18
simvolizə etməkdədir (15, 104). Onun fikrincə, lap qədimlərdən
insanların bu elementlərlə sıx təmasda olması, həyatın bilavasitə
onlardan asılı olması fikri həmin elementlərin kultlaşdırılması
barədə təsəvvürlərin yaranmasına gətirib çıxarmış və bunun
nəticəsində də onların yaradılışda ilkin substansiya kimi iştirakına
inam formalaşmışdır (15, 104).
Novruzla bağlı adətləri araşdırarkən onun daha çox mövsüm,
bir təbiət bayramı olması fikri üstünlük təşkil edir. Belə ki,
“Avesta”da 6 mövsüm bayramından biri kimi dəyərləndirilən yaz
bayramı gecə ilə gündüzün bərabərləşdiyi gün yeddi aylıq yay
fəslinin başlanması münasibətilə qeyd olunurdu (7, 98). Digər
tərəfdən, ta əski türklərdən indiyə kimi bir sıra türk xalqları, o
cümlədən azərbaycanlılar günümüzədək yeni il, il başı, yeni gün
kimi adlandırılan bu bayramı təbiətin oyanışı, baharın gəlməsi
kimi dəyərləndirərək bahar bayramı kimi qeyd etmişlər. Bütün
türklərin ensiklopediyası hesab edilən Mahmud Kaşğarinin
“Divanü Lüğat-it-Türk” əsərində əski türklərin on iki heyvanlı
təqvimi ilə bağlı izahında Novruzla yazın gəlməsinə işarə
edilərək yazılmışdır: “... türklər ili dörd fəslə bölərək ad verirlər.
Hər üç ayın bir adı var, ilin keçməsi bununla bilinir. Novruzdan
sonra yaza “oğlak ay”, sonra “uluğ oğlak ay” deyilir” (16, 356).
Lüğətin başqa bir yerində baharın gəlişi ilə təbiətin oyanmasına
işarə edilərək deyilir: “... qar, buz tamam əridi, dağlardan su axdı,
səmada mavi bulud göründü, qayığın su üzərində yırğalanması
kimi, bulud da havada yırğalanır” (16, 235).
XI əsrdə yaşamış türk dünyasının tanınmış şəxsiyyətlərindən
biri Yusif Balasaqunlunun “Qutadğu bilig” (“Xoşbəxtliyə aparan
elm”) əsərində baharı vəsf edən çoxlu şeir parçalarına rast
gəlmək mümkündür. Məsələn:
Gündoğandan
əsib gəldi bahar yeli,
Dünyanı bəzəyərək cənnət yolunu açdı.
Yaxud,
19
Bu zaman dünya özünə bir nəzər qıldı,
Güvənib-sevinib əyninə baxdı (17, 42).
Çoxsaylı Çin mənbələrində də əski türk xalqlarının yeni ili
baharda, martın 21-də bayram etməsi ilə bağlı faktlar vardır (3,
60-61). Ergenekonla bağlı əfsanələrdə də “ergenekondan qurtu-
luş” bahara – Novruza təsadüf edir. M.Seyidov da yaz mərasi-
minin xalq təqvimi ilə əlaqəli olduğunu göstərmişdir (18, 95).
Strabon özünün “Coğrafiya” adlı əsərində Midiyadan bəhs
etdiyi zaman bahar bayramının qeyd olunmasına toxunaraq qeyd
edir ki, nikahlar baharda gecə ilə gündüzün bərabər olduğu vaxt-
da kəsilir, adaxlı dəvə beyni və alma yedikdən sonra nikaha daxil
olur (19, 681).
Tarixin keşməkeşlərindən inamla adlayaraq və az dəyişmələr-
lə günümüzə qədər gəlib çatan bu bayram həm də özündə tarixin
ənənələrini yaşatmaqdadır. Qadamerin sözü ilə desək: «Harada
ənənə hökmranlıq edirsə, orada keçmiş və indi canlı vahidlikdə
birləşir» (20, 382). Bu baxımdan Novruz bayramı keçmişlə indini
birləşdirən bir bayramdır desək, yanılmarıq. Bu bayramın bir
özəlliyi də ondan ibarətdir ki, o, geniş xalq kütlələrinin qatıldığı
xalq-gülüş, karnaval bayramı olub, xüsusilə də, orta əsrlərdə və
yeni dövrdə rəsmi mahiyyət daşımayıb. Çünki “rəsmi bayram-
larda iyerarxiya bir daha təsdiqlənir. Bu bayramlar bərabərsizliyi
işıqlandırırdı. Karnavalda isə bütün iyerarxik əlaqələr aradan
götürülür” (21, 13).
Təsadüfi deyildir ki, xalqımız təbiət, məişət və təsərrüfat iş-
ləri barədə düşüncələrini folklor nümunələrində də yaşadaraq
nəsildən-nəslə ötürmüşdür. Ona görə də deyə bilərik ki, «Xıdır
Nəbi və Novruz bayramı haqqında,
təbiət hadisələri,
fəsillər, aran,
yaylaq, toy və mərasimlər haqqında şeirlər, əfsanələr, rəvayətlər,
xüsusilə əmək həyatı, təsərrüfat qayğıları, çoban məişəti, səpin,
biçin, döyüm barədə duyğu və düşüncələrdən doğan nəğmələr,
poetik mükalimələr qədim azərbaycanlıların ömür kitabından
səhifələrdir» (22, XI).