11
qəzəbləndirdi, əhali üsyanı dövlətə xəyanət kimi dəyərləndirdi. Üsyanın liderləri cəzalandırıldı, indiyə qədər
üsyançılara fikir verməyən İrlandiya əhalisini isə öz növbəsində liderlərin cəzalandırılması qəzəbləndirdi.
Beləliklə, iki il sonrakı seçkilərdə İrlandiya Parlament partiyasını siyasi arenadan silib atan Respublika Hərəkatı
yarandı. Şinn Feyn Respublikaçılar partiyası yunionistlərin qələbə çaldığı şimal-şərq istisna olmaqla
Parlamentdəki bütün yerləri qazandı. Şinn Feyn partiyasının deputatları Britaniya Parlamentindəki yerlərini
tutmaqdan imtina etdilər və bundan sonra 1921-ci ildə Anqlo-İrland müqaviləsinin imzalanması ilə bitən
Müstəqillik Uğrunda Müharibə başladı. Müqavilə həmçinin altı şimal-şərqi qraflıqdan ibarət olan Şimali
İrlandiyaya İrlandiya Azad dövlətinin tərkibindən çıxmaq imkanı verirdi və o bu imkandan yararlandı.
Bu andan etibarən 50 il müddətində Birləşmiş Krallıq hakimiyyəti irland məsələsinə çox da maraq göstərmirdi,
hərçənd İkinci Dünya Müharibəsi zamanı Atlantika uğrunda döyüşlərdə İrlandiya önəmli rol oynadı. İrlandiya
Azad dövləti nəzəri cəhətdən Britaniya Millətlər Birliyinin tərkib hissəsi olaraq qaldığı halda, adanın hər iki
tərəfini təmsil edəcək İrlandiya İcra Şurasının yaradılması təklif olunmuşdu. İrlandiyanın cənub hissəsi nə az- nə
çox, müstəqil respublika oldu, hansı ki 1939-cu ildə İrlandiya Konstitusiyasında tanındı. Beləcə, yeni maraqlı
münaqişə tərəfi ortaya çıxdı. Onun əsas vəzifəsi yeni dövlətin yaradılması idi və o ən çox özünün Birləşmiş
Krallıqdan asılı olmadığını nümayiş etdirməyə can atırdı. Respublika İrlandiyanın bölgüsünü qanuni hesab
etmirdi, amma nəyisə dəyişmək imkanı xaricində idi. Müstəmləkəçilik tarixi hələ də tərəflər arasındakı
münasibətlərə təsir edirdi. İngilislər ən son halda irlandlar üzərindəki sarsılmaz üstünlüklərini nümayiş
etdirirdilər, irlandlar isə öz növbəsində adanın bölüşdürülməsinin qarşısını almağa gücləri yetmədiyi üçün
natamamlıq hissindən qurtulmağa çalışırdılar. Bu cür münasibətlər müəyyən dərəcədə 1980-ci illərə qədər
davam etdi və İrlandiya Avropa millətləri ailəsi arasında öz qanuni yerini tutandan sonra münasibətlər
dəyişməyə, qarşılıqlı hörmət mərhələsinə keçməyə başladı. Avropa birliyində İrlandiya artıq Böyük Britaniya ilə
bərabər mövqedə idi və çox vaxt qonşusundan daha konstruktiv rol oynayırdı. Bu dəyişiklik münasibətlərin yeni
nizamlanması ilə bağlı mümkün danışıqların məhək daşlarından biri oldu.
Şimali İrlandiyada isə respublikaçılıq təhdidinə və adanın birləşdirilməsi cəhdlərinə qarşı çıxımaq kimi daxili
məsələlərdən dolayı narahatlıq vardi, baxmayaraq ki, bu istiqamətlərdə real ciddi addımlar atılmırdı. Əhalinin
üçdə birini bütöv İrlandiya ideyasını dəstəkləyən katoliklər təşkil edirdi.
Onlar təhdid kimi qəbul olunurdular, buna görə də yunionistlər katoliklərin təsirini və diskriminasiyasını
məhdudlaşdıran qayda tətbiq etdilər. İrlandiya və Böyük Britaniya ittifaqının saxlanması uğrunda hərəkatın
lideri Edvard Karson adanın bölüşdürülməsindən məyus olmuşdu və bundan sonra irland məsələlərində iştirak
etməmək qərarı aldı, amma siyasətdən gedərkən o, Şimali İrlandiya administrasiyasına müraciət edib, onları
“Şimali İrlandiyada azlıqda olan katoliklərin çoxluqda olan protestantlardan qorxmayacaqları bir situasiya
yaratmağa” səslədi. Şimali İrlandiyanın Baş Naziri Karsonun müraciətinə məhəl qoymayaraq bəyan etdi:
“Cənubda katolik dövlətilə lovğalanırdılar. Onlar hələ də Cənubi İrlandiyanın katolik dövləti olmasıyla
lovğalanırlar. Mən isə yalnız protestant parlamenti və protestant dövləti olduğumuzla qürurlana bilərəm”. Son
nəsillərin hafizəsinə bu ifadə “protestantlar üçün olan protestant parlamenti” olaraq həkk olub. Təəccüblü
deyil ki, bu sözlər tükənməyən kin mənbəyinə çevrildi.
1960-cı illərdə katoliklərdən ibarət bir qrup sosial dövlətin övladları olan bir neçə protestantla birlikdə ABŞ-dakı
insan haqları uğrunda hərəkatdan, 1968-ci il Parisdə və digər şəhər və ölkələrdə baş vermiş tələbə
etirazlarından ilhamlanaraq, yeni Vətəndaş Haqları Uğrunda Hərəkatı təşkil etdilər. Onlar təməlli insan
haqlarını müdafiə edir, diskriminasiyaya qarşı çıxırdılar, amma konstitusiya məsələlərinə toxunmurdular.
Hərçənd onların başladığı kampaniya protestant icmasında radikalizmə, etirazlara, respublikaçılığa və
katolikliyə qarşı qorxu və düşmənçilik hissi yaratdı. Həmçinin katolik əhalidə də məruz qaldıqları
diskriminasiyaya qarşı narazılığı artırdı. İrlandiya tarixinin xarakterizə olunduğu ənənəvi münaqişə davranışı
əsrlər boyunca eskalasiya yolu keçmişdi – düşmənçilikdən, küçə protestlərindən “iğtişaşlara” və silahlı
zorakılığa qədər.
12
Şimali İrlandiyada bir çox protestantlarla katoliklərin çiyin-çiyinə çalışdığı, bir-birilərini dəstəklədikləri
həqiqətini gözardı edərək, protestantlar və katoliklərin daima gərgin, düşmən münasibətdə olduğu təəssüratını
asanlıqla yaratmaq olar. Amma fakt odur ki, fermerlər öz qonşularına yardım edirlər, onların dini
mənsubiyyətindən asılı olmayaraq; protestantlar və katoliklər xəstəxanalarda qonşu çarpayıları bölüşürlər və
onlara hər iki dinə etiqad edən həkim və tibb bacıları qulluq edir; uzun illər boyunca həmkarlar ittifaqlarını eyni
məqsəd birləşdirir - əməkçi haqlarının qorunması; artıq qeyd olunduğu kimi, hər iki icma Birinci Dünya
Müharibəsində eyni tərəfdə döyüşüblər.
Amma hətta icmalar bu cür müştərək fəaliyyət göstərdikləri zaman da mübahisə və gərginlik doğurmamaq
üçün Şimali İrlandiyanın konstitusiya quruluşu və ya icmalar arasındakı münasibət kimi mövzulardan yan
ötməyə çalışırlar. Kolun Sendzin mahnısında oxunduğu kimi, “nə haqda danışsanız da, heç nə danışmayın”. Açıq
zorakılıq kifayət qədər lokal xarakter daşıyır, amma münaqişə duyğusu heç vaxt tam yox olmur, bu duyğu
həmişə bizimlədir, hətta bilavasitə zorakılığı və “iğtişaşları” yaşamayanlarda da.
