254
Romul Avqustulu devirərək, özünü imperator elan etmişdi. Tarixin istehzası göz
qabağındadır, əsası Romul tərəfindən qoyulan çarlıq respublikaya, sonra isə imperiya
rejiminə çevrildi və eyni adlı imperatorun devrilməsi ilə bu imperiya tarixdən silindi.
Başlanğıcını kiçik bir təpədən götürən dövlət altı əsr keçməmiş dünya dövlətinə
çevrildi, öz hakimiyyətini üç qitəyə yaydı, on iki əsrlik yüksələn və enən
mövcudluqdan sonra tarixinin son nöqtəsinə gəlib çatdı.
Tarix istehzasını təkcə Roma imperiyasının taleyində nümayiş etdirmədi, həm
də IV əsrdən onun bir hissəsi kimi meydana gələn "Yeni Romanın" on bir əsrlik
tarixinin kədərli yekunu tək özünü göstərdi. Onun bünövrəsini 324-cü ildə imperator
Konstantin qoymuşdu və öz şəhəri kimi o, Konstantinopol adını almışdı. Həmin
vaxtdan 1453-cü ilə qədər Şərqi Roma imperiyasının və ya Bizansın inzibati və
intellektual həyatı bu şəhərdə cəmləşmişdi. 1453-cü ildə isə şəhər imperator XII
Konstantinin başçılığı altında sonuncu və uğursuz müdafiəsinə qalxmışdı. Romanın
əsasını qoyan və onun son imperatoru olan da eyni ada malik olduğu, Romul adını
daşıdığı tək, "Yeni Romanın" yaradıcısı və çox vaxt paytaxtın köhnə adı ilə
rəmzlənən son imperatoru da eyni ad - Konstantin adı altında tanınır. İkinci dəhşətli
ironiya orasındadır ki, sonuncu Konstantin ilk Konstantinin tikdirdiyi "Yeni
Romanın" müdafiəsi vaxtı həlak oldu.
Beləliklə m.ə. II əsrin birinci yarısından bizim eranın II əsrin əvvəllərinədək
dünyanın ən qüdrətli dövləti olan Roma süquta uğradı. Elə bil ki bu dövlət vaxtilə
tarixin atası Herodot tərəfindən qələmə alınan Lidiya dövlətinin taleyini yaşamağa
məcbur oldu, müəyyən mənada onun həyat yolunu təkrar etdi.
Lidiya dövlətinin bünövrəsində çar Kandavl özünün ağılsız hərəkəti ilə bu
dövlətin acı taleyinin bünövrəsini qoymuşdu, Romul da qardaş qanı tökməklə Palatin
təpəsində yaratdığı şəhərin bünövrəsində hiyləgərlik və müharibə toxumu səpmişdi.
Axı ilk romalıların ailə qurması da, hiylə yolu ilə, təntənəli oyunlara baxmağa gələn
sabinli qızların qaçırılması ilə, zor tətbiq etməklə mümkün olmuşdu.
Qədim Afina qanunlarının müəllifi Solon Lidiya çarı Krezin var-dövlətinə
görə özünü dünyanın ən xoşbəxt adamı hesab olunması barədəki eyhamına cavab
vermədikdə və ona taleyin dönüklüyünü dedikdə, bunu bir neçə il sonra Krez Persiya
çarı Kirə əsir düşdükdə və yandırılmağa məhkum edildikdə anlamışdı. Roma da öz
ərazilərini artırmaq üçün üç qitənin torpaqlarını işğal edəndə, hətta bütöv bir şəhəri
yer üzündən siləndə və ya qədim yunan şəhərlərini xarabazara çevirəndə bilmirdi ki,
yadelli düşməndən daha çox onu vətəndaş müharibələri, hakimiyyət mübarizələri,
xasiyyətlərin və əxlaqın pozulması taqətdən salacaq, bu dövləti və cəmiyyəti məhvə
sürükləyəcəkdir. Ölkədə xasiyyyətlərin korlanması, əxlaq pozğunluğu digər amillərlə
yanaşı dövlətin dağılmasında mühüm rol oynadı.
İlk əsrlərdə mövcud olan Roma polisində əxlaqi meyarlar, mənəvi dəyərlər
Roma respublikasının süqutu və imperiya dövrlərindəkindən tam fərqli idi. Qədim
Roma əxlaqı əcdadların adətlərinə, qaydalarına əsaslanırdı, məhz onları etalon kimi
qəbul edirdi. Bu icmanın yaratdığı və formalaşdırdığı əxlaq idi və bu mənəvi dəyərlər
bütün cəmiyyət tərəfindən qəbul olunurdu. İdeal kişi anlayışı altında əcdadlar yaxşı
əkinçini və yaxşı sahibi nəzərdə tuturdular. Əkinçi əməyi elə hörmətə qalxmışdı və
elə idealizə edilmişdi ki, bütöv nəsillərin ləqəbləri - soyadları bu nəslin əcdadının ən
yaxşı becərdiyi bitkinin adından, məsələn, Pison - taxılın döyülməsindən, Fabi ləqəbi
255
"faba" - "paxla" sözündən, Lentul - "mərcimək" sözündən, Titseron ləqəbi "tsitser" -
"noxud" sözündən yaranmışdı. Romanın məşhur siyasi xadimlərindən olan Böyük
Katon dövlətin qüdrətinin möhkəmlənməsində və qorunmasında əkinçinin roluna
xüsusi qiymət verirdi və patriarxal Roma cəmiyyətindəki "əcdadların prinsiplərini"
bərpa etmək arzusu ilə, xasiyyətlərin korlanmasının qarşısını almaq istəyirdi. M.ə.
