İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   15   16   17   18   19   20   21   22   ...   142

Pori çaşıb qalmışdı. Qanmaz insan, qəlyançəkənlərin kəndinə gedib çıxmaqla nə itiribsən? Tək bu
bölgənin yox, dünyanın ən gözəl qızı sənin arvadın olub. Sənsə qədrini bilmirsən, öz kəndinizin
qızlarının həsrətiylə yaşayırsan. Çiçək söhbəti sənin yaranın gözünü qopardıb, mənimsə həyatımı
çiçəklər xilas eləyib. Qayınpedərin də az aşın duzu deyilmiş, baxan kimi hansı yuvanın quşu olduğunu
bilib. Çənənin altına zollamasaydı, Allaha bəndəlik eləməzdin.
Pori bazara getdi, xeyli çobanyastığı, nanə, yarpız, solmazçiçək, sancıgülü, qantəpər, kəkotu qurusu
aldı. Çiçəkləri gətirib taxta şkafın qutularına səliqə ilə yığdı. Yeşiklərdən gələn xoş qoxu daima
yadına gölün sahilindəki ot tayasını, tayadakı quru çiçəkləri salır, nəyə görəsə kövrəlirdi. Müştərilər
görə bilsin deyə hərəsindən bir ovuc sellofan torbalara töküb, divara bərkidilmiş enli taxtaya
vurduqları mıxlardan asdılar. Coninin gözlədiyinin əksinə olaraq, ilk müştəriləri məhz ot-çiçək çayı
sifariş verirdilər. Çayı Pori dəmləyirdi, Coni isə sifarişləri götürür, müştərilərə çay verir, çayxanaya
lazım olan qənd-çayı, kömürü alıb gətirirdi. Bəzən axşamçağılar Bilo da dostlarını götürüb çay
içməyə gəlirdi. İşləri olanda Bilo onları əvəz eləyirdi, dükanı satıcısına tapşırıb çayxanaya gəlir,
təkbaşına çayxananı işlədirdi. Adam panyatka sahəsində olmasa da, çay sahəsində xeyli təcrübə
qazanmışdı. Onlardan da yaxşı çay dəmləyir, müştərilərlə onlardan da yaxşı dil tapırdı. Hələ bir ona
görə dost-tanışları da çayxanaya gəlir, oturub çay içir, nəyisə müzakirə eləyib dağılışırdılar. Naharı
çayxanada eləyirdilər, Pori yumurtayla pomidor çığırtması bişirir, kartof, toyuq qızardır, Bilo, ya da
Coni araq alırdı.
Müştəriləri normal olsa da, qazancları normal olmurdu. Vergini, kirayə haqqını, digər xərcləri
ödəyəndən sonra yalnız günlərini birtəhər keçirtməyə kifayət eləyəcək qədər pul qalırdı. Coni bunun
əsas səbəbini qəlyançəkənlərin çayxanaya gəlməmələri ilə izah eləyirdi. “Deyirəm, şərəfsizdilər,
inanmırsan, – onun üçün danışırdı, – şərəfsizin alnında möhürümü olur? Sən bir şərəfsiz insanın
alnında “bu insan şərəfsizdir” yazıldığını oxudunmu? Bunlar qədər Azərbaycanda yox, dünyanın heç
yerində çox çay içən yoxdur. Bircəsi gəlib bizdə lövbər salsa, bəsimizdir. Bizə gələndə Səmoş
samovarı yandırır, qəhvədanı qaza qoyur, hələ bir çağırıb Əfidən də qaynar su alır, yenə öhdələrindən
gələ bilmir. Bura isə gəlmirlər, bizə xeyir vermək istəmirlər”.
Bir gün gəlib yenə samovar təzəcə qaynamışdı ki, ilk müştəri, cavan bir oğlan gəldi, keçib oturdu,
siqaret çıxarıb yandırdı və Porini səsləyib bir çaynik çay istədi. Coni ona yaxınlaşıb soruşdu, savadın
var? Oğlan başıyla təsdiqləyəndə, Coni onu məzəmmətlədi, bir halda savadın varsa, oxuya bilirsənsə,
bəs onda qapının üstündəki lövhəni niyə oxumadın? Orda aydınca yazılıb ki, burda siqaret çəkmək
olmaz. “Mənə olar”, – oğlan özündən razı halda dedi. “Nəyə görə sənə olmalıymış?” – oğlan danışıq
tərzi, özünü həyasızcasına aparması ilə Conini hövsələdən çıxardırdı. “Çünki mən siqaretimi harda
istəsəm, orda da çəkə bilərəm! Burda çəkmək istədim, gördüyün kimi də çəkirəm. Bizim şəhərin öz
qaydaları var, biz öz qaydalarımızla yaşayırıq. Siz çuşkalar dağdan–daşdan gəlib bizə qayda– qanun
öyrədə bilməzsiniz. Bu şəhər bizimdir!” “Öyrədə bilmərik, doğrudur, – Coni dedi, – amma burda
siqret çəkməyinə də icazə verə bilmərik. Harda istəsən, çəkə bilərsən, bircə burda yox. Qalx ayağa,
öz xoşunla cəhənnəm ol!”
Oğlan öz xoşuyla cəhənnəm olub getmək əvəzinə, Coninin üstünə cumdu. Coniyə baxıb özündən
bədəncə iki dəfə kiçik olan birisini asanlıqla əzişdirəcəyini güman eləmişdi. Tam tərsinə oldu, Coni
onu təpik-yumruq altına salıb çayxanadan qovdu.
Pori onu məzəmmətləyirdi. Sən neyləyirsən, müştərilərlə belə rəftar eləsən, bir kimsə bizim
çayxanaya gəlməz. İl uzunu gəlməsinlər, Coni hirslənmişdi, sən görmədin, o bizi ələ salırdı. Şəhər
bununmuş! Bizsə dağdan daşdan gəlib bunun yerini dar eləmişik. Səncə mən neyləməliydim, durub


