77
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXII buraxılış, Bakı, 2011
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХII выпуск, Баку, 2011
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХII edition, Baku, 2011
UOT
141
Afaq Məmmədova
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun
böyük elmi işçisi
AZ1073, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr.,25
E-mail:
mamedov.afaq@yandex.ru
ROMANTİZMİN FƏLSƏFİ TARİXİ QAYNAQLARI
Xülasə: Romantizm mənəvi mədəni həyatın universal fenomeni olub ictimai və
fəlsəfi fikir tarixinin inkişafında Maarifçilikdən sonra zəruri və qanunauyğun mərhələ
kimi yaranmışdır. Romantizmin fəlsəfəsinin ideya-nəzəri əsasları klassik yunan, və
postklassik fəlsəfəyə istinadən formalaşmışdır. Sokratın özündərki kamilliyə cəhd kimi
dəyərləndirməsi, ironiyayanın qnoseoloji rolu haqqında mülahizələri, Platonun
yaradıcılıq prosesini ideallaşdırması və ideyalar aləmi, Neoplatonizmin ilahi yaradıcı
ruhun təbiətdə təzahürü haqqında fikirləri, Orta əsrlərin teosentrizmi, Spinozanın pan-
teizmi, Russo və Herderin xalq ruhu ideyası, Kantın aqnostsizmi, Hegelin tarix fəlsəfəsi
romantizm fəlsəfəsinin ideya mənbələrini təşkil etmişdir. Romantiklər özlərindən
əvvəlki irsdən qaynaqlanaraq fəlsəfi problematikaya qeyri-ənənəvi yanaşma üsulunu
tətbiq etmiş, mifologiya, mistika və panteizmın dirçəldilməsinə nail olmuş, təfəkkür
prosesində ezoterik, irrasional və qeyri elmi biliklərin roluna yüksək dəyər vermişdilər.
Açar sözlər: Romantizm, romantizm fəlsəfəsi, dünyanın irrasional mənim-
sənilməsi.
XIX əsrin sonu XX əsrin əvvəllərində dünya mədəniyyətində təşəkkül tapan
romantizm cərəyanının fəlsəfi əsasları Almaniyada Yena məktəbində formalaşmışdır.
1798-1800-ci illərdə F.və A. Şlegellər, L.Tik, Novalis, Şellinq, Şleyermaher və başqa
romantiklər Ateney jurnalında əməkdaşlıq etdikləri zaman Yena məktəbində qızğın fəl-
səfi mübahisə və diskussiyalar təşkil edirdilər. Klassik və ənənəvi fəlsəfi problemlərə
yeni baxış və münasibət bir çox filosof və alimlərin diqqətini cəlb edir, marağına səbəb
olurdu.
Qeyd etmək lazımdır ki, hər hansı fəlsəfi cərəyan, istiqamət və ya məktəbin
formalaşması bir qayda olaraq əvvəlki ənənələrə, keçmiş tarixi, fəlsəfi irsə əsaslanır.
Əlbəttə, həm dövrün zərurətə çevrildiyi və qarşıya qoyduğu problemlərin həlli, həm də
yeni yanaşmaların, paradiqmaların təşəkkülü həqiqətlərin axtarışında təkamül tarixi və
prosesi genetik başlanğıcla əlaqələndikdə daha məqsədyönlü və əsaslı olur. Bu mənada
belə bir ümumi fikir mövcuddur ki, romantizm fəlsəfəsi üçün zəruri müddəalar antik
78
dövrdə, ilk növbədə insanı “öz-özünü dərk etməyə” çağıran Sokratın baxışlarında
nəzərə çarpır. Hegelin qeyd etdiyi kimi: “Ruhun əsas dönüş məntəqəsi, onun öz-özünə
müraciəti onun özündə fəlsəfi formada təcəssümünü tapmışdır” [2, 33], “ilk dəfə olaraq
Sokratın simasında sonsuz subyektivlik və özünüdərkin azadlığı yaranır”. Sokrat üçün
özünüdərkin təhlili, ilk öncə, insanın əxlaqi ideala çatmaq cəhdi ilə bağlıdır. Əxlaqi,
xüsusilə, xeyirxah insan bu antik mütəfəkkirin fikrincə, “bilən”, “düşünən”, müdrik
insandır. Məhz belə bir ideyanın reallaşdırılması məqsədilə, ona müraciət etmək zərurəti
romantiklər üçün önəmli olmuşdur.
