tərəfdarım olduqlarına görə məhv edilir, məni müdafiə etdiklərinə görə həbsxanalara
atılırdılar. Bu hakimiyyət məni müdafiə edənləri aradan götürməklə istənilən vaxt Kələkiyə
qarşı hər hansı əməliyyat həyata keçirməyə şərait yaratmaq istəyirdi.
Çox ciddi manevrlərin, Amerika səfirliyinin, Türkiyədəki müəyyən partiyaların, cəmiyyətlərin,
ayrı-ayrı şəxslərin (onların hamısına dərin minnətdarlığımı bildirirəm) təzyiqi, müdaxiləsi
nəticəsində Kələkiyə dəfələrlə hazırlanmış hücum əməliyyatları yarımçıq dayandırıldı. Gecə
saat 3-də olası hücum bəzən saat 2-də dayandırılıb. (Ertədən yolda gördüyümüz polislər gecə
hücum olacağını bildiriblər, biz də o məlumatı konsulluqlar, səfirliklər vasitəsilə dünyaya
yaymaqla həmin hücumun qarşısını almışıq).
"6 min - 7 min il qabaq Azərbaycan mədəniyyəti olub - böyük Kür-Araz mədəniyyəti! Bu
mədəniyyət sonralar Şumerə keçib"
Bəy, 1996'nın mayında Kələkidə qonağınız olarkən öyrəndim ki, elmi yaradıcılıqla da
məşğulsunuz. Ümumiyyətlə, Kələki dövründə elmimizə Sizdən nə qaldı?
Mən Kələkidə daha çox oxumaqla, radio, televiziya vasitəsilə məlumat, informasiya almaqla
məşğul olurdum. Bu, çox vaxt aparırdı. Bakıdasa buna az vaxt gedir, çünki mətbuatın ümumi
müzakirəsi bir yerdə olur, bilirsən nə var, nə yox. Mətbuat xidmətinin adamları da ümumi
məlumatı toplayıb verirlər. Kələkidə bu, əlbəttə, o qədər asan deyil, ona görə də bütün
qəzetləri oxumağa məcburdum. Bunda bir marağım da vardı - Azərbaycanda çıxan bütün
qəzetləri oxuyurdum görüm mətbuatımız necə inkişaf edir. Düzdür, öz haqqımda yazılanları
da oxuyurdum, ancaq daha çox bilmək istəyirdim ki, mədəniyyətimiz yüksəlir, yoxsa yerində
sayır.
Mənimçün qələm sahiblərini tanımaq da maraqlıydı. Çoxlu gənc jurnalistlər yetişirdi. Bu nəslin
necə inkişaf etməsini, içərisində hansı işıqlıların olduğunu, hansıların ancaq siyasətə və
demokratiyaya, hansıların dedi-qoduya xidmət etdiyini izləməyə çalışırdım. Buna marağım
vardı.
Ümumiyyətlə, mənim çox böyük arzumdur ki, Azərbaycanda mətbuat inkişaf etsin,
genişlənsin. Bəzən hansısa bir ölkədə, məsələn, 1000 jurnalistin toplantısının keçirildiyini
eşidəndə buna həsəd aparıram - kaş yaxın vaxtlarda Azərbaycanın da heç olmazsa 500-700
jurnalistinin qurultayının keçirildiyini eşidəydik, yəni bu boyda söz əsgərləri ordumuzun
olduğunu görəydik. Düzünə qalanda, jurnalistikamızın inkişafından narazı da deyiləm, çünki
yazarlarımız belə ağır şəraitdə həqiqətən fədakarlıq göstərirlər - aylarla pul yox, maaş yox,
yaxşı geyimləri yox, evdə yeyimləri yox, normal yaşayış şəraitləri yox, bunun heç gileyini,
davasını da etmirlər.
Əksəriyyəti kirayədə qalır.
Əksəriyyəti kirayədə, yataqxanalarda yaşasa da onlar bir milli duyğunu, ruhu yaşadan
adamlardır. Onların həlledici qismi gənclərdir. Hiss edirlər ki, Azərbaycan dövləti təzə qurulub
və istəyirlər ki, gözəl bir demokratik dövlət qurulsun, onlar da gələcəkdə bu dövlətin
təmsilçiləri olsunlar.
Mən İranla, Orta Asiya dövlətləriylə müqayisə edəndə sevinirəm ki, Asiyayla Avropanın
qovşağındakı dövlət kimi biz nisbətən inkişafdayıq və daha çox Avropa yönündə, demokratiya
yönündə inkişaf edirik - bu, çox yaxşıdır.
