8
İ
nstitutlar və iqtisadi artım:
qlobal faktlar
Elman Rüstəmov
9
Xülasə
Məqalədə iqtisadi artım və institutlar arasında nəzəri və empirik əlaqə araşdırılmışdır. Nəzəri
baxımdan institutların iqtisadi artıma təsiri iki istiqamət üzrə təhlil edilmişdir. Formal institutlar, yəni
cəmiyyət üzvlərinin qarşılıqlı əlaqələrini tənzimləyən yazılı və leqal qaydalar iqtisadi agentlərin
investisiya maraqlarını dəstəkləyir və bu yolla iqtisadi artıma müsbət təsir edir. Lakin, cəmiyyət üzvləri
arasında olan inam, etimad və tolerantlıq kimi qeyri-formal institutlar həm formal institutların tətbiqini
asanlaşdırır, həm də tranzaksiya xərclərini azaltmış olur.
Empirik tədqiqatlar da institutların iqtisadi artıma təsirini sübut edir. Məqalədə həm formal, həm
də qeyri-formal institutların iqtisadi artıma təsiri ilə bağlı empirik araşdırmaların nəticələri təhlil
edilmişdir. Bundan əlavə, dünya ölkələri üzrə iqtisadi artım və institutların keyfiyyəti arasındakı əlaqəni
ölçmək üçün müxtəlif göstəricilər vasitəsilə korrelyasiyalara baxılmışdır.
Abstract
The paper investigates the theoretical and empirical relationship between economic growth and
institutions. Two aspects of institutional impact on the economic growth were analyzed. Formal
institutions comprising written and legal rules which govern the interaction among society members
creates incentives of economic agents to invest thus influencing economic growth positively. However,
informal institutions such as trust and tolerance facilitate the implementation of formal institutions and
reduce transaction costs as well.
Empirical evidence also supports the positive relationship between economic growth and
institutions. The paper analyses the empirical research on the relationship between economic growth and
both formal and informal institutions. Moreover using cross country correlations the paper reviews the
relationships between economic growth and different measures of institutional quality.
Açar sözlər: iqtisadi artım, institutlar, formal institutlar, sosial kapital
Key words: economic growth, institutions, formal institutions, social capital
10
Mündəricat
Giriş ................................................................................................................................................... 11
1. İnstitutların iqtisadi artımda rolu: nəzəri yanaşmalar ........................................................... 12
1.1.
Formal institutların iqtisadi artımda rolu............................................................................. 12
1.2.
Qeyri-formal institutların iqtisadi artımda rolu ................................................................... 13
2. İnstitutların ölçülməsi və empirik müşahidələr ..................................................................... 15
3. Nəticə ............................................................................................................................................. 17
Ə
dəbiyyat .......................................................................................................................................... 17
11
Giriş
Ölkələr arasında gəlir fərqləri və onun yaranma səbəblərinin müəyyən edilməsi bu gün də öz
aktuallığını saxlamaqdadır. Məlum olduğu kimi, ənənəvi neoklassik iqtisadi artım modelində ölkələr
arasında gəlir fərqi ya yığım səviyyəsi (Solou), ya da ümumi faktor məhsuldarlığı kimi ekzogen
parametrlərə görə yaranır. Endogen artım modelinə görə isə ölkələr üzrə gəlir fərqi innovasiyaya ayrılan
resurslardan və inkişaf strategiyasından asılıdır (Romer 1990). Lakin, innovasiyaya ayrılan vəsaitin
həcmindəki fərqin özü də fundamental sual kimi daima tədqiqatçıları düşündürmüşdür. Nort və Tomas
(1973) belə hesab edirlər ki: “innovasiya, təhsil, kapital akkumulyasiyası və s. amillər iqtisadi artımın
səbəbi yox, elə özüdür”.
Müasir institusional iqtisadçılar hesab edirlər ki, eyni nəzəri məzmuna malik iqtisadi siyasətlərin
verdiyi müxtəlif nəticələr hər bir ölkənin tarixi-mədəni xüsusiyyətlərindən, o cümlədən ənənələrindən
asılıdır. Bu xüsusiyyətlər məşhur iqtisadçı Anqus Medisson tərəfindən mükəmməl şəkildə izah olunur. O,
coxsaylı ölkələrin yüzilliklər ərzində keçdikləri inkişaf yollarını öyrənərkən belə qənaətə gəlir ki, məhz
iqtisadi institutlar inkişafın dinamikasını və trayektoriyasını təyin edən fundamental amildir.