Romantizmin fəlsəfəsinin formalaşması baxımından digər bir mühüm ideya
kimi səciyyələnən ikidünyalılıq ideyası isə antik dövrdə Platon tərəfindən işlənib
hazırlanmışdı. Platon qəlbin dialektikasını təhlil edərək bildirirdi ki, qəlb ali dünyadan
nüfuz edir və cismani ölümdən sonra, elə oraya da qayıdır. Xüsusi tale yalnız filosofun
qəlbində hazırlanmışdır: yalnız onun ağlı “qanadlanır”, çünki o, qəlbin dünyaya
“köçürülməsindən” əvvəl, yaşadığı hissə qavranılmaz dünyasını “xatırlaya” bilir. Hisslə
qavranılmayan dünya Platonda əbədi və xalis ideyalar dünyası, həqiqi varlıq dünyası,
ilahi, səma dünyası hesab olunur. Hissən qavranılan yer dünyası aşağı, ötüb keçən
mövcudluq dünyasıdır. Bu dünyalar bir-birindən ayrııqda mövcud olur və heç vaxt
birləşmirlər. Onların arasında dəfedilməz bir uçurum vardır. Platona görə, filosof yalnız
ideyaların ali dünyasını seyr edir və belə müşahidə, seyretmə xalis intellektual xarakterə
kəsb edir. Belə müşahidə filosofun fikrincə, yaradıcılıqdan yüksədə durur. Yaradıcılığı
isə o, aşağı, empirik dünyaya aid edir. Romantizmdə isə seyretmə və yaradıclıq bir-biri
ilə sıx bağlıdır, biri digərini qarşılıqlı surətdə tamamlayır, bəzən isə eyniləşdirilir.
Yunan dilində şair hərfi mənada “yaradıcı” (demiurgos) mənasını bildirir. Platon
yaradıcılığın ümumi tərifini də verir: “Yaradıcılıq geniş anlayışdır. Yoxluqdan varlığa
keçidi əlaqələndirən hər şey yaradıcılıqdır, nəticə etibarı ilə bütün incəsənət əsərlərinin
yaradılmasını və peşələri yaradıclıq, bütün yaradanları isə yaradıcılar adlandırmaq olar”.
[9,133]
Platona görə insanın vəzifəsi İlkin vahidə qovuşmaqdan ibarətdir. Onunla
birləşmə vəcd halında mümkündür. Ekstaz ideyaları, təbiətin ilahi gözəlliyi, habelə
mistik motivlər, platonizm və neoplatonizm ideyaları fəlsəfi romantizmdə özünəməxsus
şəkildə əks olunmuşdur.
Neoplatonizmdə Platon ideyalarının mənimsənilməsi, yaradıcılığın mahiyyəti-
nin dərk edilməsi çərçivəsində İlkin vahidin şərhinə müraciətlə həyata keçirilir. İlkin va-
hid heç nədən asılı deyil və hər şeyin ilkin səbəbidir. Onun emanasiyası, təbiətə enməsi
hər şeyi ilahi nurla işıqlandıraraq və təbiətin sözlə təsvir edilə bilməyən gözəlliyini
yaradaraq varlığın bütün səviyyələrinə nüfuz edir. Bütün kainat, bizim onu müşahidə
etdiyimiz kimi, digər, ali başlanğıcdan, Vahiddən yaranmışdır, o, hər şeyin baş-
lanğıcıdır. Həmin başlanğıc, bu ən ali ruh özündə ən ali, ilkin gözəlliyi əks etdirir, o, bü-
tün tamlığına görə, həcmi etibarilə gözəldir. Əgər dünyada hər şey gözəl təşkil olun-
muşdursa, bu, ruhla bağlıdır, ruh necədirsə təbiət də elədir. İncəsənət əsəri kimi, təbiət
nümunələri də hansısa müdrikliyi yaradır. Onun mənbəyi bütün tamlığı ilə gözəl olan,
hisslə qavranılmaz dünyadır”. [4,198]
Qeyd edək ki, Romantizm fəlsəfəsi üçün dini mistika xüsusi əhəmiyyət kəsb
edirdi. Bununla yanaşı, romantizm fəlsəfəsi üçün səciyyəvi olan dini-mistik meyl, bu
cərəyanının bütün nümayəndələrinə xas deyildir. Habelə, romantizm fəlsəfəsində mistik
və panteizm cəhətləri çox vaxt ateist mahiyyət kəsb edirdi.
Romantizm fəlsəfəsinə daha çox uyğun gələn mistik ənənə (M.Ekxart, Y.Be-
me, B.Paskal, A. Silezius və başqalarının simasında) təzahür etdi və fəaliyyət göstərdi.