Şimali İrlandiya əhalisi əvvəlki nəsillərin qavrayışı və öz yaşantıları ilə birlikdə qəbul etdikləri kəskin tarix hissinə
malikdir. Ümumi mədəni assimilyasiya qorxusu ilə əzilən icmalar özlərində bir-birilə qarşıdurmadan keçən milli
kimlik hissi tərbiyə edirdilər. Onlar qorxurlar ki, digər icmanın münasibəti və davranışı onların mədəni
assimilyasiyasına gətirib çıxaracaq, bu isə özlüyündə qarşı tərəfin siyasi üstünlüyünə səbəb olacaq və bu
vəziyyət gələcəkdə də dəyişməz qalacaq. Yəqin ki, “ikili azlıq” ifadəsi münaqişənin hələ də yox olmamasının
səbəbini izah edən ən uğurlu ifadədir. Şimali İrlandiyada irland millətçiləri uzun müddət marginallaşdırılmış
azlıq durumunda olub, protestantlar isə öz növbələrində bütünlüklə İrlandiyada azlıq olduqlarının
fərqindədirlər. Tərəflər üçün Belfast Sazişinin imzalanmasını mümkün edən proses və mexanizmləri dərk etmək
üçün bu təsəvvürləri və illərlə qurulan münasibətləri anlamaq çox önəmlidir. Bunlar həmçinin davam edən
tərəddüdləri və yeni gələcəyin qurulması prosesini başa çatdırmaq cəhdlərinə meylli qarşıdurmaları tam olaraq
izah edir.
Dəstək mexanizmlərinin yaradılması və qorunması
Ənənəvi münaqişəli münasibətlər üzündən bütün maraqlı tərəflər öz düşərgəsi daxilində həmrəyliyi
möhkəmləndirməyə, onlara rəğbət bəsləyən xarici subyektləri cəlb eləməyə və onları dəstəkləməyəcək olanları
kənarlaşdırmağa çalışır. Vətəndaş cəmiyyəti təşkilatları fərqli düşüncənin, alternativ baxışın təşviqindən və ya
digər qruplarla pozitiv münasibətlərin təbliğindənsə, konformizmin təminatında və öz “identiklik qrupunda”
qəbul olunan yanaşmalara riayət edilməsində daha çox rol oynayırdılar. Müxtəlif zamanlarda ortaq maraqların
diqtəsilə anqlikan kilsəsinin dövlətin tərəfdaşı kimi çıxış etdiyini, katolik kilsəsinin isə müxalifəti dəstəklədiyini
artıq qeyd etmişik. Hər ikisi öz icmalarının dini identikliyinin qorunub saxlanmasına səy göstərirdi, bununla da
fərqliliklərin möhkəmlənməsinə xidmət edirdi, baxmayaraq ki, kilsələr üçün ən böyük təhlükə məhz cəmiyyətin
sekulyarlaşmasıdır.
Çap kütləvi informasiya vasitələri əksərən tənqidçi kimi deyil, öz icmalarının fikrinin ifadəçisi kimi çıxış edirdilər.
Qandi demişdi: “Jurnalistin xüsusi rolu ölkənin düşüncələrini oxuyub, bu düşüncələri dəqiq və cəsarətlə ifadə
etməyi bacarmaqdan ibarətdir”
4
. İrlandiyada icmaların “düşüncələri” çox vaxt eksklüzivliyi və bir-birinə
münasibətdə düşmənçilik xarakterli olmasıyla fərqlənirdi. Qəzetlər isə həm ideoloji, həm də kommersiya
maraqlarına uyğun olaraq bu cür yanaşmanı dəstəkləyirdilər. Dublində nəşr olunan “Irish Times” qəzeti
dediklərimizə İrlandiyada mövcud olan ən yaxşı nümunədir. Bu qəzet protestant-millətçilərin nəşri kimi
yaradılmışdı, amma ötən iyirmi il müddətində irland yunionizminin ruporuna çevrildi. Ölkə müstəqillik əldə
edəndən sonra isə asanlıqla siyasi çalarını dəyişərək müstəqil İrlandiyada isteblişmentin səsinə çevrildi.
Hərçənd əvvəlki kimi etibarlı, qərəzsiz informasiya mənbəyi olaraq qalmaqdadır. Biz artıq dünyanın fasiləsiz
4
Collected Works of Mahatma Gandhi, Vol. XXVI, p. 369, Delhi: Publications Division, Government of India.