Məsələn, 1950-2006-cı illərdə Afrika ölkələri orta hesabla adambaşına milli gəliri cəmi 2 dəfə
artıra bilmişdilərsə, Çin 13.5 dəfəlik artıma nail olmuşdur. Halbuki, başlanğıcda sonuncunun gəlir
səviyyəsi birincidən aşağı idi. Ümumiyyətlə, 1960-cı ildən sonra 101 ölkədən cəmi 13-ü orta gəlir
qrupundan yuxarı gəlir qrupuna keçməyə nail olmuşdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
tədqiqatlarına görə son 2 dekadada 26 orta gəlirli ölkədən yalnız 12-si yüksək gəlir qrupuna keçmişdir.
Asiya İnkişaf Bankının (AİB) son araşdırmalarına görə hazırda dünyada 52 orta gəlir qrupunda
olan ölkənin 35-i “orta gəlir tələsi”ndədir. Tələdə olmayan 17 ölkənin 9-u yuxarı orta gəlir qrupunda, 8-i
isə aşağı orta gəlir qrupunda yer almışdır. 1950-ci ildən sonra orta gəlir qrupundan yuxarı gəlir qrupuna
keçən ölkələr arasında adambaşına milli gəlirin ən yüksək illik artımı Cənubi Koreyada (6.5%), ən aşağı
artım isə Argentinada (1.2%) qeydə alınmışdır. Nəticədə gəlir qrupları üzrə keçid üçün Cənubi Koreyaya
7 il, Argentinaya isə 40 il tələb olunmuşdur. AİB-ə görə orta gəlir tələsindən qurtulmaq üçün adambaşına
milli məhsulun illik artımı 3.5%-dən yuxarı olmalıdır.
İqtisadi institutların keyfiyyəti və dəyişən şəraitə adaptivliyi iqtisadi artım dinamikasında olan
fərqləri izah edən başlıca amillərdən biridir. Bununla belə, Anqus Medisson hesab edir ki, ən məhdud
institusional mühitdə belə dinamik artım və inkişaf mümkündür. Qeyd edək ki, tarixdə aşağı gəlirli
qrupdan orta gəlirli qrupa adlamış ilk ölkə Hollandiyadır – keçid üçün bu ölkəyə 255 il vaxt sərf
olunmuşdur (1700-1955). Yuxarı gəlirli ölkə qrupuna keçid üçün isə bu dövlətə cəmi 15 il vaxt lazım
olmuşdur (1970).
Dünya praktikasında “inkişafsız iqtisadi artım” hallarına da rast gəlinmişdir. Son illər qeyd olunan
kontekstdə inkişaf trayektoriyalarının izahı və inkişaf mərhələləri arasında keçidin orqanik analizi
istiqamətində yeni konseptual baxışlar formalaşmaqdadır. Bir sıra tədqiqatlar göstərir ki, iqtisadi
sistemlər arasında radikal deyil, kreativ təkamül keçidi daha çox uğur gətirir. Bazar institutlarının
transformasiyası o zaman uğurlu olur ki, institusional islahatlara tələb mikro səviyyədə yaranır və bu
tələbə uyğun olaraq makro səviyyədə strateji qərarlar qəbul edilir.
Orta gəlir qrupundan yuxarı gəlir qrupuna keçən ölkələrin inkişafında açıq və liberal iqtisadiyyat,
əlverişli investisiya mühiti, habelə makroiqtisadi sabitlik strateji rol oynamışdır. Qanunun aliliyi, dövlət
idarəetməsinin keyfiyyəti, insan kapitalı və keyfiyyətli institutlar inkişaf şəratini təyin edən əsas
12
determinantlar olmuşdur. Bu mənada dünya təcrübəsində ortodoksal və Cənubi Şərqi Asiya reseptləri
kimi iqtisadi islahat çərçivələri tədqiqatçılar üçün çox maraqlı mövzulardır.