Bu ənənənin tərəfdarları iddia edirdilər ki, Allah insana ezoterik idraki vasitələrlə aşkar
79
olur, lakin sona qədər dərkolunmaz olaraq qalır. A.Silezskiyə görə, o, yalnız “şeylərdə
mövcuddur” (və hər şeydən əvvəl, insanda), dünya ilə bilavasitə əlaqədədir, lakin onun
əsas sirri olaraq qalır: “Nə qədər çox şeyi dərk edirsənsə, Allah haqqında bir o qədər az
bilirsən” [10, 223]. Digər tərəfdən: “Allah məndədir, mən Allahdayam. Allah məni
özündə yaratdığı kimi, mən də özümdə Allah haqqında fikri yaradıram”. Erkən ro-
mantiklərin fəlsəfi baxışlarının təkamülündə, onların bütövlükdə mistik kimi qəbul et-
dikləri Spinoza xüsusi rol oynamışdır. Romantiklər onun panteist fəlsəfəsində gizli ola-
nın dərk edilməsinin yeni sistemini, dünyanın mistik vahidliyini görürdülər və təbiəti
canlı orqanizm kimi və “onun daxilində Allahın” dərk edilməsini başa düşməyə meylli
idilər. Bu, romantiklərə Spinoza da öz mifoloji yaradıcılığını dərk etməyə və “mistisiz-
min istənilən fərdi növ müxtəlifliyi” üçün “ümumi əsası” və “istinad nöqtəsini” tapmağa
imkan vermişdi (F. Şlegel). [6,192]
Romantizm fəlsəfəsinin mühüm ideya mənbələrindən olan İntibah dövrünün
antropologiyasında yaradıcı (sənətkar, alim, rəssam) hər şeydən əvvəl, öz işinin
ustasıdır. Ancaq İntibah dövrünün mütəfəkkirləri üçün yaradıcılığın ən ali forması bədii
yaradıcılıq, xüsusilə rəssamlıq hesab olunurdu. Onların fikrincə, o, yaradılışın ilahi
məqamına digərlərindən daha yaxındır. Təbiətin ilahi gözəlliyini dərk edən və idrakın
nəticələrini incəsənətdə təcəssüm etdirən rəssam həqiqi usta-yaradıcıdır. O, Allaha
bənzər yaradır və ideal olanı öz sənəti vasitəsilə reallaşdırmağa cəhd edir. Əgər əvvəlki
dövrlərdə yaradıcılıq və idrakı şərhlər fərqlənirdilərsə, İntibah fəlsəfəsində onlar
yaxınlaışırlar. Dərk etmə həm idrak aktı, həm də anlama vasitəsi kimi çıxış edir, çünki
yalnız dərk edərək gizli, qeyri-aşkar, təzahür edilməyəni görmək və onu təcəssüm
etdirmək mümkündür.
Əgər antik fəlsəfədə insanın ali dünya ilə ünsiyyəti intellektual idrak vasitəsilə
səviyyəsində reallaşdırıldısa, orta əsrlərdə bu, mistik təfəkkür vasitəsilə həyata
keçirilirdi, İntibah dövründə isə idrak başlıca yaradıcı fəaliyyət sferasına çevrilir. Həmin
fəaliyyətin mistik tərkib hissəsi heç vaxt fəlsəfənin diqqətindən kənara çıxmamışdır.
Lakin Qərbi Avropa fəlsəfi ənənəsinin sonrakı inkişafı dövründə rasional mövqe hakim
düşüncə tərzinə çevrildi. Yeni dövrün fəlsəfi rasionalizmi elmi biliklərin coşqun inkişafı
nəticəsində formalaşmışdı. Onun tərəfdarları tarixi tərəqqi prosesində elmi biliklərin
daim artması, maariflənmə və tərbiyənin təkmilləşdirilməsi əsasında ağlın dəyişdirici
gücünə inanırdılar.
XVIII əsrdə Qərbi Avropa fəlsəfi ənənələri çərçivəsində yaradıclıq ideyalarının
ilk dəfə olaraq İntibah dövründə işlənib hazırlanmış yeni nəzəri əsaslandırılmasına cəhd
edildi. XVIII əsr – təbiətin və insan mahiyyətinin dərk edilməsi, onun intellektual və
sosial təhkimçilikdən azad edilməsi, maarifləndirilməsi və insanın həqiqi azadlığının
əldə edilməsi ilə bağlı yeni ümidlər dövrüdür. Bu dövrdə insan fəlsəfi refleksiyanın
həqiqi məna mərkəzinə çevrildi. Məsələn, Kantın fikrincə, fəlsəfə üçün insandan yük-
səkdə duran “predmet” yoxdur. Həmin dövrdə sosial və mənəvi azadlıq ümidləri insan
və onun ağlı üzərində üstünlük təşkil edirdi. Ağıl böyük dəyişiklik yaradan qüvvə,
sosial ədaləti möhkəmləndirmək və ictimai inkişafın qanunauyğunluqlarını dərk etmək
qabiliyyətinə malik, ictimai tərəqqi və yenidən qurma “aləti” kimi nəzərdən keçirilirdi.
