İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə109/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   105   106   107   108   109   110   111   112   ...   142

Adamlar qəbiristanlığa getmək üçün çadırdan çıxanda böyük qaynı Poriyə tərəf əyilib qulağına
pıçıldadı:
– Sizin bu axund dəlixanada yatıb?
– Yox, – Pori dedi, – niyə də yatmalıymış?
– Niyəsini məndənmi soruşursan? Yalnız dəlixanada yatan belə quş buraxardı.
Poriyə qaynının nə demək istədiyi bir qədər gec çatdı, qayınlarının nəyisə düz dediklərini etiraf
eləmək, bir qayda olaraq, ona ağır gəlirdi, amma indi etiraf eləməyə məcburdu. Axund sözün əsl
mənasında çadırda qaz uçurdurdu.
Axund əsl quşları qəbiristanlıqda buraxdı. “Yasin” surəsinə başlamaq istəyəndə Xan da gəlib çıxdı.
Axund dedi: “Ay camaat, islamda muğam yox, insanı öz təbii halından çıxardan musiqilər qadağan
olunub. Muğam bizə babalarımızdan yadigar qalıb. Ona xor baxa bilmərik. Biz azanı da muğam üstə
veririk. “Yasin”i də muğam üstə oxuyuruq. Mərhum özü qəbrinin üstündə Xan qardaşımızın muğam
oxumasını vəsiyyət eləyibsə, bir müsəlman kimi onun vəsiyyətinə əməl eləmək bizim borcumuzdur.
Qoy Xan “Dəşti” oxuyub bizləri feyzyab eləsin, sonra da biz “Yasin” surəsini oxuyarıq”.
Adamlar ayaq üstəcə donub qalmışdılar, milçək uçsaydı, səsi eşidilərdi. Xan başdaşını əvəz eləyən
qara daşın yanında bardaş qurub oturdu, qavalı qulağına tutub yenə də öz möhtəşəm səsiylə “Dəşti”
oxumağa başladı. Yenidən dağ-daş, çay, dərə dilə gəlmişdi, təpələr Xanın səsinə səs verirdilər. Onun
“Dəşti”sindən sonra axundun tın-tın səslə oxuduqlarına adamlar həvəssiz halda qulaq asırdılar.
Coni çaşqınlıq içindəydi, baş verənlərə anlam verə bilmirdi. Duzəkənlərin keçən dəfə özünü mazata
qoyan mollasına da sözünü deməkdən özünü saxlaya bilmədi: “Bəs deyirdin, muğam olan yerdə
“Yasin” ola bilməz, “Yasin” olan yerdə də muğam? Amma gördün də, “Yasin” olan yerdə muğam da
oldu. Nə yer ayrıldı, nə də göy çiliklənib üstümüzə töküldü”. “Mən balaca adamam, – axunddan
çəkindiyinə görə fikrini açıq deyə bilməyən molla pərt halda mızıldandı, – mən elə bilirdim. Amma
bir halda böyüklər deyirlərsə olar, demək, olar”. “Olarmış, amma sən bizə qarşı hörmətsizlik elədin.
Səni bu yerə gətirib çıxardanın duzəkənlər olduğunu unutdun. Öz pirinə təpik atdın, öz oturduğun
budağı mişarladın. Bizim çətin vaxtlarımızda sənsiz keçinə bilməyəcəyimizi düşünüb, yanımızda
olmadın. Biz duzəkənlər isə bizə hörmətsizlik eləyənləri, hətta Allahın dilsiz-ağılsız heyvanlarını
belə bağışlamırıq”. “Coni, mənə bir parça çörəyi verən yenə də verər, – molla rişxəndlə dedi, –
sənsə evə tələs, qoy ayaqlarının altını çəpiş otlasın. Yaxsa bir az da yubansan, ot uzanıb
qəbiristanlığın hasarlarına, çəpərlərinə ilişəcək, burdan çıxa bilməyib əbədilik qəbiristanlıqda
qalacaqsan”.
Coni nifrətlə tüpürdü, mollanı qəbiristanlıqdan qova, evinə piyada yola sala bilərdi, amma bunun
onlara bir xeyir verməyəcəyini düşünürdü. Payız küləyi kimi hər an səmtini dəyişən axunda sona kimi
etibar eləmək olmazdı, bunu qovardılar, axund da gəlməzdi, bundan sonra ölülərini götürmək üçün
qonşu bölgələrdə molla axtarmalı olardılar.
Adamlar dağılışdı, qonaqları yola saldılar, çadır sahibləri gəlib çadırlarını apardılar, kənddən
gələnlər də çıxıb getdilər. Həyətdə oturub çay içəndə Coni əmisi uşaqlarından soruşdu: “Biri mənə bu
gün baş verənləri izah eləyə bilərmi? Bizi az qala kafir elan eləmiş axund nəyə görə birdən-birə bu
qədər dəyişdi?”
Rusiyətdə erkək atı güllələyən əmisi oğlu ürəkdən gülürdü: “Siz şəhərdə çoxdan yaşasanız da, nə bu
şəhəri, nə də adamlarını yaxşı tanıyırsınız. Mən bu axundun nə işlərlə məşğul olduğunu bilirdim.
