12
«Şimal bankı», «İran bankı», «Rus sənaye ticarəti bankı», «Dövlət bankı»,
«Tacirlər bankı» və s. çoxlu maliyyə-kredit şirkətləri qurulur.
Maliyyə, iqtisadi və ticarətlə əlaqədar olan və təbəələri Bakıda işləyən
dövlətlər - İngiltərə, Almaniya, Fransa, İran, Türkiyə, İsveç, Norveç və
başqaları şəhərdə konsulxana açırlar.
1884-cü ildə neft sənayeçiləri «Sovet siezd» təsis edirlər. Bu,
Rusiyada iri burjuaziyanın ilk təşkilatlarından biri idi. Bu təşkilat sahibkarın
haqqını hökumət qarşısında qoruyur, müdafiə edir və hökumətlə bir yerdə
fəhlələrə, əməkçilərə divan tuturdu. «Sovet siezd» neftə aid bütün məsələləri
müzakirə edib qərarlar çıxardır, «Neftyanoe delo» jurnalını nəşr edir, öz
xoşuna yox, fəhlələrin tələbi ilə çox məhdud miqdarda kitabxana, məktəb və
xəstəxana, şəfaxana açırdı. «Sovet siezd» nəhəng şirkətlərin, inhisarçıların
əlində güclü təzyiq aləti idi. «Sovet siezd»ə altı il Nobel, ondan sonra 1890-cı
ildən 1916-cı ilə qədər, 26 il «Kaspiyskoe tovarişestvo» şirkətinin sədri
Kukasov qardaşları başçılıq edir.
Hacı Zeynalabdin Tağıyev beş nəfər kənardan gələn sərmayədarla
1887-ci ildə şirkət yaradır, şəhərdə konka yolu çəkməyə başlayırlar.
Bu yol 1892-ci ildə işə düşür, nəqliyyat aləminə böyük yenilik gətirir.
Səhmdarlar şirkəti konkanı işlətmək üçün Hacı Mustafa Rəsulova icarəyə verir.
Konkaya adətən, iki at, yoxuş olan küçələrdə isə üçüncü atı da qoşurdular.
Konkanın şəhər içindəki marşrutu bu qayda ilə: Seyid Mirbabayev (Azneft)
meydanından başlayıb sahil (Neftçilər) küçəsilə, İran tacirlərinin dükanları
qabağından ötüb, Mixaylovskiyə (Zevin), oradan da Merkuri (Şaumyan)
küçəsinə dönərdi. Əzəmətli, çoxmərtəbəli binalar, təmtəraqlı adlar daşıyan
bəzəkli mağazalar, pasajlar, restoran, lokanta və mehmanxanalar yerləşən
kübar məhəllələrinin dad tərəfindən keçib Marinski (Karqanov) küçəsinə
burulur, Malağan (Xaqani) küçəsinə qədər gedib həmin küçə ilə Bolşoy
Morskoya (Kirov prospekti) keçir. İki məhəllə ötüb Telefonnı (28 Aprel)
küçəsinə girib, Vağzal (Puşkin) küçəsilə davam edib, sonra da Balaxanı
(Basin) küçəsilə Quba (Füzuli) meydanına çatır, Bazar (Hüsü Hacıyev)
küçəsilə davam edib Qəssabbazarla (Yefimov Saratovtsev küçəsi ilə) üzüaşağı
enir, Voronsov (Əzizbəyov) küçəsinə dönür, coğrafiyaşünas, «Məktəb»
jurnalının sahibi və redaktoru Qafur Rəşad Mirzəzadənin mətbəəsi qarşısından
ötüb Qurubağ qabağından Vrankel (Əliheydər Qarayev) küçəsinə, oradan da
Olkinski (Caparidze) küçəsinə keçib, Mixaylovski (Zevin) küçəsi, oradan sahil
(Neftçilər) küçəsilə gedib Mirbabayev (Azneft) meydanına çatır və dövrəni
tamamlayırdı.