Romantiklərin dünyagörüşü də məhz belə bir humanist istiqamətdə formalaş-
mışdı. Romantizm İntibah dövrünün bütün humanist ideyalarını mənimsəmişdi. Lakin
Maarifçilər tərəfindən təklif edilən insan probleminin həddən artıq rasionalistcəsinə
dərk edilməsi romantizm tərəfindən dəf edildi.
Tədqiqatlarda Russo fəlsəfəsi antirasionalizm və antimaarifçiliyin başlanğıc
mərhələsinin məhsulu kimi dəyərləndirilmişdir. Bu mənada Russonun insan təbiətinin
emosional-hissi tərəfinin müəyyənləşdirici rolunun və rasional başlanğıcın əhəmiyyə-
80
tinin digər maarifçilərlə müqayisədə açıq şəkildə kiçildilməsinə istinad etmək olar.
Lakin Russonun təlimində bu məqamlar, xüsusilə onların Avropa mənəvi mədəniyyəti
ilə qarşılıqlı təsirdə nə qədər əhəmiyyətli olsalar da onu maarifçi fikrin çərçivəsindən
tamamilə çıxarmaq mənasızdır. Russonun prinsipial maarifçilik ideyaları danılmazdır.
Bu ideyalar ilk növbədə “İctimai müqavilə haqqında” tarktatda öz əksini tapır. Burada
təhsil və adətlər vasitəsilə ictimai əxlaqı formalaşdırmaq və təmayüllərə istiqamət
vermək məqsədi ilə dövlətin maarifləndirilməsi, müdrik hökmdarların və qanun-
vericilərin tərbiyələndirici rolu kimi vacib məsələlər irəli sürülmüşdür. Qadamer belə
bir fikirdə haqlıdır ki, romantiklər Russonun arxasınca maarifçilərə xas olan “dəyər
meyarını”ağıl və hiss arasındakı nisbət üzrə, mənfini müsbətlə əvəz etməklə, onların
maarifşi fikrindəki mücərrəd ziddiyyətliliklərinə toxunmadan hərəkət etmişlər. Onlar
mifin maarifçi formada başa düşülməsinə də analoji münasibət bildirmişdilər, Bu bütöv-
lükdə daha universal əhəmiyyətə malikdir. Rasionalist maarifçi fikrin şəxsi ziddiyyət-
liliyini dərk etməklə romantiklər eyni yolla bir çox başqa fikirlərə də münasibət
bildirmişdilər.
Romantiklər Maarifçilik ideologiyasından fərqli olaraq bildirirdilər ki, ağıl “dün-
yanın azad yaradıcısıdır” Maarifçillərin əksəriyyəti isə ağlı obyektiv dünyaya
münasibətdə “ikinci dərəcəli”, yaradıcılıqdan məhrum olan passiv anlayış kimi şərh
edirdilər. Təfəkkürün tərkibi dünyanın insan tərəfindən əks etdirilməsi baxımdan şərh
olunursa, ağıl fəal dəyişdirici qüvvə kimi çıxış edə bilməz, çünki o, təbiətin qanunlarına
və obyektiv zərurətə əsaslanmalıdır. Romantiklər və fransız Maarifçiləri arasında eləcə
də, ilkin dünyagörüşü prinsipi məsələsində fikir ayrılığı nəzərə çarpırdı. Romantizm
fəlsəfəsi ilk növbədə, alman klassik idealizmi bazasında təşəkkül tapmışdı. O, mədəni-
tarixi dəyişikliklərin başlıca mexanizmi olmaq etibarilə, mənəvi yaradıcılıq ideyasının
inkişafının əsası kimi çıxış etmişdir.
Russodan sonra romantiklərin bilavasitə sələfləri sırasında Kant özünəməxsus yer
tutur. Kant bədii-estetik problemlərdə müasir bədii həyatdan və hələ formalaşmamış
gələcək romantik incəsənətdən və romantik estetikadan nə qədər uzaq olsa da “Estetik
mühakimə qabiliyyətinin tənqidi” əsərində romantiklərin zəruri şərtləri kimi çıxış edən
bir sıra dəyərli fikirlər irəli sürmüşdü. Ümumfəlsəfi mövqelər baxımdan Kantın
ideyalarının romantik fəlsəfənin irrasionalist ölçülərdə işlənib hazırlanması məsələsinə
uyğunsuzluğu təsiri bağışlaya bilər. Kantın idrakın dünyanın azad yaradıcısı olması
haqqındakı ideyası romantizm tərəfindən tam şəkildə qəbul olunmuşdu. Romantiklər də
belə hesab edirdilər ki, sənətkarlar adi təqlidçi deyil, dünyanın azad yaradıcısıdırlar.