Mən Türkiyə televiziyalarına da baxırdım, çünki Türkiyə həyatı mənimçün çox maraqlıdır və
bu həyatı kənddə, demək olar ki, ikiqat artıq öyrəndim. Qabaqlar Türkiyənin siyasi həyatını
belə geniş şəkildə bilmirdim. Televiziya verilişləri vasitəsilə türkiyəlilərin dinə, laikliyə
(dünyəviliyə), cümhuriyyətə münasibətlərini, toplumun ümumi fikirlərini, düşüncə tərzini,
nəylə maraqlanıb nəyə laqeyd qaldığını özümçün müəyyənləşdirməyə çalışırdım. Nəticədə
belə qənaətə gəldim ki, Türkiyədə xalq çox sevimli, güclüdür, insanlar çox həssas, yurdsevər,
millət uğrunda ölümə hazırdır, amma toplumun ümumi səviyyəsi aşağıdır.
Savadını nəzərdə tutursunuz?
Bəli, ümumi dünyagörüşü, siyasi savadı, çağdaş dünyaya baxışı çox aşağıdır, geri qalıb.
Bunun da kökünün savadsızlıqda olduğunu tapdım. Sovet imperiyasının pis olmasına
baxmayaraq çox güclü təhsil sistemi vardı. Səkkizilliyi, onilliyi hamı məcburi oxuyub qurtarırdı,
insanlar pis-yaxşı savad, bilik alırdılar. Eşidəndə ki Türkiyədə 9 milyon 600 min adam yazıb-
oxumağı bacarmır, məni dəhşət götürdü. Bu qədər adam Azərıbaycan əhalisindən çoxdur,
amma oxumağı bilmir, yazmağı bilmir - məktubu aparıb qonşuya, müəllimə oxutdurur.
Türkiyədə səkkizillik məcburi təhsil haqqında qərar çıxaranda bir az sevindik, ancaq indi
milyonlarla insan ona qarşıdır, çünki toplum o qədər geri qalıb ki, dünyəvi savadın
artırılmasına mane olan ruhani təbəqəyə müqavimət göstərmir.
Lap orta çağda islam aləmində elm iki yerə bölünürdü: elmül-ədyan - din elmləri, yəni dinləri
öyrənən elm və elmül-əbdan - fiziologiya elmləri, yəni təbiətşünaslığı öyrənən elm. Sonra elm
inkişaf etdi, islam fəlsəfəsi yarandı. İslam alimləri fəlsəfəni elmlərin elmi sayır, təbiəti
öyrənməyə, ayrı-ayrılıqda fizikaya, riyaziyyata geniş yer verir, məktəblər, rəsədxanalar
açırdılar. İslam dünyasında, o sıradan Türkiyədə bu elmlər yüksək inkişaf etdi. İndi çağdaş
ruhani təbəqə bu inkişafa qarşı çıxır - bu elmlər də gərək dini məktəblərdə öyrənilsin. Ancaq
orada öyrətməksə artıq mümkün deyil - dünyəvi məktəblər var, sınaqdan çıxmış Avropa
sistemi var - dünyada məşhur Sorbonna universiteti, 200 ildir hərtərəfli mütəxəssislər
hazırlayan Oksford universiteti var. Necə olsun, indi ölkə geriyə dönsün? Bu hal türk millətinə
heç layiq deyil. Mustafa Kamal Atatürk deyirdi ki, mən cümhur başqanı olmasaydım bu gün
milli eyitim bakanı olurdum. Bu vaxta kimi savaş silahlı savaşdı, ordu savaşıydı, mən ona
komutandım. Amma bu gündən sonra dünya savaşı eyitim savaşıdır, maarif savaşıdır.
Müəllimlərin qurultayında deyirdi ki, o savaşın başında siz duracaq, o savaşın qəhrəmanları da
siz olacaqsınız.
Özünün çox qürur duyduğu, dünyanın qürur duyduğu, türkün qürur duyduğu milli savaşdan,
milli mücadilədən Atatürk qalib çıxıb, amma buna baxmayaraq o, maarif savaşındakı qələbəni
öz qələbəsinə bərabər tutur, savad uğrunda mübarizəni özünün azadlıq, istiqlal mübarizəsiylə
tən götürürdü. Belə bir dahinin qoyduğu bu prinsip zaman-zaman haradasa itirildi,
geriləmələr, yayınmalar oldu. İndi hökumət ciddi yanlışlığı başa düşür və məcburən ona
qayıdır. Cəmiyyətin çürüdüyünü, onda böyük anlaşılmazlıq yarandığını görərək yenidən
savadlanmaya gedirlər.