haçalanırdı. Həmayıl heç nəyə fikir vermədən, heç nə eşitmədən cığırla yuxarı
qalxırdı. Onun kəlağayısının altından çıxan və az qala topuğuna
dəyən qoşa hörüyü
gərdənində yırğalanırdı. Səngərdəkilərin gözü onu almışdı. Nəfəslərini çəkmədən
barmaqları tətikdə gözləyirdilər. Gözləyirdilər ki, görək cığır haçalananda Həmayıl
hansı tərəfə dönəcək? Tüfəngin qundağı ərinin sinəsində olsa da, arxayın idi ki,
arvadı ona tərəf gələcək. Qardaşı da əli ürəyinin üstündə bacısının hansı tərəfə
dönəcəyini gözləyirdi. Həmayıl cığırların haçalaşdığı yerdə heç yana dönmədi, düz
getdi. Çala-çuxura düşməyinə, tez- tez büdrəməsinə fikir vermədi. Baldırlarını
sirkən, qanqal dalasa da, dayanmadı, elə bil quşa döndü. Nə çiynindəki xurcunun
ağırlığını hiss etdi, nə də yoxuşa dırmananda sızıldayan dizinin ağrılarını.
Səngərlərin bərabərinə çatanda sıçrayıb sağa döndü. Bir göz qırpımında özünü
qardaşı gilin səngərinə saldı. Elə bu an ərinin gülləsi açıldı. Həmayılın az qala
topuğuna dəyən qoşa hörüyünü elə bil qayçı ilə kəsib yerə atdılar.
Kənd camaatı yığışdı. Ağsaqqallar məsləhətləşdilər ki, Alqazaxlıların da,
Çıraqlıların da başbilənlərinin yanına getsinlər. Onları başa salsınlar ki, cavanların
beyinləri qandı. Belə getsə, bir-birlərini qıracaqlar, araya qan düşəcək. Bir atdan
ötrü iki nəslin düşmən olmasına dəyərmi? Getdilər. Nə qədər hirsli olsalar da, hər
iki tərəfin ağsaqqalları söz eşitdilər və birlikdə səngərə qalxdılar. Cavanlara öyüd-
nəsihət verdilər, tüfənglərini əllərindən alıb evə qaytardılar. Hər iki
13
tərəf əllərini qurana basıb and içdi ki, dinc oturacaqlar.
Həmayıl bir həftə atası evində qaldıqdan sonra "Ərim evinə qayıdıram",-dedi. Onu
buraxmaq istəmədilər. Qorxdular ki, qızın başına iş gətirərlər. Həmayıl inadından
dönmədi. Ertəsi günü mal-qara örüşə haylanıb, əl-ayaq yığşırılandan sonra cığırı
əlinə alıb əri evinə tərəf addımladı. Onun üzünə baxan olmadı. Amma üstünə əl
qaldıran da olmadı. Əri isə arvadını görəndə, hirsindən bığını çeynəyib üzünü o
yana çevirdi. Həmayıl axşama qədər gözlədi. Qaranlıq qarışıb çıraqlar yananda
qayınanasının yanına getdi. Qabağında
diz çökdü, səsi titrəyə-titrəyə sözə başladı.
- Ana, hamı məni qınasa da, sən qınamazsan, oğlun-qızın var. Adı Alosmana gedib
downloaded from KitabYurdu.org