31
müvəkkilinə, sahə müvəkkili gecə gəlib biz olan kəndə, heyvanları açıb buraxıb, amma
kişinin boyununa bir toğlu qoyub.
***
Mən evə girən kimi anam «uyyyy!!!» eləyib əlini üzünə atdı: «Səni kim vurdu?!».
Dinmədim.
«A bala, niyə cavab vermirsən?! Kim səni bu günə salıb? Bə instuta necə
gedəssən? Vay, evi yıxılan canım!».
«Nə olub e…» - mən dedim.
«A bala, birisüyün dərslər başdıyır, dayın xəbər göndərib ki, hazırlaşıb rayona
gəlsin… Səni kim vurdu belə?!»
«Kərim!» - qardaşım dedi - «Hamı üstümüzə tökülmüşdü, dədəm də gəlib məni
vurdu».
Sonra əhvalatı təfsilatı ilə danışdı. Axırda yenə kövrəldi: «Heç kim sözümüzü
demədi, bizi döydülər» - ağladı. Anam onu sakitləşdirmək istədi: «Ağlama bala, burda
heç kimimiz yoxdu, kim üstümüzdən gələcək ki? Dədənin başı batsın, bizi eldən-
obadan perik salıb bu qərib-qürbət yerə gətirdi».
Bacım da qoşuldu qardaşıma. Bu vaxt qoyunların hənirtisi eşidildi, çölə qaçdıq,
dədəm heyvanları gətirmişdi.
***
«Səhər gedəcəm yatağa (qohumlarımız yataqda olurdular) qohum-əqrəbanı
tökəcəm bura» - anam dil boğaza qoymurdu – «Mənim uşağım kimin anasına-bacısına
sataşıb ki, onu bu günə salıblar».
Dədəm:
«Ay arvad, bir sakit ol, dalaşıblar da, cavandılar. İki dalaşanın biri döyər, biri
döyülər».
«Bizim heç kimimiz yoxdu bu kənddə. Sabah qızın böyüyəcək. Yoxdu sənin
qeyrətin! Uşaqlarımı da götürüb çıxıb gedəcəm burdan. Sən qalarsan Dəli İlyazın
yanında».
Dədəm səsinə müdriklik verdi:
«A rəhmətliyin qızı, iyirmi qoyunun var, un kisəsinin biri bir qoyun eləyir. Həftəyə
də bir kisə un yeyirik. Acınnan ölmək istiyirsən?! Pambığa-alağa getməsək, çörək
tapmarıq…»
Bacım mənə yaxınlaşdı, boynumu qucaqlayıb ağladı, gözlərini ovuşduranda
əllərinə baxdım, xınası getməmişdi hələ.
***
«Kənddə bir şofir Zülfüqar var, deyillər yaxşı adamdı, gedək bəlkə ucuz qiymətə
bağındakı ağacların birini aldıq» - dədəm yenə də baltanı qoltuğuna vurub hazır
dayanmışdı.
Kəndin aralığından, mərkəzdəki böyük dükanın qarşısından keçəndə Sonyanın bir
dəstə qızla sudan gəldiyini gördüm. Dədəmin arxasında gizləndim ki, üzümü görməsin.
Mümkün olmadı, göy gözləri bir anlığa şəklimi çəkib yaddaşına köçürdü. Dodaqları
büzmələnib içindən vulkan kimi püskürən gülüşü boğmağa müvəffəq oldu. Ardınca
32
dədəmin iri qaloşlarına, köhnə pencəyinə, dizi süzülmüş şalvarına baxanda bu
müvəffəqiyyət pıqqıltıya təslim oldu. Yanındakı qızlar da ona qoşuldular.
***
«Vallah, ağsaqqal, həyətim sənə qurbandı, amma bu ağacları oğlum üçün əkmişəm
ki, evinə material eləsin. Yenə çatmır, bilmirəm neyləyəcəm. İndi taxta çox bahadı, pul
çatdırmaq olmur. Yoxsa bir ağac nəmənədi…» - Şofir Zülfüqar söylədi.
Dədəm: «Əşi hörmətindən çıxarıq, borclu qalmarıq».
«Bıy… Ayıb söhbət eliyirsən, vallah. Sənin pulun mənim nəyimə gərəkdi. Prosdu
ağacım yoxdu, yoxsa heç nəsiz verərdim» - Zülfüqar fısıldadı.
***
Zülfüqargilin kənarı ilə qalın böyürtkən kolları əkilmiş dar yolağında kədərlə
addımlayan dədəmin əlacsız görkəminə baxa-baxa qəflətən ağlıma gələn fikirdən
sevincək dilləndim:
“Ay dədə, uzun ağacı neyləyirik ki?! İki balaca sallamanı başbaşa gətirib altına
haça qoyaq, qurtarsın getsin”.
Dədəm addımlarını yeyinlədərək görünüşünə yaraşmayan qətiyyətli səslə dilləndi:
“Tövlə tikirsən, yoxsa ev?! Ortasına haça qoyulan daxmaya ancaq qoyun-quzu
qatmaq olar”.
Ardınca səbəbsiz yerə üstümə acıqlandı:
“İnstuta da girdin, amma ağıllanmadın! Yüz dəfə demişəm ki, qanmadığın sözü
danışma!”
