369
dünyanın xəritəsinin sürətlə dəyişməsinə gətirib
çıxaran amillərdən biridir. Siz hesab eləyin ki, bütün
canlı varlıqlar fasilə vermədən Yeri və Göyü yeyir.
Sözümün kəsəri üçün hamıya tanış bir nümunəni ortaya
atacağam: fillər aşırı çoxalanda Afrikanın savannaları
səhraya dönür. Çünki fillər yemək üzrə mütləq
rekordçudurlar.
Hərçənd fillərdən dəfələrlə balaca insanlar
yemək aktivliyinə görə savanna nəhəglərinə heç də
uduzmurlar.
Bu da axırı ona gətirib çıxarır ki, insanın
qarnı özündən qabaqda gedir.
Nədən ki, yeyib-içən bir kimsə olmağın başlıca
əlaməti, təbii ki, yekə qarındır.
Yaponiyada müdrik obrazı həmişə öz yekə qulağı
və yekə qarnı ilə seçilir. Nədən ki, tabaq kimi girdə,
böyük qarın əmin-amanlıq, firavanlıq, asudəlik,
rahatlıq rəmzi kimi çözülür. Bu, dzen fəlsəfəsinin
yapon mədəniyyətində dəstəklədiyi bir görk, bir
obrazdır. Onlar elə hesab edirdilər ki, əsl gülüş
qarınla gülməkdir, qarından gülməkdir, qarına
gülməkdir. Azərbaycanlılar da tez-tez deyirlər: “o
qədər güldüm ki, qarnım ağradı”; və ya “o qədər güldüm
ki, qarnım cırıldı”; “elə gülürdü ki, dişlərinin 32-si
də görsənirdi” və sair. Yaponlarsa deyirlər: “elə
gülürdü ki, bağırsaqları görsənirdi”. Digər xalqların
leksikonunda da belə ifadələrlə rastlaşmaq ehtimalı
qədərincə. Bu, gülüş homerik gülüşdür; uğunub özündən
getməyi, hər şeyi unudub gülməyi, bütün mənaların
üstündən xətt çəkib gülməyi, mənaları mənasızlaşdırıb
gülməyi eyhamlaşdırır. Yəni sən gülürsən, şaqqanaq
çəkib gülürsən, bütün varlığınla gülüşün içində
olursan, gülüş olursan və bu an sənin gülüşün sanki
bütün dünyanı bürüyüb dünya ilə təkbətək qala bilir.
Bu gülüşü elə bil ki dünya eşidir; elə bil ki bu gülüş
dünyada eşidilir.
Yenə... düşüncələrimin istiqamət düzlüyünü bir
daha vurğulamaq niyyətilə... başqa bir bağlılığa, bir
əlaqəyə fikrinizi yönəltmək istəyində bulunuram.
Məqalənin əvvəlində söyləmişdim ki, “qarın” sözü
“qa”nın, “qa” enerjisinin toplandığı məkanı bildirir.
Qarın bədən enerjisinin cəmləşdiyi, fokuslaşdığı, bir
harmoniya, vəhdətə gəldiyi bir nöqtədir, enerjinin
370
yığışdığı mərkəzdir. Mən bunları özüm üçün
aydınlaşdırdığım zaman birdən rastıma çıxdı ki,
yaponca qarın “xara” adlanır. Təbii ki, sözün xara //
hara // kara // qara kimi şəkildəyişmələri,
transformasiyaları yolverilən bir haldır. Dediyim bu
ki, “xara" və “qarın” sözləri arasında aşkar fonetik
bir oxşarlıq mövcud. Bu, qa // ka // ha // xa // ğa
enerjisinin universallığının sübutumu? Fakt budur ki,
“yapon ənənəsində, xüsusilə də, dzen təriqəti
ənənəsində xara tarazlıq mərkəzidir ki, burada eyni
zamanda ruhsal qüvvə qərarlaşır. Çin və Yaponiyanın
dzen müdriklərinin çəkdiyi rəsmlərdə görükən yekə
qarın heç də antiestetik bir şey deyil, əksinə, enerji
mərkəzi xaraya bir işarədir”.
14
Sumo pəhləvanlarının
hədsiz yekə qarınları da tatami üzərində enerji
bolluğunun, gücün dəlaləti kimi, nümayişi kimi
qavranılır. Xarakiri, yəni qarnı yırtmaq, qarnı cırmaq
məhz bədənin enerji mərkəzinə təcavüzdür, bədənin
harmonik tarazlığının, enerji tarazlığının
pozulmasıdır.