Ortodoksal inkişaf resepti institutların olduğu kimi “köçürülməsi” yanaşmasıdır. Bu resepti tətbiq
edən Latın Amerikası ölkələri 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində iqtisadi artıma nail olsalar
da, 80-ci illərin ortasından başlayaraq “itirilmiş dekada”ya daxil oldular. Bu uğursuzluğun səbəbləri
ondan ibarət idi ki, islahatlar ölkənin sosial-mədəni kapitalını nəzərə almırdı, “quru qaydalar”ın diskret
yanaşmalar üzərində həddən artıq dominantlığı mövcud idi. Şərqi Asiya resepti isə yerli şəraitə uyğun
institusional dizaynın yaradılması və həyata keçirilməsini nəzərdə tuturdu. Bir çox tədqiqatçılar Cənubi-
Şərqi Asiyada əldə olunmuş iqtisadi uğurların əsasında məhz bu amilin dayandığını göstərirlər.
Məqalədə institutlar və iqtisadi artım arasında əlaqəyə dair nəzəri yanaşmalar təhlil ediləcək,
sonda isə əsas nəticələr veriləcəkdir.
1. İ
nstituların iqtisadi artımda rolu: nəzəri yanaşmalar
İqtisadi inkişafın fundamental amillərindən olan institutlar dövlət, bazar və cəmiyyət
münasibətlərində “oyun” qaydalarını ifadə edir. Eyni zamanda bu qaydalar iqtisadiyyatda “inam”ı
formalaşdırır. “Keyfiyyətli” institutlar i) cəmiyyətin bütün üzvlərinin iqtisadi imkanlardan bərabər
faydalanmasını təmin edir; ii) resursların ədalətli bölgüsünə imkan verir və iii) iqtisadi agentlərin
hüquqlarını qoruyur.
İqtisadi ədəbiyyatda institutlar a) formallıq dərəcəsinə görə b) ierarxik quruluş və c) sferalar üzrə
müxtəlif qruplara bölünürlər. D.Norta görə institutlar yazılı qaydada olan formal və cəmiyyətin tarixi,
etnik, coğrafi, mədəni xüsusiyyətlərinin formalaşdırdığı qeyri - formal institutlardan ibarətdir.
Uilliamson institutları ierarxik quruluş üzrə təsnifləşdirmişdir. Belə ki, bu yanaşmaya görə sosial
struktur və tarixi ənənələr əsasında yaranan qeyri-formal institutlar cəmiyyətin ierarxik strukturunun
bazisini təşkil edir. Bundan sonrakı mərhələdə dayanan institutlar isə oyun qaydalarını müəyyən edir və
oyunun gedişini tənzimləyir. Buraya mülkiyyət hüquqlarının qorunması, məhkəmə sistemi, biznes mühit,
həmçinin özəl sektorun inkişafını təmin edən institutlar aiddir.
Boules (1998), Bek (2000) kimi iqtisadçılar isə institutların sferalar üzrə bölgüsünü (iqtisadi,
siyasi, qanunvericilik və sosial) təklif edirlər.
Bütövlükdə isə, aparılmış tədqiqatları ümumiləşdirməklə belə qənaətə gəlmək olar ki, institutların
hansı struktur üzrə qruplaşdırılmasından asılı olmayaraq onları D.Nortun təklif etdiyi kimi iki böyük
hissədə qruplaşdırmaq olar: formal və qeyri-formal institutlar.
1.1. Formal institutların iqtisadi artımda rolu
Formal institutlar insanlar arasında qarşılıqlı əlaqələrin çərçivəsini müəyyən edir. İnstitutlar
iqtisadi agentlərin maraqlarına və qərarlarına təsir etdiyindən iqtisadi inkişaf baxımından mühüm
əhəmiyyət kəsb edir. Belə ki, mülkiyyət hüquqlarının zəif qorunması iqtisadi agentlərin fiziki və ya insan
kapitalına investisiya qoymaq stimulunu azaldır. Lakin, formal institutlar yalnız iqtisadi agentlərin
maraqlarını formalaşdırmır. Onlar eyni zamanda iqtisadiyyatda yaradılan dəyərin gələcək dövr üçün
bölgüsünü də müəyyən edir.