Vağzaldan əks istiqamətə konka yolu yenə Telefonnı (28 Aprel),
Bolşoy Morskoy (Kirov prospekti) və Malağan küçələrilə uzanır. Sonra sağ
tərəfə burulub Marinski (Karqanov) küçəsilə Qəssabbazara dönür, Bazar (Hüsü
Hacıyev) küçəsinə qədər gedir (o aradakı dik yoxuşda konkaya üçüncü at
13
qoşardılar), ordan da Quba (Füzuli) meydanı, sonra da Balaxanı (Basin)
küçəsilə vağzala, Puşkin küçəsinə çatıb dairəni tamamlayırdı.
İki cür - həm yay konkası, həm də qış konkası vardı. Qış konkası
şüşələrlə bağlı, yayınkı isə açıq olardı.
Konkanı icarə edən Hacı Mustafa Rəsulovun şəhərdə bir neçə
karvansaray, mülk, mehmanxana və ticarət kontoru vardı. Karantini (Həzi
Aslanov) küçəsindəki dağılmaqda olan Qasımbəy məscidini o, təzədən tikdirib
bərpa etdirmişdi.
Qara şəhər və Ağ şəhərə, bir də Bayıla da konka işləyirdi.
Bakıda konka ilə bərabər digər nəqliyyat vasitələri vardı. Minlərlə at,
araba, qazalaq, fayton, kübarların karetaları, bir də tək-tək avtomobil...
...Bakı təzadlar şəhəri idi, bir yandan qızıl sel kimi axıb varlı
adamların seyflərinə, sandıqlarına, banklara dolur, xaricə göndərilir, digər
tərəfdən də bir loxma çörək üçün özünü oda, gözə atan adamlar gündə on-on
dörd saat işləyirdilər.
Şəhərdə sənətkarlar ordusu yaranırdı: quyuqazanlar, dartayçılar, neft
təmizləyənlər, arabaçılar, qırçılar, tuluqçular, neft daşıyanlar, nöyüt
mədənlərindəki çalalarda yığılmış nefti və dəniz qırağında su üstündəki nefti
şəlpəynən yığanlar - cındırçılar, gəmiqayıranlar, kapitanlar, mexaniklər,
çəlləkqayıranlar, bənnalar, şamtökənlər... Fanar və şamdan qayıranlar, suvaqçı,
xarrat, faytonçu, furqonçu, dəmirçi, çilingər, rəngsaz, dülgər, tornaçı, daşkəsən,
daşyonan, dəmiryolçu və onlarsa digər sənət sahibləri...
Əvvəllər nefti mədənlərdən çəlləklərdə daşıyırdılar, eyni zamanda
tuluqlara doldurub, dəvələrə yükləyib, qəzalara, kəndlərə və hətta uzaq
ölkələrə də yollayırdılar.
Arabaçılar gecə-gündüz mədənlərdən zavodlara, şəhərə neft daşıyırdı.
Bakı dönüb olmuşdu çəllək emalatxanası. Məhəllələrdə, döngələrdə, küçələrdə,
həyətlərdə minlərlə çəlləkqayıran emalatxana, çirkli su çalaları vardı. Üfunət
aləmi bürüyürdü. Mığmığ və qara milçək əlindən tərpənmək olmurdu. Sabunçu
vağzalının qabağından başlayıb Quba (Füzuli) meydanına qədər Bondarnı
(Dmitrov) küçəsi uzanırdı. Küçənin o tay-bu tayı emalatxana və çirkli su
çalaları ilə dolu idi. İş axırda o yerə çatdı ki, bələdiyyə idarəsi çəlləkxanaları
şəhərdən çıxarmaq barədə qərar qəbul etdi. Həmin qərara əsasən, on beş gün
ərzində şəhərdə bir dənə də olsun çəlləkçi emalatxanası qalmamalı idi.
XIX əsrin axırında Hacı Zeynalabdin Tağıyevin məsləhətilə neft
daşıyan gəmilərin sahibləri birləşib şirkət yaratdılar. Tağıyevin özünün də
ticarət, yük və sərnişin gəmiləri vardı.
1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür,
minlərlə acyalavac Bakıya axışır; işsizlər ordusu yaranır, cinayət, macəraçılıq
həddini aşır, hökumət orqanları 15.000 ac sərgərdanı zorla gəmilərə doldurub
geri qaytarır.
Dostları ilə paylaş: |