«Xəbərlər» - İctimai və humanitar elmlər seriyası.-2009.-№1.-S.85-91.
NAXÇIVANDA İCTİMAİ VƏZİYYƏT
(Səfəvilər dövrü)
İLHAMİ ƏLİYEV
AMEA Naxçıvan Bölməsi
1501-ci ildə tarix səhnəsinə çıxmış Səfəvilər dövləti Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol
oynamışdır. Tarixi torpaqlarının vahid türk-islam dövlətinin bayrağı altında birləşdirilməsi milli mədəniyyətin
inkişafına və ölkə iqtisadiyyatının yüksəlişinə təkan vermişdir. Təbii ki, Səfəvilərin hakimiyyəti illərində ölkədə
tərəqqi dövrü ilə yanaşı tənəzzül illəri də yaşanmışdır. Bu dövlət tərəqqi illərində Azərbaycan bölgələrinin inkişaf
etməsinə geniş imkanlar yaratmışdır. Bu dövrdə ölkənin əhəmiyyətli bölgələrindən biri də qədim Naxçıvan diyarı
olmuşdur.
Səfəvilər dövründə Azərbaycan ərazisi inzibati cəhətdən 4 iri vilayətdən, yəni bəylərbəyilikləri ibarət
olmuşdur: Təbriz, Çuxursəd, Qarabağ və Şirvan bəylərbəyilikləri. Şah tərəfindən təyin edilən bəylərbəyilər hər biri
öz vilayətinin qanuni hakimi sayılırdı. Onların inzibati hakimiyyətdən başqa həm də orduya, yaxud feodal dəstəsi
"çerik"ə rəhbərlik etmək hüququ var idi (7, s. 11). Bu dövrdə Naxçıvan mahalı əvvəlcə Təbriz, sonra Çuxursəd
bəylərbəyliyinin tərkibində fəaliyyət göstərmişdir. Tabe olduğu bəylərbəyiliyin tərkibində Naxçıvan "mahal" və
yaxud da "ölkə" adlandırılırdı. Görkəmli şərqşünas-alim İ.P. Petruşevskiy öz əsərində göstərmişdir ki, "ölkə"
inzibati-ərazi termini Azərbaycanda hələ Teymurilər dövründən mövcud olmuşdur (17, s. 102). Ölkə və ya o zaman
deyildiyi kimi mahalların idarə edilməsində çox vaxt hakimlər yerli tayfaların nümayəndələrindən seçilirdi. Əksər
hallarda hərbi şücaətinə görə fərqlənən şəxslərə üstünlük verilirdi. Bu hakimlər isə sultan və yaxud da xan titulu
daşıyırdı. Səfəvilər dövründə Naxçıvan ölkəsi irsi olaraq Ustaclı-Kəngərli tayfalarının nümayəndələri tərəfindən
idarə olunmuşdur (7, s. 113). 1603-cü ildə Osmanlı işğalından azad edildikdən sonra I şah Abbas tərəfindən
Maqsud Sultan Kəngərli Naxçıvan hakimi təyin edilmişdi (12, s. 68-69). Buradan görünür ki, Kəngərli tayfa
nümayəndələri şahın istəyi ilə seçilirdi. I şah Abbasın xələfləri dövründə Nadir bəy Rzaəddin xan (1647), Əliqulu
xan (1668), Murad xan (1668-1669), Şərəf xan (1669-1678), Məhəmməd Rza xan (1678-1691) Kəngərlilər
Naxçıvana hakimlik etmişdirlər (11, s. 93). Yuxarıda qeyd etdik ki, ölkə hakimləri xan və yaxud sultan
adlandırılırdı. Səfəvilər dövrünün əvvəllərində mahal hakimləri üçün bu adların heç bir fərqi olmamışdır. Lakin
XVI əsrin ikinci yarısından sonra xan sultan titulundan üstün hesab olunmağa başladı (7, s. 114). Həmçinin, bu
vəzifələr Səfəvilər dövründə irsi deyildi.
Bir sıra tədqiqatçıların əsərlərindən və tarixi mənbələrdən aydın olur ki, Naxçıvan mahalı əhalisi, əsasən,
azərbaycanlılardan ibarət olmuşdur (9, s. 51; 13, s. 49). Bundan əlavə müxtəlif ölkələrdən (Orta Asiya, İran,
Əfqanistan və s.) gələnlər isə əhalinin çox az bir qismini təşkil etmişdir. Onlar müxtəlif peşə sahibləri-səyyahlar,
tacirlər, sənətkarlar, alimlər və s. ibarət olmuşdur. Məhz buna görə E. Çələbi göstərir ki, Naxçıvanda müxtəlif
dillərdə danışan adamlara rast gəlmək olur (2, s. 232).
