18
−Siz məni kiməsə oxşadırsınız, mən, şəhərin özündənəm.
−Elə biz də şəhərliyik! – deyə Sərdar söhbətə ikicə kəlmə ilə yekun vuraraq
acıqla döndü. Nə qəbahət etdiyini bilməyən qız, pörtmüş halda təzədən dilləndi:
−Sizin sualınızdan da, verdiyiniz cavabdan da heç nə anlamadım.
O bu sözləri təkcə Sərdara deyil, hər ikisinə müraciətlə söylədi. Oğlanların
susduğunu görcək, özünü haqlı sanıb səsini bir az da qaldıraraq dil-dil ötdü:
−Məncə üç-dörd saatı bu lojada intriqasız da keçinmək mümkündür.
Yerinizi darısqal eləyirəmsə, gedə bilərəm. “Siz hansı kənddənsiniz?..” Danışıqda
məntiq yaxşı şeydir! Teatrdakı öz intriqamız bizə artıqlaması ilə kifayətdir,
başqalarının əlavəsinə ehtiyacımız yoxdur!..
Sərdar dostuna baxaraq narazılıqla başını yırğaladı: “Adə, bu nə yaman
hikkəli imiş!” Əkrəm odla su arasında – çıxılmaz vəziyyətdə qalmışdı. Heç
birindən keçə bilmirdi. Dostunu müdafiəyə qalxsaydı, qızın üzü ondan dönəcəkdi.
O isə bunu istəmirdi. Sərdarı da ayağa vermək kişilikdən deyildi. Burada
bir balaca
liberallıq lazım idi. Ona görə də Əkrəm dala çevrilib aram-aram sözə başladı:
−Bilirsiniz, xanım qız, məncə bizim lojada bir balaca anlaşılmazlıq oldu. Siz
deyəndə ki, bu tamaşanı görmüşəm, düzü elə mənə də qəribə gəldi. Axı, öz
aramızdır, premyera indidir. Ona görə mənim təmizürəkli..− Əkrəm Sərdarın
kürəyinə şappıldatdı – bu dəliqanlı dostum da elə bildi ki, siz bizi teatrdan bixəbər
adam hesab edirsiniz... Bir qədər xətrimizə dəydi. Əgər buna ehtiyac varsa, mən
üzr istəməyə hazıram... Nahaq yerə əsəbiləşməyin.
Əkrəmin etirafı qızın xoşuna gəldi. Ancaq öz xisləti xilafına getməyərək,
yenə kinayə ilə dilləndi:
−Əvvəla, izahatınız üçün təşəkkürlər. Sonra sizə, həm də yanınızdakı
“təmizürəkli, dəliqanlı dostunuza” bir daha eşitdirirəm: Bəli, mən bu tamaşaya
baxmışam! Aydındır?
−Xeyr! – Sərdar tapança kimi açıldı.
Pərdə işıqlandı, söhbət kəsildi, mübahisə yarımçıq qaldı. Əkrəm bu odu
söndürməyə çalışdığı halda, onu bir az da üfləyib alovlandırmışdı.
Lojanın sürahisinə dirsəklənmiş Sərdar fısıldayır və qəsdən Əkrəmə tez-tez
söz ataraq, qıza eşitdirirdi:
−Nə yaxşı sakit oturmuşduq... Hamısı sənin dilinin bəlasından oldu. Mən
belə bilsəydim bu axşam heç buraya gəlməzdim.
Əkrəm gülməyini güclə boğaraq çənəsinin altından tutub, dostuna yalvarır,
susmasını təvəqqe edirdi:
−Sən canın, bəsdir!
downloaded from KitabYurdu.org