Romantiklərə görə, dünyanın elmi mənzərəsinin yaradılması yaradıcılıq yox,
“quraşdırmadır”. Yaradıcılığın quraşdırmadan fərqi ondadır ki, yaradıcılıqda ruh üzvi
fəaliyyət subyekti kimi çıxış edir, quraşdırma prosesində isə dünya mənzərələri
hissələrlə yaradılır. Romantiklər Kantın noumenlərin insan zəkası üçün əlçatmaz
olduğu, elmi və estetik şüur vasitəsi dərk edilmədiyi fikrini qəbul etmirdilər. Onlar
Kantın aqnostisizminə tənqidi münasibət bəsləsələr maarifçi rasionalizmin tənqidininə
haqq qazandırırdılar. Romantizm fəlsəfəsinə görə, zəka Universumun sirlərinə nüfuz
etməkdə aciz qalsa belə, insan dünyanı dərk etməyin başqa vasitələrinə də malikdir.
F.Şlegeldə zövq mühakiməsi həqiqətlə əlaqələndirilir, incəsənət isə ruhun ob-
yektiv-ümumi olanın mahiyətini ifadə etmək imkanı baxımından şərh olunur. Roman-
tiklər həmçinin, Kant üçün səciyyəvi olan estetik qabiliyyətin idraki funksiyasının
məhdudlaşdırılmasını əlverişli hesab edir və ona dini-mistik xarakteri verirlər. Məsələn,
Novalis qeyd edir ki, yalnız poetika vasitəsi ilə dahi sonlu və sonsuz olanın daxili
ümumiliyini, insan və universumun qarşılıqlı münasibətinin sirrini açır. Novalis üçün
81
sözsüz, hissən qavranılmayan (Kantda nəzəri ağlın obyekti kimi çıxış edə bilməyən)
məhz bədii təcrübədə dərk olunur.
Kant ideyalarından sonra fəlsəfi məsələlərin yeni həlli yollarının axtarışı filosof-
romantiklərin Fixteyə müraciət etməsi ilə nəticələnir. Fixtenin fəlsəfəsi romantiklərin
Kantın “özündəşeylər” haqqındakı fikirlərinə yeni şəkildə baxışlarına səbəb olur.
Fixtedə yaradıcı insan ruhunun gücü (Mən) hüdudsuzdur və bu mənada “Mən” Allahla,
Mütləqlə eynidir. Mütləq Mən Fixtedə özündən kənarda heç bir obyektə malik deyil. O,
ağlın fəaliyyəti vasitəsilə obyekti, “Qeyri-məni” özündən yaradır. Bu halda dünya
müəyyən statik deyil, dinamik, daima inkişaf edən, yaradan və yaradılan bütöv “Mən”
kimi çıxış edir. Dünyanın vahidliyi “mütləq Mənin” yaradıcılığındadır. Fixte Kant kimi,
üstünlüyü təfəkkürə verir, yaradıcılığı ağıl ilə əlaqələndirir. Fixtenin mövqeyinin
Kantdan fərqi bundan ibarətdir ki, Fixteyə görə ağıl mütləq xarakterə malikdir, o, heç
bir məhdudiyyət və ya maneə ilə üzləşmır. O, qüdrətli Mütləq kimi çıxış edir. Əgər
Kantda idrak fenomenlər dünyası ilə məhdudlaşırsa, Fixtedə o, heç bir hüduda malik
deyil. İdrak təxəyyül qabiliyyəti əsasında, subyektin mütləq yaradıcılığı kimi
mənalandırılır. [8, 155] Yaradıcılıq subyekti Fixtedə Allahla eynimənalıdır. Fixte üçün
dünyanın dərkedilənliyi problemi mütləq, transsendental subyektin fəaliyyəti sayəsində
həll edilmişdir. “Mən” dünyanı özünüdərk yolu ilə, tamamilə azad şəkildə, rəssam kimi
heç nədən yaradır. Fixtedə subyektin hüdudsuz yaradıclıq azadlığı ideyası xüsusilə,
romantiklərə uyğun gəlir. Bu mənada Fixtenin idealizmi Kant ilə müqayisədə romantik
dünyagörüşə daha yaxındır. Novalis və F.Şlegel üçün Fixte fəlsəfəsi “varlığın varlıq
kimi çıxış etməsinə imkan verən” ruhun özfəaliyyət yaradıcılığına müəyyən bir
çağırışdır. Fixtenin ideyaları “romantizmlə elə sıx şəkildə qovuşmuşdur ki, onlarsız
romantizm sanki, özünün əhəmiyyətli hissəsini itirmiş olardı” [8, 155].