Rəngimin alacalandığını hiss etdim, ancaq dar yolaqda bizdən başqa heç kəs yox
idi deyə çox da alınmadım.
***
Kəndin ortasındakı mağazanın qarşısı tünlük idi. Kərim cavanlarla əyləşib damino
oynayırdı. Mağazanın beş addımlığındakı həyətdə yükləyici traktor dayanmşdı.
Yükləyicinin çömçəsinin qatlanan yeri darvaza divarından xeyli hündürə qalxır, onu
olduğundan daha əzəmətli göstərirdi. Dədəm traktora baxıb dedi: «Bəlkə, gedək,
yiyəsiynən danışaq».
Darvazanı döydük, içəridən çıxan kişi Kərimin atası idi…
Mən də özümü itirdim, o da! Dədəm Kərimin atasını tanımırdı:
«Salam!»
Kərimin atası qorxa-qorxa:
«Salam!»
«Kişi, bu traktor sənindi?»
«Hə…»
«Biz bu kəndə qaşqın gəlmişik, özümüzə daxma tikmək istiyirik, bizə puluynan
palçıq qatarsan?».
Kərimin atası sevindi:
«Niyə eləmirəm, eliyərəm. Gözüm üstə, pul-zad da istəmirəm. Nə vaxt gəlim?».
Dədəm təəccüblə mənə baxdı, sonra üzünü Kərimin atasına tutub dedi:
«Günü sabah»
«Gözüm üstə. Çayırlıqdadı yeriniz?»
33
Dözmədim:
«Dədə, gəl gedək, bu mənnən dalaşan oğlanın atasıdı».
«Nə!!!» - dədəmi ilan vurdu elə bil - «Sənnən dalaşan?!»
Kərimin atası söhbəti yumşaltmaq istədi:
«Əşşi elə-belə bir işdi, uşaqlar balaca savaşıblar».
Dədəm əlini şişib göm-göy olmuş gözümə uzatdı:
«Bu elə-belə işdi, ay Allah evinizi yıxsın!».
Kərimin atası qışqırdı:
«Əşşi çıx get burdan, üzümə qarğış niyə eliyirsən, yekə kişisən!».
Dədəm nəsə deməyə macal tapmamış Kərimin anası da gəldi, səs-küy qopdu,
mağazanın qabağındakılar durub bizə yanaşdılar. Kərim əlinə bir ağac alıb dədəmin
üstünə süzdü:
«Sənin var-yoxunu… Evimə hücum eləmisən, qaçqın koppayoğlu!».
Dədəm baltanı başının üstündə fırladıb ona tərəf addımladı.
Kərim baltadan qorxub dayandı. Mən fürsət tapıb onu vurmaq istədim. Ağacla
özünü qorudu. Ağac əlimin üstünə dəyib «taqqq» elədi, göyüm-göyüm göynədim.
Camaat tez araya girdi, Kərimi tutdular. Kərimin anasının səsi bütün səsləri batırdı:
«Ə bu küçədə qalmışdara bax e… Necə qudurublar ee… Dayımın qapısında
yallandılar-yallandılar, indi də qudurub üstümüzə cumullar!».
Yaşlı bir kişi ona təpindi, dədəmin qoluna girib, kənara çəkdi. Hamının eşidə
biləcəyi səslə:
«Ağsaqqal kişisən, baltanı əlinə alıb camaatın qapısına hücum eləyirsən…»
Bu dəfə camaatın əlində balıq kimi partlayan Kərim qışqırdı:
«O ağsaqqaldı ki, Qiyas dayı?! Yalansa onun saqqalını! Oğraşdı o! Sən öl sənin
ağsaqqal ağzını….!»
Kərimin anası:
«Rədd olun bu kənddən. Qəhbə törəməsi! Allah bilir hansı dərədən qovublar sizi.
Namussuz köpəyoğlu, sıçım sənin saqqalına!».
Camaat çox idi. Ancaq nə Kərimi sakitləşdirmək olurdu, nə də anasını. Bircə atası
sakit idi. Mübahisə yerinə təzə gələn, davanın səbəbini soruşan adamlara deyirdi: «Nə
bilim ə… Əlində balta evimə hücum eləyib».
Bu sözü eşidən cavan, yaraşıqlı bir oğlan (görünür kəndin say-seçmələrindən idi)
mənə yaxınlaşıb yavaş səslə dedi:
«Belə şeylərdən ötrü adamın qulağını kəsillər. Get qağanı da götür rədd olun
burdan! Yoxsa, o biri gözünü də mən vurub tökəcəm!»
Dinmədim. Kərimin atası xısın-xısın davam eləyirdi: «Kənddə bir başıpapaqlı
yoxdu də… Hər yoldan ötən gəlib qapımızı kəsdirir».
Dədəm bütün peyğəmbərləri, imamları kəndin ortasına töküb Qiyas kişini – kəndin
ağsaqqalını inandırmağa çalışırdı ki, biz davaya gəlməmişik, palçıq qarışdırmaq üçün
traktor axtarırıq.
Suya gedən, sudan gələn qızlar-qadınlar ayaq saxlayıb kəndin ortasında qopan
mərəkəyə tamaşa edirdilər. Qızların arasında Sonya da gözümə dəydi, bu dəfə
gülmürdü nədənsə.
***
Dostları ilə paylaş: |