Heç kəs heç vədə Buddanın (Bodhidharma) iri
qarnını müzakirə obyekti kimi götürmür: əgər o, kamil
insan kimi, sansaranı (dünyaya təkrar doğulmalar
zəncirini) qurtarmış insan kimi yoqa təlimindən
büsbütün keçmişdisə, niyə hindlilər onu belə bir
qarınla təsəvvür edirlər? Düzdür, Budda qarnı yapon
müdriklərinin qarnı kimi sallanmış qarın deyil, amma
yetərincə böyük tutuma malik bir qarındır.
Şərq müdrikləri və əlbəyaxa döyüş ustadları
deyirlər ki, özünü düzgün idarə eləmək istəyirsənsə,
düzgün nəfəs al, qarınla nəfəs al! Çünki bu zaman
bədən yağış torpağı yumşaldan kimi yumşaldır.
Təbriz, Herat, Ərəb-Mesopayamiya miniatür
məktəblərində təsvir edilən əksər kişi personajları,
yəqin ki bircə Məcnundan başqa, öz yumruca qarınları
ilə fərqlənirlər.
Yemək olan yerdə şadlıq var.
“Çörək (yemək – kursiv müəllifindir) bol olarsa,
basılmaz vətən” (Səməd Vurğun) . Yemək bol olanda
insanlar sürətlə çoxalır.
Dünya yemək üstündə qurulmuş bir xanimandır.
15
Yemək (doymaq) məqsədilə qan tökülür. Qan
tökülməyincə, yemək hasil olmur.
371
Körpə qarnı ilə qidalanır, qarnından böyüyüb
qarından cahana gəlir. Biz ana bətnində qarnımızla
yeyirik, kənarda isə qarnımıza yeyirik. Yeyib
işləyirik, işləyib yeyirik və deyirik “işləməyən
dişləməz”.
Bu, hökmdür, ancaq qorxulu bir hökmdür. Çünki
əgər dişləmirsənsə, ayaqlarını uzadıb ölürsən. Ol
səbəbdən ac qalmaq xofu heç vaxt beynimizdən çıxmır.
Nəticə isə budur ki, Yer üzünün bütün canlıları, –
infuzorlardan tutmuş məməlilərə qədər, – səhərdən
axşamacan əlləşib, gövşəyib, çeynəyib, didib-dağıdıb,
işləyib, dişləyib, daim mübarizədə bulunub yeməyə
məhkum edilmiş (!) varlıqlardır... Yeməyi tələb
eləyən, gözləyən isə qarındır, başqa sözlə, qarın
yemək tuluğudur, yemək çəlləyidir və aclıq siqnalını
beyinə göndərən sistemdir.
Qarın öz gündəlik normasını almayanda “mən”ə
qarşı qiyama qalxır.
Çətin və darıxdırıcı bir həyatdır qarnı düşünüb
yaşamaq, qarın üçün gecə-gündüz əlləşib yaşamaq...
Bunu bilmək və ömür boyu da bu bilgilə yaşamaq
birincidən daha betər, daha məşum, daha fəciəvi, daha
gülməli, daha absurd bir aqibət.
Kimdir azadlıqdan danışan? Qarnı olan adam da
azad olurmu, yahu? Azadlığın dadını yalnız ruhlar bilə
bilər... O şey ki, yoxdur, onun azadlığı mütləqdir.
“Var” həmişə əsarətdədir, “yox” isə əbədi azadlığa
qovuşub...
Getdikcə məsələ bir az daha qəlizləşir.
“Qarın qardaşdan irəlidir”. Əsrlərdən bəri bu
həqiqət dəyişmir: onu dəyişməyə, həqiqəti yalan
eləməyə çalışsalar belə...
Mədəniyyət mənəvi dəyərlər sistemində qardaşı,
qan qohumluğunu, ananı, vətəni qarından önə çəkir və
təbliğat maşınını işə salır. Amma bu, təkcə təbliğat
deyil, həm də qutsal bir dəyərdir. Sufiliyin çatmaq
istədiyi kamillik məqamı da Allah sevgisini, ilahi
gözəlliyi, qəlb genişliyini, batini zənginliyi, ürfan
işığını qarından qat-qat üstün tutur. Amma bəlli bir
həqiqətdir ki, “ac adamla tanrıdan danışmazlar”; və ya
“ac adamın dini olmur”; və yaxud “su meymunun boğazına
çıxanda balasını ayağının altına atır” kimi deyimlər
insanlığın düşüncə müstəvisində permanent dolaşır.
Dostları ilə paylaş: |