Manyakın, şorgözün yekəsiydi. Uşağı olmayan qadınlar yanına dua-pitik yazdırmağa gəlirdilər, bu isə
min dillə onların başlarını tovlayıb yoldan çıxarırdı. Bir fahişəyə üç yüz dollar, bir də kamera verib


axundun yanına göndərdim. O da qayıdandan sonra çəkdiklərini mənə verdi. Dedi, bundan sonra min
manat da versən, onun yanına getmərəm. Yeyib-içib yatır, vəhşi kimidir. Mən də kaseti götürüb getdim
axundun yanına, birlikdə oturub kasetə baxdıq. Dedim, axund əfəndi, bu kasetdən düz əllisini
çıxartmışam. İstəyirəm, bütün şəhərdə yayım. Axund da dedi, uzatma, sözünün canını de. Mən də
dedim. Bununla da işləri qaydaya saldım. Hələ axund deyirdi, gəl əminə təzədən ehsan verək, təmizə
çıxardım. Heyif, əmidostum razı olmadı”.
Evdə son vaxtlar ərzində ilk dəfə olaraq Coni arvadının qarşısında lovğalanırdı. Səmoş, sənə
baxıram, duzəkənlərin yüksəlişini elə də sevinclə izləmirsən. Əlbəttə, sənin gözün götürməyəcək.
Amma, yəqin, sən də axundun öz dilindən duzəkənlərin necə böyük, şöhrətli, şərəfli keçmişi olan
qədim tayfa olduqlarını eşitdin.
Səmoş çaşıb qalmışdı, Coni, bu dəfə haqlısan, dedi, sözün düzü, şokdayam. Vur öldür məni, əgər bir
şey başa düşdümsə. Adama nə oldu, ağlınımı itirdi? Bu gedişlə onun müsəlmançılığın tarixini
duzəkənlərə bağlayacağına şübhə eləmirəm. Coni, nə deyirsən de, bu işin içində bir iş var. Dərənin
dibində dünyaya göz açan, heç bir özəllikləri olmayan, tarixə yalnız duz əkmələri ilə düşən bir
tayfanın nə şanlı keçmişi ola bilər?
Pori də evdə deyirdi. Əfi, indi necə olsun? Axundun fətvasına görə iki-üç gün bundan əvvəl kafir
olacaqsan deyə duzəkənlərə salam vermək istəmirdin. Amma axundun bugünkü fətvasına görə,
duzəkənlərə salam verməsən, onlara qarşı azacıq belə sayğısızlıq göstərsən, kafir olacaqsan. Diqqətli
ol, görsən, qarşıdan duzəkən gəlir, yoldan çıx, yolun kənarında farağat dayan, duzəkən bərabərinə
çatanda ikiqat təzim eləyib salam ver. Çünki mən arvadımın kafir olmasına razı ola bilmərəm.
Əfi gülürdü, bilmirəm, bu gün nələr olub, amma qardaşım da deyirdi ki, bu gündən sonra axundun
dediklərini ciddiyə almayacaqlar.
Nəhayət, başkəsənlərdən ağıllı söz eşitdim, Pori köks ötürüb dedi, o axundun dediklərini elə
əvvəldən ciddiyə almaq lazım deyildi.
Yeddinin səhərisi rəis Conini yanına çağırıb qatilləri tapdıqlarını, bu gün tezdən onları həbs
elədiklərini dedi. Narkotika aludəçiləri olan əkiz qardaşlar imişlər. Qarət məqsədiylə öldürmüşdülər.
– Məni lap əvvəldən çaşdıran sən oldun, – rəis dedi, – yanlış izə düşdük. Sənin dediklərinə görə mən
Rusiyadan gələn xüsusi qrupu axtarırdım. Amma tezliklə bunun qisasçıların yox, qarətçilərin işi
olduqlarını başa düşdüm. Şəhərdə kimlərin belə eləyə biləcəklərini təxmini də olsa bilirdik. Axtarışı
düzgün istiqamətə yönəltdik və qatilləri tutduq. Onu vurduqları bıçağı da təhvil verdilər, pulları
xərcləyiblər, saatı isə hələ sata bilməyiblərmiş.
Coni eşitdiklərinə inana bilmirdi:
– Bəs narkomanlar ondan at haqda niyə soruşurmuşlar? At onların nəyinə lazım imiş?
– Burda məsələ bir qədər başqa cürdür, – rəis dedi, – əmin oğlunda təqib maniyası var imiş. Elə
düşünürmüş ki, bir halda burdan gedib Rusiyada onların atını öldürüblər, ruslar da günlərin birində
bura gələcək, atlarının intiqamını alacaqlar. Bıçaqlananda onu məhz Rusiyadan gələn killerlərin
bıçaqladıqlarını zənn eləyib. Çünki doğrudan da qatillərin hər ikisi sarı saçlı, sarışın üzlüdürlər.
Coni zəng eləyib Bilonun anasına qatillərin tapılması xəbərini verdi. Qadın qatillərə qarğış eləyirdi,
balamı necə öldürdülərsə, balam necə ağrılar-acılar içində dünyanı tərk elədisə, qoy onlar da elə
həmən ağrılar içində ölsünlər. Ciyərləri parçalansın, qıvrıla-qıvrıla ölsünlər.
Coni arvada təskinlik verirdi, dediyin kimi də olar, ciyərləri parçalanar, qıvrıla-qıvrıla ölərlər.
Özlüyündə isə düşünürdü, bu narkoman əclaflar qıvrıla-qıvrıla da ölsələr, çapalaya-çapalaya da, heç
nə dəyişməyəcək. Bilonun itkisinin yeri dolmayacaq.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə