dövlətin öz təsdiqnaməsini və ya qoşulma haqqında sənədini saxlanılmağa təhvil verdiyi tarixdən
sonra otuzuncu gün qüvvəyə minir.
Maddə 50
1. İstənilən iştirakçı dövlət düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş
katibinə təqdim edə bilər. Baş katib təklif olunmuş düzəlişi iştirakçı dövlətlərə göndərir və
onlardan xahiş edir ki, həmin təklifin müzakirə olunması və səsə qoyulması məqsədilə iştirakçı
dövlətlərin kofransının çağırılmasına tərəfdar olub-olmadıqlarını bildirsinlər. Əgər belə məlumat
verildiyi gündən başlayaraq dörd ay ərzində iştirakçı dövlətlərin ən azı üçdə biri bu konfransın
çağırılmasına tərəfdar olduğunu bildirərsə, onda Baş katib Birləşmiş Millətlər Təşkilatının
himayəsi ilə konfrans çağırır. Bu konfransda iştirak edən iştirakçı dövlətlərin səs çoxluğu ilə
qəbul etdiyi hər hansı düzəliş bəyənilmək üçün Baş Məclisə təqdim olunur.
2. Bu maddənin 1-ci bəndinə müvafiq sürətdə qəbul olunmuş düzəliş Birləşmiş Millətlər
Təşkilatının Baş Məclisi tərəfindən bəyənildikdən və iştirakçı dövlətərin üçdə ikisi tərəfindən
təsdiq edildikdən sonra qüvvəyə minir.
3. Qüvvəyə mindikdən sonra bu düzəliş yalnız onu təsdiq etmiş iştirakçı dövlətlər üçün
məcburi olur, digər iştirakçı dövlətlər üçün isə bu Konvensiyanın hazırkı müddəaları və həmin
müddəalarla bağlı həmin digər iştirakçı dövlətlərin əvvəllər təsdiq etmiş olduğu düzəlişlər (əgər
varsa) məcburi hüquqi qüvvəyə malik olur.
Maddə 51
1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin Konvensiyanı təsdiqləyərkən və
ya ona qoşularkən etdikləri qeyd-şərtlərin mətnlərini alır və onları bütün dövlətlərə göndərir.
2. Bu Konvensiyanın məqsəd və vəzifələri ilə bir araya sığmayan qeyd-şərtlər etməyə yol
verilmir.
3. Qeyd-şərtlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərilmiş müvafiq bildiriş
yolu ilə istənilən vaxt ləğv edilə bilər. Baş katib belə ləğvetmə barəsində bütün dövlətlərə
məlumat verir. Bu cür bildiriş Baş katibin onu aldığı tarixdən qüvvəyə minir.
Maddə 52
Hər hansı iştirakçı dövlət bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatının Baş katibinə
yazılı bildiriş göndərmək yolu ilə ləğv edə bilər. Ləğvetmə Baş katibin bu barədə bildirişi aldığı
tarixdən bir il keçdikdən sonra qüvvəyə minir.
Maddə 53
Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın depozitarisi təyin edilir.
Maddə 54
Bu Konvensiyanın əsli saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə
təhvil verilir, onun çin, ərəb, fransız, ingilis, ispan və rus dillərində olan mətnləri eyni qüvvəyə
malikdir.
Bunun təsdiqi olaraq, öz hökümətləri tərəfindən bu məqsəd üçün lazımi qaydada vəkil
edilmiş aşağıda imzası olan səlahiyyətli nümayəndələr bu Konvensiyanı imzaladılar.
Aydın de! BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının Kanada gəncləri
üçün hazırlanmış sadələşdirilmiş versiyası
Konvensiyanın gənclər üçün nəşri nəyə gərəkdir?
Konvensiyanın Baş Məclisdə qəbul olunmuş və dünyanın əksər ölkələri tərəfindən
ratifikasiya edilmiş versiyası hüquqi sənəd olub texniki dildə yazılmışdır. Uşaqların bu
Konvensiyada ifadə olunmuş hüquq və vəzifələrini başa düşmələri üçün onu öz sözlərimizlə
daha sadə şəkildə ifadə etməyimiz lazım gəlir. Üstəlik də, Konvensiyanın 42-ci maddəsində
deyilir ki, uşaqların fərqli və dinamik yolla bu hüquqlar barədə məlumatlandırılması
hökumətlərin vəzifəsidir. Şübhəsiz ki, BMT-nin bu Konvensiyasının gənclər üçün sadələşdirilmiş
versiyası fərqli və daha dinamikdir və o, bizim malik olduğumuz hüquqlardan xəbərdar
olmamıza yardım edəcək.
Hüquqlarımız haqqında bu qədər danışdıq, yetər, bəs vəzifələrimiz?
Hüquqlar və vəzifələr bir-birindən ayrı təsəvvür edilə bilməz. BMT-nin sözügedən
Konvensiyası hökumətlərin uşaqlar üçün təminat verdiyi hüquqlardan bəhs edir. İstənilən cür
münasibətdə -- dostlar arasında, ailə daxilində, məktəbdə və ya idman komandasında –
unutmamalıyıq ki, bizim başqa insanlar qarşısında bəzi öhdəliklərimiz var, eynilə də başqa
insanların bizə münasibətdə müəyyən şeylər etməyə borcludurlar. Bizim başqa insanlar
qarşısında borclu olduğumuz şeylərə hörmət və dözümlülük daxildir. BMT-nin Konvensiyasında
hökumətlərin 18 yaşından aşağı olan adamlara borclu olduğu əsas şeylər göstərilir.
Konvensiyada hansı hüquqlar əhatə olunub?
Konvensiyanın əhatə etdiyi hüquqları dörd qrupa bölmək olar:
IV.
“İştirakçı olmaq” qərarların verilməsinə cəlb olunmağı, başqalarına qoşulmaq
azadlığını, özümüzü ifadə etmək azadlığını və müxtəlif mənbələrdən
informasiya azadlığını nəzərdə tutur.
II. “Öz potensialımıza çatmaq” bacardığımız qədər yaxşı inkişaf etmək zərurətini bildirir.
Bu qrup hüquqlar həyatda fərdiliyin qorunub saxlanmasının, təhsilin, ailənin və mədəniyyətin
vacibliyini ifadə edir.
IV.
“Yaxşı yaşamaq: bizim sağ qalmaq hüququmuz” – bura bizim bütün ən vacib
ehtiyaclarımız daxildir. Bu ehtiyaclara ərzaq və sığınacaq yer, habelə yaşayış
şəraiti və sağlamlığımız aiddir.
IV. “Zorakılıqdan uzaq olmaq” – bu qrup hüquqlar uşaqların bir çox şeydən, o cümlədən
pis rəftardan, laqeydlikdən, iqtisadi istismardan, işgəncədən, oğurlanmaqdan və fahişəlikdən
qorunmağa imkan verir.