Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60

 

Örnəklərdə həmin anlayışlara baxaq: «adam» - «Elxan» adında tələbə». «Adam» ümumidir (bütüncədir), 
çünki bütün adamların hamısında təkrar olunan göstəriciləri (əlamətləri) öz içinə, məzmununa yığıb. 
Səndən soruşsalar ki, «adam kimdir?» və sən cavab versən ki, «adam göy göz kişidir» (çünki göy göz 
adamlar da var), onda deyəcəyik ki, sənin adam anlayışın düz deyil, çünki düz olsa, gərək qara göz 
adamları adam saymayaq. İrqçilər «adam» anlayışını beləcə daraltdıqları üçün də, qara dərililəri adam 
yerinə qoymuruq.  
Əski yunan filosofu Platon «adam» anlayışının içindəkini, məzmununu belə açmışdı: «Adam – lələksiz, 
iki ayaqlı heyvandır (yəni canlıdır)». Çəlləkdə yaşayan Sinoplu Diogen bir dəfə xoruzu götürüb, bütün 
lələklərini yolur, camaata göstərib deyir: «Budur, Platonun adamı». 
Əslində nə baş verir? Platon «adam» anlayışına yanlış məzmun verdiyi üçün həmin anlayış adamlara da, 
xoruza da, toyuğa da aid olur. 
Ortaçağ (orta əsrlər) müsəlman filosofları - Fərabi, İbn-Sina, bizim Bəhmənyar bir-birinin ardınca 
deyirdilər ki, «adam düşünən canlıdır». Di gəl, «adam» anlayışının bu açımı da yanlışdır, çünki elə onların 
öz fəlsəfəsinə görə, mələklər də düşünən canlı idilər, ancaq heç biri onları adam saymırdı. 
 
 
Cisimlər, hadisələr qrupu və ümumilər  
 
Dünyada nəsnələr, olaylar qohumluqlarına görə cürbəcür növlər, dəstələr əmələ gətirir. Məsələn, ayrı-
ayrı söyüdlər «söyüd» növündə (təmiz türkcədə, düründə) birləşirlər. Ona görə də deyirik: «Ağacın bir 
növü olan söyüd». Eləcə də palıdlar, küknarlar və s.  
Ancaq bu növlər, dürlər özləri də ağac olduqları üçün bir-birinə qohumdurlar. Deməli, «ağac» soydur 
(qəbildir, ümumidir), növlərsə onların içində dürlü dəstədir (əski türkcə «dürlü» növbənöv deməkdir). 
Bəs nəsnələr, olaylar necə olur ki, növ içində birlik əmələ gətirirlər? Yeri gəlmişkən, bu növlərə fəlsəfədə 
«ayrıca» da deyirlər. 
 
Mahiyyət nədir? 
 
Nəsnələr ya mahiyyətlərinə (içözlərinə), daxili özlüklərinə, yəni içəridən onları özləşdirən (özlərinə 
bərabər edən, nəliklərini verən) cəhətlərinə görə, ya da onlara zahiri özlük verən cəhətlərinə görə bir 
dəstədə birləşirlər. Məsələn, su, buxar, buz zahirlərinə, üzlərinə görə başqa-başqa olsalar da mahiyyətlərinə 
görə birləşirlər və ya birdirlər. 
Daha tez-tez nəsnələr həm mahiyyətlərinə, həm də zahirlərinə görə oxşadıqları üçün bir növdə 
toplanırlar. 
Külək, su qayanı elə ova bilər ki, o, quşa bənzər, ancaq bu oxşartı üzdə olacaq. Söyüdlər isə həm 
mahiyyəti, həm də zahirlərinnə görə bənzəyib ağac növünü, dürünü əmələ gətirirlər. 
Əgər söyüdü söyüd edən filan xassələrdirsə, (bu da bərabərdir mahiyyətə) və əgər qarşımızdakı ağac 
söyüddürsə, bu ağac həmin mahiyyət əlamətlərini özündə təkrar etməlidir. Ona görə də hər növdə (əgər bu 
növ üz oxşarlığından yaranmayıbsa), növə aid hər bir nəsnədə eyni mahiyyət iştirak edir, onun əsası olur. 
Bir əsas, bir mahiyyət min nəsnəni törədir, min nəsnədən bilinir. 
Mahiyyəti bilmək anlamaqdır, anlamaq anlayış yaratmaqdır. Anlamaq növü göstərən anlayışa həmin 
dürdəki nəsnələrin, olayların mahiyyət əlamətlərini «yazmaqdır». Anlamaq «bu nədir?» sorusuna, sualına 
cavab verməkdir. Deməli, anlamaq nəsnənin nəliyini bilməkdir, anlayışsa nəsnənin nəliyini özünə yazır. 
Anlamaq nəsnənin əsasını, mahiyyətini mənimsəməkdirsə, indi artıra bilərik, nəsnənin əsası onun içinə 
girdiyi növdə hamıya aid olan, hamı üçün bir, eyni olan mahiyyətdir. Anlamaq bu mahiyyəti 
mənimsəməkdir. Deməli, sən bir nəsnəyə baxanda onunla bir növdən olan bütün nəsnələrin hamısında 
iştirak edən cəhətləri yığmalısan. Yığıb şüurunda (bilincində) toplayaraq sözə bağlayanda həmin nəsnənin 
və onun yaxın qohumlarının anlayışını tapırsan. Bu anlayış ümumiləşdirmək əsasında yaranır. Bu anlayış 


 

növün içindəki bütün nəsnələrin nəliyini bizə deyir. Sən «söyüd» anlayışını bilirsənsə, hər söyüdə rast 
gələndə həmin anlayışa «baxıb», söyüdün nə olması haqqında oradan bilgi (informasiya) alırsan. 
Anlayış sənə nəsnənin mahiyyətini andırır, ona görə də nəsnəni anladır.  
 
 
Anlayış və təkcə 
 
Götürək «Elxan» adında bu tələbəni. O, təkcədir. Yəni nəyi varsa, özünə toplamış bir oğlandır. Mən onu 
anlamaq istəyirəm. Onun üçün də nə qədər bacarıramsa, ona baxıb onun aid olduğu növlərin anlayışına 
bilgi (məlumat) almaq üçün gedirəm. Məsələn, «Elxan adamdır», deməli, «adam» anlayışı mənə onun 
haqqında bir soraq verir. «Elxan azərbaycanlıdır», deməli, «azərbaycanlı» anlayışı başqa məlumatı verir. 
«Elxan tələbədir», «tələbəlik» anlayışından yeni bilgi alıram. «Elxan göyçək oğlandır», «gözəllik» anlayışı 
burada onun haqqında mənə başqa sorağı verir. Beləliklə, təkcə ayrı-ayrı durmuş anlayışlardan bildiyimiz 
əlamətlərin bir nəsnədə, bir hadisədə bir yerə yığılması kimi, bir-birinə hörgülənməsi kimi açılır. Təkcəni 
anlamaq onu, - konkret olanı bircə-bircə, ayrı-ayrı anlayışların «içinə salıb çıxarmaqdır», ayrı-ayrı 
anlayışların «dişinə vurmaqdır». 
Bizim qarşımıza nəsnə (nəsə nə) çıxır. Hələ nəliyini bilmirik. Ancaq bilmək istəyirik. Görürük ki, filan 
anlayışda deyilən əlamətlər onda var. Onda bu nəsnəni həmin anlayış əsasında bir az tanıyırıq, sonra keçirik 
başqa anlayışlara. Kant deyərdi ki, nəsnəni anlamaq üçün onu anlayışın altına (işığına) salmaq gərəkdir. 
Sözsüz, nəsnəyə elə-belə də baxmaq olar. Sözsüz, nəsnəyə baxıb, onun cizgilərində doğma şeylərin 
cizgilərini görüb duyğulanmaq da olar. Bu da bir qavrayışdır və çox vaxt biz elə bu cür də baxırıq. Ancaq 
əgər cisim haqqında duyğuların yox, düşüncənin biçimində danışmaq istəyiriksə, anlayışların dilindən daha 
çox istifadə etməliyik. 
Var elmi anlayışlar, bir də var gündəlik şüurun təxmini və ya elmsiz anlayışları. Alim də, elə-belə adam 
da gündəlik yaşamında (həyatında) çox vaxt təxmini, az elmi, ya da elmsiz anlayışlardan istifadə edir. 
Ancaq elə ki alimə nəsnəni anlamaq, anlatmaq lazım gəlir, o məcbur olur, anlayışlarını elmləşdirsin. 
 
 İndisə gündəlik şüurun anlayışları haqqında 
 
Qədim yunanlar «ideya» («eydos») sözünü deyəndə cismin görünüşünün xarakterik cizgilərini 
gözlərinin qabağına gətirirdilər. Yalnız sonralar, bəlkə də Platonun sayəsində yavaş-yavaş Avropa 
fəlsəfəsində «ideya» nəsnələrin gözə az bilinər mahiyyətini özünə yığmış düşüncə vahidi kimi başa 
düşüldü. Ancaq indi də gündəlik bilincdə anlayışların çoxu nəsnələrin mahiyyətinin yox, üzünün şəklini 
«çıxarır». «Su» anlayışı çoxumuzun şüurunda «nəsə yumşaq, sərin, duru, şəffaf bir maddə» görkünü 
(obrazını) daşıyır və ona görə də bu görkün oxşartısını görürüksə, ona «sudur» deyirik. Ancaq «su» 
anlayışının elmi məzmunu H2O-dur. Adi danışıqda isə heç kimyaçı da sudan danışanda bunu yadına 
salmır. 
 
 
Elmi araşdırmalarda anlayışlar 
 
Araşdırmalar, axtarışlar var ki, yeni anlayışları yaradıb anladır və sonrakılar bu anlayışlardan istifadə 
edərək yeni düşüncələr tapırlar. Deyiblər, axı, düşünmək bacarığı başqalarının düşüncələri ilə 
düşünməkdir. 
Bir vaxtlar əski yunan filosofu Demokrit Levkipplə birlikdə «atom» anlayışını yaratmışdı. Demişdi: 
«atom» nəsnələri quran, dürlü formaları olan bölünməz qırnıqlardır. Sonralar bu «atom» anlayışı bir çox 
filosofların öz sistemlərini qurmasına yardım əlini uzatdı. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə