İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə122/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   118   119   120   121   122   123   124   125   ...   142

sərhədi oğurluq keçərək Tiflisə gəldilər. Burda gürcü dostları onlara bilet almaqda kömək elədilər və
Nadya ilə oğlu axşam Çelyabinskə uçdular. Nadya aerportda düşən kimi ilk işi Səmoşa zəng eləmək
oldu. Səmoş rus dilini yaxşı bildiyinə görə onun telefonunu vermişdilər ki, sağ-salamat çatan kimi
onlara zəng eləsin. Nadya salamat çatdığını deyərək hər şey üçün təşəkkür elədi, ünvanımı vermişəm,
dedi, istədiyiniz vaxt gəlin. Sizi bir də görsəm, çox sevinərəm.
Nadyanın qəfildən, həm də xəbər vermədən, paltarlarını belə götürmədən qayıtması ata-anasını çox
heyrətləndirdi. Nadya verilən suallardan inadla boyun qaçırırdı. İki-üç gün dincələndən sonra işə
getdi. Vanya yalnız indi ona Porinin və Coninin gəldiyini, Qobini axtardıqlarını, Qobinin qəbrini
onlara göstərdiyini, sonra isə yola saldığını danışdı.
– Səninlə Alik haqda heç nə danışmadım, bilmək olmaz, ağızlarından söz qaçırardılar, oğraşlar
tayfası uşağın izinə düşərdilər.
– Daha oğraşlar tayfası Alikə toxuna bilməzlər, – Nadya dedi, – uşağı başkəsənlər tayfası öz
himayələrinə götürüblər. Sən nahaq yerə bizim varlığımızı gizlin saxlayıbsan. Onlar əsl dost, əsl
insandılar. Bizdən ötrü qadınlı-kişili heç düşünmədən özlərini təhlükəyə atırdılar. Mən bunca cəsur,
qorxmaz adamları heç yerdə görməmişəm.
Həftənin sonunda Nadya həkimə getdi, həkim ona hamilə olduğunu deyəndə dərhal da abort
elətdirməyi qərara aldı. Bunu eşidən anası etiraz eləyirdi, günahdır, sən neyləyirsən, öz uşağını
öldürmək istəyirsən? Nadya isə qərarlıydı, başqa yolum yoxdur, mən eyni zamanda iki qan
düşməninin anası ola bilmərəm. Mən də öldürməsəm, onlar böyüyəndən sonra bir-birlərini
öldürəcəklər.
Sonra baş verənlər isə Nadyaya yaşadığı bu qorxunc hadisəni unutdurdu.
Vanya ilə Svetanın toyundan sonra Tanya güclü sarsıntı keçirtdi. O bunu gözləmirdi, özü yox demişdi,
amma Vanyanın dəfələrlə gələcəyini, təkid eləyəcəyini, onu fikrindən daşındırmaq üçün müxtəlif
yollara əl atacağını gözləyirdi. Vanya isə sanki himə bəndmiş, Tanyanın qərarı onun üçün
göydəndüşmə olmuşdu. Yenidən Svetanın – Tanyanın bu şəhərdə ən çox nifrət elədiyi, onu həmişə
kölgədə qoyan qızın yanına qayıtmışdı. Bu qız Tanyanın əzəli rəqibi idi, o olan yerdə seçilə, fərqlənə
bilmirdi. Dərhal da toylarını eləmişdilər, daha hansısa qaranın razılığını, qəbrinin göyərməsini,
otların uzunluğunun bir qarış olmasını gözləməmişdilər! Tanya heç yerdə qərar tuta bilmirdi. “Əclaf
adam, sən bunu necə elərsən? Məni az qala iki il süründürürsən, qaranın nə vaxt icazə verəcəyini
gözləyirsən, bu abırsız qızla isə bircə həftənin içində toy eləyirsən? Qızın kökü kəsilmişdi, belə
əlimyandıdaydın, hökmən evlənməliydinsə, başqasıyla evlənə bilməzdinmi? Mənim bu ləçəri görən
gözüm olmadığını, ondan zəhləm getdiyini bilmirdinmi? Bilirəm, bilirəm, acığa, məni yandırmaq
üçün belə eləyibsən. Baxaq görək kim kimi yandıracaq!”
Qəlbində baş qaldıran qisasçılıq hissini boğa bilmədi. Xeyli düşünəndən sonra polis şöbəsinə getdi,
rəislə görüşdü və Qobini Azərbaycandan gələn tayfanın adamlarının yox, Vanyanın öldürdüyünü dedi.
“Qobi bizim evlənməyimizə razı deyildi, çünki mən bir vaxtlar onun sevgilisi olmuşdum və buna görə
də dostunun mənimlə evlənməyinə razılıq vermirdi. Vanyaya deyib ki, mən buna heç vaxt razı ola
bilmərəm, yalnız mən öləndən, qəbrim üstə bir qarış ot bitəndən sonra evlənə bilərsiniz. Vanya da onu
balıq tutmaq bəhanəsiylə çayın sahilinə aparıb, orda öldürüb və izi itirmək üçün qətli onun qan
düşmənlərinin boynuna yıxıb. Həqiqətən də qan düşmənləri Qobini öldürmək üçün vaxtaşırı Rusiyaya
adamlar göndərirdilər”.