13
Konstitusiya və qanunun aliliyi iqtisadi inkişafın dayanıqlığını dəstəkləyir. Güclü formal
institutlar eyni zamanda renta axtarışını əhəmiyyətli azaldır və nəticədə vəsaitlərin effektiv istifadəsinə
şərait yaranır (Hall, Jones 1990). İnstitutların zəif olduğu ölkələr iqtisadi artım tempinin aşağı və
əhəmiyyətli volatil olması kimi xüsusiyyətlərə malikdir (Johnson, Robinson and Thaicharoen, 2003).
Ümumilikdə, bazar iqtisadiyyatının effektiv fəaliyyəti üçün aşağıdakı institutların effektiv
fəaliyyəti vacibdir:
Bazarları və rəqabət şəraitini tənzimləyən institutlar;
Mülkiyyət hüquqlarını qoruyan institutlar və ədalətli məhkəmə sistemi;
Makroiqtisadi sabitliyi təmin edən institutlar;
Vətəndaş cəmiyyəti institutları və ictimai hesabatlıq.
D.Rodrik formal institutları 4 qrupa bölür: bazar yaradan, bazar tənzimləyən, bazar sabitləşdirən,
bazar legitimləşdirən.
Bazarların formalaşmasını və sağlam fəaliyyətini təmin edən institutlar. Effektiv siyasi güc,
müstəqil məhkəmə sistemi və s. belə institutlara aiddir;
Bazarların uğursuzluqlarını tənzimləyən institutlar. Məsələn, telekomunikasiya, nəqliyyat, su və
meşə resurslarını, maliyyə xidmətlərini tənzimləyən agentliklər buraya daxildir;
Makroiqtisadi və maliyyə sabitliyini təmin edən institutlar. Mərkəzi banklar və fiskal orqanlar
aşağı inflyasiya və büdcə dayanıqlığı vasitəsilə bazarın sabitləşməsi təmin edirlər;
Bazarı legitimləşdirən institutlar. Bu institutlar bazar subyektlərini neqativ şoklardan və mənfi
bazar effektlərindən qorumağa imkan verir. Belə institutlara pensiya sistemləri, işsizlikdən
müdafiə və digər sosial fondlar aiddir.
1.2. Qeyri-formal institutların iqtisadi artımda rolu
Formal institutların formalaşmadığı və ya tam fəaliyyət göstərmədiyi şəraitdə qeyri-formal
institutların iqtisadi artıma təsiri artır. Bu institutlar ölkənin dini, etnik mənşəyindən irəli gələn
mədəniyyət, inam, sədaqətlilik, elmə meyillilik, sağlamlıq və s. kimi amilləri özundə ehtiva edir. Qeyri -
formal institutlara cəmiyyətdə fərdlərin fəaliyyəti və imkanları ilə təyin olunan sosial normalar daxildir
(Williamson 2010). Belə sosial normalar ölkənin inkişafını sürətləndirə və ya zəiflədə bilər.
Əksər iqtisadi ədəbiyyatlarda qeyri-formal institutlar sosial kapital kimi də xarakterizə olunur.
Sosial kapital cəmiyyətin inam, sosial norma və şəbəkələr kimi xüsusiyyətlərini əks etdirir və cəmiyyətin
effektivliyinə təsir edir (Putnam, Leonardi, Nanetti 1993). Sosial kapitalın aşağıdakı ümumi elementləri
göstərilir (Durlauf, Fafchamps, 2005):
Sosial kapital qrup üzvləri üçün pozitiv xarici effektlər yaradır;
Bu pozitiv xarici effektlər inam, ümumi normalar və dəyərlər hesabına yaranır.
Məlumdur ki, qrup yaratmaq bacarığı ideyalar ətrafında birləşmək marağı, qarşılıqlı etibar və
inam hesabına genişlənə bilər. Formal institutların məhdud olduğu cəmiyyətlərdə oxşar ictimai maraqlar
ətrafında qeyri-formal institutlaşma iqtisadi artım və idarəetmənin səmərəliyinə müsbət təsir göstərir.
Eyni zamanda sosial kapital şərti olaraq insanları bir-birinə bağlayan elementə və insanlar
arasında körpü yaradan elementə bölünür (Woolcock 2000). Birinci tip sosial kapitala qrupun mənfəətini
cəmiyyətin zərəri hesabına artıranlar aiddir və bu tip qrupları Olson (1982) “maraq” qrupları adlandırır.