184-cü ildə o, senzor seçilən vaxt, (bu vəzifə respublikanın m.ə. 434-cü ildən
mövcud olan iki yüksək vəzifəli şəxsindən ibarət idi və əhalinin siyahıya alınması,
senat üzvlərinin siyahısına yenidən baxılması, verginin daxil olmasına nəzarət
edilməsi ilə yanaşı vətəndaşların davranışına və xasiyyətlərin nəzarət edirdi), ona
rəqib olan yeddi nəfərin əhalini güzəştlərlə və yumşaqlıq vədləri ilə ələ almaq
istədiyini görəndə demişdi ki, qüsurlarda batıb qalmış şəhərə "böyük təmizləmə"
lazımdır və buna görə də həmin vəzifəyə bu iş üçün daha qətiyyətli müalicə edən
seçilməlidir. Ona görə də senzor Katon zinətə qarşı kəskin mübarizə apardı. O,
vergiləri artırdı, qadın bəzəklərinə, paltara, bahalı ev qablarına qiymətləri artırmağı
təkid etdi. O, özünün qüsursuz həyat tərzinə görə Romada qeyri-adi nüfuza malik idi.
O, cəmiyyəti mənəvi böhrana gətirib çıxaran xüsusiyyətləri "məhvedici iyrənc
yeniliklər" adlandırırdı və qeyd edirdi ki, xəstəlik təzə yarandığına görə, onu müalicə
etmək asandır.
Bu xəstəliyin m.ə.III əsrin əvvəllərindən II əsrin ortalarınadək meydana
gəlməsi təsəvvür edilirdi. Lakin Katon güman edə bilməzdi ki, bu xəstəlik gələcəkdə
daha dəhşətli miqyasda metastaz verəcək və cəmiyyətin bütün orqanizminə sirayət
edəcək, onu ölümə yaxınlaşdıracaqdır. Bu xəstəliyin başlıca simptomları olan
mənsəbpərəstlik və tamahkarlığa əhəmiyyət vermədiyindən, cəmiyyət ona qarşı
özündə immunitet, müqavimət tapa bilmədi. M.ə. II əsrin ortalarından, Roma
Karfageni məhv edib, dünya dövlətinə çevrildikdən sonra, alçaq ehtirasların
azğınlığı, cəmiyyətin dağılmasının fəlakətli dərəcədə sürətlənməsi baş verdi. Bu
dövrdə acgözlük xüsusi miqyas aldı və Yuqurtanın Romanı "satın alınan" şəhər
adlandırması, həqiqətdən heç də uzaq deyildi. Axı Numidiya çarı bu dövlətin ən
yüksək vəzifəlilərindən, ən adlı-sanlı adamlarından, hərbi sərkərdələrindən tutmuş,
senturuona və sıravi əsgərə qədər hamını pulla ələ ala bilmişdi. Bu dövrdə iki ehtiras
çox güclü idi. Hakimiyyət hərisliyi və tamahkarlıq və bu iki qüsur bütün bəlalarının
mənbəyi və ilkin səbəbləri oldu. Bu bəlalar isə ilk növbədə tiranların meydana
gəlməsi ilə hamilə idi və ilk dəfə artıq m.ə. I əsrin 80-ci illərində Sullanın ilk tiran
hakimiyyəti yarandı. Bu dövrdə cəmiyyət qısa bir müddətdə uzun bir pozulma
yolunu keçdi, qarətlər və quldurluq baş alıb gedirdi, cavanlar dəbdəbəyə, sərvətə
sitayiş etməyə başladı, hər cür utancaqlıq və təvazökarlıq aradan qalxdı, bunların
yerini pozğunçuluq və isrfaçılıq tutdu.
Nevinin "Məktəb" pyesində sürətlərdən biri tanış olan respublikanın bir
vətəndaşı kimi özünə sual verir ki, "Mənə de, sizinki kimi belə görkəmli dövlət, nə
vaxtdan belə qəfildən çürüməyə başladı". Doğrudan da, Roma artıq çürümə yoluna
düşmüşdü.
Bu mühit Katilina kimi özünün dağıdıcı liderlərini də yaratdı. Təkcə bir
Katilinada okeanın bir damla suyunda olduğu kimi, həmin cəmiyyətin bütün
eybəcərlikləri təcəssüm olunurdu. Romanı pozan, dağıdan, məhvə yaxınlaşdıran iki
səbəb, iki quduz ehtiras, iki eyib var idi, bu hakimiyyət hərisliyi – ambitio və pul
Dostları ilə paylaş: |