onun qıçını-qıçının üstünə aşıraraq siqaret çəkməsinə tamaşa eləməliydim? Bunların qabağından
qaçsaq, burda çayxana işlədə bilmərik.
Aradan bir qədər keçmiş həmən cavan oğlan beş nəfərlə qayıdıb gəldi, masa arxasına keçdilər və
siqaret çıxarıb yandırdılar. Beşi də siqaret çəkir, tüstünü nümayişkaranə tərzdə havaya üfürürdülər.
Bir az bundan əvvəl döyülüb qovulan cavan oğlan meydan oxuyurmuş kimi dedi, çay gətirin, amma
bir az tez olun, yoxsa salamat sür-sümüyünüz qalmayacaq. Yadınızda saxlayın, bundan sonra biz hər
gün bura gələcək, siqaretimizi çəkib, çayımızı içəcəyik. Özü də havayı. Siz də zəhmət çəkib bizə
xidmət göstərəcəksiz! Bizə layiq olan kimi.
Coni isə bir söz demədən piştaxta arxasındakı yeşikdən bir qumbara götürüb stola yaxınlaşdı. Siz
niyə hər gün gəlib siqaretinizi burda çəkmək istəyirsiz? – dedi – Siqaret çəkməyə yermi tapa
bilmirsiz? Bu gündən sonra bura nə çay içməyə, nə də siqaret çəkməyə gələ bilməzsiz!
Belə deyib ovcunda möhkəmcə sıxdığı qumbaranı stolun üstünə qoydu. Qumbaranın fitilini çəkmişəm,
dedi, əlimi çəksəm, ya mənə nəsə olsa, ayağım sürüşsə, büdrəsəm, fitili buraxacağam, qumbara
partlayacaq. Siz də param-parça olub cəhənnəmə vasil olacaqsız. Bir dəqiqə vaxtınız var, rədd olub
getməsəniz, əlimi çəkirəm.
Sanki cavan oğlanları külək götürüb apardı. Var idilər, yox oldular. Qapıdan çıxanda bir-birlərinə
növbə vermirdilər, pərçimlənib qalmışdılar qapıda.
Onlar gedəndən sonra Coni qumbaranı yeşiyə qoyub ürəkdən güldü. Mən bunu uşaq oyuncaqları
satılan dükanda görən kimi nə vaxtsa karımıza gələcəyini düşündüm. Doğrudan da gəldi. Bunlar isə
döyüş görməyiblər, əsil qumbara ilə oyuncaq qumbaranı bir-birindən ayıra bilməzdilər.Onları
oyuncaq avtomatla da qovmaq olardı, amma avtomat gələn dəfəyə qalsın.
Coni çayxananı ona tapşırıb, kömür almağa getdi, alıb gətirdiyi kömür kisələrini çayxanaya bitişik
balaca tikiliyə yığandan sonra onun yanına gəldi, gözləri işıldayırdı. Dostuna bələd idi, bir qayda
olaraq buz kimi soyuqluq yağan gözləri işıldadımı, canlandımı, demək, onda nəsə mühüm xəbər var
idi. “Bilonun bir dostu var, – burda onlardan başqa heç kim olmasa da, pıçıltı ilə deyirdi, – kafe
işlədir. Heç bilirsən, ora necə qızlar gətirir? Su sonaları! Mən bir-ikisini gördüm, hələ də özümə gələ
bilmirəm. Bu axşam bizi də qonaq çağırıblar, hər şey Biloluq olacaq. Çayxananı bağlayan kimi
cumuruq ora”.
Ona qulaq asan Porinin rəngi ağarmışdı. Coni, çayxananı bağlayan kimi sən hara cumursan, cum,
mənsə evə cumacağam. Ağlınımı itirdin, hansı su sonasından danışırsan? Əsl su sonası sənin öz
arvadındır! O cür gözəl qızı evdə qoyub tanımadığın, bilmədiyin qızların yanına necə gedərsən?
Coni ona təpindi. Minnətin olsun! Səni özümüzdən ayırmaq istəmədim, sənsə mənə ağıl öyrədirsən.
Arvad qalıb evdə, həmişə əlimiz çatar.
Coni çox danışdı, təkid elədi, ancaq Porini razı sala bilmədi. Coni, gərək sən məni başa düşəsən,
dedi, mən arvadıma xəyanət eləyə bilmərəm, təhlükəlidir. Səninki bilsə, uzaqbaşı evdən qovacaq, ya
da dədəsi evinə gedəcək. Uzaqbaşı qayınpedərin iki-üç dəfə atılıb düşəcək, bir o qədər də çənənin
altınamı, hansısa tərəflərinəmi zollayacaq. Mənimki isə azacıq şübhələnsə, başımı kəsəcək. Ağzında
başkəsən deyirsən. Onlar məzə, əyləncə üçün baş kəsirlər, kafedə hansısa qızla bir saat əylənməkdən
ötrü başımla risk eləmək istəmirəm.
Coni getdi, ona da tapşırdı, Səmoş gəlib məni soruşca, deyərsən, Bilogilə getdi, nəsə işləri var idi.
Mən də ona kimi Bilogildə nə işimiz ola biləcəyini uydurub taparam.
Pori çayxananı bağlayıb evə qayıtdı. Əfi həyətdə, şam ağacının dibindəki masanın üstündə süfrə açdı.
Səmoş da gəldi. Bu qadını hər görəndə olduğu kimi, yenə də Porinin bədəninə üşütmə düşdü. Başının


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə