21
münasibətlər (sosial, mənəvi, mədəni sahələr) sistemidir ki, bunun vasitəsilə
insanların həyat fəaliyyəti, onların yaradıcılığı və bunların nəsildən-nəsilə
ötürülməsi üçün fərdlərin və kollektivlərin xüsusi maraq və tələbatlarının
reallaşmasında lazım olan şərait təmin edilir.
Nəzərə almaq lazımdır ki, «vətəndaş cəmiyyəti» anlayışı sadəcə olaraq
«vətəndaş» və «cəmiyyət» terminlərinin şərti birləşməsi kimi çıxış etmir.
Vətəndaş cəmiyyətinin mövcudluğu o zaman mümkündür ki, sosial əlaqələrin
bütün sahələrində, o cümlədən, iqtisadi, siyasi, mənəvi sferalarda şəxsiyyətin
yaradıcılıq imkanlarının aktiv təzahürü şəraitində münasibətlər yaranır.
Dövlət vətəndaş cəmiyyətinə onun strukturlarının hüquqi çərçivəsini
müəyyən etməklə təsir edir və bununla bərabər o, vətəndaş cəmiyyəti
tərəfindən əks-təsirə məruz qalır. Məsələn, dövlətin qanunvericilik fəaliyyəti,
xalqın nümayəndəli orqanlarının işi siyasi partiyaların, ictimai təşkilatlarının
fəaliyyəti ilə sıx qarşılıqlı əlaqədədir. Belə nəticəyə gəlmək olar ki, dövlət
mexanizminin, cəmiyyətin siyasi hakimiyyətinin bütün təşkilatlarının normal və
səmərəli işi, şəxsiyyətlə dövlət arasındakı mühüm həlqə, özünəməxsus şəkildə
vasitəçi olan vətəndaş cəmiyyətinin inkişafı olmadan mümkün deyil. Vətəndaş
cəmiyyəti elə bir sosial mühitdir ki, burada vətəndaş və onların birliklərinin əsas
hüquq və azadlıqları həyata keçir.
§3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.
Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var.
Hakimiyyət - mürəkkəb, çoxcəhətli bir hadisədir ki, onun tədqiqinə təbii
olaraq, müxtəlif cür yanaşmalar mövcuddur. Hüquq ədəbiyyatında hakimiyyətə
yalnız insanların birgə fəaliyyəti kimi baxılmır. O, cəmiyyətdə sosial qurumların
vahid fəaliyyətini və möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə kimi
xarakterizə olunur. Bundan əlavə, hakimiyyət ayrı-ayrı adamların, sosial
qurumların, bütünlükdə xalqın öz iradəsini xüsusi metodların köməyi ilə həyata
keçirməyə, bunu başqalarına qəbul etdirməyə olan real qabiliyyəti kimi də başa
düşülür. «Hakimiyyət» anlayışının mahiyyətinə başqa cür yanaşmalar da
mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin bu və ya digər tərəfini əks
etdirir.
Ən ümumi şəkildə hakimiyyəti, insanların davranış və fəaliyyətini bütün
cəmiyyətin, ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi
xarakterizə etmək olar.
Hakimiyyət - sosial hadisə olmaqla insan cəmiyyətinin meydana gəlməsi
ilə birlikdə yaranıb. Onu ibtidai icma quruluşu dövründə cəmiyyətə xas olan
ümumi işləri görmək tələbatı zəruri etmişdir. Onun meydana gəlməsinə tayfa və
qəbilələrdə insanlar arasındakı münasibətlərin qaydaya salınması, müxtəlif növ
ümumi əhəmiyyətli funksiyaların icrası: qidanın bölünməsi, ailə-nikah
münasibətlərinin nizamlanması, əməyin cinsə, yaşa görə bölünməsi və s.
zərurətin yaranması səbəb olmuşdur. Öz təbiətinə görə bu, hər şeydən əvvəl
ictimai rəyin - yığıncağın qərarı, ağsaqqallar şurası, rəhbər, qəbilə başçısı və s.
ictimai hakimiyyətin nüfuzuna söykənməklə mövcud olmuşdur. İbtidai icma
cəmiyyətində insanların yaşamaq uğrunda amansız mübarizəsi şəraitində
22
meydana gələrək bərqərar olmuş qadağa və davranış qaydalarına riayət
etməsinin ciddi vacibliyi, hakimiyyətin tələblərinin könüllü icrasına səbəb
olmuşdur. Əlbəttə, zəruri hallarda məcburetmə də tətbiq olunurdu (məsələn,
qəbilədən qovma, həyatdan məhrumetmə və başqa tədbirlər). Lakin, ibtidai
icma cəmiyyətində hakimiyyətin həyata keçirilməsinin xüsusiyyəti hakimiyyətin
tələblərini yerinə yetirməyi təmin edən xüsusi məcburetmə aparatının
olmamasıdır ki, bu da yalnız siyasi təşkilat olan dövlətdə mövcud olur.
Dövlət hakimiyyəti hər şeydən əvvəl dövlətin mecburetmə qüvvəsinə,
xüsusi aparatların köməyi ilə (dövlət orqanları və idarələri, məhkəmə, hüquq-
mühafizə orqanları və s.) belə məcburetmə imkanlarına arxalanır, baxmayaraq
ki, dövlət hakimiyyəti başqa metod və vasitələrin köməyi ilə də həyata keçirilir.
İnsanların ictimai həyatına dövlət hakimiyyəti öz nizamlayıcı təsirini dövlət
orqanları vasitəsilə göstərir, sanki o, bu fəaliyyətdə öz maddi təcəssümünü
tapır.
Hakimiyyətin xalqa məxsus olması onun demokratik metodlarla həyata
keçirilməsini, dövlət hakimiyyətinin xalq qarşısında hesabat verməsini
qabaqcadan müəyyənləşdirir.
Dövlət hakimiyyətinin başlıca vəzifəsi - insanın hüquq və azadlıqlarının,
şərəf və ləyaqətinin tanınması, onlara riayət olunması və müdafiəsidir. Belə ki,
demokratik dövlətdə insan, onun hüquq və azadlıqları - ali dəyərlərdir.
§4. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi
mahiyyəti.
Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi
mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji
baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator
hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta
əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün
hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır.
İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi
1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın
Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il
Polşa və Fransa Konstitusiyaları olmuşdur.
Konstitusiya dövlətin ali qanunu kimi bir sıra özünəməxsus xüsusiyyətlərə
malikdir:
1. Konstitusiyanın xüsusi subyekt - xalq tərəfindən qəbul edilməsi. Qeyd
etmək lazımdır ki, konstitusiya digər üsullarla da qəbul olunur. Konstitusiya xalq
tərəfindən qəbul olunsa da, bəzən yuxarıdan (mütləq monarxiyalarda) bir növ
bağışlanılır. Lakin bu istisnadır və demokratik konstitusiyalar üçün xarakterik
deyildir.
2. Dövlət və cəmiyyətin Əsas Qanunu kimi Konstitusiya başqa
qanunlardan fərqli olaraq təsisedici, birbaşa xarakter daşıyır. O, ictimai
münasibətlərin geniş dairəsini, bunlardan bütün cəmiyyət üzvlərinin, bütün
vətəndaşların köklü maraqlarmı əhatə edən daha vaciblilərini tənzimləyir.
Dostları ilə paylaş: |