24
20 SENTYABR
NEFTÇİLƏR GÜNÜ
1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün
oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün
dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın
neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.
Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə
böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu,
xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni
neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.
"Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1"
platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri-
Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
"Əsrin müqaviləsi"nə ilkin qoşulan şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl"
(ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk
Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson",
"Amerada Hess" (ABŞ) şirkətləri də qoşuldu. Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya
olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı.
Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya
bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri
layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun
bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur.
1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri "Bakı-Tbilisi-Ceyhan"
Əsas İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in İstanbul sammitində
(1999, 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və
Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə
yönəlmiş İstanbul Bəyannaməsi imzalandı.
2002-ci il avqustun 18-də Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru
Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il mayın 25-də kəmərin
Azərbaycan, 13 oktyabrında isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirilmişdir.
2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə veriləcəkdir.
"Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur.
Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443
kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən keçir. Kəmər ildə
50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətindədir H. Əliyevin bu layihənin
gerçəkləşdirilməsində əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru
Kəmərinə onun adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si "Neftçilər
Günü" kimi qeyd olunur.
25
1 OKTYABR
PROKURORLUQ İŞÇİLƏRİ GÜNÜ
Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə
bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli
lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli
qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas
tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü
kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.
Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli
sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə
XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin
prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm
də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti
haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq
Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən
"Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov,
A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca
mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən AXC-nin Məhkəmə palatasında, Bakı və Gəncə dairə
məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.
AXC-nin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv
olundu. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını
həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul
1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də
sovet prokurorluğunun əsası qoyuldu. Xalq ədliyyə komissarları Ə. Qarayev, S. Çivanov, B. Vəlibəyov,
B. Talıblı, H. Hacıyev, A. Sultanova və başqaları həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar.
1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən
çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır.
Kommunist partiyasının mütləq hakim olduğu Sovet hakimiyyəti dövründə prokurorluq bu rejimə və
partiya liderlərinə xidmət edən bir orqan olmuşdur.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi
mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına,
cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və
demokratik inkişaf yoluna qədəm qoymuşdur.