14
İkinci tip sosial kapitala isə cəmiyyətin ümumi rifahının artırılması ilə nəticələnən və insanlar arasında
əməkdaşlığı təşviq edən norma və dəyərlər aiddir. Bu baxımdan iqtisadi artıma pozitiv təsiri baxımından
sosial kapital dedikdə bu məqalədə məhz insanlar arasında “körpü” yaradan dəyərlər nəzərdə
tutulacaqdır.
Sosial kapitalın formalaşması haqqında müxtəlif fikirlər mövcuddur. Müəlliflərdən biri (Coleman,
1988) hesab edir ki, sosial kapital formalarının əksəriyyəti kiminsə iradəsindən asılı olmadan yaranır və
ya dağılır. Belə sosial kapital tipində “yaxşılığın qarşılığı” gözlənilmir, münasibətlər ortaq dəyər və
etibara əsaslanır. Onun fikrincə, inam hissinin dərin olduğu qrup digərindən çox uğura imza atır. O,
klassik iqtisadi nəzəriyyədəki “görünməz əl” prinsipi ilə sosial kapitalı eyniləşdirir. Digər tədqiqatçılar
qrupu isə hesab edir ki, sosial kapitalın yaranmasında dövlətin də müəyyən öhdəlikləri olmalıdır.
Fukuyama (2005) dövlətin əsas alətinin təhsil olduğunu vurğulayır. Onun fikrincə, təhsilin inkişafı həm
insan kapitalının, həm sosial kapitalın və ümumilikdə, bütün etik dəyərlərin inkişafının açarıdır.
Sosial kapital adətən aşağıdakılar əsasında qiymətləndirilir:
Formal və qeyri-formal strukturlara üzvlük. Belə strukturlara üzvlük zəruri partnyorların
axtarılmasını xeyli asanlaşdırır (Durlauf, Ferchamps, 2005). Putnam (1993) qeyd edir ki, İtaliyada
yerli idarəetmə orqanlarına muxtariyyət verilməsi nəticəsində olkənin şimal və cənubi əyalətləri
fərqli inkişaf səviyyələrinə malik olmuşdur. Lakin, şimali İtaliya daha çox sosial kapitala malik
idi. Belə ki, müxəlif formal və qeyri-formal qruplara və klublara üzvlük orada daha geniş
yayılmışdı;
İnam sosial kapitalın digər elementi kimi inkişaf baxımından mühüm əhəmiyyətə malikdir. Arrou
(1974) qeyd edir ki, iqtisadi agentlər arasında minimal inam səviyyəsi olmasa, heç bir iqtisadi
tranzaksiya baş verməz. İnam tranzaksiya xərclərini (kontraktın yerinə yetirilməsinə monitorinq,
cəzalandırma ilə bağlı xərclər) azaldaraq iqtisadi əməliyyatları asanlaşdırır;
Tolerantlıq (ətrafdakılara hörmət) dövlət institutlarının effektivliyini artırmaqla iqtisadi inkişafa
müsbət təsir edir. Belə ki, tolerantlığın yüksək olması: i) qanunlara riayət olunma səviyyəsini
artırır; ii) renta əldə etmək meylini azaldır; iii) əhalinin iqtisadi artımda iştirak səviyyəsi artır
(Tabellini, 2008).
Sosial kapital digər kapital növləri kimi uzunmüddətli aktivlərə malikdir. O, informasiya
axınlarına çıxışın artması, həmrəylik, kollektiv daxili əlaqələrin gücləndirilməsi vasitəsilə faydalılığı
artıra bilər. Sosial kapital tətbiq oluna biləndir (Coleman, 1988) və müxtəlif məqsədlər üçün istifadə
oluna bilir. Məsələn, dostluq münasibətləri informasiya axını və məsləhətlər formasında müşahidə
olunur. Bəzi hallarda sosial kapital hesabına fərdlər və ya qruplar arasında maliyyə problemləri həll
olunur, yaxud tranzaksiya xərcləri azalmaqla iqtisadi səmərəlilik artırıla bilir (Lazerson, 1995).
Qeyd edək ki, fiziki və insan kapitalı kimi, amma, maliyyə kapitalının əksinə olaraq sosial
kapitalın dəstəyə ehtiyacı var. Sosial əlaqələr mütəmadi yenilənməlidir ki, effektivliyini itirilməsin.
Lakin, bu yenilənmə fiziki kapitaldakı amortizasiya formasında deyil, insan kapitalındakı biliyin daim
artırılmasına oxşar meyarlarla həyata keçirilməlidir. Sosial kapital ictimai məhsuldur, kimlərsə ayrılıqda
ondan faydalanmamalıdırlar (Coleman, 1988).
Təcrübə göstərir ki, sosial kapitalın yaranması kimi onun dağılıb itməsi də çox uzun zaman tələb
edir. İkinci dünya müharibəsindən sonra Almaniyanın bütün fiziki kapitalının dağılmasına baxmayaraq,
15
Q
anunun
a
li
li
y
i
i
müharidən sonra ilk 15-20 il ərzində yüksək iqtisadi artıma nail olunmasının səbəbi kimi güclü sosial
kapital göstərilir.
Sosial kapital və iqtisadi artım arasında əlaqə çoxlu sayda empirik tədqiqatlar vasitəsilə
araşdırılmışdır. Məsələn, Putnam (Putnam, 1995) təsdiq edir ki, Amerikada sosial kapitalın əsas təsirləri
işsizliyin azalması, cinayət işlərinin sayının aşağı düşməsi, hökumətin effektivliyi kimi məsələlərdə
özünü göstərir. Putnam sosial kapital və iqtisadi artım arasında əlaqəni müsbət qiymətləndirir.
Whiteley (2000) bu əlaqəyə neoklassik artım modeli çərçivəsində baxmışdır. 34 ölkə üçün
qurulmuş modelin nəticəsinə görə sosial kapital iqtisadi artıma müsbət təsir edir və müəyyən edilmişdir
ki, qeyri-formal institutların əhatə dairəsinin geniş olduğu cəmiyyətlərdə texnoloji dəyişikliklərin
yayılması üçün sağlam mühit olur.
Knack və Keefer (Keefer, 1997) iqtisadi artım ilə inam, vətəndaş birliyi arasındakı münasibətləri
araşdırmışdır. Tədqiqatçılar əsaslandırmışlar ki, inam və vətəndaş əməkdaşlığının yüksək olduğu
cəmiyyətlərdə gəlir bərabərliyi, qanunların aliliyi təmin olunur.
2. İ
nstitutların ölçülməsi və empirik müşahidələr
Makroiqtisadi dəyişənlərdən fərqli olaraq, institutların inkişaf səviyyəsinin ölçülməsi üzrə
universal metodologiya mövcud deyildir. Lakin, Dünya Bankının apardığı araşdırmalarda institusional
inkişafın 5 göstərici üzrə qiymətləndirilməsinə rast gəlinir: ı) korrupsiyaya nəzarət; ıı) qanunun aliliyi;
ııı) dövlətin effektivliyi; ıv) tənzimləmənin keyfiyyəti və v) hesabatlılıq. Bu göstəricilər [-2.5, 2.5]
intervalında dəyişir.
Bu interval institusional keyfiyyət baxımından aşağı gəlirli və yüksək gəlirli ölkələr arasında
böyük fərqin mövcud olmasını göstərir. Belə ki, qanunun aliliyi göstəricisi ən aşağı göstəriciyə malik
olan Əfqanıstanda (-2.01) adambaşına ÜDM-in həcmi analoji göstərici üzrə ən yüksək paya malik olan
Norveçdən (1.96) dəfələrlə aşağıdır. Dünya üzrə aparılan tədqiqatlar göstərir ki, qanunun aliliyi
indeksinin 1 vahid artımı iqtisadi artımı 0.8% bəndi artırır (Qrafik 1).
2,50
2,00
1,50
1,00
0,50
0,00
-0,50
-1,00
-1,50
-2,00
-2,50
Qrafik 1. Qanunun aliliyi və adambaşına ÜDM
Adambaşına düşən ÜDM
0
20000
40000
60000
80000
100000
Mənbə: Dünya Bankı
16
İna
m
(c
əm
i
re
sponde
tl
ər
d
ə
pa
y
ı,
%
)
D
ö
v
lə
t
ef
fe
k
ti
v
li
y
i
Eyni zamanda bürokratiyanın keyfiyyəti göstəricisinin 1 vahid yaxşılaşması iqtisadi artıma 0.6%
bəndi, mülkiyyət hüquqlarının qorunması indeksinin
1
1 vahid artımı isə iqtisadi artıma 1.1% bəndi
artırıcı təsir edir (Qrafik 2).
2,5
2
1,5
1
0,5
0
-0,5
-1
-1,5
-2
-2,5
Qrafik 2. Dövlət effektivliyi və adambaşına ÜDM
0
20000
40000
60000
80000
100000
Adambaşına düşən ÜDM
Mənbə: Dünya Bankı
Sosial kapitalı ölçmək üçün istifadə edilən göstəricilərən biri ölkələr üzrə inam səviyyəsidir. Bu
göstərici ölkələr üzrə insanlara verilən “Siz insanlara etibar edirsinizmi” sualına müsbət cavab verən
respondentlərin ümumidə payı kimi hesablanır. Aparılan tədqiqatlara görə inam göstəricisi ilə
adambaşına ÜDM arasında pozitiv əlaqə mövcud olsa da, bu əlaqə kifayət qədər dağınıqdır (Qrafik 3).
80%
70%
60%
50%
40%
30%
20%
10%
0%
Türkiyə
Qrafik 3. İnam və adambaşına ÜDM
İsveç
Norveç
0
20 000
40 000
60 000
80 000
100 000
Adambaşına düşən ÜDM
Mənbə: World Values Survey və Dünya Bankı
1
ən yaxşı 10 olmaqla [ 0-10] intervalında qiymtləndirilir.
17
3. Nəticə
Beləliklə, aparılan təhlillər onu göstərir ki, institutlar və iqtisadi artımın arasında sıx əlaqə vardır və
bu əlaqə elmi ədəbiyyatda həm nəzəri, həm də empirik cəhətdən sübuta yetirilmişdir. İnstitutlar iqtisadi
mühitin keyfiyyətini formalaşdırır, iqtisadi inkişafın “inklüzivlik” səviyyəsinə və iqtisadi artımın
dayanıqlığına təsir edir.
Dünya ölkələri arasında gəlir səviyyələrinin fərqləri baxımından məsələyə yanaşsaq, aşağı gəlirli
ölkələr üçün əsas prioritetin məhz institutların keyfiyyətinin artırılması olması şübhə doğurmur. Formal
institutlar ilə yanaşı qeyri-formal institutlar da iqtisadi artıma və inkişafa təsir edən strateji amildir. Sosial
kapitalın iqtisadi inkişafda pozitiv təsirinin artmasında təhsilin əvəzsiz rolu vardır.
Ə
dəbiyyat
1. Arrow. (1974). The Limits of Organization. New York: W.W. Norton.
2. Bowles. (1998). Endogenous Preferences: The Cultural Consequences of Markets and Other
Economic Institutions. The Journal of Economic Literature , 75-111.
3. Durlauf, (2005). Handbook of Economic Growth. Elsevier.
4. North, (1973). The Rise of the Western World: A New Economic History. Cambridge UK:
Cambridge University Press.
5. Romer, (1990). Endogenous technical change. Journal of political economy , 1002-1037.
6. Putnam, (1993). Making Democracy Work: Civic Traditions in Modern Italy. Princeton:
Princeton University Press.
7. Coleman, (1988). Social Capital in the Creation of Human Capital. The American Journal of
Sociology, pp.S95-S120.
8. Fukuyama, 1995, Trust: the Social Virtues and the Creation of Prosperity./New York: Free Press
9. Rodrik, (2002). The primacy of institutions. NBER Working Paper .
10. Tabellini, (2008). Institutions and culture. Journal of European Economic Assocation , No. 6 (2–
3). P. 255–294.
11. Putnam, (1995). Bowling Alone: America's Declining Social Capital. Journal of Democracy, 6(1):
65-78
12. Whiteley, (2000). Economic Growth and Social Capital. /Political Studies.48:443-466
13. Keefer, (1997). Does Social Capital Have an Economic Payoff? A Cross Country Investigation.
The Quarterly Journal of Economics, Vol.112, No.4, pp.1251-1288.
14. Woolcock, (2000). Social capital: Implications for development theory, research and policy.
World Bank Research Observer , No. 15. P. 225–250.
Dostları ilə paylaş: |