Səfəvilər dövründə Naxçıvan əhalisinin etnik tərkibi haqqında dəqiq məlumat verən mənbələrdən biri İrəvan
əyalətinin "icmal dəftəri" (1590-cı il) və Naxçıvan sancağının "müfəssəl dəftəri" (1727-ci il) sənədləridir (10,
s. 37-360; 6, s. 276-393). Vergilərin toplanması məqsədilə Osmanlı idarəçiliyi zamanı tərtib edilmiş bu sənədlərdə
ərazidə yaşayan əhali milli tərkibinə görə yox, dini mənsubiyyətinə görə bölünmüşdür. Hər iki mənbədən aydın
şəkildə görünür ki, müsəlmanlar qeyri-müsəlmanlardan xeyli dərəcədə çox olmuşdur. Bu da, yuxarıda göstərildiyi
kimi, "əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi" fikrinə əsaslansaq, dəftərdəki müsəlman əhalinin əksər
hissəsinin Azərbaycan türkü olduğunu göstərir. Həmçinin, həmin sənədlərdə kənd, şəhər və s. yaşayış yerlərinin
sakinləri adbaad siyahıya alınmışdır. Həmin sənədlərdən aydın olur ki, XVI əsrin sonunda qeyri-müsəlmanların sayı
XVIII əsrin əvvəllərindəki ilə müqayisədə xeyli az idi. Bu artımın bir səbəbi də XVI-XVIII əsrlərdə baş vermiş
Səfəvi-Osmanlı müharibələri olmuşdur.
Səfəvilər dövründə Naxçıvan mahalında yaşayan əhalinin ictimai tərkibi də müxtəlif idi. Belə ki, feodalizm
quruluşunun hökm sürdüyü bu tutu dövrdə yerli əhali əsasən bir neçə kateqoriyaya bölünmüşdür: 1. Feodallar, 2.
Ruhanilər, 3. Tacirlər, 4. Sənətkarlar, 5. Kəndlilər, 6. Şəhər yoxsulları (7, s. 114).
Bu zaman feodalların əsas mülkiyyəti onların ixtiyarında olan geniş torpaq sahələri idi. Həmin torpaqlarda
taxıl bitkiləri, bostan-tərəvəz məhsulları, müxtəlif pambıq növləri və s. yetişdirilirdi. Həmçinin yerli feodalların
böyük meyvə bağları və üzümlükləri o dövr tarixçilərinin, səyyahlarının diqqətini çox cəlb etmişdir (8, s. 20).
Feodalların torpaq sahibliyindən başqa, həm də əhali arasında güclü iqtisadi və siyasi nüfuzları var idi.
Yuxarıda qeyd etdiyimiz kimi, Səfəvilər dövründə Naxçıvan mahalının idarə olunmasında şah tərəfindən
seçilmiş hakimlər yerli tayfa nümayəndələrindən, əsasən də, Kəngərli tayfasından olurdu. Mənbələrin verdiyi
məlumatlarda göstərilir ki, feodallar arasında da bu tayfanın nümayəndələri üstünlük təşkil etmişdi. Lakin
R. Məmmədov göstərir ki, XVII əsrin ortalarında daha böyük torpaq sahələri Kəngərli feodallarının deyil, digər
nəslə mənsub feodalların əlində idi (7, s. 115). Ş. Fərzəlibəyli bu fikrə belə aydınlıq gətirmişdir: "24 saylı sənəddən
məlum olur ki, o vaxtlar (sənəd 1648-ci ilə aiddir) Naxçıvanda məhşur Kəngərli mülkədarlarından başqa digər
nəslin nümayəndələrindən olan mülkədarlar da olmuşdur, məsələn, Beyləqani, Zikri, Məfruzi və b." (5, s. 92).
Deməli, buradan aydın olur ki, həmin dövrdə Naxçıvan mahalında feodallar Kəngərli tayfaları və digər yerli
tayfaların nümayəndələrindən olmuşdur.