Rəis eşitdiklərinə inana bilmirdi, dayan görüm, sən tələsmə, ətraflı danış. Demək, bu adam deyib,
yalnız mən öləndən, qəbrim üstə bir qarış ot bitəndən sonra evlənə bilərsiniz. Dostu da onu öldürüb,


oturub, qəbrinin üstündə bir qarış ot bitməsini gözləyib?
– Hə, – Tanya təsdiqlədi, – eynən elə olub.
– Ot bitmədimi qəbrinin üstündə?
– Gec də olsa, bitdi.
– Onda niyə evlənmədiniz? Olmaya sözündən qaçdı?
– Yox, Vanya qəbrin üstündəki otların uzunluğunu ölçən kimi gəlmişdi. Amma mən onun təklifini
qəbul eləmədim. Mən ziyalı, müəllimə, nəyə görə də qatillə evlənməliydim?
Rəisin ağzı açıla qalmışdı, heç nə başa düşə bilmirdi, normal adamlar belə iş görə bilməzdilər axı.
Tanya da təsdiqləyirdi, normal adamlar görə bilməzlər, amma onlar normal adamlar deyildilər axı.
Vanyanı həbs eləyib gətirdilər, o da gizlətmədən hər şeyi etiraf elədi. Onsuz da günlərin birində özüm
gəlib hər şeyi danışacaqdım, dedi, vicdan əzabından heç yerdə rahatlıq tapa bilmirdim.
Vanyanı kameraya salmışdılar, ilk yanına gələn Sveta oldu, dəmir barmaqlıqlar arasından Vanyaya
nifrət və ikrah hissiylə baxdı, sonra isə nişan üzüyünü çıxarıb ona tərəf atdı, üzük barmaqlıqlara
dəyərək cingildədi, diyirlənib harasa getdi.
O gedən kimi də Vanya növbətçiyə rəisi çağırtdırdı, rəisin bu keçmiş döyüşçüyə rəğbəti var idi, gəldi.
Səndən bircə xahişim var, Vanya rəisə dedi, qoy məni keçmiş dostum Qobinin evinə, bir də marketə
aparsınlar, vidalaşmaq istəyirəm. Arxayın ol, bir döyüşçü kimi söz verirəm, vidalaşan kimi də
qayıdacağam.
Rəis ona iki polis qoşub yola saldı. Vanya Qobinin evinə gəldi, həyətdəki vedrələrdən birini götürdü,
üç vedrə su daşıyıb qovaq ağacının dibinə tökdü. Burdan da marketə getdi, Nadya onunla danışmaq
belə istəmir, başını yuxarı qaldırıb üzünə baxmırdı.
Vanya dedi, mən bağışlanmağımı istəmirəm, dükanı sənə verirəm, notar çağırtdırıb
sənədləşdirəcəyəm. Amma səndən bir xahişim var, evinizin qabağındakı qovaq ağacına daima su
verərsən. Burdan harasa çıxıb getsən də, adam tutarsan, ona aylıq maaş təyin eləyərsən ki, ağaca
qulluq eləsin.
Həbsindən cəmisi üç gün keçəndən sonra onu öldürdülər. Guya kimləsə sözü düz gəlməmiş, o da
vurub öldürmüşdü. Amma şəhərdə hamı bunun Volkun işi olduğunu bilirdi. Bir vaxtlar Qobiylə Vanya
onun şəhərdəki nüfuzuna böyük zərbə vurmuş, ağalığına son qoymuşdular. Volk da bunu unutmamışdı,
fürsət gözləyirdi, Qobi öldürüləndən, Vanya tək qalandan sonra bir qədər əl-qolu açılmışdı. Vanya
həbs ediləndə fürsətin gəlib çatdığını başa düşdü, adamlarına göstəriş verdi və şəhərdə özünün əsas
düşməni hesab elədiyi adamı aradan götürdü. Artıq keçmiş döyüşçülərin də arasında əvvəlki birlik
yox idi, kimsə bu işin arxasınca getmədi. Volkun qarşısına çıxmağa cəsarət eləmədilər.
Nadya özündən və uşaqdan ötrü qorxmağa başladı. Dükanı və evi təcili satdı, marketin fəhlələrindən
biriylə ağaca qulluq eləməsi haqda müqavilə imzaladı. Müqaviləyə görə, adam ağacın suyunu,
gübrəsini verəcək, xəstəliklərə qarşı dərmanlama işləri aparacaqdı. Ağac nə qədər yaşıl, sağlam
olacaqdısa, aylıq maaşını alacaqdı, ağac kəsilərsə, quruyarsa, onun da maaşı kəsiləcəkdi.
Nadya Moskvaya köçdü, burda özünə ev, dükan aldı. Ata-anası isə arada Bakıya gedir, iki-üç ay
qalıb, yenə qayıdırdılar. Qışı Azərbaycanda, yayı isə Rusiyada olurdular. Arada Moskvaya gedib
Nadyaya da baş çəkirdilər.
Nadya ayda iki dəfə ağaca qulluq eləyən fəhlə ilə danışırdı, heç salam verməmiş soruşurdu:
– Ağac yaşıldır?
– Yaşıldır, – fəhlə təsdiq eləyirdi.
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə