99
sonra və ya bildiriləni bizə gətirəndən sonra, yəni işini görüb qurtarandan sonra gərəyini, dəyərini azaldır
və ya itirir. Simvolda isə bildirilən tamamilə bildirənə verilib, bildirənlə bildirilən arasında heç bir fərq, ara
qalmır.
Sonra Şellinq göstərir ki, yunan mifləri simvollardır, Şərq mifologiyası isə alleqorikliyə can atır. Görək
bunu filosof necə doğrultmağa çalışır. Simvolda ayrıca ümumi qədər olur, çünki həm ayrıcadır, həm də
ümumi. Simvolda sonlu (bərabərdir ayrıcaya) sonsuz qədər zəngindir. Görək bütün bu əlamətləri Şellinq
yunan mifologiyasında necə yoxlayır.
Yunan mifologiyasında və incəsənətində simvolizm
Filosofa görə, yunan estetikasında, ruhunda çərçivəyə salma, məhdudlaşdırma çox üstündür. Nəyə görə?
Ona görə ki, ayrıcanı belə əldə etmək olar və aydınlığın özünə də bu cür çatmaq olar. Yada salaq, gözü
uzaqdan pis görən adam gözünü qıyanda (deməli, məhdudlaşdıranda) daha aydın görür. Görünür, Şellinq
üçün yunan mifologiyası və düşüncə yöntəminin plastikliyi bu məhdudlaşdırmanın, ayrıcalaşdırmanın
sonucudur.
Araşdırmaları ilə ün salmış A. Losev və S. Averintsev yunan fəlsəfəsinin özəlliyi kimi plastikliyi
göstərmişdilər. İndi bu ideyanın Şellinq fəlsəfəsində duran kökünü də görmək olar.
Yunan üçün plastik aydınlığın nə olmasını elə S. Averintsev yaxşı açıb anladır: məsələn, sonsuzluğu
uzanıb-uzanıb ənginliklərin qaranlığında yox olan cızıq kimi göz qabağına gətirmək yunana yad idi, çünki
qaranlıqda itib-batma, aydınlığını itirmək onun üçün nəsə eybəcər, qorxunc idi. Ona görə də yunan
sonsuzluğu (məsələn, kosmosu) çevrəvi, yumru formalarda göz qabağına gətirirdi. Kürrə ayrıca bir
nəsnədir, özü də məhduddur, ancaq nə başlanğıcı var, nə də qurtaracağı, axı, onun hər nöqtəsini başlanğıc
və qurtaracaq saymaq olar.
Yunan düşüncəsi hər yerdə gözəllik törədən məhdudlaşdırma aparırdı, Şərq düşüncəsi isə sonsuzu
sonluya sığışdırmağı mümkün saymırdı və alleqoriyadakı kimi ayrıca nəsnədən məhdud olmayana,
duyuyabilinməz sonsuzluğa, təbiətüstü, transendent olanlara can atırdı. Yunan mifologiyasında möcüzə
mümkün deyil, çünki burada Absolyut ayrıcada, yəni təbiətlə bağlı formaların içində əridilmişdir. Ona görə
də yunan mifologiyası aləmi duyuyabilinər və ya duyuyabilinməz bölgələrə ayırmır. Halbuki möcüzə
təbiətdən qıraq güclərin təbiətdəki hadisələr gedişini istədiyi kimi dəyişdirməsidir.
Yunanlarda özünə sonsuzluğu yığmış sonlu, ayrıca olanın dəyəri o qədər üstündür ki, o hətta ilahi gücə
qarşı qiyam da qaldıra bilir və bu zaman azmanlıq, ucamanlıq (ülvilik) əmələ gəlir.
Xristian mədəniyyətində sxematizm
Xristianlıqda ayrıcanın dəyəri özünü bütüncəyə tabe etməsi ilə ölçülür. Yunan mifologiyası ilə
xristianlığın göstərilən fərqindən Şellinqin çıxardığı sonuc: yunanlar üçün ərənlik (qəhrəmanlıq)
xarakterikdir, çünki burada ayrıca (konkret insan) tanrılara qarşı qiyam da qaldıra bilər və bununla ucaman
olar. Xristianlıq isə yumşaqlıq, həlimlik göstəricilərinə cavab verən və bu əlamətlərinə görə də özünü ilahi
gücə tabe etdirən şəxsiyyətə üstünlük verir. Yunanların sərt qəhrəmanlarını Xristianlığın sevgi və yaxşı
olmaq istəyində əndazəyə salınmış qəhrəmanları əvəz edir.
Şellinqin Xristianlıq haqqında söylədiklərindən başqa bir sonuc da çıxır: bu dinlə bağlı Ortaçağ
mədəniyyətində ayrıcanın öz müstəqilliyini itirməsi ona gətirib çıxarır ki, ayrıcanın plastik «mənəm-
mənəmi» itir və nəticədə biz Xristian rəssamlığında anti-plastik sxematizmi görürük. İncəsənət təbiətdəki
formaların baxımlı boyalarını, qabartılarını, oyunlarını zorla görməyə başlayır, ona görə də estetik
mədəniyyətdə, məsələn, gözəllikdə cismani tərəf unudulur. Halbuki Müsəlman Şərqində, - bu, artıq, bizim
100
əlavəmizdir, - gözəlliklə bağlı bərbəzəyin, dad, qoxu aktivliyinin önəmli olması, zərif, nəfis, ətirli
cismaniliyin gözəlliklə necə sıx bağladılmasını göstərir.
Beləliklə, simvol, alleqoriya anlayışlarının Şellinqi necə mifologiyadan incəsənətə çıxardığını gördük.
İndi məsələyə daha çoxtərəfli baxaq.
Təbiətdə sxematizm, alleqoriya, simvol
Demişdik ki, Şellinqə görə, incəsənət ən öncə özünü universuumda göstərir. Ona görə də filosof
sxematizm, alleqoriya, simvol kimi sənətə xas yaratma prinsiplərini təbiətdə də tapır. Məsələn, onun
fikrincə nəsnələrin sayı, neçəliyi (kəmiyyəti) tipik sxematizmdir. Say ölçüləri ayrı-ayrı nəsnələri nəzərdə
tutur (məsələn, «bir» sayı Günəşi, Ayı, Yer yumrusunu və s.,-ni), bu isə o deməkdir ki, ümumi (kəmiyyət)
ayrıcaları bildirir.
Bitkilərə Şellinq alleqoriya kimi baxır. Bunun üçün bitki ilə insanı tutuşdurmaq gərəkdir. Hər insanın
görünüşü, səsi, xasiyyəti güclü şəkildə onun ayrıca bir adam olduğunu bildirir. «İnsan» soyu bu ayrıcanın
içində fərdiliklə əriyib qarışmışdır. Deməli, hər insan orqanizmi simvoldur. Bitkidə isə fərdilik
minimumdur. Doğrudan da, iki eyni ölçülü laləni zorla fərqləndirmək olar. Belə çıxır ki, onların ayrıca
olması müstəqil önəmə malik deyil, elə bil ki, vasitə olub ümumini və ya növü yəni orqanikliyi (üzvi
olmağı) bildirmək üçündür.
Sənət növlərində simvol, alleqoriya, sxematizm
Şellinqin bitkilərin alleqorikliyi haqqında söylədiklərindən incəsənət üçün çıxardığı nəticə: varlıq
planında alleqoriya olan bitkilər mifoloji planda alleqorikliyə can atan Şərqə daha sevimli olur və sonra da
Şərq sənətinin alleqorikliyində iştirak edir. Şellinq yazır ki, bitkisayaqlıq bütün hind sənətini xarakterizə
edir. Hind memarlığının kökündə bitki quruluşu (strukturu) durur. Sonra filosof artırır: adam az qalır bitki
quruluşu və görünüşlərindən istifadə edən qotik memarlığın özünü də hind arxitekturasının təsirində
görsün. Başqa yerlərdə isə filosof sənət növü kimi memarlığı xarakterizə edəndə söyləyir: memarlıqda gözəl
formalar qeyri-üzvi olanlarla (daş, taxta və s.) üzvü olanın (bitkilər və s.) alleqoriyasını yaradır.
Qotik binaların bitki quruluşuna əsaslanması. Onların gövdəsi nisbətən nazikdir, yuxarıları isə budaq-
budaq açılmağa bənzəyir. Bu, özünü həmin binaların yan qüllələrinin sayının artması sayəsində binanın
genişlənməsində göstərir.
Şellinqə görə, sənətin əsas növlərində alleqoriyadan, simvolizmdən geniş istifadə olunur. Məsələn, o,
Rubensi alleqorik obrazlar yaradan rəssam sayır. Simvola isə rəssamlıqda Maqdalina obrazını örnək
göstərir. Dirçəliş rəssamlığında tez-tez çəkilən Maqdalina, Şellinqin fikrincə, bu qadından qıraqda olan
«peşmançılıq» ideyasını bildirmək üçün verilmir. Əsl əsərdə Maqdalina özü başdan-ayağa peşmanlıqdır.
Şellinqin «sənətdə simvolizm» haqqında öyrətisinin bizim üçün bir önəmli sonucu var. Görmək çətin
deyil ki, o, sənətdə olan simvollarda ayrıca ilə bütüncə, ideya arasındakı hər hansı fərqi ortadan götürür.
Alleqorik obraz nərdivana bənzəyir, qalxıb ikinci mərtəbəyə keçəndən sonra lazım olmur. Simvol isə elə
zəngindir ki, özündən qırağa heç bir baxışı, hərəkəti yayındırmır, hamısını «udur». Simvolda ayrıca
görünüş məna zənginliyi ilə sonsuzluq kimi, hər şey kimi görünür. Hərçənd Şellinq bir şeyi də əlavə edir:
simvol, məsələn, simvolik mif elə zəngindir ki, onu alleqoriya prinsipi ilə də yozmaq olar. Ancaq mifin özü
simvol olduğu üçün belə yozum şərti olacaq.
Şellinqin estetik düşüncələri və çağdaş sənət
Dostları ilə paylaş: |