Səfəvilər dövründə feodal torpaq mülkiyyəti formasına əsasən "mülk" və "tiyul" torpaq sahibliyi daxil idi. Bu
zaman feodalların əllərində olan torpaqların çox hissəsi mülk kateqoriyasına aid idi. Mülk irsi torpaq mülkiyyəti
olub nəsildən-nəsilə keçir, sərbəst surətdə satılır, dəyişdirilir və vəqfə verilirdi (17, s. 237). Bütöv kəndlər,
dəyirmanlar, suvarma mənbələri, evlər, dükanlar və s. mülk ola bilərdi. Yəni, torpaq sahələri həm də üzərlərindəki
əmlakla bir yerdə mülkə aid edilirdi (7, s. 115).
Xüsusi mülkiyyət forması olan mülk XVII əsrdə yeni inkişaf mərhələsinə daxil olmuşdur. Belə ki, bu
torpaqlar əvvəlki kimi azad alış və satış obyekti idi. Həmçinin, onların sahibləri mülkünü dini idarələrə vəsiyyət
edə, yaxud öz xələflərinə verə bilərdi. İkinci halda vəsiyyət etmiş şəxsin xələfləri vəqf olunmuş torpaqları
(əvvəlkindən fərqli olaraq) satmaq və ya bağışlamaq hüququna malik deyildi. Onlar yalnız torpaqlardan əldə
olunmuş gəlirdən faydalana bilərdilər (1, s. 274). Deməli, mülk bu dövrdə də feodallara məxsus xüsusi mülkiyyət
olmuşdur.
Tiyul torpaq mülkiyyəti orta əsrlərdə Azərbaycanda, xüsusilə də Naxçıvanda geniş yayılmışdır. Bu
kateqoriyadan olan torpaqlar istər mülki, istərsə də hərbi xidmətdə seçilən dövlət qulluqçularına göstərdikləri əla
xidmət müqabilində verilirdi. Lakin onlar irsi deyildi, satıla bilməzdi. Şahın xüsusi fərmanı ilə tiyuldar (tiyul
sahibi) onu sata bilərdi. Mənbələrdən bu da aydın olur ki, Səfəvilər dövründə Naxçıvan ölkəsində tiyul feodal
institutu geniş yayılmışdır (7, s. 115). Səbəbi Səfəvi hökmdarlarının mərkəzləşdirmə siyasətinə uyğun olaraq
dövlətin sosial-iqtisadi dayaqlarını möhkəmləndirmək üçün tiyul torpaq institutundan geniş istifadə etməsi idi (15,
s. 74). Bu bir qayda olaraq dövlət qulluqçularının mərkəzi hakimiyyət orqanlarından asılılığını təmin edirdi.
Tiyuldar kəndlilərdən bəhrə olaraq məhsulun onda üç hissəsini alırdı (5, s. 90).
Bu dövrdə əhalinin müəyyən qisminin daxil olduğu əsas kateqoriyalardan birini təşkil edən ruhanilər sinfi
tutduqları vəzifələrə və daşıdıqları titullara görə bir neçə yerə bölünürdülər. Bunlar şeyxül-islam, seyid, axund,
üləma, qazi, molla, cümə məscidlərinin imamları, vaiz, müdərris, xanəgah və zaviyə (yəni ziyarətgah) şeyxləri,
dərvişlər və b. idi (7, s. 115). Kəndlərdə məscid axundları və mollalar fəaliyyət göstərirdilər. Məscidlərdə ibadətdən
başqa bir sıra şəriət məsələlərin həlli işlərinə baxılırdı. Bununla bağlı H.F. Səfərli göstərir ki, orta əsrlər zamanı
Müsəlman Şərqində əhalinin toplaşdığı əsas sosial-siyasi ideoloji mərkəzlərdən biri də məscidlər idi (14, s. 247).
Cinayət və mülki məsələlərin həll edilməsi işinə üç növ məhkəmələrdə baxılırdı: məhkəmeyi-ali,
məhkəmeyi-şəriyyə və əsnaf məhkəmələri. Məhkəmeyi-şəriyyə daha çox fəaliyyət göstərirdi (3, s. 60). Çünki İslam
dini qanunlarının hökm sürdüyü ölkədə şəriət məhkəməsi daha üstün tutulurdu. Səfəvilər dövründə, əsasən, şiəliyin
Cəfəri məzhəbinə üstünlük verilirdi. Bu zaman Naxçıvan ərazisində şiə təriqəti və onun Cəfəri, Heydəri məzhəbləri
geniş yayılmışdı. Ruhanilərə "vəqf" torpaq mülkiyyəti verilirdi, yəni həmin torpaq aid olduğu dini müəssisənin
ixtiyarında olurdu. Bundan əlavə Şah Təhmasib və onun varisləri dövründə ruhanilərə "soyurqal" torpaq mülkiyyəti
də paylanırdı (15, s. 69). Vəqf torpaqları irsi deyildi.
Səfəvilər dövründə Naxçıvanda əhalinin müəyyən bir qismini də tacirlər zümrəsi təşkil edirdi. Tacirlər ölkədə
hakim mövqe tutan feodallardan fərqli olaraq, aşağı təbəqənin istismarında vasitəli şəkildə iştirak etməklə ticarət
kapitalının artmasına xidmət edirdi. Həmçinin onlar feodallar sinfi və feodal istehsal üsulu ilə sıx bağlı idilər. Belə
ki, satdıqları yerli məhsulların əsas istehsalçıları feodallar idi və istifadə etdikləri satış mərkəzləri də onlara tabe
ərazilərdə yerləşirdi. Bu dövrdə Naxçıvan tacirləri Yaxın və Orta Şərqin, həmçinin Avropanın bir sıra ölkələri ilə
ticarət əlaqələri saxlayırdılar (7, s. 117). Bu fikri Əylisli Zəkəriyyə 1647 və 1664-cü illərdə getmiş olduğu ticarət
səfərləri haqqında yazdığı "Gündəlik"də təsdiq edir. Əsərdə göstərilir ki, o, ticarət məsələləri ilə əlaqədar Osmanlı
dövləti Venesiya, Amsterdam, Frankfurt, Hollandiya, Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan kimi bir çox
Avropa ölkələrində olmuşdur (16, s. 7). Tacirlər Rusiya ilə də ticarət əlaqələri qurmuşdular. Belə ki, rus
hökumətinin özü Səfəvilərlə ticarətə daha çox üstünlük verirdi. 1667-ci ildə rus iş adamlarının Culfa tacirləri ilə
bağladığı müqavilə onların buradan xam ipəyi alıb Moskvaya aparmasına rahat imkan yaradırdı (18, s. 185).
Ümumiyyətlə, tacirlər Rusiya ilə ticarət əlaqələrini daha çox Həştərxan Moskva istiqamətində, digər Avropa
ölkələrilə isə Osmanlı dövlətinin ərazisindən keçməklə edirdilər. Bu işdə onlara İstanbul liman şəhəri və dəniz yolu
kömək edirdi. Səfəvilər dövründə Naxçıvanda olmuş əcnəbi səyyahların verdikləri məlumatlardan aydın olur ki,
burada ticarət üçün geniş və zəngin satış bazarları olmuşdur. Həmin bazarlarda yerli və xarici tacirlər alış-veriş
edirdilər.
Bu dövrdə Naxçıvanda tacirlər zümrəsi ilə yanaşı, orta təbəqədən olan əhalinin müəyyən hissəsini sənətkarlar
təşkil edirdi. Sənətkarlar daha çox şəhərlərdə-insanların sıx yaşadığı yerlərdə fəaliyyət göstərirdilər. Şəhərlərin əsas
istehsaledici qüvvəsi də məhz onlara məxsus idi. Ustalar müxtəlif peşələr üzrə bir neçə qrupa bölünürdülər.
Məsələn, toxucular, dərzilər memarlar, məişət əşyaları hazırlayanlar, silah düzəldənlər və b. Sənətkarlar da orta və
aşağı təbəqənin nümayəndələri kimi vergilər verirdilər. Bu baxımdan onlar, əsasən, üç qrupa bölünürdü: 1) fərdi
fəaliyyət göstərənlər; 2) xüsusi təşkilatlarda (əsnaflarda) birləşənlər; 3) iri feodal emalatxanalarına (karxanalara)
mənsub olanlar (1, s. 282). Birinci və ikinci qrupda olan sənət sahibləri feodallardan hüquqi və şəxsi baxımdan asılı
deyildilər. Sənətkarların hüquq və vəzifələri dövlət tərəfindən şəriət qanunları əsasında müəyyən edilirdi. Həmin
qanunlar sənətkar təşkilatlarının hüquqlarını tənzimləyən risalələr şəklində hazırlanırdı. Şərqdə sexlərin yazılı
nizamnamələrini əvəz edən "risalə" əslində islam əxlaqı normaları çərçivəsində aşağı rütbəlilərin yuxarı rütbəlilərə
tabe olması qaydası əsasında nəqib, ustabaşı, usta, şagird arasındakı işgüzar münasibətləri tənzimləyirdi (15, s.
119). Sənətkarlıq sahəsində qəbul edilmiş qanunlar bir növ istehsal münasibətlərini rəsmi şəkildə nizama salırdı.
Həmin dövrdə əhalinin əksər hissəsini təşkil edən aşağı təbəqələr haqqında mənbələrdə çox az bəhs edilir.
Bunun səbəbi isə heç şübhəsiz ki, o dövrün tarixi hadisələrini qələmə alan tarixçilərin şah sarayına mənsub olması
və hakimiyyəti vəsf etməsidir. Bu sahədə dövlət banisinin tədbirləri haqqında yalnız ümumi formada qızılbaş
hökmdarlarının "fəzilətlərini" təriflərkən, onun "adiliyindən", "rəiyyət haqqında qayğısından" bəhs edərkən danışılır
(4, s. 198). Yəni, aşağı təbəqələr haqqında məlumat onların hakim dairələrlə münasibətlərinə görə verilmişdir.
Bu dövrdə aşağı təbəqəyə aid olan kəndlilər rəiyyət, rəncbər və elatlara bölünürdü. Onlar əsasən əkinçilik və
heyvandarlıqla məşğul olurdular. Rəiyyətlər icma torpaqlarından götürdükləri payı əkib-becərir, əldə etdikləri
məhsulun onda birindən beşdə birinə qədərini vergi verirdilər. Torpağı və əmək alətləri olmayan rəncbərlər isə
feodal təsərrüfatlarında çalışaraq qazanclarının üçdə birini vergi şəklində sahibkara ödəyirdilər. Heyvandarlıqla
məşğul olan yarımköçəri elatlar isə yaylaq-qışlaq mövsümü ilə əlaqədar olaraq öz yerlərini dəyişməli olurdular.
Kəndlilər əldə etdikləri məhsula görə bir çox vergilər verirdilər.
Sadalananlardan aydın olur ki, Səfəvilər dövründə Naxçıvan əhalisi, əsasən, müsəlman türklərindən ibarət
olmuş və bir neçə təbəqəyə bölünmüşdür.
ƏDƏBİYYAT
1. Azərbaycan tarixi (XIII-XVIII əsrlər). 7 cilddə, III c. Bakı: Elm, 1999, 584 s.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Azərbaycan Universiteti, 1989, s. 230-238.
3. Əliyev F.M. XVIII əsrin ikinci yarısında Şimali Azərbaycan şəhərləri. Bakı: Azərnəşr, 1960, 136 s.
4. Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərnəşr, 1993, 301 s.
5. Fərzəlibəyli Ş.F. Naxçıvanın XVII-XIX əsrlər tarixinə dair qiymətli sənədlər / Naxçıvan Muxtar
Respublikası (məqalələr toplusu). Bakı: Elm, 1999, s. 79-94
6. İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akademik Z. Bünyadov
və t.e.n. H. Məmmədov. Bakı: Elm, 1996, 184 s.
7. Məmmədov R.A. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı: Elm, 1977, 158 s.
8. Məmmədov R.A. Yaxın Şərq və Qərbi Avropa səyyahları Naxçıvan şəhərinin orta əsrlər tarixi haqqında //
Azərbaycan SSR EA xəbərləri, 1962, №4, s. 11-22
9. Mustafazadə T.T. Naxçıvan vilayəti XVIII yüzillikdə / Naxçıvan Muxtar Respublikası (məqalələr toplusu).
Bakı: Elm, 1999, s. 38-62
10. Naxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H.
Məmmədov. Bakı: Elm, 2001, 376 s.
11. Nəcəfli T.H. Naxçıvan XVI-XVII əsrlərdə. Naxçıvan bu gün: İslahatlar perspektivlər / Naxçıvan, 2008, s.
86-95
12. Nəcəfov T.T. Səfəvi-Osmanlı müharibələri və Naxçıvan (XVI əsr XVII əsrin əvvəlləri) / Naxçıvan
Muxtar Respublikası (məqalələr toplusu). Bakı: Elm, 1999, s. 62-72
13. Piriyev V.Z. Naxçıvan tarixindən səhifələr (XIII-XIV əsrlər). Bakı: Müəllim, 2004, 126 s.
14. Səfərli F.Y. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: Elm, 2003, 392 s.
15. Süleymanov N.M. Səfəvi dövlətinin təsərrüfat həyatı. Bakı: Elm, 20061 400 s.
16. Дневник Закария Акулисского. АРМФАН, Ереван, 1939, 139 с.
17. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI
- начале XIX вв. Л.: Изд.-во ЛГУ, 1949, 384с.
18. Рахмани А.А. Азебайджан в конце XVI и в XVII веке. Баку: Элм, 1981 , 240 с.
Dostları ilə paylaş: |