11
Konservatoriyası (1921; 1949 ildən Ü.Hacıbəyov adına), respublikanın müxtəlif şəhərlərində musiqi
texnikumları və məktəbləri təsis olundu. Ü.Hacıbəyovun təşəbbüsü ilə tədris müəssisələrində xalq çalğı alətləri
şöbələri açıldı. Azərbaycanlılarla yanaşı Nikolay İvanoviç Speranski, Boris İsakoviç Zeydman, V.A. Nikolski,
Leopold Vitalyeviç Rostropoviç, Georgi Georgiyeviç Şaroyev, Mayor Rafailoviç Brenner və digər məşhur
musiqiçi
pedaqoqlar
fəaliyyət
göstərirdilər.
20-30-cu
illər
Azərbaycan
musiqisinin yeni yüksəliş dövrü kimi
səciyyələnir. Bu illərdə yeni ifaçılıq
kollektivləri, Simfonik Orkestr (1920), ilk
notlu Xalq Çalğı Alətləri Orkestri (1931),
Azərbaycan Bəstəkarlar İttifaqı (1934),
Musiqili Komediya Teatrı (1938, hazırda
Ş.Qurbanov adına), Xalq Yaradıcılığı Evi
(1939), Azərbaycan xalq musiqisini
toplamaq və tədqiq etmək məqsədilə
Azərbaycan Dövlət Konservatoriyası
yanında elmi-tədqiqat musiqi kabineti
(1932) təşkil edildi. 1926-cı ildə yaranan
ilk çoxsəsli xor kollektivi tezliklə dağıldı,
yenidən təşkil olunan Dövlət Xoru,
Mahnı və Rəqs ansamblı Azərbaycan
Dövlət filarmoniyasında (1936, hazırda
M.Maqomayev adına) cəmləşdirildi. 1938-ci ildə filarmoniyanın nəzdində simfonik orkestr (hazırda
Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Simfonik Orkestri, 1944) təşəkkül tapdı.
Opera sənətində Azərbaycan milli musiqisinin yeni üslubu təşəkkül tapmağa başladı. Reynqold
Moriseviç Qliyer Azərbaycan musiqi folklorundan geniş istifadə edərək, "Aşıq Qərib" dastanı əsasında
"Şahsənəm" (1925, tamaşası 1927; 2-ci redaksiyası 1934) operasını yazdı. Bu opera
dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq
musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.
M.Maqomayev opera janrının klassik formalarına əsaslanaraq "Nərgiz" operasını
(1935; yeni redaksiyası 1938) bəstələdi. "Nərgiz" müasir mövzuya həsr edilmiş ilk
Azərbaycan operası idi. M.Maqomayev xalq musiqisinin müxtəlif janrlarının üslub
özəlliklərindən istifadə edərək, klassik opera formaları olan ariya, xor, reçitativ və s.
yaratmışdır. Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq eposu əsasında bəstələdiyi
"Koroğlu" operasında (1937; SSRİ Dövlət mükafatı, 1941) milli musiqinin janr,
kompozisiya, məqam - intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə
vasitələri və kompozisiya xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera
sənətinin şah əsərini yaratmışdır. Həqiqi novatorluğu ilə fərqlənən "Koroğlu"
Azərbaycan musiqisinin yeni inkişaf prinsiplərini müəyyənləşdirdi.
20-30-cu illərdə Azərbaycanda kütləvi mahnı janrı təşəkkül tapır.
Ü.Hacıbəyovun "Qızıl əsgər marşı", "Komsomolçu qız", "Qaragöz", "Pilotlar",
"Süvari"; M.Maqomayevin "Neft", "Tarla", "Bahar" bu janrın ilk nümunələridir.
20-40-cı illərdə yeni bəstəkarlar nəsli meydana gəldi. İlk peşəkar bəstəkarlardan A.Zeynallı "Ölkəm",
"Sual", "Çadra", "Seyran" və başqa əsərləri ilə milli romans janrmı yaratdı. O, romanslarında ənənəvi
mahnıvariliklə reçitativ-deklamasiya üslubunu sintezləşdirib milli lad-intonasiya sisteminin çərçivələrini
genişləndirməklə yanaşı, ilk milli kamera-instrumental (fortepiano üçün "Uşaq süitası", iki fuqa, "Çahargah",
skripka və fortepiano üçün "Muğamsayağı") və simfonik (simfonik orkestr üçün "Fraqmentlər") əsərləri də
yaratmışdır. Səid Rüstəmov isə respublikada ilk dəfə çağdaş mövzuda yazılmış musiqili komediyanın ("Beş
manatlıq gəlin", 1938) müəllifidir. Ə.Bədəlbəyli ilk milli Azərbaycan baletini ("Qız qalası", 1940; 2-ci
redaksiyası 1959) yaratmışdır. 30-cu illərin əvvəllərində simfonik orkestr (Ü.Hacıbəyov, "Təntənəli marş";
M.Maqomayev, "Azərbaycan çöllərində", "Azad qadının rəqsi", "Azərbaycan radio marşı RV-8") və xalq
çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov, 1-ci və 2-ci fantaziyalar) əsərlər yazıldı.
30-cu illərin 2-ci yarısında yeni bəstəkar nəslinin yaradıcılığında simfonik musiqinin növbəti örnəkləri
(Niyazi, C.Hacıyev, Q.Qarayev) yarandı. Bu dövrdə Ü.Hacıbəyov ilk Azərbaycan kantatalarını (Firdovsinin
1000 illiyi münasibətilə, 1934; müasir mövzuda, 1939), M.Maqomayev, Ə.Bədəlbəyli, Niyazi, Q.Qarayev,
C.Hacıyev teatr tamaşalarına musiqi bəstələdilər.