Fixte yaradıcılığı romantizm fəlsəfəsi üçün başlıca ideya mənbələrindən biri kimi
çıxış etmişdir. Fixtenin təlimində insan dünya və onun qanunlarının yaradıcısı və
daşıyıcısı kimi səciyyələndirilir. O, öz mənəvi “Mənini” öyrənərək Mütləq haqqındakı
biliklərə yiyələnir. Buna müvafiq olaraq romantizm fəlsəfəsində yaradıcı ruh dünyanı
yaradan və özündə ali sintezi təcəssüm etdirən reallıq statusu əldə edir. Romantizm
fəlsəfəsində ruh mütləq-yaradıcı başlanğıc kimi ali substansiya, qanunverici əsas,
sonsuz vəhdət və tamlıq kimi çıxış edir.
F.Şlegel Fixte fəlsəfəsini ardıcıl idealizm “xalis fəlsəfə”, “Mənin” özünüdərkinin
nəticəsi kimi səciyyələndirir. Mütləq özünü dərketmə prosesində “Mən”in fəaliyyətinin
yaradıcılıq prinsipini gerçəkləşdirir. O, yaradıcılıq prosesində öz-özünü dərk edir. Bu
mənada Fixtedə özünüdərk yaradıcılıq aktıdır, çünki “Mən” öz-özünü məhz onda
yaradır. Fixte bunu “intellektual dərketmə” və ya “intuisiya” adlanır. “Bu, aktın yerinə
yetirilməsi zamanı filosofdan tələb olunan dərketmədir, bunun sayəsində filosofda Mən
yaranır, mən onu intellektual intuisiya adlandırıram. O, fəaliyyətdə olanın və mənim
hansı fəaliyyəti həyata keçirdiyimin bilavasitə dərk edilməsidir; o, mənim nəyisə dərk
etməyim və bu nəyisəni yaratmağımdır”. [7, c-1, 452]
Romantizm Fixte fəlsəfəsini “yaradıcı ruhun azadlıq” konsepsiyası kimi qəbul
etmişdir. Bununla yanaşı, romantizm fəlsəfəsində Fixtenin ifrat subyektivizmi və
rasionalizmi qəbul edilməmişdir.
Şellinqdə olduğu kimi, romantiklərdə təbiət, canlı inkişaf edən orqanizmdir, buna
görə də bədii əsər, hər hansı “dünya poeması”, Dünya qəlbi kimi nəzərdən keçirilə bilər.
O, “ilkin, daha şüursuz poeziya ruhu kimi çıxış edir”. Bizim tərəfimizdən təbiət
adlandırılan şey möcüzəli örtük [5,c-1,393] altında gizlənmiş poemadır. Vindelbandın
fikrincə, Şellinq fəlsəfəsi ən başlanğıcdan əsasən elmi sistem kimi yox, “füsunkar
gözəllk” poeması kimi düşünülmüşdür. [1, 55]
82
Romantizm fəlsəfəsində təbiət estetik və mistik mahiyyətə malikdir. Şellinq ro-
mantik filosof kimi təbiəti ilahiləşdirir və onu bədiiləşdirirdi. Novalisin fikrincə, təbiət
özü “xalis poeziyadır”. Təbiətdə hər şey müqəddəsdir, əhəmiyyətlidir və özündə vahid
Allahı gizlədir. Dünyanın bütün cisimləri müqəddəsdir və hər bir cismdə biz yenidən
ilahi olanı tapırıq. Romantiklərin bu ideyaları onların obyektiv idealizmə keçidini ifadə
edir və bu, B.Spinoza və F.Hemsterqeysin panteist fəlsəfəsinin təsiri altında həyata
keçirilirdi. [9.116]
Romantiklər təbiəti obyektiv reallıq kimi qəbul edərək, onu estetikləşdirmək və
mistikləşdirməklə yaradıcılıq subyektinə də başqa nöqteyi nəzərindən yanaşırdılar.
Yaradıcılıq subyekti (“Mən”) romantiklərdə Fixte təlimi ilə müqayisədə fərqli mahiyyət
kəsb edir. O, alim və ya filosofdan çox, rəssam, şair və dahidir. Bu fərqlər Fixte
rasionalizminin qəbuledilməzliyi ilə şərtlənir. Fixte ruhun mütləq yaradıcı gücünün
olduğunu iddia edərək yaradıcılğı təfəkkürün zəkalı fəaliyyəti (“intellektual dərketmə”),
dünyanın bütün rəngarəngliyini özündən kənarda yaradan “Mənin” xalis özünüdərki
kimi başa düşürdü. Romantiklər Fixtenin “mütləq Məninin” yerinə rəssamın bədii
fərdiliyini qoyaraq, fəlsəfi refleksiyanı incəsənətlə, yaradıcılığı isə mədəniyyət yaradan
fəaliyyətlə eyniləşdirərək subyektin məqsədyönlü estetikləşdirilməsinə cəhd edirdilər.
“Mənin” universal prinsipi “transendental-bədii Məndir” və bu da “azad olur” və
“bizim daxilimizdə sonsuz-azad fəaliyyətin mühərriki” kimi çıxış edir. Bu ideya ilk dəfə
Kant tərəfindən irəli sürülmüş, daha sonra isə Fixte təlimində “təxəyyülün məhsuldar
qabiliyyəti” ideyası ilə əsaslandırılmışdır. Romantizm fəlsəfəsində bu fikirlər “dahinin
bədii fantaziyasına” müncər olnumuşdur. Yaradıcılıq təfəkkürün yox, hislərin, təəs-
süratların, həvəsin və fantaziyaların müəyyən etdiyi estetik (mistik) dərketmə vasitəsilə
həyata keçirilir. Fixtenin “Elm təlimi”-ndəki “intellektual intuisiya” anlayışı romantizm-
də “Allahıın əşyalarda estetik dərk edilməsi” anlayışına, təbiətin (Universumun), onun
elm üçün əlçatmaz olan dərin mahiyyətinin dərk edilməsinin ali forması kimi çıxış edən
intuisiyaya çevrilir.
F.Şlegelin fikrincə, ilk növbədə estetika bizi intellektual intuisiyaya aparır. No-
valis intuisiyanı neoplatonizm ruhunda “ekstaz”, “daxili işıq” fenomeni, subyetin daxili
affekt vəziyyəti kimi başa düşürdü. Onun daxilində Spinozanın “Allaha qarşı intel-
lektual məhəbbəti” transformasiya olunur, Novalis bunu “Allahdan məst olmuş” insan
adlandırır. Romantiklərə görə bütün varlıqlarda Allahın mövcud olması “mücərrəd
spekulyasiya” kimi yox, hiss, estetik təcrübə kimi ifadə olunur. [10, 219-220]
Romantizmdə subyekt və onun yaradıcılığının məqsədyönlü estetikləşdirilməsi
ona gətirib çıxardı ki, mənəvi mədəniyyət çərçivəsində fəlsəfə və incəsənətin nisbətinə
dair baxışlar prinsipial olaraq dəyişikliyə məruz qaldı. Erkən romantizmdə incəsnət dün-
yagörüşünə, fəlsəfə estetikaya, estetika isə ontologiyaya çevrilir. Estetika romantizmdə
ontoloji status əldə edir, incəsənətə “geniş kosmik əsas” [3, 383] verən “estetiklik
prinsipi” isə romantiklərdə həqiqi olanın, yəni ilahi, sintetik biliyin prinsipi kimi çıxış
edir. Başqa sözlə, romantizmdə, estetika fəlsəfi biliyin ayrıca bir hissəsindən (maarif-
çilərdə olduğu kimi) ayrıca dünyagörüşünə, fəlsəfi təfəkkürün məğzinə çevrilir.
Beləliklə, romantizmin formalaşdığı dövrdə Qərbi Avropa fəlsəfəsindəki bir sıra
konsepsiyalarda insanda estetik başlanğıcın mütləqləşdirilməsi meyli təşəkkül tapdı.
Romantik fəlsəfə sanki bu meylin inkişafının nəticəsi kimi çıxış edirdi. Romantizm
fəlsəfəsində estetika metafizikaya çevrildi. Daha sonralar incəsənətin, fəlsəfənin və
dinin vəhdəti haqqında müddəa işlənib hazırlandı.
Alman klassik idealizmi romantizmin daha bir mühüm cəhətini-məhz insan yara-
dıcılığına, mədəniyyətə tarixi baxışı şərtləndirdi. Romantiklərin tarixiliyi onların estetiz-
mi ilə qırılmaz sıx bağlıdır. Bu kontekstdə romantik estetizmin fərqləndirici xüsusiyyəti
83
ondan ibarətdir ki, o, incəsənət (ümumən mədəniyyət) tarix kimi nəzərdə tutulur və pro-
ses kimi nəzərdən keçirilir. F.Şlegelin yazdığı kimi: “İncəsənət bilikdə gizlənir, incə-
sənət haqqında elm isə onun tarixidir” [6,170]. F.Şellinq incəsənət haqqında elmi müəy-
yən bir “tarixi təşkiletmə” kimi şərh edir və bu, universumda incəsənətin özünün yerni
müəyyən etməlidir. Bu yerin müəyyən edilməsi incəsənətin vahid definisiyasıdır.[5, 72]
Yeni dövr Avropa postklassik fəlsəfəsinin ilk forması olmuş Romantizm bir
tendensiya kimi müxtəlif fikir cərəyanları və filosofların dünyagörüşündə inkişaf et-
dirilirdi. Fəlsəfi problemlərin klassik əsaslarının nəzərdən keçirilməsi demək olar ki,
romantik təfəkkürdə əsaslandırılmış üç təməl prinsipdə daha aydın ifadə olunmuşdu:
irrasionalizm, subyektlə obyektin fundamental eyniyyəti və tarixilik. Romantizm
cərəyanının fəlsəfi mənbələrinin nəzərdən keçirilməsi belə qənaətə gəlməyə əsas verir
ki, romantiklərin öz yardıcılığında başlıca diqqət yetirdikləri ideyalar - insan ruhunun
yaradıcı fəallığı, estetiklik, subyektin estetikləşdirilməsi, tarixilik ideyalarıdır. Roman-
tizm fəlsəfəsində panteist, estetik və mifoloji mahiyyət kəsb etmiş romantik mədəniyyət
konsepsiyası formalaşmışdır. Lakin, bu konsepsiyanı bitkin sistem kimi deyil, çoxsaylı
esselər, fraqmentlər, aforizmlər, tarixi, fəlsəfi traktatlar və bədii əsərlərin hərtərəfli
tədqiqi əsasında təşəkkül tapmış görüşlər sistemi kimi dəyərləndirmək olar.
