94
stansiyada bizi çoxlu müsəlman camaatı - təbrizlilər, dağıstanlılar qarşıladı.
Hərbi təşrifat qaroulu hazır dayanmışdı, musiqi çalınırdı. Bu qaraulun
qarşısından keçdik, sonra əvvəldən hazırlanmış otağa girdik; burada üləma,
seyidlər və tacirlər, Tumanyanın adamları dayanmışdılar. Qafqaz işlərinə baxan
Tiflisdə oturan baş konsulumuz Nazimülmülk öz məiyyətilə hüzura müntəzir
idi. Bir neçə dəqiqə keçdi, xəbər verdilər ki, kareta hazırdır. Binadan çıxdıq.
Şiddətli xəzri əsirdi; küçələrdə şərəfimizə asılmış bayraqları, çıraqları və fəxri
darvazanı xəzri xarab eləyirdi. Hiss olunurdu ki, mənim şərəfimə xüsusi
şadyanalıq hazırlayıblar. Küçələrdə və səkilərdə, şiddətli küləyə baxmayaraq,
çoxlu müsəlman və digər millətlərdən şəxslər vardı.
Stansiyadan mənzilə - iqamətgaha iyirmi dəqiqəyə çatdıq.
Tumanyanın möhtəşəm imarətinin qabağında çoxlu xalı-xalça döşənmişdi,
bina bayraqlarla və çıraqlarla bəzədilmişdi. Ətraf çırağbanla işıqlandırılmışdı.
Karetadan düşüb imarətdəki çoxlu pillələrlə qalxdıq. İmarət dördmərtəbəlidir.
Biz üçüncü mərtəbədə yerləşdik. Otaqlar avropasayağı, çox zəngin və əla
döşənib bəzədilmişdi. Tumanyanın adamları məni qarşıladılar, onlarla
görüşəndən sonra mənim üçün hazırlanmış otaqlara keçdim. Mənimlə
gələnlərin çoxusu da bu mülkdə yerləşdirildilər.
Ertəsi gün sədr əzəm (baş nazir - M.S.) xəbər verdi ki, rus
imperatorunun əmri ilə Qafqaz canişini Tiflisdən mənimlə görüşmək üçün
Bakıya gəlib, hüzura müntəzirdir.
Canişin içəri girdi; görüşdük. Cüssəli, xoş sima, fərasətli və aqil bir
şəxs idi. Qısa söhbətdən sonra o getdi.
Bakının bütün əyanları və şəhər hakimləri hüzuruma gəldilər,
imperatorlara layiq mənə üç məcməidə duz-çörək gətirdilər. Fərəcbəy də
hüzuruma çatdı. Ona da izhar iltifat etdim. Rus imperatorunun hədiyyə
göndərdiyi altı dənə əla tüfəngi mənə təqdim etdilər. Həddindən çox yaxşı
tüfənglər idi. (Müzəffərəddin şah mahir ovçu imiş - M.S).
Olduğumuz imarətin böyük bir eyvanı vardı. Buradan dəniz
görünürdü. Eyvandan ətrafa tamaşa etdik. İmarətin qabağında çoxlu adam
yığılmışdı. İran təbəələri də çox idi; dalbadal salavat çəkir və uca səslə hurra
deyirdilər.
Eyvandan şəhər və dəniz yaxşı görünür; şirin su olmadığı üçün, bir də
torpağın pisliyindən və neftin çoxluğundan bu aralarda ağac yoxdur; azca ağac
var ki, onu da çox böyük zəhmətlə yetişdirib saxlayırlar.
Bakının havası o qədər də tərifəlayiq deyil; çünki dəniz kənarıdır,
rütubət çoxdur, həm də neft mədəni yaxındadır. Hər yerdən - divarlardan,
yerdən, qapı və pəncərələrdən neft
iyi gəlir, aləm qapqaradır.
Xəzər sahilindəki bütün şəhərlərə buradan neft gedir. Bakıda çoxlu
abad imarət var.