– Unutmaram. Mən bir dəfə gördüyüm sifəti, verdiyim vədi heç vaxt unutmuram.
Özümə rəva bilmərəm, sənətim belədir.
Ravik onunla üzbəüz dayanmışdı. Ona elə gəlirdi ki, indi beton bir divarı
yarmalıdır. Sonra Haakenin əlini öz əlində hiss elədi. Onun əli balaca və həddindən
artıq yumşaq idi.
Haake gedəndən sonra nə edəcəyini bilməyib, bir anlığa yerindən tərpənmədi.
Sonra oturdu. Hiss elədi ki, titrəyir. Bir az oturandan sonra pulunu verib çıxdı.
Haake gedən tərəfə üz qoydu. Birdən yadına düşdü ki, o, iki dostu ilə taksiyə
mindi. Onda dalınca getməyin mənası yox idi. Haakeyə hansı mehmanxanaya
düşdüyünü demişdi. Onu təsadüfən başqa yerdə görsə, şübhələnərdi. Ravik qaldığı
mehmanxanaya qayıtdı.
***
Morozov dedi:
– Çox ağıllı hərəkət eləmisən.
Onlar Ron-Puen küçəsindəki kafelərdən birində oturmuşdular.
Ravik sağ əlinə baxdı. Onu bir neçə dəfə araqla yumuşdu. Özü bilirdi ki, səfehlik
eləyir, ancaq yumasa, dözə bilməzdi. Əlinin dərisi indi perqament kimi qupquru
olmuşdu.
– Başqa cür hərəkət etmiş olsaydın, səfehlik olardı. Yaxşı ki, yanında heç nə yox
imiş.
– Hə,–deyə Ravik inamsız səslə dilləndi.
Morozov onun üzünə baxdı:
– Sən o qədər də axmaq deyilsən ki, qətl üstündə, ya da ona cəhd elədiyinə görə
məhkəməyə düşəsən.
Ravik cavab vermədi.
– Ravik!–Morozov əlindəki şüşəni acıqla stolun üstünə qoydu.–Xəyalpərvər olma!
– Xəyalpərvər deyiləm. Niyə başa düşmürsən, ürəyimə damıb ki, onu əldən
qaçırtdım. İkicə saat əvvəl görsəydim, gizli bir yerə çəkərdim, ya da başqa cür
eləyərdim...
Morozov qədəhlərə araq süzdü:
– Bunu iç, araqdır... Ona yenə rast gələcəksən.
– Bəlkə də, gəlmədim.
217
– Tapacaqsan! O özü gələcək. Elə qarmaq atmamısan ki, düşməyə. Nuş olsun!
Ravik də içdi.
– Gərək, vağzala gedib onun qatara mindiyini öz gözümlə görəydim.
– Bəs necə?! Hələ güllə də ataydın! Ən azı iyirmi il katorqa alardın. Belə ağıllı
ideyalardan yenə varındır?
– Var! Heç olmasa, onun qatara mindiyinə baxardım.
– O da səni görəydi və hər şey də bitəydi!
– Gərək, hansı mehmanxanaya düşdüyünü soruşaydım.
– Soruşaydın da, şübhəyə salaydın da! – Morozov qədəhləri yenə doldurdu. –
Qulaq as, Ravik, indi sənə elə gəlir ki, düz eləməmisən. Bu fikri başından çıxar
getsin! Əgər bacarmırsansa, nəyisə vur, dağıt. Elə şey deyirəm ki, həcmcə iri,
qiymətcə ucuz olsun. Zənnimcə, «İnternasional»ın «Palma zalı»nı dağıtsan,
bəsindir.
– Xeyri olmayacaq...
– Onda danış! Yorulana qədər danış! Danış ki, yüngülləşəsən, sakitləşəsən. Rus
deyilsən, yoxsa bunun xeyrini başa düşərdin.
Ravik başını qaldırdı:
– Boris, – dedi, – bilirəm, siçovulu öldürmək lazımdır ki, qayıdıb səni dişləməsin.
Ancaq mən bu haqda danışa bilmərəm. Onun əvəzinə fikirləşərəm. Fikirləşərəm ki,
bir də rast gələndə, necə eləyim. Təşrihə hazırlaşan kimi hazırlaşacağam.
Bacardığım qədər yaxşı hazırlaşacağam. Məşq edəcəyəm. Hələ on dörd gün vaxtım
var. Belə yaxşıdır. Çox yaxşı oldu. Özümü sakit aparmağa öyrəşərəm. Sən düz
deyirsən. Sakitləşib fikrini cəmləmək üçün danışmaq lazımdır. Bunu düşünməklə
də eləmək olar. Soyuqqanlılıqla düşünürsən, nifrətin daha da artır. Onu xəyalımda
o qədər öldürəcəyəm ki, görüşəndə, artıq öyrəşmiş olacağam. Öyrəşəndə adam
birinci dəfəyə nisbətən çox qətiyyətli, sakit olur. İndisə gəl söhbət eləyək. Ancaq
başqa şey barədə danışaq. Mənə qalsa, ağappaq qızılgüllərdən danışarıq. Bir onlara
bax! Bu bürkülü gecədə qara oxşayır? Elə bil, bu narahat gecənin ləpədöyənindəki
köpükdür! Hə, indi razı qaldın?
– Yox!
– Yaxşı, onda bu yaya bax! 1939-cu ilin yayına! Barıt qoxusu verir. Bu qızılgüllər
də gələn qış milyonlarla qəbrin üstünü örtəcək qara oxşayır. Biz də bunun sağlığına
badə qaldırırıq... Düz demirəm? Yaşasın neytrallıq əsri! Yaşasın daşqəlblilər
zəmanəsi! Bu gecə nə qədər adam qırılır, Boris! Hər gecə belədir... Çox adam ölür!
Şəhərlər yanır, haradasa yəhudilər fəryad qoparır, çexlər meşələrdə qırılır,
çinlilərin üstünə yapon nefti töküb od vururlar, həbs düşərgələrində əzab, işgəncə
dolu ölüm kabusu dolaşır... Belə bir zəmanədə hansı qatilisə qanına qəltan edərkən
kövrək arvadlar kimi göz yaşı axıtmaq yaraşarmı bizə? Onu tapıb çıraq kimi
söndürəcəyik, vəssalam! Onsuz da əynimizdə başqa cür hərbi geyim olduğuna görə
çox günahsız adamın qanına bais olmuşuq. Bu da onlardan biri...
– Bu, başqa məsələ! Belə danışmaq yaxşıdır. Bıçaqla necə davranmağı
öyrənmisən? Bıçaq səs eləmir...
– Bu gün elə şeyi məndən uzaq elə. Qoy bir az yatım. Gedib sakitcə yerimə
girəcəyəm, ancaq, allah bilir, gözümə nə vaxt yuxu gedəcək. Başa düşürsən?
– Hə.
218
– Bu gecə səhərəcən onu öldürəcəyəm. On dörd gün ərzində avtomata dönəcəyəm.
İndi əsas məsələ bu on dörd günü salamat qalmaqdır. Həmin gün ilk dəfə gözümə
yuxu gedəcək. İçməyin xeyri yoxdur. İynə də kömək eləməz. Gərək, çox yorulam
ki, gözümə yuxu getsin. Səhər oyananda yenə gümrah olacağam. Aydın oldu?
Morozov xeyli dinməzcə oturdu, sonra:
– Özünə bir qadın tap, – dedi.
– Bunun nə xeyri?
– Nəyəsə xeyri olar. Qadınla yatmağın həmişə xeyri olub. Joana zəng vur, gələcək.
Joan... Düz deyir... O da orada idi... Nəsə dedi... Onu tamam unutmuşdu.
– Mən rus deyiləm, Boris! Başqa təklifin yoxdur? Bir az sadə olsun. Lap sadə...
– Allah xatirinə, burax, belə mürəkkəb olma. Qadından can qurtarmağın ən sadə
yolu hərdən onunla yatmaqdır. Xəyal dünyasını çox şişirtmək olmaz. Təbiətin
adicə qanununa bu çür bəzək-düzək vurmaq kimə lazımdır?
– Doğrudan, kimə lazımdır?
– Elə isə, qoy gedib, zəng vurum. Sənin xatirinə eləyirəm. Havayı yerə restoran
qapıçısı deyiləm ki...
– Getmə! Hər şey qaydasındadır. Gəl içə-içə qızılgüllərə tamaşa eləyək. Göydən
yağış kimi səpələnən pulemyot güllələrindən sonra meyitlərin sifəti də ay işığında
belə ağarır... Bunu bir dəfə İspaniyada görmüşəm. Onda fəhlə Pablo Nona deyirdi
ki, səmanı faşistlər icad eləyib... Bir ayağı da yox idi... Məndən də bir az incimişdi,
deyirdi ki, niyə kəsilən qıçını spirtin içində konservləşdirib saxlamadım. Elə bilirdi
ki, bədəninin dörddən birini, yəni kəsilmiş ayağını qəbrə qoyublar. Xəbəri yox idi
ki, itlər onu oğurlayıb yeyib...
XXV
Veber sarğı otağına gəldi. Ravikə işarə elədi, ikisi də otaqdan çıxdı.
– Düran zəng vurmuşdu. Təcili səni istəyir. Deməyinə görə, qeyri-adi işdir,
mürəkkəb vəziyyətdir.
Ravik Veberin üzünə baxdı:
– Daha doğrusu, təşrihi korlayıb, indi mənim boğazıma bağlamaq istəyir. Elə
deyil?
– Məncə, yox. Həyəcanlıdır. Çox güman ki, çətin vəziyyətə düşüb, nə edəcəyini
bilmir.
Ravik başını buladı. Veber susurdu.
– Mənim qayıtdığımı haradan bilir?
Veber çiyinlərini çəkdi:
– Bilmirəm. Tibb bacılarının işi olacaq.
– Niyə Binoya zəng eləmir? O ki yaxşı çərrahdır.
– Mən də elə məsləhət gördüm. Ancaq deyir ki, çox mürəkkəb vəziyyətdir, sizin
sahə ilə bağlıdır.
– Boş şeydir. Parisdə hər sahə üzrə əla cərrahlar var. Niyə Martelə zəng vurmur? O
da dünyanın ən məşhur cərrahlarından biridir.
– Səbəbini özünüz bilmirsiniz?
219
– Əlbəttə, bilirəm! Həmkarlarının yanında rüsvay olmaq istəmir. Yurdsuz-yuvasız
həkimin yanında isə hər şey olar, çünki o, dilini qarnına qoyacaq...
Veber onun üzünə baxdı:
– Təcilidir... Gedəcəksiniz?
Ravik xalatının bağlarını dartıb açdı:
– Əlbəttə! Başqa yolum da var? Ancaq bu şərtlə ki, siz də gələsiniz.
– Yaxşı, mənim maşınımla gedərik.
Onlar pilləkənlə aşağı düşdülər. Veberin maşını xəstəxananın qabağında
dayanmışdı və günün altında par-par yanırdı. Mindilər.
– Siz içəridə olmasanız, təşrihi boynuma götürən deyiləm. Allah bilir, dostumun nə
planı var.
– İnanmıram ki, belə vəziyyətdə başqa planı da olsun.
Maşın tərpəndi.
Dostları ilə paylaş: |