Göründüyü kimi, Romantizmin fəlsəfəsi yeni və özünəməxsus olması ilə yanaşı
dərin köklərdən rişələnmişdi və klassik fəlsəfi ənənələrdən qaynaqlanmışdı.
Ə
dəbiyyat:
1.
Виндельбанд. В., Избранное. Дух и история, М., Юрист, 1995, 687 с.
2.
Гегель Г.В.Ф Лекции по истории философии.Кн.3. СПб 1994.стр.536
3.
Михайлов А.В. Эстетические идеи немецкого романтизма // Эстетика немецких романтиков. М.,
1986; 434с.
4.
Плотин. Сочинения//Плотин в русских переводах// Киев, 1995, 243 с
5.
Шеллинг Ф.В.Сочинения в 2 т., т-1., М., Мысль,1987,637 с.,II,1989, 636 с.
6.
Шлегель Ф. Эстетика. Философия. Критика. Т.2. М., 1983, 271 с.
7.
Фихте И.Г.Избр.соч.т-1., М., 1916, стр 480
8.
Wheeler K. M. Kant and romanticism // Philosophy a. lit. Baltimore, 1989. Vol. 13, N 1. P. 425.
9.
Philosophical romanticism, Routledge, 2006, 304 p.
10.
Manfred Frank
. The philosophical foundations of early German romanticism, SUNY Press, 2004, 286 p.
Афаг Мамедова
Историко
-философские источники романтизма
Резюме
Как универсальное явление духовно-культурной жизни романтизм возник в качестве необхо-
димого и закономерного этапа в развитии философской мысли после Просвещения. Идейно-
теоретические источники философии романтизма формировались на основе классической греческой и
постклассической философии.
Оценка Сократом самопознания как стремление к совершенствованию, его рассуждения о гно-
сеологической роли иронии, мир идей Платона и идеализация им творческого процесса, идеи неопла-
тоников о проявлении в природе божественного творческого духа, теоцентризм средневековья, панте-
изм Спинозы, идеи Руссо и Гердера о духе народа, агностицизм Канта, философия истории Гегеля –
все это составило идейный источник философии романтизма. Опираясь на предшествующее наследие,
философы-романтики осуществили нетрадиционный подход к философской проблематике, возродили
мифологию, мистику и пантеизм, высоко ценили в творческом процессе роль эзотерического, ирра-
ционального и ненаучного знания.
Ключевые слова:
романтизм, философия романтизма, романтизм, герменевтика, иррацио-
нальноe освоения мира.
84
Afaq Mammadova
Historical and philosophical sources of Romanticism
Summary
As a universal phenomenon of spiritual and cultural life romanticism emerged as a necessary and
natural stage in the development of philosophical thought since the Enlightenment. Ideological and theoretical
sources of the philosophy of romanticism were formed on the basis of classical Greek philosophy and Post-
classic. Evaluation of Socrates as a desire for self-improvement, his arguments about the epistemological role
of irony, the world of ideas of Plato and the idealization of the creative process, the ideas of the Neoplatonists
of the manifestation in nature of the divine creative spirit theocentrism Middle Ages, the pantheism of Spino-
za, Rousseau and Herder’s ideas about the spirit of the people, agnosticism of Kant, Hegel’s philosophy of
history - all this was the ideological source of the philosophy of romanticism. Building on previous heritage,
philosophers romance implemented an unconventional approach to philosophical issues, revived mythology,
mysticism and pantheism, highly prized in the creative process of the role of esoteric, irrational and unscien-
tific knowledge.
Keywords: Romanticism, philosophical romanticism, irrational development of the world
Məqalənin redaksiyaya daxil olma tarixi: 23.09.2011
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 29.09.2011
Məqalənin çapa qəbul olunma tarixi: 19.10.2011
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə doktoru, dosent Apdin
Əlizadə
ADMİU
-nun Elmi Şurasının 20 dekabr 2011-ci il, 4 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |