
bilməz.
Maddə 34
1. Hər hansı iştirakçı dövlət hazırkı Protokola dair düzəliş təklif edə və onu Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Bundan sonra Birləşmiş Millətlər
Təşkilatının Baş katibi təklif olunmuş düzəlişi hazırkı Protokolun iştirakçı dövlətlərinə
göndərərək, bu təklifə baxmaq və onu səsə qoymaq məqsədilə iştirakçı dövlətlərin
konfransının çağırılmasına razı olub-olmamalarını ona bildirməyi xahiş edir. Bu məktubun
göndərildiyi tarixdən keçən dörd ay ərzində iştirakçı dövlətlərdən ən azı üçdə biri belə
konfransın çağırılmasına razılıq verdiyi təqdirdə Baş katib Birləşmiş Millətlər Təşkilatının
himayəsi ilə konfrans çağırır. Baş katib bu konfransda və səsvermədə iştirak edən iştirakçı
dövlətlərin üçdə ikisinin çoxluğu ilə qəbul edilən hər hansı düzəlişi təsdiq üçün bütün
iştirakçı dövlətlərə göndərir.
2. Bu Maddənin 1-ci bəndinə müvafiq olaraq qəbul edilmiş düzəliş hazırkı Protokolun
iştirakçı dövlətlərinin üçdə ikisi həmin düzəlişi öz konstitusiya prosedurlarına uyğun qəbul
etdiklərini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirdikdən sonra qüvvəyə minir.
3. Düzəlişlər qüvvəyə mindikdən sonra, onları qəbul etmiş iştirakçı dövlətlər üçün
məcburi olur, digər iştirakçı dövlətlər üçün isə qəbul etmiş olduqları hazırkı Protokolun
müddəaları və əvvəlki düzəlişlər məcburi olaraq qalır.
Maddə 35
Qarşısını alma üzrə Altkomitənin üzvlərinə və milli preventiv mexanizmlərinin
üzvlərinə onların funksiyalarının müstəqil şəkildə yerinə yetirilməsi üçün zəruri olan
imtiyaz və immunitetlər verilir. Altkomitənin üzvlərinə Birləşmiş Millətlər Təşkilatının
imtiyaz və immunitetləri haqqında 13 fevral 1946-cı il tarixli Konvensiyasının 23-cü fəslinin
müddəalarına əməl olunmaqla, həmin Konvensiyanın 22-ci fəslində sadalanan imtiyaz və
immunitetlər verilir.
Maddə 36
İştirakçı dövlətə baş çəkərkən Qarşısını alma üzrə Altkomitənin üzvləri hazırkı
Protokolun müddəa və məqsədlərinə və istifadə edə biləcəkləri imtiyaz və immunitetlərə
xələl gətirmədən:
a) baş çəkilən dövlətin qanun və normalarına riayət edir;
b) vəzifələrinin qərəzsiz və beynəlxalq xarakteri ilə bir araya sığmayan hər hansı
hərəkət və fəaliyyətdən çəkinir.
Maddə 37
1. İngilis, ərəb, ispan, çin, rus və fransız dillərindəki mətnləri bərabər olaraq autentik
olan hazırkı Protokol saxlanılması üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil
verilir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi hazırkı Protokolun təsdiq edilmiş
nüsxələrini bütün dövlətlərə göndərir.
"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza
əleyhinə Konvensiya"nın Fakültativ Protokoluna dair Azərbaycan Respublikasının
BƏYANATI
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal
olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər
azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik
xəritəsi əlavə olunur).
Dostları ilə paylaş: |